Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/3 s. 8—12
  • Qoy sənə dünyanın yox, Allahın ruhu təsir etsin!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qoy sənə dünyanın yox, Allahın ruhu təsir etsin!
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Dünyanın ruhunun geniş yayılmasının səbəbləri
  • Dünyanın ruhu sənə təsir göstərirmi?
  • İsanın nümunəsindən öyrən
  • Dünyaya qalib gələ bilərik!
  • ‘Dünyanın ruhuna’ müqavimət göstər
    Gözətçi qülləsi 2008
  • Nəyə görə bizə müqəddəs ruh bələdçilik etməlidir?
    Gözətçi qülləsi 2011
  • Ruha görə hərəkət et və həsr olunmağına uyğun yaşa
    Gözətçi qülləsi 2010
  • Sən necə ruh təzahür etdirirsən?
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/3 s. 8—12

Qoy sənə dünyanın yox, Allahın ruhu təsir etsin!

«Biz dünyanın ruhunu yox, Allahdan gələn ruhu aldıq ki, Allahın bizə bəxş etdiyi şeyləri anlaya bilək» (1 KOR. 2:12).

1, 2. a) Həqiqi məsihçilər hansı müharibədə iştirak edirlər? b) Biz hansı sualları müzakirə edəcəyik?

HƏQİQİ məsihçilər hal-hazırda döyüş meydanındadırlar. Bizim düşmənimiz güclü və məkrlidir, həm də onun böyük döyüş təcrübəsi var. Onun istifadə etdiyi silah o qədər güclüdür ki, artıq əksər insanlar onun təsiri altına düşüblər. Lakin biz zəif və çarəsiz olduğumuzu düşünməməliyik (Yeşaya 41:10). Çünki bizim əlimizdə elə bir silah var ki, ona heç kim və heç nə qarşı dura bilməz!

2 Bizim iştirak etdiyimiz müharibə adi yox, ruhani müharibədir. Düşmənimiz isə Şeytan İblisdir və onun əsas silahlarından biri ‘dünyanın ruhudur’ (1 Kor. 2:12). Biz ona, əsas etibarilə, müqəddəs ruhun köməyi ilə qarşı dura bilərik. Bu müharibədən sağ çıxmaq və ruhən möhkəm qalmaq üçün Allahdan müqəddəs ruh diləməli və onun bəhrəsini həyatımızda təzahür etdirməliyik (Qalat. 5:22, 23). Bəs dünyanın ruhu nədir? Nəyə görə o, böyük təsir qüvvəsinə malikdir? Dünyanın ruhunun bizə təsir edib-etmədiyini necə müəyyən edə bilərik? Allahın ruhunu necə almaq olar? Dünyanın ruhuna necə müqavimət göstərməliyik? İsa bu sahədə bizə hansı nümunəni qoyub?

Dünyanın ruhunun geniş yayılmasının səbəbləri

3. Dünyanın ruhu nədir?

3 Dünyanın ruhu «bu dünyanın hökmdarı» olan Şeytan İblisdən qaynaqlanır və Allahın müqəddəs ruhuna qarşı çıxır (Yəh. 12:31; 14:30; 1 Yəh. 5:19). Bu ruh dünyada hökm sürən əhval-ruhiyyə, insan cəmiyyətini Allahın iradə və niyyətinə zidd davranmağa təşviq edən qüvvədir.

4, 5. Şeytanın ruhu dünyaya necə yayıldı?

4 Şeytanın ruhu dünyaya necə yayıldı? Hər şey Şeytanın Eden bağında Həvvanı aldatması ilə başladı. O, ilk qadını inandırdı ki, Allahdan asılı olmasa, həyatı yaxşılaşacaq (Yar. 3:13). Bu ki ağ yalandır! (Yəh. 8:44). Sonra Şeytan Həvvanın vasitəsilə Adəmi də Yehovanın sözündən çıxmağa təhrik etdi. Adəmin seçimi ucbatından bəşəriyyət günahın köləsi oldu və bu səbəbdən Şeytanın yaydığı itaətsizlik ruhuna uymağa meyillidir. (Efeslilərə 2:1—3 ayələrini oxu.)

5 Şeytan həmçinin bir çox mələklərə təsir etməyə müvəffəq oldu. Nəticədə, onlar cin oldular (Vəhy 12:3, 4). Bu, Nuhun günlərindəki Daşqından qabaq baş vermişdi. Həmin mələklər düşünürdülər ki, göydəki əzəl mövqelərini tərk edib qeyri-təbii arzularını təmin etmək üçün yerə ensələr, onlar üçün daha yaxşı olacaq (Yəhuda 6). Ruhani aləmə qayıdan bu cinlərin köməyilə bu gün Şeytan ‘bütün dünyanı aldadır’ (Vəhy 12:9). Təəssüf ki, insanların əksəriyyəti cinlərin təsirindən bixəbərdir (2 Kor. 4:4).

Dünyanın ruhu sənə təsir göstərirmi?

6. Bu dünyanın ruhu nə vaxt bizə təsir göstərə bilər?

6 İnsanların çoxu Şeytanın təsirindən bixəbər olsa da, həqiqi məsihçilər onun fəndlərinə yaxşı bələddirlər (2 Kor. 2:11). Əslinə qalsa, biz yol verməsək, dünyanın ruhu bizə təsir göstərə bilməz. Gəlin dörd sualı nəzərdən keçirək və görək, biz hansı ruhun təsiri altındayıq: Allahın, yoxsa dünyanın.

7. Şeytan bizi Yehovadan uzaqlaşdırmaq üçün hansı vasitələrə əl atır?

7 Əyləncə seçimim mənim barəmdə nə deyir? (Yaqub 3:14—18 ayələrini oxu.) Şeytan bizi Allahdan uzaqlaşdırmaq üçün hər vasitəyə əl atır. O, ürəyimizdə zorakılığa məhəbbət toxumları səpməyə çalışır. İblis yaxşı bilir ki, Yehova zorakılığı sevənlərə nifrət edir (Məz. 11:5). Buna görə də kitab və jurnallar, filmlər və mahnılar vasitəsilə cismani arzularımızı oyatmaq istəyir. Məqsədinə nail olmaq üçün o, elektron oyunlarından da istifadə edir. Belə oyunların bəziləri oyunçuları gördükləri pozğun və vəhşi hərəkətləri təqlid etməyə sövq edir. Ürəyimizin bir hissəsinin yaxşılığı sevdiyi halda, digər hissəsinin pisliyi sevməsi də Şeytanı qane edir (Məz. 97:10).

8, 9. Əyləncə ilə bağlı özümüzə hansı sualları verməliyik?

8 Allahın ruhu isə insanları əxlaqlı, sülhpərvər və mərhəmətli olmağa təşviq edir. Yaxşı olardı ki, özümüzdən soruşaq: «Seçdiyim əyləncə məndə yaxşı xüsusiyyətlər inkişaf etdirirmi?» Yuxarıdan nazil olan hikmətdə «riyakarlıq yoxdur». Allahın ruhunun təsiri altında olan insanlar başqalarına əxlaq və sülh barədə danışıb, sonra da təklikdə olanda qəddar və pozğun verilişlərə, filmlərə və bu kimi digər şeylərə tamaşa etmirlər.

9 Yehova bizdən tam sədaqət gözləyir. Lakin Şeytana, İsanın hadisəsində olduğu kimi, bizim heç olmasa bir dəfə ona səcdə etməyimiz kifayətdir (Luka 4:7, 8). Özünə növbəti sualları ver: «Seçdiyim əyləncə Yehovaya tam sədaqətli olduğumu göstərirmi? Həmin əyləncə dünyanın ruhuna müqavimət göstərməyimi asanlaşdırır, yoxsa əksinə, çətinləşdirir? Bəlkə, bu sahədə mənə dəyişiklik etmək lazımdır?»

10, 11. a) Maddi şeylərə gəldikdə, dünyanın ruhu bizi nəyə təşviq edir? b) Bəs Allahın Kəlamı bizi necə olmağa çağırır?

10 Maddi şeylərə necə yanaşıram? (Luka 18:24—30 ayələrini oxu.) Bu dünyanın ruhuna tamahkarlıq, var-dövlət hərisliyi və «gözlərin istəyi» xasdır (1 Yəh. 2:16). Bu ruh bir çoxlarında varlanmaq istəyi oyadıb (1 Tim. 6:9, 10). İndi də bizi inandırmağa çalışır ki, çox şeyə sahib olmaq təhlükəsizliyimizə zəmanətdir (Sül. məs. 18:11). Əgər biz pulpərəstliyin Yehovaya olan məhəbbətimizi sıxışdırıb çıxarmasına yol versək, Şeytan üzərimizdə qələbə çalmış olacaq. Biz özümüzdən soruşmalıyıq: «Fikrim-zikrim bu dünyada rahat və zövqlü həyat tərzi sürməkdə deyil ki?»

11 Bu dünyanın ruhundan fərqli olaraq, Allahın müqəddəs ruhunun təsiri altında yazılmış Müqəddəs Kitab bizi pula tarazlı yanaşmağa və ailəmizi dolandırmaq üçün səylə işləməyə təşviq edir (1 Tim. 5:8). Yehovanın ruhunun təsiri altında olanlar Onun kimi səxavətli olmağa can atırlar. Belə insanlar başqalarından nə isə ummurlar, əksinə, onlar əliaçıq olmaları ilə tanınırlar. Onlar üçün insanlar əşyalardan daha vacibdir və imkanları daxilində həmişə başqalarına əl tutmağa hazırdırlar (Sül. məs. 3:27, 28). Yehovaya xidmət onlar üçün hər şeydən önəmlidir və buna görə də yol vermirlər ki, həyatlarında əsas yeri pul tutsun.

12, 13. Dünyanın ruhundan fərqli olaraq, Allahın ruhu bizə necə təsir edir?

12 Mənim davranışım və xüsusiyyətlərim hansı ruhu əks etdirir? (Koloslulara 3:8—10, 13 ayələrini oxu.) Dünyanın ruhu cismani əməlləri təbliğ edir (Qalat. 5:19—21). Bizim hansı ruhun təsiri altında olduğumuz həyatımızda hər şey yağ kimi gedəndə yox, çətinliklər zamanı, məsələn, bacı və ya qardaş bizə saymazyana yanaşanda, xətrimizə dəyəndə və hətta bizə qarşı günah işlədəndə üzə çıxır. Üstəlik, bizi hansı ruhun idarə etdiyi evdə tək olanda bəlli olur. Buna görə vaxtaşırı özümüzü yoxlamaq pis olmazdı. Özünə sual ver: «Son altı ay ərzində mənim xüsusiyyətlərim daha çox Məsihin xüsusiyyətləri kimi olub, yoxsa köhnə danışıq və ya davranış tərzimin bəzi pis cəhətləri yenidən qayıdıb?»

13 Allahın ruhu bizə «köhnə şəxsiyyəti və onun əməllərini» çıxarıb, əynimizə «yeni şəxsiyyəti» geyməyə kömək edir. Bunun sayəsində biz daha məhəbbətli və xeyirxah oluruq. Şikayət etmək üçün əsaslı səbəbimizin olduğunu hesab etsək belə, bir-birimizi ürəkdən bağışlamağa meyilli olacağıq. Ədalətsizliklə üzləşəndə daha əvvəlki kimi özümüzdən çıxaraq ‘kin, hirs, qəzəb, qışqırıq, təhqiramiz danışığa’ yol verməyəcəyik. Əksinə, var gücümüzlə «şəfqətli» olmağa çalışacağıq (Efes. 4:31, 32).

14. Əksər insanlar Allahın Kəlamına necə yanaşırlar?

14 Müqəddəs Kitabdakı əxlaq normalarına hörmət edir və onları sevirəm? (Süleymanın məsəlləri 3:5, 6 ayələrini oxu.) Bu dünyanın ruhu Allahın Kəlamında yazılanlara qarşı çıxır. Onun təsiri altında olan insanlar özlərinə sərf etməyən Müqəddəs Kitab hissələrinə məhəl qoymurlar; onlar insan ənənələrinə və fəlsəfəsinə üstünlük verirlər (2 Tim. 4:3, 4). Bəzilərində isə ümumiyyətlə Allahın Kəlamına qarşı hörmətdən əsər-əlamət yoxdur. Belə insanlar Müqəddəs Kitabın dəyərini və doğruluğunu şübhə altına alaraq özlərini ağıllı hesab edirlər. Onlar Müqəddəs Kitabın xəyanətə, homoseksualizmə və boşanmaya dair saf qanunlarını öz istəklərinə uyğunlaşdırırlar. Onlar pisin yaxşı, yaxşının isə pis olduğunu öyrədirlər (Yeşaya 5:20). Bu ruh bizə də təsir göstərirmi? Problemlərlə üzləşərkən Müqəddəs Kitabın məsləhətlərinə əməl edirik, yoxsa şəxsi fikirlərimizə və insan müdrikliyinə bel bağlayırıq?

15. Öz müdrikliyimizə güvənmək əvəzinə, nə etməliyik?

15 Allahın ruhu bizə Müqəddəs Kitaba hörmət hissi aşılayır. Məzmurçu kimi, biz də hesab edirik ki, Allahın sözləri addımlarımız üçün çıraq, yollarımıza işıqdır (Məz. 119:105). Biz öz müdrikliyimizə yox, Allahın Kəlamına güvənirik və tam əminik ki, bu kitab bizə xeyirlə şəri ayırd etməyə kömək edir. Biz nəinki Müqəddəs Kitaba hörmət etməyi, həm də orada yazılan Allahın qanunlarını sevməyi öyrənirik (Məz. 119:97).

İsanın nümunəsindən öyrən

16. ‘Məsih kimi düşünmək’ nə deməkdir?

16 Allahın ruhunu almaq üçün ‘Məsih kimi düşünməyi’ öyrənməliyik (1 Kor. 2:16). ‘Məsih İsanın düşüncə tərzinə’ malik olmaq üçün biz onun necə düşündüyünü və davrandığını bilməli, sonra da onu təqlid etməliyik (Rom. 15:5; 1 Pet. 2:21). Bunu necə etmək olar?

17, 18. a) İsadan dua barədə nə öyrənirik? b) Nəyə görə biz ‘durmadan diləməliyik’?

17 Allahdan müqəddəs ruh dilə. Sınaqlarla qarşılaşmazdan öncə İsa duada Allahdan xahiş etmişdi ki, müqəddəs ruhu ilə ona kömək etsin (Luka 22:40, 41). Allahdan müqəddəs ruh diləmək bizim üçün də vacibdir. Yehova Ondan imanla diləyən hər kəsə səxavətlə və sevinclə müqəddəs ruh verir (Luka 11:13). İsa demişdi: «Durmadan diləyin və sizə veriləcək; durmadan axtarın və tapacaqsınız; durmadan qapını döyün və sizə açacaqlar. Çünki diləyən istədiyini alır, axtaran tapır və qapını döyənə açacaqlar» (Mat. 7:7, 8).

18 Yehovadan müqəddəs ruh və kömək diləyəndə yalvarışlarına dərhal son qoyma. Yadda saxla ki, bu zaman tez-tez və daha çox dua etmək lazımdır. Hərdən Allah Ona dua edənlərə dərhal cavab vermir. O imkan verir ki, biz narahatçılığımızın nə qədər dərin və imanımızın nə qədər səmimi olduğunu Ona göstərəka.

19. İsa həyatı boyu nə edirdi və nəyə görə biz onun nümunəsini izləməliyik?

19 Yehovanın hər sözünə qulaq as. İsa həmişə Atasının xoşuna gələn işləri görürdü. Ən azı bir dəfə onun yaranmış vəziyyətə olan baxışı Atasının iradəsindən fərqlənirdi. Buna baxmayaraq, o, əminliklə dedi: «Qoy mənim yox, Sənin istəyincə olsun» (Luka 22:42). Özündən soruş: «Allaha itaət etmək asan olmayan vaxtlarda belə Onun əmrlərini yerinə yetirirəmmi?» Allaha itaətkarlıq ölüm-dirim məsələsidir. O, bizim Yaradanımız və həyat Mənbəyimiz olduğu üçün Onun hər kəlməsinə tabe olmaq bizim borcumuzdur (Məz. 95:6, 7). İtaətkarlığın yerini heç nə tuta bilməz. Onsuz Allahın rəğbətini qazanmaq mümkün deyil.

20. İsa həyatı boyu nə edirdi və biz onu necə təqlid edə bilərik?

20 Müqəddəs Kitabı dərindən araşdır. Şeytan İsanın imanına birbaşa hücum edəndə o, Müqəddəs Yazılardan sitatlar gətirirdi (Luka 4:1—13). İsa ona düşmən kəsilən din rəhbərləri ilə danışarkən Allahın Kəlamının onun üçün nüfuzlu mənbə olduğunu göstərirdi (Mat. 15:3—6). İsanın bütün həyatı Allahın qanunlarını öyrənməyə və onları tətbiq etməyə yönəlmişdi (Mat. 5:17). Biz də daima əqlimizi imanı möhkəmləndirən Allahın Kəlamı ilə qidalandırmalıyıq (Filip. 4:8, 9). Şəxsi və ailəvi öyrənmə üçün vaxt tapmaq bəziləri üçün çətin ola bilər. Amma biz vaxt tapmalı deyilik, onu satın almalıyıq (Efes. 5:15—17).

21. Müqəddəs Kitabı daha yaxşı bilmək və onu tətbiq etmək üçün bizə hansı imkan yaradılıb?

21 «Sadiq və ağıllı nökər» həftəlik ailəvi ibadət təsis edib ki, şəxsi və ailəvi öyrənmə keçirməyə vaxtımız olsun (Mat. 24:45). Sən bu imkandan müdrikliklə istifadə edirsənmi? Məsihin düşüncə tərzinə yiyələnmək üçün sənə maraqlı olan mövzular haqda onun nə öyrətdiyini müntəzəm olaraq araşdıra bilərsənmi? Bunun üçün təlim nəşrinin hər dekabr sayında çap olunan «Gözətçi Qülləsi»nin tematik indeksindən istifadə etmək olar. Onun köməyilə sənə lazım olan məlumatın harada yerləşdiyini tapa bilərsən. Məsələn, 2008-ci ildən 2010-cu ilədək «Gözətçi Qülləsi»nin kütləvi nəşrində «İsa peyğəmbərdən nə öyrənirik?» rubrikası adı altında 5 məqalə çıxıb. Nəyə görə həmin məqalələri araşdırmayasan?

Dünyaya qalib gələ bilərik!

22, 23. Dünyaya qalib gəlmək üçün bizdən nə tələb olunur?

22 Allahın ruhu bələdçimiz olsun deyə dünyanın ruhuna müqavimət göstərməliyik. Bu, asan iş deyil. Hərdən bu, əsil mübarizə, qızğın döyüş ola bilər (Yəhuda 3). Amma biz qalib çıxa bilərik! İsa şagirdlərinə demişdi: «Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim» (Yəh. 16:33).

23 Dünyanın ruhuna müqavimət göstərməklə və Allahın ruhunu almaq üçün bizdən tələb olunan hər şeyi etməklə biz də dünyaya qalib gələ bilərik. Həqiqətən də, «əgər Allah bizimlədirsə, kim bizə qarşı çıxa bilər?» (Rom. 8:31). Bizdə Allahın ruhu olsa və Müqəddəs Kitabın rəhbərliyinə dəqiq əməl etsək, onda daxilimizdə məmnunluq, sülh və xoşbəxtlik hökm sürəcək. Üstəlik, yaxınlaşmaqda olan yeni dünyada mütləq bizim də yerimizin olacağına əminliyimiz artacaq!

[Haşiyə]

a Əlavə məlumat almaq üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 170—173-cü səhifələrinə bax.

Yadınızdadırmı?

• Nəyə görə dünyanın ruhu bu qədər geniş yayılıb?

• Özümüzə hansı dörd sualı verməliyik?

• Allahın ruhunu almaq üçün biz İsanı hansı üç sahədə təqlid etməliyik?

[8-ci səhifədəki şəkil]

Bəzi mələklər necə cin oldular?

[10-cu səhifədəki şəkil]

Şeytan insanları idarə etmək üçün bu dünyanın ruhundan istifadə edir. Onun təsirindən azad olmaq öz əlimizdədir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş