Nəyə görə özümüzü Yehovaya həsr etməliyik?
«Mənsub olduğum... Allahın bir mələyi bu gecə mənə zahir oldu» (HƏV. İŞ. 27:23).
1. Vəftiz olunanlar artıq hansı addımları atmışlar və bu, hansı sualları doğurur?
«İSA MƏSİHİN fidyə qurbanlığı əsasında günahlarından tövbə etmisənmi və Yehovanın iradəsini yerinə yetirmək üçün özünü Ona həsr etmisənmi?» Bu, vəftiz üçün məruzənin sonunda vəftiz olunmağa hazırlaşanlara verilən iki sualdan biridir. Nəyə görə məsihçilər özlərini Yehovaya həsr etməlidirlər? Allaha həsr olunmağın faydası nədir? Nəyə görə özünü Allaha həsr etməyən insanın ibadəti Allaha məqbul ola bilməz? Bu suallara cavab tapmaq üçün, ilk növbədə, həsr olunmanın nə demək olduğunu bilməliyik.
2. Yehovaya həsr olunmaq nə deməkdir?
2 Allaha həsr olunmaq nə deməkdir? Görün, həvari Pavel Allahla münasibətini necə təsvir edir. Təhlükə ilə üzləşən gəmidə gedən bir çox insanların önündə o, Yehovanı ‘mənsub olduğu Allah’ adlandırdı. (Həvarilərin işləri 27:22—24 ayələrini oxu.) Bütün həqiqi məsihçilər Yehovaya mənsubdurlar. Dünya isə ümumilikdə «şəririn hakimiyyəti altındadır» (1 Yəh. 5:19). İnsan özünü münasib şəkildə duada Yehovaya həsr etdikdən sonra artıq Ona mənsubdur. Həsr olunma insanın şəxsən verdiyi anddır. Bundan sonra insan suda vəftiz olunur.
3. İsanın vəftizi nəyi təmsil edirdi və davamçıları onu necə təqlid edə bilərlər?
3 İsa şəxsən Allahın iradəsini yerinə yetirməyi seçməklə bizə nümunə qoyub. O, anadangəlmə həsr olunmuş İsrail xalqına mənsub olduğu üçün artıq Allaha həsr olunmuşdu. Ancaq vəftiz olunmaqla o, Qanunda tələb olunandan daha artıq şey etdi. Allahın Kəlamına əsasən, o dedi: «Budur, Mən gəldim ki, ey Allah, Sənin iradəni yerinə yetirim» (İbr. 10:7; Luka 3:21). Beləliklə, İsanın vəftizi Atasının iradəsini yerinə yetirmək üçün özünü Allaha təqdim etməsinin simvolu idi. Onun davamçıları vəftiz olunanda onun nümunəsini izləmiş olurlar. Lakin suda vəftiz olunmaqla onlar hamının qarşısında göstərirlər ki, özlərini duada Allaha həsr ediblər.
Həsr olunmanın faydası
4. Davudla Yonatanın dostluğundan nə öyrənirik?
4 Bir məsihçi kimi insanın özünü Allaha həsr etməsi çox ciddi məsələdir. Bu, sadəcə öhdəçilik deyil. Bəs onda həsr olunma hansı faydanı gətirir? Müqayisə üçün: gəlin insanların bir-biri qarşısında üzərlərinə öhdəçilik götürmələrinin onlara hansı faydanı gətirdiyini nəzərdən keçirək. Bunun üçün dostluğu nümunə gətirmək olar. Dostluğun sevinc gətirməsi üçün onun üzərimizə qoyduğu məsuliyyətləri daşımağa hazır olmalıyıq. Dostluq üzərimizə öhdəçilik götürmək deməkdir — biz dostumuzun qayğısına qalmağı özümüzə borc bilirik. Müqəddəs Kitabda bəhs edilən ən gözəl dostluqlardan biri Davudla Yonatanın dostluğudur. Onlar hətta bir-birilə dostluq əhdi bağlamışdılar. (1 Şamuel 17:57; 18:1, 3 ayələrini oxu.) Bu cür dostluqlar nadir hal olsa da, çox vaxt dostlar bir-biri qarşısında məsuliyyət hiss edəndə onların dostluğu daha da möhkəmlənir (Sül. məs. 17:17; 18:24b).
