Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/6 s. 10—14
  • Yığıncağı inkişaf etdirməyə davam edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yığıncağı inkişaf etdirməyə davam edin
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • ‘Onu yanlarına aldılar’
  • «Qardaşlar Timotey haqda yaxşı fikirdə idilər»
  • «Qəmginlərə təskinlik verin»
  • ‘Onu bağışlayıb, təsəlli verin’
  • «O mənə... yararlıdır»
  • Yığıncaq və sən
  • Yığıncaqlar imanda möhkəmlənir
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Məsihçilər bir-birlərinə lazımdırlar
    Gözətçi qülləsi 2003
  • Şagirdlər hazırlamaq məqsədi ilə təbliğ et
    Gözətçi qülləsi 2004
  • Daima «bir-birinizi möhkəmləndirin»
    Gözətçi qülləsi 2022
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/6 s. 10—14

Yığıncağı inkişaf etdirməyə davam edin

«Bir-birinizə təskinlik verin və bir-birinizi inkişaf etdirin» (1 SALON. 5:11).

1. Məsihçi yığıncağının üzvü olmaq hansı xeyir-duaları gətirir və buna baxmayaraq, hansı problemlər mövcuddur?

MƏSİHÇİ yığıncağının üzvü olmaq necə də böyük xeyir-duadır! Sənin Yehova ilə gözəl münasibətlərin var. Onun Kəlamının təqdim etdiyi rəhbərliyə etibar etməyin səni düzgün olmayan həyat tərzinin pis nəticələrindən sipər kimi qoruyur. Sənin ətrafında sənin yaxşılığını istəyən əsil dostların var. Bəli, xeyir-duaları sadalamaqla qurtarmaq olmaz. Lakin bir çox məsihçilər bu və ya digər problemlərlə mübarizə aparırlar. Onlardan bəziləri Allahın Kəlamının dərinliklərini başa düşməkdə köməyə ehtiyac duya bilərlər. Ola bilsin, digərləri xəstəlikdən, ruh düşkünlüyündən və ya düşünülməmiş qərarlarının nəticələrindən əziyyət çəkirlər. Bununla yanaşı, biz hamımız allahsız dünyada yaşayırıq.

2. Qardaşlarımız çətinliklə üzləşəndə biz nə etməliyik və nəyə görə?

2 Həmimanlılarımızın əzabını və ya problemlərlə çarpışdığını görmək heç birimizə xoş deyil. Həvari Pavel yığıncağı bədənə bənzədərək qeyd edir ki, «əgər bir üzv əzab çəkirsə, digərləri də onunla bərabər əzab çəkir» (1 Kor. 12:12, 26). Belə hallarda bacı-qardaşlarımıza dayaq olmağa çalışmalıyıq. Müqəddəs Yazılarda yığıncaq üzvlərinin bir-birinə çətinliklərin öhdəsindən gəlməkdə necə kömək etdiklərinə dair bir çox nümunələr yer alıb. Onları nəzərdən keçirdikcə bu cür köməkliyi necə göstərə biləcəyini düşün. Yehovanın yığıncağı inkişaf etsin deyə qardaşlara ruhani köməkliyi necə göstərə bilərsən?

‘Onu yanlarına aldılar’

3, 4. Akila və Priskila Apollosa necə kömək etdilər?

3 Apollos Efes şəhərinə köçəndə artıq xoş xəbərin səyli təbliğçisi idi. «Həvarilərin işləri» kitabında deyilir: «Bu adam... yalnız Yəhyanın vəftizindən xəbərdar olduğu halda, ruhca səyli olub, Rəbb barəsindəki həqiqəti bəyan edib, doğruluqla öyrədirdi». Apollosun «Ata, Oğul və Müqəddəs Ruh» ismilə vəftizdən bixəbər olmasından belə bir nəticəyə gəlmək olar ki, ona ya Vəftizçi Yəhyanın şagirdləri, ya da eramızın 33-cü ilinin Pentikost bayramından əvvəl İsanın davamçıları şahidlik etmişdilər. Apollos səyli olsa da, onun bəzi vacib şeylərdən xəbəri yox idi. Həmimanlıları ilə ünsiyyətdə olması ona necə kömək etdi? (Həv. iş. 1:4, 5; 18:25; Mat. 28:19).

4 Məsihçi ər-arvad Akila və Priskila Apollosun sinaqoqda cəsarətlə təbliğ etdiyini eşidib onu yanlarına aldılar və dəqiqliklə hər şeyi ona başa saldılar. (Həvarilərin işləri 18:24—26 ayələrini oxu.) Onlar bunu məhəbbətdən irəli gələrək etdilər. Əlbəttə, Akila və Priskila Apollosda onu tənqid etdikləri təəssüratı oyatmadan ona nəzakətlə kömək etmək istəyirdilər. Apollos sadəcə olaraq erkən məsihçi yığıncağının tarixi ilə tanış deyildi. Şübhə yoxdur ki, Apollos belə vacib məlumatları onunla bölüşən yeni dostlarına çox minnətdar idi. Bu məlumatın sayəsində o, Axayadakı qardaşlara «çox yardım etdi» və böyük şahidlik verdi (Həv. iş. 18:27, 28).

5. Məhəbbət Padşahlığın minlərlə təbliğçisini nəyə təşviq edir və bu, hansı bəhrələri gətirir?

5 Məsihçi yığıncağında bir çoxları vaxtilə onlara Müqəddəs Kitabı başa düşməyə kömək edənlərə ürəkdən minnətdardırlar. Hətta çoxları onları öyrədən bacı-qardaşlarla sıx dostluq münasibətləri qurmuşlar. İnsanlara həqiqəti başa düşməyə kömək etmək üçün əksər hallarda onlarla bir neçə ay ərzində müntəzəm olaraq Müqəddəs Kitabı öyrənmək lazım gəlir. Lakin Padşahlığın təbliğçiləri bunun ölüm-dirim məsələsi olduğunu dərk etdikləri üçün bu cür fədakarlıq göstərməyə hazırdırlar (Yəh. 17:3). İnsanın həqiqəti mənimsədiyini, ona uyğun yaşamağa və Yehovanın iradəsini yerinə yetirməyə başladığını görmək bizə necə də böyük sevinc gətirir! 

«Qardaşlar Timotey haqda yaxşı fikirdə idilər»

6, 7. a) Nəyə görə Pavel yol yoldaşı və əməkdaşı kimi Timoteyi seçdi? b) Timotey ona göstərilən kömək sayəsində nə dərəcədə inkişaf etdi?

6 İkinci missioner səyahəti zamanı həvari Pavel və Sila Listraya baş çəkəndə orada təxminən 20 yaşlarında olan gənc Timoteylə görüşdülər. «Listra və Konyada olan qardaşlar Timotey haqda yaxşı fikirdə idilər». Timoteyin anası Evniki və nənəsi Loida həsr olunmuş məsihçi idilər, lakin onun atası onların imanına şərik deyildi (2 Tim. 1:5). Ola bilsin, Pavel bu ailə ilə ilk dəfə bir neçə il bundan əvvəl həmin əraziyə baş çəkən zaman tanış olmuşdu. Amma indi Timotey Pavelin diqqətini xüsusilə cəlb etmişdi, çünki bu gənc başqalarından çox fərqlənirdi. Beləliklə, yerli ağsaqqallar şurasının razılığı ilə Timotey missioner xidmətində Pavelin köməkçisi oldu. (Həvarilərin işləri 16:1—3 ayələrini oxu.)

7 Timoteyin yaşca ondan böyük olan əməkdaşından öyrənməli olduğu çox şey vardı. Lakin Timotey o dərəcədə inkişaf etmişdi ki, müəyyən vaxtdan sonra Pavel onu əminliklə başqa yığıncaqlara baş çəkməyə göndərir və onu nümayəndəsi təyin etmişdi. Pavellə təqribən 15 il çəkən əməkdaşlığı sayəsində vaxtilə təcrübəsiz və ola bilsin, utancaq olan Timotey yaxşı nəzarətçi səviyyəsinə çatdı (Filip. 2:19—22; 1 Tim. 1:3).

8, 9. Yığıncağın üzvləri gəncləri xidmətə necə təşviq edə bilər? Nümunə çəkin.

8 Məsihçi yığıncağındakı bir çox gənc oğlan və qızların inkişaf etmələri üçün geniş imkanları var. Yehovaya xidmətdə gözəl nümunə verən bacı-qardaşlar bu gəncləri ruhlandırıb onlarla ünsiyyət etsələr, bu, onları Yehovanın yığıncağında məsuliyyətlərə can atmağa və buna nail olmağa təşviq edə bilər. Yığıncağına bir nəzər sal! Timotey kimi xidmətdə yararlı olacaq gəncləri görürsənmi? Sənin kömək və dəstəyin sayəsində onlar pioner, bet-elli, missioner və ya səyyar nəzarətçi ola bilərlər. Onlara belə məqsədlərə can atmağa necə kömək edə bilərsən?

9 Artıq 20 ildir ki, Bet-El ailəsinin üzvü olan Martin 30 il bundan əvvəl rayon nəzarətçisi ilə birgə xidmətdə olarkən qardaşın ona göstərdiyi marağı minnətdarlıqla xatırlayır. Gənclikdə Bet-Eldə xidmət edən bu qardaş həmin illər barədə böyük şövqlə danışırdı. O, Martini təşviq etmişdi ki, Yehovanın təşkilatında bu cür xidmət etməyi qarşısına məqsəd qoysun. Martin hesab edir ki, bu unudulmaz söhbət sonralar həyatında verdiyi qərarlara böyük təsir göstərmişdi. Kim bilir, sənin gənc dostlarınla ruhani məqsədlər barədə danışmağın onlara nə dərəcədə yaxşı təsir göstərə bilər!

«Qəmginlərə təskinlik verin»

10. Epafrodit özünü necə hiss edirdi və nəyə görə?

10 Epafrodit imanına görə həbsdə olan həvari Pavelə baş çəkmək üçün Filipidən Romaya uzun və yorucu yol qət etmişdi. Onu Pavelin yanına filipililər göndərmişdi. O yalnız filipililərin göndərdiyi hədiyyələri gətirmək məqsədilə gəlməmişdi, həm də Pavelin çətin anlarında ona kömək etmək üçün bir az qalmağı planlaşdırmışdı. Lakin Epafrodit Romada olarkən xəstələndi və ‘ölüm ayağına’ düşdü. Epafrodit tapşırığını yerinə yetirmədiyini düşünüb məyusluğa qapıldı (Filip. 2:25—27).

11. a) Nəyə görə yığıncaqda kimsə depressiyaya düşəndə təəccüblənməməliyik? b) Pavel Epafroditlə əlaqədar nə məsləhət gördü?

11 Bu gün müxtəlif təzyiqlər üzündən insanlar depressiyaya düşürlər. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin beşdə biri həyatının müəyyən dövründə depressiyadan əziyyət çəkir. Yehovanın xalqı bundan müdafiə olunmayıb. Ailəsinin maddi tələbatlarının qayğısına qalarkən insanın üzləşdiyi çətinliklər, xəstəliklər, müvəffəqiyyətsizlik üzündən yaranan məyusluq və digər amillər onda ruh düşkünlüyü əmələ gətirə bilər. Filipililər Epafroditə necə kömək edə bilərdilər? «Onu Rəbbə aid biri kimi, tam sevinclə qəbul edin və belələrinə hörmət edin. Çünki o, Məsihin işi uğrunda canını təhlükə qarşısında qoyaraq, ölümə yaxın idi ki, sizin mənə xidmətinizin əskikliyini doldursun», — deyə Pavel yazır (Filip. 2:29, 30).

12. Depressiyada olanları nə ruhlandıra bilər?

12 Biz də ruhdan düşən və ya depressiyada olan qardaşları ruhlandırmalıyıq. Əlbəttə, onların Yehovaya xidmətləri haqda çoxlu müsbət şeylər danışa bilərik. Ola bilsin, onlar məsihçi olmaq və ya tammüddətli xidmətə başlamaq üçün həyatlarında böyük dəyişikliklər etmişlər. Biz onların səyini qiymətləndiririk və onları əmin edə bilərik ki, Yehova da onların etdiyi hər şeyi qiymətləndirir. Yehovanın sadiq xidmətçilərindən kimsə qocalıq və ya xəstəlik ucbatından Ona əvvəlki qədər xidmət edə bilməsə də, uzun illər ərzində xidmət etdiyinə görə hörmətə layiqdir. Həmimanlımızın depressiyaya düşməsinə səbəb nə olursa-olsun, Yehova bütün sadiq xidmətçilərinə məsləhət verir: «Cəsarətsizləri ruhlandırın [«qəmginlərə təskinlik verin», YD], zəiflərə yardım edin, hamıya qarşı səbirli olun» (1 Salon. 5:14).

‘Onu bağışlayıb, təsəlli verin’

13, 14. a) Korinf yığıncağı hansı ciddi tədbiri gördü və bunun səbəbi nə idi? b) Günahkar insanın yığıncaqdan kənar edilməsinin hansı müsbət nəticələri oldu?

13 Birinci əsrdə Korinf yığıncağında bir nəfər əxlaqsız həyat tərzi sürür və tövbə etmirdi. Onun hərəkəti yığıncağın təmizliyini təhlükə altına alır, hətta imansızları dəhşətə gətirirdi. Buna görə də Pavel, haqlı olaraq, onu yığıncaqdan kənar etmək göstərişini verdi (1 Kor. 5:1, 7, 11—13).

14 Bu cəza tədbirinin müsbət nəticələri oldu: yığıncaq pis təsirdən müdafiə olundu və günahkar səhvini boynuna alıb ürəkdən tövbə etdi. Pavel həmin adamın tövbə etməsinin əməlindən göründüyünü nəzərə alaraq yığıncağa yazdığı ikinci məktubda onu bərpa etməyi buyurdu. Lakin yığıncaqdan yalnız bu tələb olunmurdu. Pavel həm də tövsiyə etdi ki, yığıncaq tövbə edən insanı ‘bağışlayıb, təsəlli versin ki, belə bir adam həddindən artıq kədərə qərq olmasın’. (2 Korinflilərə 2:5—8 ayələrini oxu.)

15. Tövbə edib yığıncaqda bərpa olunanlara qarşı münasibətimiz necə olmalıdır?

15 Biz bu hadisədən nə öyrənirik? Kiminsə yığıncaqdan kənar edilməsi bizi kədərləndirir. Ola bilsin, onlar Allahın adına ləkə gətirib, yığıncağı rüsvay edib, hətta şəxsən bizə qarşı günah işlədiblər. Bununla belə, bu məsələni araşdırmaq üçün təyin olunmuş ağsaqqallar, Yehovanın rəhbərliyinə əsasən, tövbə edən adamı bərpa etmək qərarını verəndə bu, Yehovanın onu bağışladığını göstərir (Mat. 18:17—20). Məgər biz Onu təqlid etməli deyilikmi? Sərt olmaq, ürəyimizdə kin saxlamaq və onu bağışlamaqdan imtina etmək Yehovaya qarşı çıxmağa bərabərdir. Yehovanın yığıncağında sülhü və birliyi qorumaq və Onun rəğbətini itirməmək üçün məgər biz həqiqətən də tövbə edən və yığıncaqda bərpa olunan insanlara ‘məhəbbət göstərməli’ deyilikmi? (Mat. 6:14, 15; Luka 15:7).

«O mənə... yararlıdır»

16. Nəyə görə Pavel Markı özü ilə götürmək istəmirdi?

16 İndi baxacağımız nümunədən görəcəyik ki, bizi məyus edən insanlara qarşı ürəyimizdə kin saxlamalı deyilik. Yəhya Mark həvari Paveli çox məyus etmişdi. Necə? Pavellə Barnaba birinci missioner səyahətlərinə başlayanda kömək etmək üçün Mark da onlarla getdi. Amma o, Müqəddəs Kitabda qeyd olunmayan bir səbəbə görə əməkdaşlarını yarı yolda qoyub evinə qayıtdı. Bu qərar Paveli o qədər məyus etmişdi ki, ikinci missioner səyahətini planlaşdıranda Markı bir daha özləri ilə götürüb-götürməməyin üstündə Barnaba ilə aralarında mübahisə düşmüşdü. Birinci səyahətləri zamanı baş verənlər ucbatından Pavel Markın bir daha onlarla getməsini istəmirdi. (Həvarilərin işləri 13:1—5, 13; 15:37, 38 ayələrini oxu.)

17, 18. Pavellə Mark arasında yaranmış problemin öz həllini tapdığı haradan məlumdur və biz bundan nə öyrənə bilərik?

17 Markın Barnaba ilə birgə missioner fəaliyyətinə başqa ərazidə davam etməsindən görünür ki, o, Pavelin reaksiyasının onu ruhdan salmasına yol verməmişdi (Həv. iş. 15:39). Onun sadiq və etibarlı insan olması Pavelin bu hadisədən bir neçə il sonra onun barəsində yazdığı sözlərindən görünür. Pavel Romada həbsdə olarkən Timoteyə yazdığı məktubda deyir: «Markı da özünlə gətir; çünki o mənə xidmət üçün yararlıdır» (2 Tim. 4:11). Bəli, Mark artıq Pavelin rəğbətini qazanmışdı.

18 Bu hadisədən özümüzə ibrət dərsi götürə bilərik. Mark yaxşı missioner olmaq üçün lazımi keyfiyyətlər inkişaf etdirmişdi. O, Pavelin onu özü ilə götürmək istəmədiyinə görə büdrəmədi. Onların ikisi də ruhani insan idi və onlar bir-birlərinə kin saxlamırdılar. Əksinə, sonralar Pavel Markı qiymətli əməkdaş kimi qəbul edirdi. Bundan belə nəticəyə gəlirik ki, qardaşlar çətinlikləri aradan qaldırdıqdan və problemləri həll etdikdən sonda yaxşı olardı ki, irəli getsinlər və başqalarının ruhən inkişaf etməsinə kömək etsinlər. Başqalarının müsbət cəhətlərini görmək yığıncağın inkişaf etməsinə səbəb olur.

Yığıncaq və sən

19. Məsihçi yığıncağının bütün üzvləri bir-birlərinə necə kömək edə bilərlər?

19 Bu çətin «axır günlərdə» sən yığıncaqdakı bacı-qardaşların köməyinə ehtiyac duyduğun kimi, onların da sənin köməyinə ehtiyacı var (2 Tim. 3:1). Ola bilsin, bəzən bacı-qardaşlarımız qarşılarına çıxan çətinliklərin öhdəsindən necə gəlməyi bilmirlər, ancaq Yehova həmişə bilir. Və O, onları düz yola yönəltmək üçün yığıncağın hər bir üzvündən, o cümlədən səndən istifadə edə bilər (Yeşaya 30:20, 21; 32:1, 2). Buna görə də gəlin Pavelin «etdiyiniz kimi, bir-birinizə təskinlik verin və bir-birinizi inkişaf etdirin» nəsihətinə ciddi yanaşaq! (1 Salon. 5:11).

Necə cavab verərdiniz?

• Nəyə görə biz həmimanlılarımızı möhkəmləndirməliyik?

• Sən başqalarına hansı çətinliklərin öhdəsindən gəlməkdə yardım göstərə bilərsən?

• Nəyə görə biz yığıncağımızdakı bacı-qardaşların köməyinə ehtiyac duyuruq?

[11-ci səhifədəki şəkil]

Həmimanlımızın çətinliyi yarananda biz ona köməklik göstərə bilərik

[12-ci səhifədəki şəkil]

Məsihçi yığıncağındakı bir çox gənc oğlan və qızların inkişaf etmələri üçün geniş imkanları var

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş