Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/1 s. 17—21
  • Qoy subaylıq illərin hədər getməsin!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qoy subaylıq illərin hədər getməsin!
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Qeyri-adi ənam
  • Gənc yaşlarında subaylıq
  • Sonradan ailə qurmayanlar
  • Ömür boyu subay qalanlar
  • Şəraitindən müdrikliklə istifadə et
  • Bu ən’amı sığışdır
    Müqəddəs ibadətimiz 2003
  • Subaylıq ənamından necə sevinc əldə etmək olar?
    Gözətçi qülləsi 2009
  • Subaylıq və evliliklə bağlı müdrik məsləhətlər
    Gözətçi qülləsi 2011
  • Müqəddəs Kitabda subaylıq və evlilik
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/1 s. 17—21

Qoy subaylıq illərin hədər getməsin!

«Bu cür yaşamağı bacaran, qoy bu cür yaşasın» (MAT. 19:12).

1, 2. a) İsa, Pavel və digərləri subaylıq barədə nə düşünürdülər? b) Nəyə görə bəzilərinə subaylığa ənam kimi baxmaq çətin ola bilər?

SÖZSÜZ Kİ, nikah Allahın bəşəriyyətə verdiyi ən gözəl ənamlarından biridir (Sül. məs. 19:14). Lakin bir çox subay məsihçilər də zəngin və məmnunedici həyat sürürlər. İndiyə kimi ailə həyatı qurmayan 95 yaşlı Harold adlı bir qardaş deyir: «Başqaları ilə vaxt keçirmək və qonaqpərvərlik göstərmək mənim xoşuma gəlsə də, tək olanda da özümü heç vaxt tənha hiss etmirəm. Əminliklə deyə bilərəm ki, məndə subaylıq ənamı var».

2 Həm İsa Məsih, həm də Pavel subaylıq haqda danışmışdı. Pavel hətta subaylığı, nikah kimi, Allahın ənamı adlandırdı. (Matta 19:11, 12; 1 Korinflilərə 7:7 ayələrini oxu.) Lakin qeyd etmək lazımdır ki, subay olanların hamısı heç də özləri istədikləri üçün subay deyillər. Bəziləri münasib həyat yoldaşı tapa bilmirlər. Digərləri isə ya sonradan boşandıqları, ya da ki həyat yoldaşları vəfat etdiyi üçün tək qalırlar. Belə isə, subaylıq hansı mənada ənam ola bilər? Subay məsihçilər subaylıq illərindən necə səmərəli istifadə edə bilərlər?

Qeyri-adi ənam

3. Subay məsihçilərin hansı üstünlükləri var?

3 Ailəli insanlardan fərqli olaraq, subayların vaxtı daha çoxdur və onlar daha sərbəstdirlər (1 Kor. 7:32—35). Subaylığın bu kimi üstün cəhətləri onlara xidmətlərini genişləndirməyə, daha çox insana məhəbbət göstərməyə və Yehova ilə münasibətlərini möhkəmləndirməyə imkan verir. Buna görə də bir çox məsihçilər subaylığın gətirdiyi faydaları başa düşüb onları qiymətləndirmiş və bir müddət ‘bu cür yaşamağa’ qərar vermişlər. Elələri də var ki, subay qalmaq fikrində deyildilər, amma şəraitləri dəyişəndən sonra öz vəziyyətlərini götür-qoy etmiş və qərara gəlmişlər ki, onlar da Yehovanın köməyi ilə subay qala bilərlər. Beləliklə onlar yeni vəziyyətlərini qəbul etmişlər (1 Kor. 7:37, 38).

4. Nəyə görə subay məsihçilər özlərini xidmətə tam yararlı hesab edə bilərlər?

4 Subay məsihçilər yaxşı başa düşürlər ki, Yehovanın və Onun təşkilatının rəğbətini qazanmaq üçün evlənmək şərt deyil. Allah hər birimizi ayrı-ayrılıqda sevir (Mat. 10:29—31). Heç kəs və heç nə bizi Allahın məhəbbətindən ayıra bilməz (Rom. 8:38, 39). Bizim evli və ya subay olmağımızdan asılı olmayaraq, əmin ola bilərik ki, Yehova bizi xidmətə tam yararlı hesab edir.

