Gənclərə Yaradanlarını xatırlamağa kömək edən vəsait
«CAVANLIQ günlərində səni Yaradanı xatırla»,— deyə müdrik padşah Süleyman 3 000 il bundan əvvəl yazmışdı (Vaiz 12:1). İndi məsihçi gənclərə bunda kömək edəcək yeni bir vəsait var. Bütün dünyada 2008-ci ilin may ayından 2009-cu ilin yanvar ayınadək keçirilən «Allahın ruhu bələdçimizdir» adlı vilayət konqreslərində «Gənclərin sualları. Praktiki məsləhətlər» adlı kitabın ikinci cildinin buraxılışı barədə elan olunmuşdu.
Kitab Rəhbərlik Şurasının gənclərə ünvanladığı məktubla başlayır. Orada deyilir: «Biz ürəkdən dua edirik ki, bu kitabdakı məsləhətlər sənə bu gün gənclərin qarşılaşdığı təzyiq və şirnikdirici təsirlərin öhdəsindən gəlməyə və Allahın iradəsinə uyğun qərarlar qəbul etməyə kömək etsin».
Təbii ki, valideynlər uşaqlarını ‘Rəbbin tərbiyə və nəsihəti ilə böyütmək’ istəyirlər (Efes. 6:4). Amma yeniyetməlik yaşına çatanda bir çox gənclərdə özlərinə əminlik hissi olmur və onlar rəhbərliyə ehtiyac duyurlar. Əgər sizin də yeniyetmə övladınız varsa, bu nəşrdən daha çox fayda əldə etmələrinə necə kömək edə bilərsiniz? Bir neçə məsləhətə diqqət yetirək.
▪ Qoy sizin öz nüsxəniz olsun və onunla yaxından tanış olun. Sadəcə onu oxumaqla kifayətlənməyin. Fikirlərin necə ifadə olunduğunu başa düşməyə çalışın. Kitab sadəcə nəyin yaxşı və ya nəyin pis olduğunu göstərmək əvəzinə, gənclərə «hissləri»ni, yəni qavrayış qabiliyyətlərini tərbiyə etməyə kömək edir (İbr. 5:14). Bundan əlavə, orada düzgün davranmağa dair praktiki məsləhətlər verilir. Məsələn, 15-ci fəsil («Pis təsirdən özümü necə qoruyum?») gənclərə sadəcə «yox» deməyi öyrətmir. Orada problemləri həll etmək üçün onların Müqəddəs Kitab prinsiplərindən necə istifadə etməli və real vəziyyətlərdə ‘hər adama necə cavab verməli olduqlarının’ üsulları göstərilir (Kolos. 4:6).
▪ Kitabın dialoq şəklində tərtib olunmuş hissələrindən istifadə edin. Onlar gənclər üçün nəzərdə tutulsa da, münasib suallara siz özünüz də cavablarınızı yaza bilərsiniza. 16-cı səhifədəki romantik münasibətlər barəsindəki iki suala cavab verərkən özünüzün uşağınız yaşında olanda keçirdiyiniz hissləri xatırlamağa çalışın. Ola bilsin, siz bu suallara cavanlıq illərindəki kimi cavab vermək istəyəcəksiniz. Onda özünüzdən soruşun: «Bu məsələ barədə fikirlərim illər ötdükdən sonra nə dərəcədə dəyişib? O vaxtdan nəyi dərk etmişəm və bunu öz övladıma aydın şəkildə necə başa sala bilərəm?»
▪ Yeniyetmə övladınızın təkliyə çəkilmək hüququna hörmətlə yanaşın. Kitabın dialoq şəklində olan hissələri uşağınızın ürəyindəkiləri öyrənmək və onun öz hisslərini kitabda yazması və ya həmin suallar üzərində düşünməsi üçün nəzərdə tutulub. Sizin məqsədiniz övladınızın kitabda yazdıqlarını yox, ürəyində olanları görməkdir. 3-cü səhifədəki «Valideynlərin nəzərinə» adlı məktubda təklif olunur: «Uşağınız fikirlərini açıq yaza bilsin deyə onun icazəsi olmadan kitabına baxmayın. Ola bilsin, vaxt gələcək, o, özü ürəyindəkiləri sizinlə bölüşmək istəyəcək».
