Daim Padşahlıq işi ilə məşğul olmuşam
Nəql etdi Vernon Zubko
UŞAQLIĞIM Kanadanın Saskaçevan əyalətinin Stenen kəndinin yaxınlığında keçib. Ailədə beş uşaq idik: mən, böyük bacım Aurelliya, Elvin, Alleqra və Darl. Valideynlərimiz Fred və Adella ruhani və maddi tələbatlarımızın qayğısına qalmaq üçün əllərindən gələni əsirgəmirdilər. Bizə həqiqəti aşıladıqlarına görə bu günədək onlara ürəkdən minnətdarıq!
Atamız məsh olunmuş məsihçi idi və xoş xəbəri cəsarətlə bəyan edirdi. Evi dolandırmaq üçün o, çox işləyirdi. Buna baxmayaraq, atam çalışırdı ki, onun Yehovanın Şahidi olduğunu hamı bilsin. O, həmişə həqiqət barədə danışardı. Onun xidmətdə göstərdiyi səy və cəsarət heç vaxt yaddaşımdan silinməyəcək. Atam tez-tez mənə deyərdi: «Daim Padşahlıq işi ilə məşğul ol, onda bir çox problemlərdən uzaq olacaqsan».
Biz tez-tez Stenen və ona yaxın olan ərazilərdəki küçələrdə təbliğ edirdik. Mənim üçün bu, həmişə asan olmurdu. Hər şəhərdə dalaşqan gənclərdən ibarət dəstələr olurdu və uşaqlara yaxınlaşıb onları ələ salırdılar. Bir dəfə, səkkiz yaşım olanda əlimdə «Gözətçi Qülləsi» və «Oyanın!» jurnalları küçənin tinində durmuşdum və bu zaman bir qrup gənc məni dövrəyə aldı. Onlar təzə papağımı başımdan götürüb yanında durduğum şalbanın başına keçirdilər. Xoşbəxtlikdən, bayaqdan məni müşahidə edən bir qardaş baş verənləri görürdü. Yaşca məndən böyük olan bu qardaş yaxınlaşıb soruşdu: «Vern, hər şey qaydasındadır?» Bunu eşidən oğlanlar bir göz qırpımında yox oldular. Baş verənlərə görə bir az məyus olsam da, başa düşdüm ki, küçədə təbliğ edərkən heykəl kimi bir yerdə durmaq lazım deyil. Uşaqlıq illərində aldığım dərslər həmçinin mənə evdən-evə təbliğ edərkən də cəsarət verdi.
Elvinlə mən 1951-ci ilin mayında vəftiz olduq. O vaxt mənim 13 yaşım var idi. Cek Neytan qardaşın vəftizlə bağlı söylədiyi nitq indiyə kimi yadımdadır. O, bizi təşviq edirdi ki, Yehova barədə danışmağa bir ay da olsun ara verməyəka. Ailəmiz həmişə pioner xidmətini ən yaxşı həyat yolu hesab edirdi. Elə buna görə də 1958-ci ildə, məktəbi bitirdikdən sonra pioner kimi xidmət etmək üçün Manitoba əyalətinin Vinnipeq şəhərinə köçdüm. Atamla birgə xarratlıqla məşğul olduğum üçün o çox sevinirdi. Buna baxmayaraq, o və anam məni cidd-cəhdlə tammüddətli xidmətə təşviq edirdilər və Vinnipeqə getmək qərarımı dəstəklədilər.
Yeni ev, yeni əməkdaş
1959-cu ildə filial başqa ərazilərə köçmək imkanı olan bacı-qardaşları təbliğçilərə daha çox ehtiyac olan Kvebekə getməyə təşviq edirdi. Mən pioner kimi xidmət etmək üçün Monreala yollandım. Həyatım bir anda necə də dəyişdi! Fransız dilini öyrənməyə və başqa mədəniyyətə uyğunlaşmağa başlayanda həyatımda yeni səhifə açıldı. Günlərin bir günü rayon nəzarətçimiz mənə dedi: «Heç vaxt demə: “Bizdə bunu başqa cür edirlər”». Bu çox yaxşı məsləhət oldu (1 Kor. 9:22, 23).
Mən Kvebekə köçəndə əməkdaşım yox idi. Lakin 1961-ci ilin fevralında Şerli Terkat adlı bir gənc bacı ilə ailə quran gündən bəri o, mənim daimi əməkdaşım oldu. Biz onunla əvvəllər Vinnipeqdə tanış olmuşduq. O da Yehovanı sevən bir ailədə böyüyüb. Şerlinin uzun illər ərzində mənim üçün böyük təsəlli və güc mənbəyi olacağını o vaxtlar mən hələ tam anlamırdım.
Qaspeyə təbliğ səyahəti
Toyumuzdan iki il sonra bizi Kvebek əyalətinin Rimuski şəhərinə xüsusi pioner təyin etdilər. Növbəti bahar filial bizdən Kanadanın şərq sahilində yerləşən Qaspe yarımadasına təbliğ səyahətinə çıxmağı xahiş etdi. Bizim işimiz imkan daxilində daha çox həqiqət toxumu səpmək idi (Vaiz 11:6). Avtomobilimizə 1 000-dən çox jurnal və 400-ə yaxın kitab, eləcə də bir az qida və paltar yükləyib biraylıq təbliğ səyahətinə yollandıq. Biz Qaspedəki balaca kəndləri bir-bir gəzərək hamısında təbliğ etdik. Yerli radiostansiya bizim ora gələcəyimizi elan etmişdi və əhaliyə xəbərdarlıq edilmişdi ki, heç kəs bizdən ədəbiyyat götürməsin. Lakin bir çox insanlar elanı nəşrlərimizin reklam edilməsi kimi qəbul etdiklərindən onu yanlış başa düşdülər və bizdən kitab-jurnal götürdülər.
Həmin illərdə Kvebekin bəzi yerlərində açıq-aşkar təbliğ etmək yeni bir şey olduğundan bəzən bacı-qardaşların polis tərəfindən saxlanılması təəccüblü hal deyildi. Bir dəfə bizim də başımıza belə hadisə gəlmişdi. Bir şəhərdə biz, demək olar, bütün qapıları döyərək ədəbiyyat paylayırdıq. Bu zaman bir polis zabiti bizdən onunla bölməyə getməyi tələb etdi, biz də getdik. Sən demə, şəhərin vəkili təbliğ etməyimizi qadağan edən bir qərar çıxarmışdı. Polis rəisi yerində olmadığı üçün mən vəkilə Toronto filialının təqdim etdiyi məktubu uzatdım. Sənədlərə əsaslanan bu məktubda təbliğ etmək hüququmuz təsdiq olunurdu. Məktubu oxuyar-oxumaz o dedi: «Bax a, mənə problem lazım deyil. Keşiş mənə deyib ki, sizə təbliğ etməyi qadağan edim». Biz istəyirdik ki, yerli əhali fəaliyyətimizin qeyri-qanuni olmadığını bilsin. Buna görə də polisin bizi saxladığı yerə qayıdıb təbliğimizi davam etdirdik.
Səhərisi gün polis rəisi ilə görüşməyə gedəndə başımıza gələnləri ona danışdıq. O çox məyus oldu. Siz onun telefonda vəkillə necə danışdığını bir görəydiniz! Rəis dedi ki, işdir, bir problem olsa, ona zəng edə bilərik və o, məsələni həll edəcək. Başqa əyalətdən gəldiyimizə və fransız dilini yaxşı bilmədiyimizə baxmayaraq, yerli əhali xeyirxah və qonaqpərvər idi. Ancaq bizi bir sual maraqlandırırdı: «Görəsən, onlar nə vaxtsa həqiqəti qəbul edəcəklər?» Bu sualımıza illər sonra, Padşahlıq Zalları tikmək məqsədilə yenidən Qaspe yarımadasına gələndə cavab tapdıq. Əvvəllər təbliğ etdiyimiz insanların çoxu indi bizim bacı-qardaşımızdır. Doğrudan da, həqiqət toxumlarını böyüdən Yehovadır (1 Kor. 3:6, 7).
Yehovanın bizə verdiyi pay
1970-ci ildə qızımız Liza dünyaya gəldi. Yehovanın verdiyi bu pay sevincimizə sevinc qatdı. Yoldaşım Şerli və qızımız mənimlə birgə bir çox Padşahlıq Zallarının tikintisində iştirak etmişlər. Liza məktəbi bitirdikdən sonra bizə dedi: «Hə, mənə görə tammüddətli xidməti müvəqqəti olaraq dayandırmalı olduğunuz üçün pioner olub bunun əvəzini ödəyəcəyəm». Artıq 20 ildən çoxdur ki, o, pioner kimi xidmət edir. Lakin indi o, tək yox, yoldaşı Silvanla xidmət edir. Onlar beynəlxalq tikinti layihələrində iştirak etmək şərəfinə layiq görülmüşlər. Bir ailə kimi, məqsədimiz sadə həyat tərzi sürmək və Yehovaya xidməti həyatımızda birinci yerə qoymaqdır. Lizanın pioner xidmətinə başladığı vaxt dediyi sözlər hələ də qulağımdan getmir. Onun sözləri məni 2001-ci ildə yenidən pioner xidmətinə başlamağa təşviq etdi və mən indiyə kimi pioner kimi xidmət edirəm. Bu xidmətin sayəsində hər bir işdə Yehovaya güvənməyi öyrənirəm və sadə, ancaq xoşbəxt və mənalı həyat sürürəm.
Tikinti layihələri məhəbbət və sədaqət tələb edir
Yehova mənə öyrətdi ki, əgər xidməti həyatımda birinci yerə qoysam və Onun hər bir tapşırığını canla-başla yerinə yetirsəm, bol-bol xeyir-dualar biçəcəyəm. Regional tikinti komitəsində xidmət etmək və Kvebek əyalətində, eləcə də digər ərazilərdə tikinti işlərində bacı-qardaşlarla birgə çiyin-çiyinə çalışmaq mənim üçün böyük şərəfdir.
Bəzi könüllülər bir o qədər də bacarıqlı natiq olmasalar da, burada, Padşahlıq Zallarının tikintisində ulduzlar kimi parlayırlar. Bizə əziz olan bu qardaşlar işə ürəklərini qoyurlar və bunun da sayəsində onların bacarıqları üzə çıxır. Nəticədə, həmişə Yehovaya ibadətdə istifadə olunan gözəl bina ərsəyə gəlir.
Bəzən məndən soruşurlar: «Padşahlıq Zallarının tikintisində könüllərə ən çox lazım olan xüsusiyyətlər hansılardır?» Öz təcrübəmdən deyə bilərəm ki, insan, ilk növbədə, Yehovanı, Onun Oğlunu, eləcə də bütün qardaşlığı sevməlidir (1 Kor. 16:14). İkincisi, bu işdə sədaqətli olmaq gərəkdir. İşlər bizim istədiyimiz məcrada getməyəndə belə (bu kimi hallar qaçılmazdır) sadiq insan teokratiyaya tabe olmağa davam edəcək. Sadiqlik onu növbəti layihələrdə iştirak etməyə təşviq edəcək.
Yehovaya minnətdaram
Atam 1985-ci ildə vəfat etsə də, onun daima Padşahlıq işi ilə məşğul olmaq məsləhəti zehnimdə həkk olunub. Şübhə yoxdur ki, Yehovanın təşkilatının səmavi hissəsində xidmət edən başqaları kimi, o da çox məşğuldur (Vəhy 14:13). Anam isə sağdır, onun 97 yaşı var. O, insult keçirdiyindən əvvəlki kimi yaxşı danışa bilmir. Bununla belə, Müqəddəs Kitabı yaxşı bilir. Bizə yazdığı məktublarda tez-tez Müqəddəs Kitabdan sitatlar gətirərək bizi bundan sonra da Yehovaya sədaqətlə xidmət etməyə təşviq edir. Yehovaya necə də minnətdarıq ki, bizi bu qədər sevən valideynlərimiz var!
Mənə Şerli kimi sadiq dost və həyat yoldaşı bəxş etdiyi üçün də Ona minnətdaram. O, bu gün də anasının verdiyi məsləhətə riayət edir: «Vern həmişə Yehovanın işi ilə məşğul olacaq və sən onun başqalarına vaxt və diqqət ayıracağına öyrəşməli olacaqsan». Biz 49 il bundan əvvəl ailə quranda qərara aldıq ki, ta qocalanadək Yehovaya birgə xidmət edək. Həmçinin söz verdik ki, sağ qalıb bu sistemin sonunu görsək, gənclik günlərinə doğru birgə addımlayacaq və əbədiyyət boyu Yehova Allaha xidmət edəcəyik. Bəli, biz «Rəbbin işində» çox çalışmışıq (1 Kor. 15:58). Yehova isə, öz növbəsində, həmişə bizim qayğımıza qalıb və biz heç vaxt heç nədən korluq çəkməmişik.
[Haşiyə]
a Cek Hallidey Neytanın həyat hekayəsini «Gözətçi Qülləsi»nin 1990-cı il 1 sentyabr sayının 10—14-cü səhifələrində (rus.) oxumaq olar.
[31-ci səhifədəki şəkil]
«Bir ailə kimi, məqsədimiz sadə həyat tərzi sürmək və Yehovaya xidməti həyatımızda birinci yerə qoymaqdır»