5. Qul yaxşı ağaya mənsub olmağın ona ömürlük fayda gətirməsi üçün nə etməli idi?
5 Allahın israillilərə verdiyi Qanunda insanların bir-biri qarşısında öhdəçilik götürməklə fayda əldə etdikləri başqa münasibətlərdən də söz edilir. Əgər qul ömürlük yaxşı ağaya məxsus olmaq istəyirdisə, ağası ilə həmişəlik və ləğvolunmaz əhd kəsirdi. Qanunda deyilirdi: «Qul təkidlə: “Ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm” desə, onda qoy qulun ağası onu məbədə — Allahın hüzuruna gətirsin; qulunu qapıya yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin» (Çıx. 21:5, 6).
6, 7. a) Müqavilələrin hansı xeyri var? b) Bunun Yehova ilə münasibətlərimizə hansı aidiyyəti var?
6 Evliliyə isə daha məsuliyyətli yanaşmaq tələb olunur. Bu, sadəcə müqavilə yox, iki şəxsin arasında kəsilən əhddir. Nə nikahsız bir yerdə yaşayan qadınla kişi, nə də onların uşaqları özlərini təhlükəsizlikdə hiss edəcək. Lakin ləyaqətli nikahda olan qadınla kişinin yaranan çətinlikləri məhəbbətlə həll etmək üçün Müqəddəs Kitaba əsaslanan tutarlı səbəbləri var (Mat. 19:5, 6; 1 Kor. 13:7, 8; İbr. 13:4).
7 Qədim dövrlərdə insanlar icrası mütləq olan işgüzar və əmək müqavilələri bağlayırdılar (Mat. 20:1, 2, 8). Bu kimi müqavilələr bu gün də bağlanır. Məsələn, hansısa riskli işə girişməzdən və ya hər hansı şirkətdə işləməyə başlamazdan öncə, adətən, yazılı müqavilə bağlayırıq. Əgər bu kimi öhdəçiliklər dostluğu, nikahı və işgüzar münasibətləri bu qədər möhkəmləndirirsə, özünü qeydsiz-şərtsiz Yehovaya həsr etməyin Onunla münasibətləri daha da möhkəmləndirəcəyi nə qədər yəqindir! Gəlin Yehova Allaha həsr olunmağın qədimdə insanlara hansı faydanı gətirdiyini və onun sadəcə bir öhdəçilik olmadığını nəzərdən keçirək.
Allaha həsr olunmaq israillilərə hansı faydanı gətirirdi?
8. Allaha həsr olunmaları israillilər üçün hansı mənanı kəsb edirdi?
8 İsrail xalqı Yehovanın qarşısında and içəndə bütövlükdə Allaha həsr olunmuş xalq oldu. Yehova onları Sina dağının ətəyində toplayıb dedi: «Əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız». Bütün xalq da bir nəfər kimi cavab verdi: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik» (Çıx. 19:4—8). İsraillilər üçün Allaha həsr olunmaq üzərlərinə hansısa bir işi götürməkdən daha böyük məna kəsb edirdi. Bu o demək idi ki, onlar artıq Yehovaya məxsusdurlar, Yehova da onlarla müvafiq tərzdə davranırdı.
9. İsraillilərin Allaha həsr olunmaları onlara hansı faydanı gətirirdi?
9 Yehovaya məxsus olmaq israillilərin xeyrinə idi. Sevən valideyn kimi, O, sədaqət və qayğıkeşlik göstərirdi. Allah İsrail xalqına demişdi: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram» (Yeşaya 49:15). Yehovanın Qanunu onlara rəhbərlik verir, peyğəmbərləri onları möhkəmləndirir, mələkləri isə müdafiə edirdilər. Məzmurçu yazırdı: «O, Yaqub nəslinə sözlərini, israillilərə qanun və hökmlərini bildirir. Başqa millətlər üçün belə etməyib». (Məz. 147:19, 20; Məzmur 34:7, 19; 48:14 ayələrini oxu.) Yehova qədim zamanlarda Ona məxsus olan xalqın qayğısına qaldığı kimi, bu gün də özlərini Ona həsr edənlərin qayğısına qalacaq.
Biz Allaha nəyə görə həsr olunmalıyıq?
10, 11. Allahın böyük ailəsindən kənarda doğulduğumuzun səbəbini izah edin.
10 Özünü Allaha həsr edib vəftiz olunmaq istəyən adamı belə bir sual düşündürə bilər: «Allaha xidmət etmək üçün həsr olunma nəyə lazımdır?» Hal-hazırda Allah qarşısındakı vəziyyətimizi nəzərə alsaq, səbəb aydın olar. Bildiyimiz kimi, Adəmin günahı ucbatından biz hamımız Allahın ailəsindən kənarda doğulmuşuq (Rom. 3:23; 5:12). Allahın böyük ailəsinin üzvü olmaq üçün özümüzü Ona həsr etməyimiz vacib tələbdir. Gəlin görək, nə üçün.
11 Heç bir ata doğma övladlarına Allahın niyyətində tutduğu kamil həyatı verə bilməz (1 Tim. 6:19). İlk insan cütü günaha batdığı və qayğıkeş Ata və Yaradandan uzaq düşdüyü üçün biz Allahın oğulları kimi doğulmuruq. (Qanunun təkrarı 32:5 ayəsi ilə müqayisə et.) Ta qədimdən bəşəriyyət Yehovanın böyük ailəsindən kənar, Allahdan ayrı yaşayır.
12. a) Qeyri-kamil insanlar Allahın ailəsinə necə daxil ola bilərlər? b) Vəftizdən öncə hansı addımları atmaq lazımdır?
12 Bununla belə, hər birimiz Allahdan xahiş edə bilərik ki, bizi Onun iltifatını qazanmış xidmətçilərdən ibarət ailəsinə qəbul etsina. Bu, bizim kimi günahlı insanlar üçün necə mümkündür? Həvari Pavel yazırdı: ‘Biz Allahın düşmənləri ikən Onun Oğlunun ölümü vasitəsi ilə Allahla barışdıq’ (Rom. 5:10). Vəftiz olanda biz Allahdan təmiz vicdan diləyirik ki, Ona məqbul olaq (1 Pet. 3:21). Lakin vəftizdən öncə bir neçə addım atmaq gərəkdir. Biz Allahı yaxından tanımalı, Ona etibar etməyi öyrənməli, tövbə etməli və pis yolumuzdan dönməliyik (Yəh. 17:3; Həv. iş. 3:19; İbr. 11:6). Allahın ailəsinə qəbul edilməzdən öncə daha bir şey də etmək lazımdır. Bu nədir?
13. Nəyə görə Allahın ailəsinin bir üzvü olmaq üçün özümüzü Ona həsr etməliyik?
13 Allahdan uzaq düşmüş kəs Onun ailəsinin üzvü olmaq üçün, ilk növbədə, Yehovaya söz verməlidir. Bunun səbəbini başa düşmək üçün kimsəsiz uşağa səmimi maraq göstərən və onu övladlığa götürmək istəyən xeyirxah atanı təsəvvür edək. Hamı atanı yaxşı bir insan kimi tanıyır. Ancaq uşağı ailəsinə qəbul etməzdən öncə, ata istəyir ki, uşaq onu doğma ata kimi sevib hörmət edəcəyinə söz versin. Uşaq yalnız bu şərti yerinə yetirdikdən sonra həmin adam onu öz ailəsinə qəbul edəcək. Bu, ağlabatan deyilmi? Eynilə, Yehova Öz ailəsinə yalnız and içərək özlərini Ona həsr etməyə hazır olanları qəbul edir. Müqəddəs Kitabda deyilir: «Bədənlərinizi diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim edin» (Rom. 12:1).
Məhəbbət və imanın təzahürü
14. Hansı mənada həsr olunma məhəbbətin təzahürüdür?
14 Həsr olunma andı içməklə Yehovanı ürəkdən sevdiyimizi göstəririk. Bu, müəyyən mənada nikah andına bənzəyir. Məsihçi bəy, hər nə olursa-olsun, gələcək həyat yoldaşına sadiq qalacağına and içməklə ona öz məhəbbətini izhar edir. Bu, sadəcə nəyi isə edib-etməyəcəyimizə dair verilən söz yox, anddır. Bəy anlayır ki, evlilik andı içməsə, sevdiyi qız ilə bir dam altında yaşaya bilməz. Eynilə, biz də həsr olunma andı içməsək, Yehovanın ailəsinin üzvü olmaqdan tam sevinc əldə edə bilməyəcəyik. Qeyri-kamilliyimizə baxmayaraq, Allaha məxsus olmaq istədiyimiz və hər nə olursa-olsun, Ona sadiq qalmağa qəti qərarlı olduğumuz üçün özümüzü Ona həsr edirik (Mat. 22:37).
15. Hansı mənada həsr olunma imanın təzahürüdür?
15 Özümüzü Allaha həsr etməyimiz imanın təzahürüdür. Nə üçün? Yehovaya imanımız sayəsində əminik ki, Ona yaxınlaşmaq bizim üçün yaxşıdır (Məz. 73:28). «Əyri və pozğun nəsil» arasında yaşadığımız üçün Allahla yeriməyin həmişə asan olmayacağını bilirik, ancaq biz Allahın səylərimizə dəstək olacağına dair verdiyi vədinə güvənirik (Filip. 2:15; 4:13, İ—93). Biz qeyri-kamil olduğumuzu dərk edirik, ancaq səhvlərə yol versək də, Yehovanın bizə qarşı rəhmli olacağına əminik. (Məzmur 103:13, 14; Romalılara 7:21—25 ayələrini oxu.) Biz inanırıq ki, Yehova nöqsansızlığımızı qorumaq qətiyyətimizi xeyir-dualandıracaq (Əyy. 27:5).
Allaha həsr olunmaq xoşbəxtlik gətirir
16, 17. Nəyə görə Yehovaya həsr olunmaq xoşbəxtlik gətirir?
16 Yehovaya həsr olunarkən özümüzü Onun ixtiyarına verdiyimiz üçün bu, bizə xoşbəxtlik gətirir. İsa «vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir» deməklə vacib həqiqəti vurğulamışdı (Həv. iş. 20:35). O, yerüzü xidməti zamanı bu prinsipə əsasən yaşamaqla tam xoşbəxtliyi dadmışdı. İnsanlara həyata aparan yolu tapmağa kömək etmək üçün, lazım gəldikdə, o, istirahətindən, yeməyindən və rahatlığından keçirdi (Yəh. 4:34). İsaya Atasının ürəyini sevindirmək xoş idi. O demişdi: «Mən daim Onun xoşuna gələn işləri görürəm» (Yəh. 8:29; Sül. məs. 27:11).
17 Beləliklə, İsa «kim ardımca getmək istəyirsə, özünü inkar etsin» deməklə öz davamçılarına ən məmnunedici həyat yolunu göstərdi (Mat. 16:24). Onun sözlərinə uyğun yaşamaqla biz Yehovaya daha yaxın oluruq. Ondan yaxşı kimsə bizim qayğımıza qala bilərmi?
18. Nəyə görə Yehovaya həsr olunmağımıza uyğun yaşamaq kiməsə və ya nəyəsə həsr olunmaqdan daha böyük xoşbəxtlik gətirir?
18 Özümüzü Yehovaya həsr etmək və sonra həsr olunmağımıza uyğun yaşayaraq Onun iradəsini həyata keçirmək kiməsə və yaxud nəyəsə həsr olunmaqdan daha böyük xoşbəxtlik gətirir. Məsələn, bir çox insanlar həyatlarını heç bir xoşbəxtlik və əsil məmnunluq gətirməyən var-dövlət toplamağa sərf edirlər. Özlərini Yehovaya həsr edənlər isə tükənməz xoşbəxtlik tapırlar (Mat. 6:24). ‘Allahın əməkdaşları’ olmaq şərəfi onlara sevinc gətirir, lakin onlar özlərini hansısa işə yox, qədir bilən Allahımıza həsr ediblər (1 Kor. 3:9). Bizim fədakarlığımızı Onun qədər qiymətləndirən tapılmaz. O hətta sadiq xidmətçilərini cavanlıq günlərinə qaytaracaq ki, onlar Onun qayğısından əbədiyyən yararlansınlar. (Əyy. 33:25; İbranilərə 6:10 ayəsini oxu.)
19. Özlərini Yehovaya həsr edənlərin hansı gözəl imkanı var?
19 İnsanın həyatını Yehovaya həsr etməsi Yehova ilə yaxın münasibətlər qurmağına kömək edir. Müqəddəs Kitabda deyilir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşar» (Yaq. 4:8; Məz. 25:14). Növbəti məqalədə biz Yehovaya mənsub olmaq qərarımızın nəyə görə düzgün olduğunu müzakirə edəcəyik.
[Haşiyə]
a İsanın ‘başqa qoyunları’ minilliyin sonuna qədər Allahın oğulları olmayacaqlar. Lakin onlar özlərini Allaha həsr etdikləri üçün Ona ‘Ata’ deyə müraciət edə bilərlər və onların özlərini Yehovanın xidmətçilərdən ibarət ailəsinin üzvləri hesab etmək üçün tam əsasları vardı (Yəh. 10:16; Yeşaya 64:8; Mat. 6:9; Vəhy 20:5).
Necə cavab verərdiniz?
• Allaha həsr olunmaq hansı mənanı daşıyır?
• Allaha həsr olunmaq hansı faydanı gətirir?
• Məsihçi olmaq üçün nəyə görə insan özünü Yehovaya həsr etməlidir?
[6-cı səhifədəki şəkil]
Həsr olunmağımıza uyğun yaşamaq tükənməz xoşbəxtlik gətirir