Müqəddəs Kitabı ailəlikcə öyrənmək üçün vəsait
«Gənclərin sualları — II» (rus.) kitabı ailəvi ibadət zamanı araşdırmaq üçün gözəl vəsaitdir. Kitab sual-cavab şəklində tərtib olunmayıb. Bəs buna baxmayaraq, ondan necə istifadə etmək olar? Nəyə görə uşaqlarınızın tələbatlarını nəzərə alaraq onlar üçün daha effektiv olan təlim metodundan istifadə etməyəsiniz?
Məsələn, bəzi ailələr 132 və 133-cü səhifələrdəki «Həmyaşıdların təzyiqi ilə üzləşəndə» adlı sxemi müzakirə edəndə övladlarının üzləşdiyi vəziyyətləri səhnələşdirə bilərlər. Birinci sual qızınıza və ya oğlunuza onun ən çətin saydığı təzyiqi, ikinci sual isə həmin təzyiqlə harada üzləşə biləcəyini müəyyən etməyə kömək edəcək. Həmyaşıdların təzyiqinə uymağın və qarşı durmağın nəticələrini nəzərdən keçirdikdən sonra uşağınızdan onların istehzalarını qəbul etmək, onları dəf etmək və ya əks hücuma keçmək planı hazırlamaq gözlənilir. Oğlunuza və ya qızınıza hazırcavab olmağa və onun ürəyincə olan və əminliklə istifadə edə biləcəyi cavablar hazırlamağa kömək edin (Məz. 119:46).
Ünsiyyət vasitəsi
«Gənclərin sualları — II» yeniyetmələri valideynləri ilə ünsiyyət etməyə təşviq edir. Məsələn, «Ata-anamla seks barədə necə danışa bilərəm?» (63, 64-cü səhifələr) və «Valideynlərinlə danış!» (189-cu səhifə) adlı çərçivələrdə bu kimi incə məsələlər haqda söhbətə başlamağa dair təkliflər var. 13 yaşlı bir qız yazmışdır: «Bu kitab mənə ürəyimdə olanları — hətta etdiyim şeyləri valideynlərimlə bölüşməyə cəsarət verdi».
Bu kitabda ünsiyyət qurmağa kömək etmək üçün başqa üsullardan da istifadə olunur. Hər fəslin sonunda «Sən necə düşünürsən?» adlı çərçivə var. Bu, sadəcə fəsli qısaca təkrarlamaq üçün nəzərdə tutulmayıb, orada gətirilən sualları ailəvi öyrənmə zamanı müzakirə etmək olar. Hər fəslin sonuna yaxın «Hərəkət planı!» çərçivəsi var. Gənclər fəsildən öyrəndiklərini necə tətbiq edəcəklərini bu çərçivədə özləri üçün qeyd edə bilərlər. «Hərəkət planı!» çərçivəsinin sonundakı «Valideynlərimdən soruşmaq istəyirəm ki...» bəndi gənclərin dəyərli məsləhətlər üçün valideynlərinə müraciət etməsinə kömək edə bilər.
Uşağın ürəyinə yol tapın!
Bir valideyn kimi, sizin məqsədiniz uşağınızın ürəyinə yol tapmaq olmalıdır. Bunda sizə «Gənclərin sualları — II» kitabı kömək edə bilər. Gəlin görək, bu kitabın köməyi ilə bir ata öz qızı ilə səmimi ünsiyyət qurmağa necə müvəffəq olub.
«Qızım Rebekka ilə mənim xoşladığımız mənzərəli yerlər var, biz oralarda piyada, velosiped və maşınla gəzməyi çox sevirik. Fikir vermişəm ki, açıq havada birgə vaxt keçirəndə onun ürəyini açması üçün imkan yaranır.
Biz, ilk növbədə, “Gənclərin sualları — II” kitabından Rəhbərlik Şurasının məktubunu və “Valideynlərin nəzərinə” adlı məktubu nəzərdən keçirdik. İstəyirdim, qızım bilsin ki, 3-cü səhifədə deyildiyi kimi, o, öz kitabında çəkinmədən qeydlər apara bilər və mən onun yazdıqlarına heç vaxt baxmayacağam.
Mən Rebekkaya ona maraqlı olan fəsilləri seçməyi təklif etdim və biz onları onun istədiyi ardıcıllıqla müzakirə etdik. Onun seçdiyi ilk fəsil “Elektron oyunları oynamağa dəyərmi?” fəsli oldu. Heç ağlıma gəlməzdi ki, o, bu fəsli seçəcək! Lakin onun bunun üçün səbəbi vardı: onun yoldaşlarından bəziləri dəhşətli oyunlar oynayırdılar. Heç təsəvvür belə edə bilməzdim ki, həmin oyunlarda bu qədər zorakılıq və iyrənc söyüşlər işlənir! Bütün bunlar 251-ci səhifədəki “Hərəkət planı!” adlı çərçivəni müzakirə edən zaman məlum oldu. Bu çərçivənin köməyilə Rebekka bu kimi hallar üçün cavablar hazırlayıb. İndi o, kimsə onu bu cür oyunlar oynamağa təhrik edəndə nə cavab verəcəyini bilir.
Bundan sonra Rebekka kitabda yazdıqlarını mənimlə bölüşməyə çəkinmir. Öyrənmə zamanı biz fasiləsiz olaraq söhbət edirik. Növbə ilə oxuduqdan sonra Rebekka, şəkillər və çərçivələr də daxil olmaqla, hər şey haqqında danışmaq istəyir. Söhbət əsnasında onun yaşında olanda keçirdiyim hisslər barədə danışmaq imkanım yaranır, sonra o, bugünkü gənclərin vəziyyəti barədə danışır. O, hər şeyi bölüşmək istəyir!»
Əgər uşaqlarınız varsa, şübhəsiz, bu kitabın çıxması sizi də çox sevindirib. İndi siz ondan səmərəli şəkildə istifadə edə bilərsiniz. Rəhbərlik Şurası ümidvardır ki, «Gənclərin sualları. Praktiki məsləhətlər — II» kitabı ailəniz üçün əsil xeyir-dua olacaq. Qoy bu kitab hamıya — xüsusilə də əziz gənclərimizə — ‘Ruha görə hərəkət etməyə’ kömək etsin (Qalat. 5:16).
[Haşiyə]
a Kitabda üzərində qeydlər aparmaq üçün nəzərdə tutulan bəzi sxemlər hamı üçündür. Məsələn, «Qəzəbini cilovla» (221-ci səhifə) adlı sxem oğlunuz və ya qızınız üçün faydalı olduğu kimi, sizin üçün də faydalı ola bilər. Eyni şeyi «Həmyaşıdların təzyiqi ilə üzləşəndə» (132, 133-cü səhifələr), «Aylıq büdcəm» (163-cü səhifə) və «Mənim məqsədlərim» (314-cü səhifə) adlı sxemlər barədə də demək olar.
[30-cu səhifədəki çərçivə]
Gənclərin fikirləri
«Bu elə bir kitabdır ki, gərək əlində qələm oturub mütaliə edəsən. Bu kitabın gündəlik kimi tərtib olunması təklikdə düşünərək ən yaxşı həyat yolunu müəyyən etməyə kömək edir» (Nikola).
«Bir çoxları, bəziləri hətta yaxşı niyyətdən irəli gələrək, romantik münasibətlər qurmaq üçün mənə təzyiqlər göstərirlər. Kitabın birinci hissəsi məni əmin etdi ki, kim nə deyirsə-desin, mən belə münasibətlərə hələ hazır deyiləm» (Katrina).
«“Vəftiz olunmaq haqqında düşünürsənmi?” çərçivəsi mənə vəftizə daha ciddi yanaşmağa kömək etdi. Həmçinin şəxsi öyrənməyə və dualarıma yenidən nəzər salmağa təşviq etdi» (Eşli).
«Məsihçi valideynlərim həqiqəti mənə uşaqlıqdan aşılasalar da, bu kitab mənə həyatımda müəyyən addımları nəyə görə atmalı olduğumun səbəbini dərk etməyə, həmçinin valideynlərimlə daha səmimi olmağa kömək etdi» (Zamira).
[31-ci səhifədəki şəkil]
Valideynlər, bu kitabla yaxından tanış olun
[32-ci səhifədəki şəkil]
Övladınızın ürəyinə yol tapmağı qarşınıza məqsəd qoyun