Bilirsinizmi?
İsanın tarixi şəxsiyyət olduğuna dair Müqəddəs Kitabdakı sübutlardan başqa hansı sübutlar var?
▪ İsa haqqında Quranın bir çox ayəsində yazılıb. Məsələn, orada deyilir: «Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. İncil əhli onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır» (Əl-Maidə [Süfrə]: surə 5, ayə 46, 47).
İsanın yer üzündə olduğu vaxta yaxın yaşayan bir neçə tarixçi onun adını xüsusi olaraq çəkmişdi. Onlardan biri imperatorların hakimiyyəti altında olan Romanın tarixini qələmə alan Korneli Tasit idi. Tasit yazır ki, eramızın 64-cü ilində Romanı viranə qoyan yanğının səbəbkarı, deyilənə görə, Neron olmuşdur. Onun sözlərinə əsasən, Neron günahı camaatın məsihçi adlandırdığı insanların boynuna qoymağa çalışırdı. Tasit yazır: «Məsihçi adının öz başlanğıcını götürdüyü Məsih Tiberiusun hakimiyyəti dövründə vali olan Ponti Pilat tərəfindən edam olunmuşdu» («Annals», XV, 44).
İsa haqda yəhudi tarixçisi İosif Flavi də yazmışdı. Romalı Yəhudeya valisi Festusun təxminən b. e. 62-ci ilində ölümü ilə onun xələfi Albinusun hakimiyyətə gəldiyi vaxt arasında baş verən hadisələri təsvir edərkən İosif deyir: «[Baş kahin Hananya] Sinedrion hakimlərini bir yerə topladı və Məsih adlanan İsanın qardaşı Yaqubu və başqa adamları onların önünə çıxardı» («Yəhudi arxeologiyası», XX, 200 (ix, 1)).
İsa nəyə görə Məsih adlanırdı?
▪ Müjdələrdə deyilir ki, Cəbrayıl mələk Məryəmə görünüb ona hamilə qalacağını xəbər verdi və dünyaya gələcək körpənin adını İsa qoymağı tapşırdı (Luka 1:31). Müqəddəs Kitabın yazıldığı dövrdə bu ad yəhudilər arasında geniş yayılmışdı. Yəhudi tarixçisi İosif Flavi Müqəddəs Yazılarda haqqında danışılan adamlardan başqa bu adı daşıyan 12 nəfərin adını çəkmişdi. Məryəmin oğlu «nazaretli» adlanırdı. Bu, onun Nazaretdən olduğunu göstərirdi (Mark 10:47). Onu həmçinin ‘Məsih’, yaxud İsa Məsih kimi də tanıyırdılar (Matta 16:16). Bu, hansı mənanı daşıyır?
Azərbaycan dilində «Məsih» sözü ibranicə Maşiax sözündən götürülüb, mənası «məsh olunmuş» deməkdir. Müqəddəs Kitabın yazıldığı dövrdə insanın məsh olunması onun Allah tərəfindən xüsusi təyinat alması demək idi. Bu söz İsadan əvvəl yaşamış digər insanlara da aid edilirdi. Məsələn, Musa, Harun və Davud padşah da məsh olunmuş adlanıblar ki, bu da Allahın onları hansısa məsuliyyətli işə təyin etdiyini və səlahiyyət verdiyini göstərirdi (Levililər 4:3; 8:12; 2 Şamuel 22:51; İbranilərə 11:24—26). Məsih sözü yunanca Xristos kimi səslənir. Bu sözün, bəzilərinin düşündüyü kimi, xaçla heç bir əlaqəsi yoxdur. Yunanca «Xristos» sözü də «Məsih» sözü kimi, «məsh olunmuş», yəni Allah tərəfindən xüsusi təyinat almış mənasını daşıyır.
[15-ci səhifədəki şəkil]
Qravüra: İosif Flavinin portreti