5. Subaylıq ənamından tam yararlanmaq üçün nə tələb olunur?

5 Hər bir istedad və ya bacarıq kimi, subaylıq ənamını da inkişaf etdirmək lazımdır ki, ondan tam yararlana bilək. İstər bacı, istər qardaş, istər cavan, istər yaşlı, istər öz istəyinə görə, istərsə də şəraiti ucbatından subay olan bütün məsihçilər öz vəziyyətlərindən tam necə yararlana bilərlər? Gəlin erkən məsihçi yığıncağından bir neçə ruhlandırıcı nümunəyə nəzər salaq və görək, onlardan nə öyrənə bilərik.

Gənc yaşlarında subaylıq

6, 7. a) Filipin dörd subay qızı xidmətdə hansı şərəfə layiq görülmüşdü? b) Timotey subaylıq illərindən necə istifadə edirdi və gənclik illərində Yehovaya xidmətdə hazırlıq ruhu göstərdiyi üçün hansı xeyir-duaları almışdı?

6 Müjdəçi Filipin xidmətə özü kimi can yandıran dörd subay qızı var idi (Həv. iş. 21:8, 9). O dövrdə peyğəmbərlik etmək müqəddəs ruhun möcüzəvi ənamlarından biri idi. Filipin gənc qızları bu ənamdan istifadə edərək Yoel 2:28, 29 ayələrində yazılan peyğəmbərliyin yerinə yetməsində iştirak edirdilər.

7 Gənc Timotey də subaylıq illərindən müdrikliklə istifadə edirdi. Anası Evniki və nənəsi Loida «Müqəddəs Yazıları» ona körpəlikdən öyrətmişdilər (2 Tim. 1:5; 3:14, 15). Lakin ola bilsin, onlar məsihçiliyi təxminən eramızın 47-ci ilində, Pavelin onların doğma şəhəri olan Listraya ilk dəfə baş çəkdiyi zaman qəbul etmişdilər. İki ildən sonra Pavel bu şəhərə ikinci dəfə gələndə Timotey 18—20 yaşlarında olardı. Gənc və həqiqətdə təzə olmasına baxmayaraq, Listrada və qonşu Konyadakı məsihçi ağsaqqallar onun «haqqında ağızdolusu danışırdılar» (Həv. iş. 16:1, 2). Buna görə də Pavel Timoteyi səyyar xidmətdə ona qoşulmağa dəvət etdi (1 Tim. 1:18; 4:14). Biz Timoteyin heç vaxt evlənmədiyini dəqiqliklə deyə bilmərik. Lakin bir şey dəqiq məlumdur ki, o, Pavelin dəvətini böyük məmnuniyyətlə qəbul etmiş və uzun illər ərzində subay qalaraq missioner və nəzarətçi kimi xidmət etmişdi (Filip. 2:20—22).

8. Mark ləqəbli Yəhyaya qarşısına ruhani məqsədlər qoymağa nə kömək etmişdi və buna görə o, hansı xeyir-duaları almışdı?

8 Mark ləqəbli Yəhya da subaylıq illərindən tam yararlanırdı. O və anası Məryəm, eləcə də yaxın qohumları Barnaba Yerusəlim yığıncağının ilk üzvlərindən idilər. Markın ailəsinin həmin şəhərdə öz evlərinin və bir qulluqçularının olmasından belə nəticəyə gəlmək olar ki, onlar rahat həyat sürürdülər (Həv. iş. 12:12, 13). Lakin bütün bunlara baxmayaraq, gənc Mark nə xudbin idi, nə də ki öz kefi üçün yaşayırdı. Bundan əlavə, bir yerdə məskən salıb rahat ailə həyatı sürmək fikri də onu qane etmirdi. Görünür, həvarilərlə yaxın ünsiyyət sayəsində onda missioner xidmətinə güclü həvəs yaranmışdı. Buna görə də o, ilk missioner səyahətinə çıxan Pavel ilə Barnabaya böyük məmnuniyyətlə qoşuldu və səyahət boyu onların qulluğunda dururdu (Həv. iş. 13:5). Bir müddətdən sonra Mark Barnaba ilə missioner səyahətinə çıxdı, daha sonra isə biz onun Peterlə birgə Babildə xidmət etdiyi barədə oxuyuruq (Həv. iş. 15:39; 1 Pet. 5:13). Markın nə vaxta qədər subay qaldığı barədə biz heç nə bilmirik. Lakin o, başqalarının qulluğunda durmağa və Yehovaya daha çox xidmət etməyə hazır olan bir insan kimi yaxşı ad qazanmışdı.

9, 10. Subay gənc məsihçilərin xidmətlərini genişləndirmək üçün hansı imkanları var? Nümunə çəkin.

9 Müasir yığıncaqlardakı bir çox cavan bacı və qardaşlar da sevinclə gənclik illərini Yehovaya daha çox xidmət etməyə sərf edirlər. Mark və Timotey kimi, onlar da subaylığın «Ağamıza daima yayınmadan xidmət etməyə» yol açdığını başa düşürlər (1 Kor. 7:35). Bu, böyük üstünlükdür! Bu gənclərin qarşısında geniş qapı açılıb: pioner xidməti, təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət, xarici dil öyrənmək, Padşahlıq Zallarının və filialların tikintisində iştirak etmək, Xidməti Təkmilləşdirmə Məktəbində oxumaq və ya Bet-Eldə xidmət etmək. Əgər sən gənc və subaysansa, öz imkanlarından tam istifadə edirsənmi?

10 Mark adlı qardaş pioner xidmətinə başlayanda heç 20 yaşı yox idi. O, Xidməti Təkmilləşdirmə Məktəbini bitirdikdən sonra dünyanın bir çox yerlərində müxtəlif təyinatlarla xidmət etmişdi. İndi geriyə, tammüddətli xidmətdə olduğu 25 ilə nəzər salaraq o deyir: «Mən yığıncağın bütün üzvlərini ruhlandırmağa çalışırdım, çoban baş çəkməsi edirdim, onlarla xidmətdə olurdum, evimə qonaq dəvət edirdim və hətta bir-birimizi ruhən möhkəmləndirmək məqsədilə dostluq görüşləri keçirirdim. Bütün bunlar mənə sözlə ifadəolunmaz sevinc gətirirdi». Markın sözlərindən gördüyümüz kimi, «vermək» insana həyatda ən böyük sevinc gətirir və müqəddəs xidmətdə tam iştirak etməyin sayəsində «vermək» üçün çoxlu imkanlar yaranır (Həv. iş. 20:35). Maraqlarından, bacarıqlarından və təcrübələrindən asılı olmayaraq, gənclər Rəbb üçün çox iş görə bilərlər (1 Kor. 15:58).

11. Evlənməyə tələsməməyin hansı faydaları var?

11 Gənclərin əksəriyyəti əvvəl-axır ailə qurmaq istəsələr də, yaxşı olardı ki, tələsməsinlər. Pavel gəncləri təşviq edir ki, heç olmasa ‘gəncliyin bahar çağının’, yəni cinsi istəklərin ən güclü olan dövrünün ötüb-keçməsini gözləsinlər (1 Kor. 7:36). İnsanın özünü başa düşməsi və münasib həyat yoldaşı seçimində kömək edəcək həyat təcrübəsi toplaması üçün vaxt lazımdır. Evlilik andı çox ciddi məsələdir və insan ona ömür boyu sadiq qalmalıdır (Vaiz 5:2—5).

Sonradan ailə qurmayanlar

12. a) Anna dul qalandan sonra bu vəziyyətindən necə istifadə etdi? b) O, hansı şərəfə layiq görülmüşdü?

12 «Lukanın müjdəsi»ndə xatırlanan Anna ailə qurandan 7 il sonra qəflətən yoldaşını itirəndə, əlbəttə ki, çox kədərlənmişdi. Onların uşaqlarının olub-olmadığını və Annanın sonradan ailə həyatı qurmaq barədə düşünüb-düşünmədiyini biz bilmirik. Lakin Müqəddəs Kitabda deyilir ki, 84 yaşında o hələ də dul idi. Müqəddəs Kitabda yazılanlardan belə nəticəyə gəlirik ki, o, yaranan yeni vəziyyətindən Yehovaya yaxınlaşmaq üçün istifadə edirdi. O, «heç vaxt məbəddən ayrılmır, oruc tutub dua etməklə gecə-gündüz ibadət edirdi» (Luka 2:36, 37). Beləliklə, Allaha ibadət onun həyatında həmişə birinci yerdə dururdu. Bunun üçün əsil əzm və səy tələb olunurdu. Lakin onun mükafatı böyük oldu. O, körpə İsanı görmək şərəfinə layiq görüldü və bu körpənin gələcəkdə Məsih olub insanlara azadlıq bəxş edəcəyi haqqında şahidlik etdi (Luka 2:38).

13. a) Tabitanın yığıncaqda fəal olduğu nədən bəllidir? b) Tabitanın xeyirxahlığı necə mükafatlandırıldı?

13 Birinci əsrdə Yerusəlimdən şimal-qərbdə, dəniz sahilində yerləşən Yaffa şəhərində Tabita adında bir qadın yaşayırdı. Müqəddəs Kitabda onun əri olduğu deyilmədiyi üçün, çox güman ki, o, həmin vaxt subay idi. Tabita «çox xeyirxah idi və kasıblara həmişə əl tuturdu». O, kasıb dul qadınlar və başqaları üçün paltar tikirdi, hamı da onu çox sevirdi. Buna görə də o, qəflətən xəstələnib vəfat edəndə bütün yığıncaq Peteri çağırtdırıb əziz bacılarını diriltməyi xahiş etdi. Onun dirilməsi barədə xəbər bütün Yaffa şəhərinə yayılanda bir çoxları həqiqəti qəbul etdi (Həv. iş. 9:36—42). Ola bilsin, Tabitanın özü də xeyirxahlıq göstərərək onların bəzilərinə həqiqətə gəlməyə kömək etmişdi.

14. Subay məsihçiləri Yehovaya yaxınlaşmağa nə təşviq edir?

14 Anna və Tabita kimi, Allahın bir çox müasir xidmətçiləri, yetkin yaşlarında olmalarına baxmayaraq, subaydırlar. Ola bilsin, bəziləri münasib həyat yoldaşı tapa bilməyiblər. Digərləri ya boşanıb, ya da ki onların həyat yoldaşları vəfat edib. Yanlarında etibar edə biləcəkləri insan olmadığı üçün subay məsihçilər Yehovaya daha çox bel bağlamağı öyrənirlər (Sül. məs. 16:3). 38 ildən çoxdur ki, Bet-Eldə xidmət edən Silviya adlı subay bir bacı bunu xeyir-dua hesab edir. O etiraf edir: «Bəzən güclü olmaqdan yoruluram. Həmin an: “Görəsən, kim məni ruhlandıracaq?” — deyə ürəyimdə fikirləşirəm». O əlavə edir: «Mən Yehovaya etibar edirəm və bilirəm ki, O, mənim üçün nəyin daha yaxşı olduğunu məndən yaxşı bilir. Bunun sayəsində özümü Ona daha yaxın hiss edirəm. O, məni həmişə ruhlandırır, bəzən də heç gözləmədiyim tərzdə». Biz Yehovaya yaxınlaşanda O, hər zaman ən şəfqətli və qaneedici tərzdə cavab verir.

15. Subay məsihçilər məhəbbət göstərməkdə necə ‘genişlənə’ bilərlər?

15 Subaylıq məhəbbət göstərməkdə ‘genişlənmək’ üçün xüsusi imkan yaradır. (2 Korinflilərə 6:11—13 ayələrini oxu.) 34 ildir ki, tammüddətli xidmətçi olan Сolin adlı subay bacı deyir: «Bu illər ərzində mən yalnız öz həmyaşıdlarımla yox, bütün insanlarla dostluq münasibətləri qurmağa çalışırdım. Subaylıq Yehovaya, ailəmə, bacı-qardaşlarıma və yaxınlarıma “vermək” üçün çox gözəl imkan yaradıb. Yaşa dolduqca subay olduğuma görə daha çox sevinirəm». Yığıncaqdakı yaşlı bacı-qardaşlar, uşaqlarını tək böyüdən valideynlər, gənclər və başqaları subay məsihçilərin onlara göstərdiyi köməyi yüksək qiymətləndirirlər. Həqiqətən də, başqalarına məhəbbət göstərəndə özümüzü daha yaxşı hiss edirik. Sən də başqalarına məhəbbət göstərməkdə ‘genişlənə’ bilərsənmi?

Ömür boyu subay qalanlar

16. a) Nəyə görə İsa heç vaxt ailə qurmamışdı? b) Pavelin subaylıq illərindən müdrikliklə istifadə etdiyi nədən görünür?

16 İsa heç vaxt ailə qurmamışdı; o, Allahın ona həvalə etdiyi xidmətə hazırlaşmalı və onu yerinə yetirməli idi. O, çoxlu səyahət edirdi, səhər tezdən gecəyə qədər iş başında olurdu və sonda öz həyatını bəşəriyyət uğrunda qurban verdi. Buna görə İsa üçün subay olmaq üstünlük idi. Həvari Pavel isə təbliğ edə-edə minlərlə kilometr qət edir və böyük çətinliklərlə üzləşirdi (2 Kor. 11:23—27). Ola bilsin, Pavel nə vaxtsa evli olub, lakin həvari təyin edildikdən sonra qərara aldı ki, ailə qurmasın (1 Kor. 7:7; 9:5). Həm İsa, həm də Pavel başqalarına, əgər mümkündürsə, xidmət naminə onların nümunələrini təqlid etməyi məsləhət görürdü. Lakin onların heç biri Yehovanın xidmətçisi olmaq istəyənlər üçün subaylığı mütləq tələb kimi qoymamışdı (1 Tim. 4:1—3).

17. Bu gün bəzi məsihçilər İsanı və Paveli necə təqlid edirlər və nəyə görə biz əmin ola bilərik ki, Yehova bu cür qurbanları qiymətləndirir?

17 Bu gün də bəziləri daha çox və daha yaxşı xidmət etmək üçün subay qalmaq qərarına gəlmişlər. Məqalənin əvvəlində xatırlanan Harold qardaş 56 ildən çoxdur ki, Bet-Eldə xidmət edir. O deyir: «Bet-Eldə xidmət etdiyim ilk 10 il ərzində mən xəstəlik ucbatından və ya yaşlı valideynlərinə baxmaq zərurəti yarandığından Bet-Eli tərk edən çoxlu ər-arvad görmüşdüm. Mənim valideynlərimin hər ikisi vəfat etmişdi. Ancaq mən Bet-El xidmətini o qədər çox sevirdim ki, evlənməklə bu üstünlüyü təhlükə altına atmaq istəmirdim». Uzun müddət pioner kimi xidmət edən Marqaret adlı bir bacı bir neçə il bundan əvvəl buna bənzər fikir söyləmişdi: «Həyatımda ailə qurmaq imkanlarım olsa da, bundan vaz keçdim. Subay və sərbəst olduğum üçün fəal şəkildə xidmət etmək imkanım var idi və bu, mənə böyük xoşbəxtlik gətirirdi». Biz əmin ola bilərik ki, həqiqi ibadət naminə bu cür qurban verənləri Yehova heç vaxt unutmayacaq. (Yeşaya 56:4, 5 ayələrini oxu.)

Şəraitindən müdrikliklə istifadə et

18. Başqaları subay məsihçiləri necə ruhlandıra və onlara necə dəstək ola bilərlər?

18 Yehovaya canla-başla xidmət edən bütün subay məsihçilər səmimi tərifə layiqdirlər və hamımız onları ruhlandırmalıyıq. Biz onların hər birini sevir, gözəl xüsusiyyətlərini və yığıncaq üçün etdiyi hər şeyi qiymətləndiririk. Əgər biz, həqiqətən də, onların ‘bacı-qardaşları, anaları, uşaqları’ olsaq, onlar heç zaman özlərini tənha hiss etməyəcəklər. (Mark 10:28—30 ayələrini oxu.)

19. Subaylıq ənamından müdrikliklə necə istifadə edə bilərsən?

19 Öz istəyinə görə, yaxud da şərait ucbatından subay olmağından asılı olmayaraq, nəzərdən keçirdiyimiz həm Müqəddəs Kitabdakı, həm də müasir nümunələr qoy səni bir daha əmin etsin ki, subay olsan da, xoşbəxt və səmərəli həyat sürə bilərsən. Bəzi hədiyyələri səbirsizliklə gözlədiyimiz halda, digərləri tamamilə gözlənilməz olur. Bəzi hədiyyələri biz dərhal qiymətləndiririk, digərlərinin dəyərini isə sonradan başa düşürük. Subaylıq da belədir. Çox şey bizim münasibətimizdən asılıdır. Subaylıq ənamından müdrikliklə necə istifadə edə bilərsən? Yehovaya yaxınlaşmaqla, Rəbbin işində səylə çalışmaqla və məhəbbət göstərməkdə genişlənməklə. Nikah kimi, subaylıq da əsil xeyir-dua ola bilər, amma bir şərtlə: biz bu ənama Yehovanın nöqteyi-nəzəri ilə baxmalı və ondan müdrikliklə istifadə etməliyik.

Yadınızdadırmı?

• Subaylıq hansı mənada ənam ola bilər?

• Gənclik illərində subay olmaq hansı faydaları gətirir?

• Subay məsihçilərin Yehovaya yaxınlaşmaq və məhəbbət göstərməkdə genişlənmək üçün hansı imkanları var?

[18-ci səhifədəki şəkillər]

Yehovaya xidmətdə imkanlarından tam istifadə edirsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş