‘Yehovanın Adına Sığının’
«İtaətkar və məzlum bir xalqı sağ qoyacağam, onlar Rəbbin adına pənah gətirəcəklər [«Yehovanın adına sığınacaqlar», YD]» (SEF. 3:12).
1, 2. Bəşəriyyət qasırğayabənzər hansı hadisənin astanasında durur?
ELƏ olubmu ki, leysan və ya dolu yağanda qaçıb körpünün altında gizlənəsən? Lakin güclü fırtına və ya qasırğa yaxınlaşırsa, körpünün altında gizlənməklə canını qurtara bilməzsən — gərək özün üçün etibarlı bir sığınacaq tapasan.
2 Yaxın gələcəkdə isə bəşəriyyətin mövcudluğunu təhlükə altına alan başqa bir qasırğanın olacağı gözlənilir. Bu, qasırğayabənzər ‘viran günüdür’. Yehovanın bu «möhtəşəm günü» heç bir insandan yan keçməyəcək. Buna baxmayaraq, biz lazımi sığınacaq tapa bilərik. (Sefanya 1:14—18 ayələrini oxu.) Çox tez bir zamanda buludları başımızın üstünü alacaq «Rəbbin qəzəb günündə» bu sığınacağı haradan tapmaq olar?
Qədimdə qasırğayabənzər ‘viran günləri’
3. Onqəbiləli İsrail padşahlığına «bərk yağan dolu» nə idi?
3 Yehovanın günü bütün yalan dinlərin məhvi ilə başlayacaq. Sığınacağı necə tapa biləcəyimizi öyrənmək üçün gərək Allahın qədim xalqının tarixinə nəzər salaq. B. e. ə. 8-ci əsrdə yaşamış Yeşaya peyğəmbər Yehovanın dönük onqəbiləli İsrail padşahlığına qarşı çıxardığı hökmünü qarşısını ala bilməyəcəkləri «bərk yağan dolu» ilə müqayisə etmişdi. (Yeşaya 28:1, 2 ayələrini oxu.) Həmin peyğəmbərlik eramızdan əvvəl 740-cı ildə, assuriyalılar bu qəbilələrin torpaqlarını zəbt edəndə yerinə yetdia.
4. Eramızdan əvvəl 607-ci ildə Yehovanın «möhtəşəm günü» Yerusəlimin üzərinə necə gəldi?
4 Lakin satqın İsrailə qarşı Yehovanın çıxardığı hökmlə iş bitmədi. Qonşu Yəhuda xalqı da Allahdan üz döndərmişdi. Bu səbəbdən eramızdan əvvəl 607-ci ildə Yerusəlim şəhəri ilə Yəhuda padşahlığı üçün də Yehovanın «möhtəşəm günü» gəldi. Navuxodonosorun hökmranlığı zamanı babillilər Yəhudanı və onun paytaxtı Yerusəlimi hədələyirdilər. Yəhudilər Misirlə siyasi ittifaqa girərək ‘yalan sığınacağına’ üz tutdular. Lakin babillilər, məhvedici dolu kimi, bu ‘sığınacağı’ yerlə yeksan etdilər (Yeşaya 28:14, 17).
5. Bütün yalan dinlər məhv edilən zaman Allahın xalqı ilə ümumilikdə nə baş verəcək?
5 Keçmişdə Yerusəlimin üzərinə gələn Yehovanın möhtəşəm günü bizim günlərdə dönük Xristian dünyasının üzərinə gələcək daha böyük hökmü təmsil edir. Daha sonra isə yalan dinin dünya imperiyası olan «Böyük Babil»in yerdə qalan hissəsi və nəhayət, Şeytanın pis dünyası tamamilə məhv ediləcək. Lakin Yehovanın xalqı bir qrup kimi sağ qalacaq, çünki bu xalq Yehovaya sığınır (Vəhy 7:14; 18:2, 8; 19:19—21).
Ruhani və fiziki sığınacaq
6. Yehovanın xalqı sığınacaq necə tapa bilər?
6 Artıq indi, bu son günlərdə Allahın xalqı sığınacaq necə tapa bilər? Biz ehtiramla ‘Yehovanın adı barədə düşünməklə’ və Ona canla-başla xidmət etməklə ruhani sığınacaq tapa bilərik. (Malaki 3:16, YDb, 17, 18 ayələrini oxu.) Ancaq Allahın adı barədə düşünmək kifayət deyil. Müqəddəs Kitabda deyilir: «Yehovanın adını çağıran hər kəs xilas olacaq» (Rom. 10:13). Yehovanın adını çağırmaqla Onun bizi xilas etməsi bir-birilə əlaqəlidir. Bir çox səmimi insanlar həqiqi məsihçilərlə Yehovaya xidmət etməyənlər arasındakı fərqi aydın görürlər: həqiqi məsihçilər ehtiramla ‘Yehovanın adı barədə düşünür’ və Şahidləri kimi Ona xidmət edirlər.
7, 8. Birinci əsrdəki məsihçilər canlarını necə xilas edə bildilər və onlarla müasir həqiqi məsihçilər arasında hansı oxşarlıq var?
7 Lakin xilas olmağımız üçün Allah bizə yalnız ruhani sığınacaq təqdim etmir. O həmçinin xalqına fiziki sığınacaq verəcəyini vəd edir. Biz bunun sübutunu eramızın 66-cı ilində Sestiy Qallın başçılığı altında Roma ordusunun Yerusəlimə hücum etdiyi zaman baş verən hadisədən görürük. İsa qabaqcadan demişdi ki, bu müsibətli günlər ‘qısaldılacaq’ (Mat. 24:15, 16, 21, 22). Bu, Roma ordusunun Yerusəlimdən gözlənilmədən geri çəkildiyi zaman baş verdi. Bunun sayəsində həqiqi məsihçilər Yerusəlimdən və ətraf ərazilərdən qaçaraq ‘xilas ola bildilər’. Bəziləri İordan çayını keçib şərqdə yerləşən dağlarda sığınacaq tapdılar.
8 Həmin məsihçilərlə Allahın müasir xalqı arasında bir oxşar cəhət var. Birinci əsrdə yaşayan məsihçilər özləri üçün sığınacaq axtarırdılar; Allahın müasir xidmətçiləri də eyni şeyi edəcəklər. Lakin bu dəfə onlara müəyyən bir əraziyə qaçmaq lazım gəlməyəcək, çünki həqiqi məsihçilər bütün Yer kürəsində yaşayırlar. Bununla belə, ‘seçilmişlər’ və onların sadiq əməkdaşları Yehovanı və Onun dağabənzər təşkilatını özlərinə sığınacaq etdikləri üçün dönük Xristian aləmi məhv edilən zaman bir xalq kimi sağ qalacaqlar.
9. Kimlər Yehovanın adını insanların yaddaşından tamamilə silməyə çalışır? Nümunə çəkin.
9 Xristian dünyası isə kilsəyə gedənlər arasındakı ruhani cahilliyə səbəb olduğuna və Allahın adına nifrət etdiyinə görə onu gözləyən məhvə layiqdir. Orta əsrlərdə Allahın adı Avropa ölkələrində geniş yayılmışdı. Dörd ibrani hərflə ifadə olunan bu ad tetraqrammaton adlanır və YHVH kimi transliterasiya olunur. O vaxtlar sikkələrin üzərində, evlərin ön hissəsində, bir çox kitab və Müqəddəs Yazılarda, hətta bəzi katolik və protestant kilsələrində bu ada rast gəlmək olardı. Lakin son vaxtlar Allahın adını Müqəddəs Kitab tərcümələrindən və digər yerlərdən aradan qaldırmaq cəhdləri göstərilir. Vatikanın İbadət və dini mərasimlər konqreqasiyasının bütün yepiskoplara göndərdiyi «Allahın adı» adlı 2008-ci il 29 iyun tarixli məktubu buna bir sübutdur. Bu məktubda Roma katolik kilsəsi tetraqrammatonu və onun müxtəlif formalarını «Rəbb» sözü ilə əvəz etməyi məsləhət görür. Vatikanın göstərişinə görə, Allahın şəxsi adı dini mahnılarda və ibadət zamanı edilən dualarda istifadə olunmamalıdır. Həm xristian, həm də digər dinlərin ruhaniləri Allahın kimliyi barədə həqiqəti gizlədərək milyonlarla insanı aldatmışlar.
Allahın adını müqəddəs tutanlar üçün sığınacaq
10. Bu gün Allahın adına kimlər hörmət göstərir və onlar bunu necə edirlər?
10 Digər dinlərdən tamamilə fərqli olaraq, Yehovanın Şahidləri Allahın adına ehtiramla yanaşır və bu adı izzətləndirirlər. Onlar Allahın adını layiqli tərzdə istifadə etməklə onu müqəddəs tuturlar. Yehova Ona etibar edənləri bəyənir; O, xidmətçilərinə xeyir-dua vermək və onları qorumaq üçün istənilən Şəxs ola bilər. «Rəbb... Ona güvənənləri tanıyır» (Nah. 1:7; Həv. iş. 15:14).
11, 12. a) Qədim Yəhudada kimlər Yehovaya sadiq qalmışlar? b) Bəs bu gün Ona kimlər sadiq qalır?
11 Qədim Yəhuda padşahlığının əksər sakinləri dönük çıxsa da, Yehovanın ‘adına pənah gətirənlər’ də az deyildi. (Sefanya 3:12, 13 ayələrini oxu.) Məsələn, Allah satqın yəhudiləri cəzalandırmaq üçün babillilərə ölkəni zəbt etməyə və xalqını əsir aparmağa yol verəndə Yeremya, Baruk və Eved-Melek kimi bəzi insanlar xilas oldular. Onlar dönük bir xalqın ‘arasında’ yaşayırdılar. Digərləri isə əsirlikdə olsalar da, sadiqliklərini qorudular. Eramızdan əvvəl 539-cu ildə Kirin başçılığı altında midiyalılar və farslar Babili zəbt etdilər. Çox keçmədi ki, Kir sağ qalan yəhudilərin vətənlərinə qayıtmasına icazə verən fərman çıxardı.
12 Həqiqi ibadətin dirçəlişini görəcək insanlar haqda Sefanya peyğəmbərlik etmişdi ki, Yehova onları xilas edəcək və onlara görə sevinib şadlanacaq. (Sefanya 3:14—17 ayələrini oxu.) Eyni şeyi bizim günlər haqda da demək olar. Allahın Padşahlığı göydə təsis ediləndən sonra Yehova məsh olunmuşların sadiq qalığını yalan dinin dünya imperiyası olan Böyük Babilin ruhani əsarətindən azad etdi. Allah ta bu günə qədər onlara görə sevinib şadlanır.
13. Bütün millətlərdən olan insanlar hansı azadlığa qovuşurlar?
13 Yer üzündə əbədi yaşamağa ümid edən insanlar da Böyük Babilin əsarətindən qurtarmış və yalan dini təlimlərdən azad olmuşlar (Vəhy 18:4). Beləliklə, Sefanya 2:3 («Kitabı Mukaddes») ayəsində yazılan peyğəmbərlik bizim günlərdə daha böyük miqyasda yerinə yetir: «Dünyanın bütün təvazökarları, Rəbbi axtarın». Səmavi və ya yerüzü ümidləri olmalarından asılı olmayaraq, bütün millətlərdən olan təvazökar insanlar Yehovanın adına pənah gətirirlər.
Allahın adı talisman deyil
14, 15. a) Bəziləri nəyi talisman kimi istifadə etmişdilər? b) Biz nələri talisman kimi istifadə etməməliyik?
14 Bəzi israillilər düşünürdülər ki, məbəd onları düşmənlərindən müdafiə edəcək bir talismandır (Yer. 7:1—4). Bir vaxtlar onlar Əhd sandığı barədə də bu fikirdə idilər və zənn edirdilər ki, sandıq onları döyüşdə qoruyacaq (1 Şam. 4:3, 10, 11). İmperator Böyük Konstantin əsgərlərinin qalxanları üzərinə «Məsih» sözünün yunan ekvivalentinin ilk iki hərfini — xi və ro hərflərini çəkmişdi. O, ümidvar idi ki, bu işarə onun əsgərlərini döyüşdə qoruyacaq. 7-ci səhifədəki şəkildə göstərilən zireh, ehtimal edilir ki, Otuzillik müharibədə iştirak etmiş İsveç kralı II Qustav Adolfa məxsus idi. Onun üzərində «Iehova» adının yazıldığını aydın görmək olar.
15 Cinlərin hücumlarına məruz qalan Yehovanın bəzi xidmətçiləri bu adı ucadan çağırmaqla onda sığınacaq tapmışlar. Bununla belə, üzərində Allahın adı yazılmış əşyalar talisman hesab edilməməli və sanki, sehirli müdafiə qüvvəsinə malik olan bir əşya kimi nə gəzdirilməli, nə də ki gündəlik həyatda istifadə olunmalıdır. Bunu heç cür Yehovanın adına sığınmaq adlandırmaq olmaz!
Bizim günlərdə sığınacaq
16. Ruhani sığınacağı bu gün necə tapa bilərik?
16 Allahın xalqı arasında hökm sürən ruhani təhlükəsizlik bizim sığınacağımızdır (Məz. 91:1, 2). «Sadiq və ağıllı nökər», eləcə də yığıncaq ağsaqqalları ruhani təhlükəsizliyimizə zərər yetirə biləcək dünyəvi əhval-ruhiyyədən və düşüncə tərzindən qorunmaq üçün bizə məsləhətlər verirlər (Mat. 24:45—47; Yeşaya 32:1, 2). Yadına sal, var-dövlət hərisliyinə uymamaq üçün biz nə qədər xəbərdarlıq almışıq? Özün fikirləş, bu xəbərdarlıqlar ruhaniliyimizin iflasa uğramasından bizi necə qoruyub? Bəs Yehovaya xidmətdə qeyri-fəal olmağımıza səbəb ola biləcək laqeyd münasibət barədə nə demək olar? Allahın Kəlamında deyilir: «Axmağı laqeydliyi məhv edəcək. Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq, rahatlıq tapacaq, pislikdən qorxmayacaq» (Sül. məs. 1:32, 33). Özümüzü əxlaqi cəhətdən ləkəsiz saxlamaq da ruhani təhlükəsizliyimizi qorumağa kömək edir.
17, 18. Bu gün milyonlarla insana Allahın adına sığınmağa nə kömək edir?
17 Sadiq nökərin bizi İsanın Padşahlıq haqqında xoş xəbəri bütün dünyada təbliğ etmək tapşırığını yerinə yetirməyə necə təşviq etdiyi barədə də düşün (Mat. 24:14; 28:19, 20). Sefanya hansı dəyişikliyin insanlara Allahın adında sığınacaq tapmağa kömək edəcəyi haqda peyğəmbərlik söyləmişdi: «O zaman Mən xalqların nitqini dəyişib, onlara pak dil verəcəyəm ki, hamı Rəbbin [Yehovanın] adını çağırsınlar, Mənə çiyin-çiyinə xidmət etsinlər» (Sef. 3:9).
18 Pak dil deyəndə nə nəzərdə tutulur? Bu, Yehova Allah və Onun niyyəti haqqında ilhamlanmış Kəlamında yazılan həqiqətdir. Sən Allahın Padşahlığı haqqında həqiqəti və bu Padşahlığın Allahın adını necə təqdis edəcəyini insanlarla bölüşəndə, Allahın ali hökmranlığının bəraət qazanacağını vurğulayanda və sadiq insanların alacağı əbədi xeyir-dualar barədə şövqlə danışanda pak dildə danışmış olursan. Bu məcazi dildə danışanların sayı çox olduğu üçün Yehovanın ‘adını çağıranların’ və Ona ‘çiyin-çiyinə xidmət edənlərin’ sayı getdikcə artır. Həqiqətən də, bütün dünyada milyonlarla insan Yehovanın adında sığınacaq tapır (Məz. 1:1, 3).
19, 20. Qədimdə insanların ‘yalan sığınacağına’ bəslədiyi ümidlər necə boşa çıxdı?
19 İnsanlar həllolunmaz kimi görünən problemlərlə qarşılaşırlar. Bu problemləri həll etmək ümidini itirənlər kömək üçün qeyri-kamil insanlara üz tuturlar. Yaxud qədim İsrailin bəzən qonşu xalqlardan kömək diləyərək onlarla ittifaqa girdiyi kimi, bu insanlar da ümid edirlər ki, problemlərini siyasi təşkilatlar həll edəcək. Lakin bildiyimiz kimi, bunun İsrailə heç bir köməyi dəymədi. Bu gün də heç bir dövlət, nə də ki Birləşmiş Millətlər Təşkilatı bəşəriyyətin problemlərini tam surətdə həll etmək qüvvəsində deyil. Onda nəyə görə biz hansısa siyasi təşkilatı və ya ittifaqı özümüzə sığınacaq etməliyik? Müqəddəs Kitab peyğəmbərliyində onlar ‘yalan sığınacağı’ adlanır. Biz də onlara bu cür baxmalıyıq, çünki onlara ümid edənlərin hamısı çox məyus olacaq. (Yeşaya 28:15, 17 ayələrini oxu.)
20 Tezliklə Yehovanın günü dolu tufanı kimi yer üzünə gələcək. Təhlükəsizliyi təmin etmək üçün insanların qurduğu planlar, nüvə sığınacaqları, eləcə də var-dövlət onları xilas etməyəcək. Yeşaya 28:17 ayəsində deyilir: ‘Yalan sığınacağını dolu məhv edəcək, [onların] gizləndiyi yerləri sellər yuyub-aparacaq’.
21. Bu il üçün olan illik ayəyə riayət etməyin bizə hansı faydası olacaq?
21 Bu gün olduğu kimi, gələcəkdə də Yehova Allah Öz xalqı üçün əsil sığınacaq olacaq. «Yehova qurtardı» mənasını verən Sefanyanın adı bu sığınacağın etibarlı olduğunu göstərir. Buna görə də 2011-ci il üçün illik ayənin ‘Yehovanın adına sığının’ seçilməsi münasibdir (Sef. 3:12, YD). Artıq indidən biz Yehovaya tam etibar edərək Onun adına sığına bilərik və sığınmalıyıq da (Məz. 9:10). «[Yehovanın] adı qüvvətli bir qaladır, saleh qaçıb ona pənah aparır» sözlərini gəlin hər gün yadımızda saxlayaq! (Sül. məs. 18:10).
[Haşiyələr]
a Efrayim onqəbiləli İsrail padşahlığının ən görkəmli qəbiləsi idi. Bu səbəbdən Müqəddəs Yazılarda onqəbiləli İsrail padşahlığı çox vaxt Efrayim adlanır.
b Malaki 3:16, YD: «O zaman Yehovadan qorxanlar bir-birləri ilə, hərəsi öz yaxını ilə danışdı. Yehova diqqətlə qulaq asdı. Yehovadan qorxan və adı barədə düşünənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı».
Yadınızdadırmı?
• Bu gün biz Yehovanın adına necə sığına bilərik?
• Nəyə görə biz ‘yalan sığınacağına’ güvənməməliyik?
• Gələcəyimizi hansı sığınacaq təmin edəcək?
[6-cı səhifədəki yazı]
2011-ci il üçün illik ayə: ‘Yehovanın adına sığının’ (Sefanya 3:12, YD).
[7-ci səhifədəki şəkil. İcazə ilə]
Thüringer Landesmuseum Heidecksburg Rudolstadt, Waffensammlung “Schwarzburger Zeughaus”