Nəyə görə Edendə baş verənlərin sizə aidiyyəti var?
BƏZİ alimlərin irəli sürdükləri ən təəccüblü etirazlardan biri odur ki, Eden haqqındakı hekayə Müqəddəs Kitabın digər hissələrində öz təsdiqini tapmır. Məsələn, dinşünas-alim Pol Moris yazır: «Müqəddəs Kitabın başqa heç bir yerində birbaşa Eden haqqında danışılmır». Onun irəli sürdüyü bu fikirlə başqa «mütəxəssislər» razılaşsalar da, bu, faktlara ziddir.
Həqiqətə qalsa, Müqəddəs Kitabda Eden bağının, Adəmin, Həvvanın və ilanın adı dəfələrlə çəkilira. Lakin bu haqda din rəhbərlərinin və tənqidçilərin irəli sürdüyü fikirlər bəzi alimlərin səhv iddiaları ilə müqayisədə daha geniş təsirə malikdir. Müqəddəs Yazıların «Yaradılış» kitabında qələmə alınan Eden bağı haqqındakı məlumatı şübhə altına almaqla din rəhbərləri və Müqəddəs Kitab tənqidçiləri əslində Allahın Kəlamını hörmətdən salmağa çalışırlar.
Allahın Kəlamının məqsədi bəşəriyyəti düşündürən həyati vacib suallara cavab tapmağa kömək etməkdir. Məsələn, Müqəddəs Kitabın digər hissələrini başa düşmək üçün Edendə baş verən hadisələrin məğzini anlamaq olduqca vacibdir. Müqəddəs Yazılarda Eden bağında baş verənlərlə əlaqədar yaranan həmin suallara dəfələrlə cavab verilir. Onlardan bəzilərini nəzərdən keçirək.
● Biz nəyə görə qocalıb ölürük? Əgər Adəmlə Həvva Allahın əmrini pozmasaydılar, əbədi yaşayacaqdılar. Yalnız üsyankarlıq etdikləri təqdirdə öləcəkdilər. Onlar üsyan etdikləri gündən etibarən ölümə doğru getdilər (Yaradılış 2:16, 17; 3:19). Kamilliyi itirdikləri üçün övladlarına yalnız günah və qeyri-kamilliyi ötürə bildilər. Allahın Kəlamı bunu belə izah edir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdiyi kimi, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12).
● Nəyə görə Allah pisliklərə yol verir? Eden bağında Şeytan Allahı yaratdıqlarından nə isə yaxşı bir şeyi gizlətməkdə ittiham edərək Onu yalançı adlandırdı (Yaradılış 3:3—5). Bununla o, Yehovanın hökmranlığının ədalətliliyini sual altına aldı. Adəmlə Həvva da Şeytanın yolunu seçməklə Yehovanın hökmranlığını inkar etdiklərini göstərdilər və sanki, bu hərəkətləri ilə insanın nəyin pis, nəyin yaxşı olduğuna özü qərar verə biləcəyini söylədilər. Mükəmməl ədalətə və müdrikliyə sahib olan Allah bilirdi ki, qaldırılmış suala cavab verməyin ən düzgün yolu insanlara özlərini istədikləri kimi idarə etmək üçün möhlət verməkdir. Nəticədə, Şeytanın davamlı təsirini də nəzərə alsaq, pisliklərin baş verməsi bir həqiqəti üzə çıxardı: Allahın köməyi olmadan insan özünü idarə etməyə qadir deyil (Yeremya 10:23).
● Allahın yer üçü niyyəti nədir? Yehova Allah Yer kürəsinin Eden bağı kimi gözəl olmasını istəyirdi. O, Adəmlə Həvvaya törəyib çoxalmağı, yer üzünü bürüyüb ona sahib olmağı və planetin hər bir guşəsini gözəlləşdirməyi tapşırdı (Yaradılış 1:28). Allahın niyyəti o idi ki, Adəmlə Həvva övladları ilə birgə kamil bir ailə kimi yer üzü cənnətdə yaşasınlar. Müqəddəs Kitabda Allahın bu ilkin niyyətinin həyata keçməsindən tez-tez bəhs olunur.
● İsa Məsih nəyə görə yer üzünə gəlmişdi? Eden bağındakı üsyan nəticəsində Adəmlə Həvvaya, eləcə də onların gələcək övladlarına ölüm hökmü kəsildi; lakin Allah məhəbbətdən irəli gələrək insanlara ümid yeri qoydu. Müqəddəs Kitabda deyildiyi kimi, O, İsa Məsihi yer üzünə fidyə kimi göndərdi (Matta 20:28). Bunu necə başa düşmək olar? Allahın Kəlamında İsa «sonuncu Adəm» adlanır. O, Adəmin edə bilmədiyini etdi: Yehova Allaha sadiq qalmaqla öz kamil insan həyatını qorudu. Sonra o, sadiq insanların günahının bağışlanması və Adəmlə Həvvanın günah nəticəsində itirdikləri cənnət həyatına nail olması üçün könüllü olaraq özünü qurban verdi (1 Korinflilərə 15:22, 45; Yəhya 3:16). Bununla İsa bizi əmin etdi ki, Yehova yer üzünü mütləq Eden bağı kimi cənnətə çevirəcəkb.
Allahın niyyəti aydın olmayan, mücərrəd teoloji anlayış deyil, həqiqətdir. Yer üzündə mövcud olmuş Eden bağı, oradakı heyvanlar və insanlar real olduğu kimi, Allahın gələcəyə dair bu vədi də realdır, o, mütləq yerinə yetəcək. Bu gələcək sizin üçün də realdırmı? Çox şey sizin özünüzdən asılıdır. Allah istəyir ki, mümkün qədər çox insan, hətta günahlı həyat tərzi sürən insanlar belə bu gələcəyə nail olsunlar (1 Tim. 2:3, 4).
İsa ölüm ayağında olanda yanında asılmış və həyatı alt-üst olmuş adamla danışdı. Həmin adam cinayətkar idi; o, çəkdiyi bu cəzaya layiq olduğunu bilirdi. Lakin o, təsəlli və ümid üçün İsaya müraciət etdi. İsa ona necə cavab verdi? «Sən mənimlə Cənnətdə olacaqsan!» (Luka 23:43). Əgər İsa bu keçmiş cinayətkarı dirildərək ona Edenəbənzər cənnətdə yaşamaq imkanı vermək istəyirdisə, məgər o, sizin də belə xeyir-dualar almağınızı istəməzmi? Təbii ki, istəyir! Bunu Allah da istəyir! Əgər siz də belə gələcəyinizin olmağını istəyirsinizsə, Eden bağını yaradan Allah haqqında öyrənmək üçün əlinizdən gələni edin.
[Haşiyələr]
a Nümunə üçün, Yaradılış 13:10; Qanunun təkrarı 32:8 («Kitabı Mukaddes»); 1 Salnamələr 1:1; Əyyub 31:33; Yeşaya 51:3; Yezekel 28:13; 31:8, 9; Luka 3:38; Romalılara 5:12—14; 1 Korinflilərə 15:22, 45; 2 Korinflilərə 11:3; 1 Timoteyə 2:13, 14; Yəhuda 14; Vəhy 12:9 ayələrinə baxın.
b Bu haqda ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfində dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 5-ci fəslinə baxın.
[10-cu səhifədəki çərçivə/şəkillər]
MÜQƏDDƏS KİTABIN ƏSASINI TƏŞKİL EDƏN PEYĞƏMBƏRLİK
«Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan» (Yaradılış 3:15).
Müqəddəs Kitaba əsasən, bu, Allah tərəfindən söylənilmiş ilk peyğəmbərlikdir. Burada sözügedən dörd personaj: qadın, onun övladı, ilan və onun balası kimdir? Onlar arasındakı «düşmənçilik» nədən ibarətdir?
İLAN
Şeytan İblis (Vəhy 12:9).
QADIN
Yehovanın səmavi varlıqlardan ibarət təşkilatı (Qalatiyalılara 4:26, 27). Yeşaya peyğəmbər «qadın» haqqında danışarkən peyğəmbərlik etdi ki, o, dünyaya ruhani xalq gətirəcək (Yeşaya 54:1; 66:8).
İLANIN ‘BALASI’
Şeytanın yolu ilə getməyi seçənlər (Yəhya 8:44).
QADININ ÖVLADI
Əsas etibarilə, Yehovanın təşkilatının səmavi hissəsindən gələn İsa Məsih. Bu ‘övlada’ həmçinin Məsihlə birgə göydə idarə edən onun ruhani qardaşları daxildir. Bu məsh olunmuş məsihçilər ruhani xalqı, ‘Allahın İsrailini’ təşkil edir (Qalatiyalılara 3:16, 29; 6:16; Yaradılış 22:18).
ÖVLADIN DABANINDAN SANCILMASI
Məsihin ağrılı, ancaq müvəqqəti zədə alması. İsa yer üzündə olanda Şeytan onu öldürməyə müvəffəq oldu. Ancaq İsa dirildildi.
İLANIN BAŞININ ƏZİLMƏSİ
Şeytanın başından ölümcül zədə alması. İsa Şeytanı əbədiyyən yox edəcək. Ancaq əvvəlcə İsa Şeytanın Eden bağında başladığı pisliyə son qoyacaq (1 Yəhya 3:8; Vəhy 20:10).
Müqəddəs Kitabın əsas mövzusunun qısa icmalını Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?» adlı broşüradan oxuya bilərsiniz.
[11-ci səhifədəki şəkil]
Adəm və Həvvanın günahı fəlakətə səbəb oldu