Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/4 s. 16—18
  • Sinaqoq. İsanın və şagirdlərinin təbliğ etdiyi yer

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sinaqoq. İsanın və şagirdlərinin təbliğ etdiyi yer
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Bilirsiniz?
    Gözətçi qülləsi 2019
  • Kəfərnahumdakı möcüzələr
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa peyğəmbər Nasirədəki sinaqoqda
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Kapernahumda digər möcüzələr
    İsa Məsihin həyatı və xidməti
Gözətçi qülləsi 2010
w10 1/4 s. 16—18

Sinaqoq. İsanın və şagirdlərinin təbliğ etdiyi yer

‘İsa bütün Qalileyanı gəzərək, onların sinaqoqlarında öyrədib, Səmavi Səltənət Müjdəsini təbliğ edirdi’ (MATTA 4:23).

MÜJDƏLƏRDƏ dönə-dönə İsanın sinaqoqda olduğunu oxuyuruq. İstər böyüyüb boya-başa çatdığı Nazaret şəhərində, istər doğma hesab etdiyi Kefernahum şəhərində, istərsə də üç il yarım çəkən xidməti zamanı ayaq basdığı şəhər və kəndlərdə İsa Allahın Padşahlığı haqqında təbliğ edib təlim vermək üçün tez-tez sinaqoqa gedirdi. İsa geriyə boylanaraq xidməti haqqında demişdi: «Mən yəhudilərin daim toplaşdıqları sinaqoqlarda və məbəddə təlim verirdim» (Yəhya 18:20).

Bunun kimi, İsanın həvariləri və digər erkən məsihçilər də tez-tez yəhudi sinaqoqlarında təlim verərdilər. Bəs necə oldu ki, yəhudilər sinaqoqlarda ibadət etməyə başladılar? İsanın günlərində həmin ibadət yerləri necə idi? Gəlin buna yaxından nəzər salaq.

Yəhudilərin həyatının ayrılmaz hissəsi. İldə üç dəfə yəhudi kişilər müqəddəs məbəddə bayram keçirmək üçün Yerusəlimə yollanırdılar. Lakin Fələstində və onun sərhədlərindən kənarda yaşayan yəhudi icmalarının gündəlik dini tələbatlarının ödənilməsi üçün yerli sinaqoqlar fəaliyyət göstərirdi.

Sinaqoqlar nə zaman meydana çıxdı? Bəzilərinin fikrincə, yəhudilərin Babildə əsarətdə olduğu (b. e. ə. 607—537) və Yehovanın məbədinin viranə qaldığı müddətdə. Yaxud, ola bilsin, onların əsası yəhudilərin sürgündən qayıtmasından az sonra, kahin Ezranın xalqı Allahın Qanunu haqda daha çox biliyə və anlayışa yiyələnməyə təşviq etdiyi zaman qoyulmuşdu (Ezra 7:10; 8:1—8; 10:3).

Başlanğıcda «sinaqoq» sözü sadəcə «toplantı» və ya «yığıncaq» mənasını verirdi. İbranicə Müqəddəs Yazıların yunan tərcüməsi olan «Septuaqinta»da bu söz məhz belə mənada işlənilirdi. Lakin vaxt keçdikcə sinaqoq sözü insanların ibadət üçün toplaşdığı tikiliyə aid edildi. Eramızın birinci əsrinə yaxın, demək olar ki, İsanın olduğu hər bir kiçik şəhərdə bir, böyük şəhərlərdə bir neçə, Yerusəlimdə isə çoxlu sinaqoq var idi. Həmin tikililər necə idi?

Sadə ibadət evi. Sinaqoq tikməyə hazırlaşarkən, adətən, yəhudilər yüksək yer axtarır və binanın planını elə çəkirdilər ki, giriş (1) Yerusəlimə baxsın. Lakin görünür bu, qanun deyildi, çünki şərait buna həmişə yol vermirdi.

Sinaqoqlar adətən sadə, içində cəmi bir neçə əşya olan tikili olurdu. Orada ən əsas əşya sandıq (2), yəni xalqın ən dəyərli əmlakı olan Müqəddəs Yazıların tumarlarının saxlanıldığı qutu idi. Görüş keçiriləndə bu kiçik sandığı gətirir, sonra isə təhlükəsiz yerə qoyurdular (3).

Sandığa yaxın üzü camaata tərəf sinaqoq rəisləri və digər hörmətli qonaqlar üçün baş kürsülər (4) olurdu (Matta 23:5, 6). Zalın ortasına yaxın yerdə bir qədər hündürdə səhnə, natiq üçün kürsü və oturacaq qoyulurdu (5). Toplantıya gələnlər üçün üç tərəfdən üzü səhnəyə oturacaqlar yerləşdirilirdi (6).

Adətən sinaqoqu yerli yığıncaq idarə edir və maddi cəhətdən dəstəkləyirdi. Həm varlıların, həm də kasıbların etdiyi könüllü ianələrin sayəsində bina yaxşı vəziyyətdə saxlanılır və təmir olunurdu. Bəs orada görüşlər necə keçirilirdi?

Sinaqoqda ibadət. Sinaqoqda ibadət zamanı həmdlər oxunur, dua edilir, Müqəddəs Yazılar oxunur, eləcə də təlim verib təbliğ edirdilər. Görüş yəhudilərin iman rəmzinə bərabər olan Şmanı əzbərdən söyləməklə başlayırdı. Bu ad əzbərdən söylənən ayələrdən birincisi olan «Dinlə [Şma], ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir» ayəsinin ilk sözündən götürülmüşdür (Qanunun təkrarı 6:4).

Sonra Müqəddəs Yazıların Musa tərəfindən qələmə alınan ilk beş kitabından, «Tövrat»dan parçalar oxunur və şərh edilirdi (Həvarilərin işləri 15:21). Bundan sonra peyğəmbərlərin yazılarından hissələr (haftara) oxunur, izah və tətbiq edilirdi. Hərdən bu hissəni qonaq gələn natiqlər aparırdı. Məsələn, Luka 4:16—21 ayələrində İsanın belə etdiyini oxuyuruq.

Əlbəttə, İsanın əlinə aldığı həmin tumar müasir Müqəddəs Kitablarda olduğu kimi fəsillərə və ayələrə bölünməmişdi. Buna görə də axtardığı parçanı tapana qədər İsanın bir tərəfdən sağ əli ilə tumarı bükdüyünü, digər tərəfdən isə sol əli ilə onu açdığını təsəvvür edə bilərik. Oxunduqdan sonra tumar əvvəlki kimi bükülüb yerinə qoyulurdu.

Əksər hallarda tumarları qədim ibrani dilində oxuyub arami dilinə tərcümə edirdilər. Yunandilli yığıncaqlarda isə «Septuaqinta»dan istifadə olunurdu.

Gündəlik həyatın vacib hissəsi. Sinaqoq yəhudilərin gündəlik həyatında o qədər vacib yer tuturdu ki, ona bitişik olan və ya onun yanında yerləşən digər tikililərlə birlikdə müxtəlif məqsədlərə xidmət edirdi. Bəzən burada məhkəmə dinləmələri, eləcə də yemək otaqlarında nahar verməklə ictimai görüşlər və iclaslar keçirilirdi. Hərdən sinaqoqun binalarında səyyahlar üçün otaqlar hazırlanırdı.

Demək olar ki, hər bir şəhərdə sinaqoqun nəzdində məktəb fəaliyyət göstərirdi və çox vaxt bu məktəb sinaqoqun binasında yerləşirdi. Müəllimlərin mum lövhəciklər üzərində yazdığı böyük hərfləri oxumağı öyrənən azyaşlı oğlan uşaqları ilə dolu otağı təsəvvürünüzə gətirin. Yəhudi cəmiyyətinin savadlı olması, hətta sadə insanların belə Müqəddəs Yazılarla tanış olması məhz bu məktəblərin sayəsində mümkün olmuşdu.

Lakin sinaqoqun əsas məqsədi müntəzəm ibadət etmək üçün şərait yaratmaq idi. Buna görə də təəccüblü deyil ki, birinci əsrdəki məsihçilərin görüşləri ilə yəhudi sinaqoqlarında keçirilən görüşlər arasında çox oxşarlıq var idi. Eynilə, məsihçi görüşlərinin də məqsədi dua edərək, həmd nəğmələri oxuyaraq və Müqəddəs Kitabı oxuyub müzakirə edərək Yehovaya ibadət etmək idi. Lakin oxşarlıq təkcə bununla bitmirdi. Hər iki ibadət yerində müxtəlif tələbat və xərclər könüllü ianələr əsasında ödənilirdi. Onların heç birində Allahın Kəlamını oxuyub müzakirə etmək yalnız ruhanilərin işi deyildi. Hər ikisində görüşləri məsuliyyətli ağsaqqallar təşkil edib onlara rəhbərlik edirdi.

Yehovanın Şahidləri də bu gün İsanın və onun birinci əsrdəki davamçılarının nümunəsini izləməyə çalışırlar. Onların Padşahlıq Zalındakı görüşləri müəyyən xüsusiyyətlərinə görə qədimdə sinaqoqda keçirilən görüşlərə bənzəyir. Ən vacibi isə, Yehovanın Şahidlərinin toplaşmasının məqsədi keçmişdə həqiqəti sevən insanların rəhbər tutduğu məqsədlə eynidir: onlar ‘Allaha yaxınlaşmaq’ istəyirlər (Yaqub 4:8).

[16 və 17-ci səhifədəki şəkil]

Bu bina birinci əsrdəki Qamla sinaqoqunun planı əsasında bərpa olunmuşdur

[18-ci səhifədəki şəkil]

Sinaqoq məktəblərində oğlan uşaqları 6 yaşından 13 yaşa kimi oxuyurdular

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş