Qoy hər bir qərarın Yehovaya izzət gətirsin
«Uzaqgörən hər addımına nəzər salar» (SÜL. MƏS. 14:15).
1, 2. a) Verdiyimiz hər bir qərarda əsas məqsədimiz nə olmalıdır? b) Biz hansı sualları nəzərdən keçirəcəyik?
GÜN ərzində biz yüzlərlə qərarlar qəbul edirik. Onların əksəriyyəti az əhəmiyyətlidir, digərləri isə həyatımıza böyük təsir göstərir. Kiçik və ya böyük olmalarından asılı olmayaraq, əsas odur ki, qərarlarımız Yehovaya izzət gətirsin. (1 Korinflilərə 10:31 ayəsini oxu.)
2 Sənin üçün qərarlar qəbul etmək asandır, yoxsa çətin? Əgər biz məsihçi yetkinliyinə nail olmaq istəyiriksə, yaxşı ilə pisi bir-birindən ayırmağı və kiminsə yox, öz əqidəmizə uyğun qərarlar verməyi öyrənməliyik (Rom. 12:1, 2; İbr. 5:14). Yaxşı qərarlar verməyi öyrənmək üçün daha hansı vacib səbəblər var? Nəyə görə qərar vermək bəzən çətin olur? Hansı addımlar bizə Allaha izzət gətirən qərarlar qəbul etməkdə kömək edəcək?
Qərar qəbul etməyin vacibliyi
3. Qərarlarımıza kimlər və ya nələr təsir edə bilər və nəyə görə biz buna yol verməməliyik?
3 Söhbət Müqəddəs Kitab normalarından gedəndə biz qətiyyətsizlik göstəririksə, sinif və ya iş yoldaşlarımız belə qənaətə gələ bilərlər ki, əqidəmiz möhkəm deyil və deməli, bizə asanlıqla təsir göstərmək olar. Bu insanlar bizi dilə tuta bilərlər ki, yalan danışmaqda, fırıldaq işlətməkdə və ya oğurluq etməkdə onlara qoşulaq və ya heç olmasa pis əməllərini ört-basdır edək (Çıx. 23:2). Lakin Allaha izzət gətirən qərarlar verməyi bacaran məsihçi imkan verməyəcək ki, kimdənsə qorxduğuna və ya kiminsə tərəfindən qəbul edilmək istədiyinə görə Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanına zidd davransın (Rom. 13:5).
4. Nəyə görə başqaları bəzən bizim yerimizə qərar vermək istəyirlər?
4 Bizim yerimizə qərar vermək istəyən insanların hamısı bunu pis niyyətdən irəli gələrək etmir. Yaxşılığımızı istəyən dostlarımız təkid edə bilərlər ki, onların məsləhətinə qulaq asaq. Əgər biz evdən uzaqda yaşayırıqsa, çox ehtimal ki, vacib qərarlar verməli olanda qohumlarımız bizə görə narahat olduqları üçün müdaxilə etmək istəyəcəklər. Nümunə üçün tibbi müalicə üsullarını götürmək olar. Müqəddəs Kitab qandan istifadə etməyi aydın şəkildə qadağan edir (Həv. iş. 15:28, 29). Digər müalicə üsulları barədə isə Müqəddəs Kitabda açıq-aydın heç nə deyilmir və bizdən gözlənilir ki, hansısa müalicə üsulunu qəbul edib-etməyəcəyimizə özümüz qərar verəka. Ailə üzvlərimizin bu barədə öz fikirləri ola bilər. Amma bu kimi qərarlar verməli olan hər bir vəftiz olunmuş məsihçi «öz məsuliyyət yükünü» daşımalıdır (Qalat. 6:4, 5). Bizim üçün ən vacibi insanları razı salmaq yox, Allah qarşısında təmiz vicdanımızı qorumaqdır (1 Tim. 1:5).
5. İmanımızın gəmi kimi qəzaya uğramasından qaçınmaq necə mümkündür?
5 Qətiyyətsizlik təhlükəli ola bilər. Şagird Yaqub yazmışdı ki, qətiyyətsiz insan ‘bütün işlərində səbatsızdır’ (Yaq. 1:8). Fırtınalı dəniz sükansız qayığı ora-bura atdığı kimi, belə adam dəyişkən insan fikri ilə oturub-durur. İmanı gəmi kimi qəzaya uğrayanda düşdüyü pis vəziyyətə görə başqalarını günahlandırmaq onun üçün necə də asandır! (1 Tim. 1:19). Bu cür aqibətdən qaçınmaq üçün biz ‘imanda sarsılmaz olmalıyıq’. (Koloslulara 2:6, 7 ayələrini oxu.) Bunun üçün biz Allahın Kəlamına etibar etdiyimizi göstərən qərarlar verməyi öyrənməliyik (2 Tim. 3:14—17). Bizə qərar qəbul etməyə nə mane ola bilər?
Qərar vermək nəyə görə çətindir?
6. Qorxu hissi bizə necə təsir edə bilər?
6 Səhv qərar vermək, müvəffəqiyyətsizliyə uğramaq və ya başqalarının gözündə axmaq görünmək qorxusu insanın əl-qolunu bağlaya amillərdən bəziləridir. Belə insanları başa düşmək çətin deyil. Çünki heç kim problemlərə və ola bilsin, rüsvayçılığa səbəb olacaq qərarlar vermək istəmir. Bununla belə, Allaha olan məhəbbətimizin sayəsində və Onun Kəlamının köməyilə qorxularımızı azaltmaq mümkündür. Necə? Allaha məhəbbət bizi təşviq edəcək ki, vacib qərarlar qəbul etməzdən öncə həmişə Onun Kəlamına və Müqəddəs Kitaba əsaslanan nəşrlərə müraciət edək. Onda səhvlərimiz az olacaq. Axı Müqəddəs Kitab «cahillərə uzaqgörənlik, gənc oğlana bilik və dərrakə» verməyə qadirdir (Sül. məs. 1:4).
7. Davud padşahın nümunəsindən nə öyrənirik?
7 Verdiyimiz qərarların hamısı düzgün olacaq? Yox, çünki hər birimiz səhvlərə yol veririk (Rom. 3:23). Məsələn, Davud padşah hikmətli və sadiq insan olsa da, onun bəzi qərarları yaxşı olmadığı üçün bundan həm özü, həm də başqaları əziyyət çəkirdi (2 Şam. 12:9—12). Bu səhvlərə baxmayaraq, Davud Allahın bəyəndiyi qərarlar verməyə son qoymadı (1 Pad. 15:4, 5). Əgər biz, Davud kimi, Yehovanın səhvlərimizə əhəmiyyət verməyib günahlarımızı bağışladığını yadda saxlasaq, onda keçmişdəki səhvlərimizə baxmayaraq, qərarlar qəbul etməyə qorxmayacağıq. Yehova Onu sevən və Ona itaət edən insanlara həmişə dəstək olur (Məz. 51:1—4, 7—10).
8. Həvari Pavelin nikah barədə yazdıqlarından nə öyrənirik?
8 İnsan vacib qərar qəbul etməli olanda çox vaxt daxilində narahatçılıq keçirir. Bəs bu narahatçılıqları necə azaltmaq olar? Biz unutmamalıyıq ki, hərdən müəyyən vəziyyətlərdən bir neçə düzgün çıxış yolu olur. Həvari Pavelin Allahdan ilham alaraq nikah barədə nə yazdığına diqqət yetirək. Biz oxuyuruq: «Kimsə cinsi istəklərini cilovlaya bilmirsə və gəncliyinin bahar çağı artıq ötübsə, qoy belə etsin: evlənmək istəyirsə, qoy evlənsin. O, günah iş tutmur. Belələri evlənə bilərlər. Lakin kimsə buna ehtiyac duymur, qərarında əzmli və iradəsi möhkəmdirsə, həmçinin ürəyində bakirliyini qorumağı qət edibsə, o, yaxşı iş görür» (1 Kor. 7:36—38). Pavel subaylığı ən yaxşı seçim adlandırdı. Lakin bu, düzgün olan yeganə seçim deyildi.
9. Başqalarının qərarımıza necə yanaşacağı bizi narahat etməlidirmi? İzah et.
9 Başqalarının qərarımıza necə yanaşacağı bizi narahat etməlidirmi? Müəyyən mənada, hə. Bütlər üçün gətirildiyi ehtimal olunan qidadan qəbul etmək barədə Pavelin dediyi sözlərə diqqət yetirək. Pavel etiraf edirdi ki, bu qərar, ola bilsin, özü-özlüyündə səhv deyil. Amma belə qərar vicdanı zəif olan insanı büdrədə bilərdi. O, nə məsləhət gördü? «Yemək qardaşım üçün maneədirsə, mən iman yolunda qardaşımı büdrətməmək üçün əsla ət yemərəm» (1 Kor. 8:4—13). Düzdür, qərar qəbul edərkən ən vacibi onun Yehova ilə münasibətimizə necə təsir edəcəyini nəzərə almaqdır. Bununla belə, başqalarının vicdanını da unutmamalıyıq. (Romalılara 14:1—4 ayələrini oxu.) Hansı Müqəddəs Kitab prinsipləri bizə Allahı izzətləndirən qərarlar verməyə kömək edəcək?
Yaxşı qərar vermək üçün altı addım
10, 11. a) Ailədə özümüzə arxayın şəkildə davranmamaq üçün nəyi qəbul etməliyik? b) Ağsaqqallar bütün yığıncaqla əlaqədar qərarlar qəbul etməli olanda nəyi yadda saxlamalıdırlar?
10 Özünə arxayın olma. Hər hansı addım atmazdan əvvəl özümüzdən soruşmalıyıq: «Bu kimi qərarlar verməyə mənim ixtiyarım var?» Padşah Süleyman yazmışdı: «Lovğalıq gələndə şərəfsizlik gətirər, hikmət itaətkarın yanına gələr» (Sül. məs. 11:2).
11 Valideynlər bəzən uşaqlarına qərarlar qəbul etməyə icazə versələr də, uşaqlar heç vaxt bu ixtiyarı öz üzərlərinə götürməməlidirlər (Kolos. 3:20). Qadının ailədə müəyyən səlahiyyəti olsa da, o, ərinin başçılığına tabe olmalıdır (Sül. məs. 1:8; 31:10—18; Efes. 5:23). Eynilə, ərlər də ailədəki səlahiyyətlərinin məhdud olduğunu qəbul etməli və Məsihin başçılığına tabe olmalıdırlar (1 Kor. 11:3). Ağsaqqallar yığıncaqla əlaqədar çoxlu qərarlar verməli olurlar. Lakin bu zaman onlar Müqəddəs Kitabda yazılanlardan kənara çıxmalı deyillər (1 Kor. 4:6). Həmçinin sadiq nökərdən aldıqları rəhbərliyə dəqiq riayət etməlidirlər (Mat. 24:45—47). Əgər biz təvazökarlıq göstərərək yalnız ixtiyarımız çatdığı qərarlar versək, özümüzü və başqalarını bir çox narahatçılıqlardan və məyusluqdan qorumuş olacağıq.
12. a) Nəyə görə biz məsələni hərtərəfli araşdırmalıyıq? b) Bunu necə etmək olar? İzah et.
12 Məsələni hərtərəfli araşdır. «Çalışqanın niyyəti xeyir gətirər, tələsən ehtiyac içinə düşər», — deyə Süleyman yazmışdı (Sül. məs. 21:5). Tutaq ki, sənə işgüzar təklif gəlib. Hisslərə qapılaraq onu dərhal qəbul etməyə tələsmə. Əvvəla, bütün faktları topla, bu sahədə təcrübəsi olan insanlarla məsləhətləş və həmin məsələyə aid olan Müqəddəs Kitab prinsiplərini araşdır (Sül. məs. 20:18). Hər şeyi yerbəyer etmək üçün iki siyahı tərtib et — birində bu işin müsbət, digərində isə mənfi cəhətlərini qeyd et. Qərar verməzdən öncə oturub məsrəfləri hesabla (Luka 14:28). Bu qərarın maddi vəziyyətinə, ən əsası isə Yehova ilə münasibətlərinə necə təsir edəcəyini götür-qoy et. Məsələni hərtərəfli araşdırmaq üçün vaxt və səy tələb olunsa da, bu, bizi tez-tələsik qərar verməyin nəticəsində yaranan başağrısından qoruyacaq.
13. a) Yaqub 1:5 ayəsi bizi nəyə əmin edir? b) Duada Allahdan müdriklik diləməyin hansı köməyi dəyə bilər?
13 Duada Allahdan müdriklik dilə. Qərarlarımız yalnız o halda Allaha izzət gətirəcək ki, biz duada Ondan kömək diləyək. Şagird Yaqub yazmışdı: «Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən Allahdan daima diləsin və ona veriləcək» (Yaq. 1:5). Qərar vermək üçün Allahın müdrikliyinə ehtiyac duyduğumuzu etiraf etməkdə utanılası bir şey yoxdur (Sül. məs. 3:5, 6). Çünki yalnız özümüzə güvənərək hansısa qərar qəbul etsək, bu, bizi səhv istiqamətə yönəldə bilər. Allahdan kömək istəyəndə və Müqəddəs Kitab prinsiplərini araşdıranda müqəddəs ruh bizə hansı niyyətdən irəli gələrək bu və ya digər yolu tutmaq istədiyimizi görməyə kömək edəcək. (İbr. 4:12; Yaqub 1:22—25 ayələrini oxu.)
14. Qərar verməli olanda nəyə görə vaxtı uzatmamalıyıq?
14 Qərar ver. Əgər hələ araşdırma aparmamısansa və Allahdan müdriklik diləməmisənsə, bu addımı atmağa tələsmə. Müdrik insan diqqətlə «hər addımına nəzər salar» (Sül. məs. 14:15). Amma vaxtı uzatmaq lazım deyil. Çünki belə olan halda insan boş bəhanələr gətirməyə başlayacaq ki, təki lazım olan addımı atmasın (Sül. məs. 22:13). Bununla belə, o, öz qərarını verib — o qərarlaşdırıb ki, həyatını başqaları idarə etsin.
15, 16. Qərarımızı həyata keçirmək üçün nə tələb olunur?
15 Qərarını həyata keçir. Əgər biz öz qərarımıza əsasən davranmaq üçün səy göstərmiriksə, qərar vermək üçün sərf etdiyimiz vaxt hədər gedəcək. Süleyman yazmışdı: «Çalışmaq üçün nə bacarırsan, var gücünlə et» (Vaiz 9:10). Qərarımızı həyata keçirərkən vaxtımızdan və gücümüzdən düzgün istifadə etməliyik. Yalnız belə etdiyimiz təqdirdə uğur qazanacağıq. Tutalım, bir təbliğçi pioner olmaq qərarına gəlib. O, bu xidmətdə uğur qazanacaq? Qazanacaq, amma bir şərtlə: işinin və əyləncələrin onun xidmətə sərf etməli olduğu vaxtı və gücünü almasına yol verməsə.
16 Yaxşı qərarı həyata keçirmək çox vaxt asan olmur, çünki «bütün dünya... Şəririn əlindədir» (1 Yəh. 5:19). Biz «səmavi aləmdəki şər ruhi qüvvələrə... və bu zülməti idarə edən dünya hökmdarlarına qarşı» mübarizə aparmalıyıq (Efes. 6:12). Allahı izzətləndirmək qərarını verən insanların mübarizə aparmalı olacaqlarını həm həvari Pavel, həm də şagird Yəhuda demişdilər (1 Tim. 6:12; Yəhuda 3).
17. Qərarlar qəbul edərkən Allah bizdən nə gözləyir?
17 Qərarlarına yenidən nəzər sal və lazımdırsa, dəyişiklik et. Qərarlarımızın hamısı planlaşdırdığımız kimi həyata keçmir, çünki ‘zaman və fürsət’ hər kəsin qabağına çıxır (Vaiz 9:11). Amma elə qərarlar var ki, Yehova, üzləşdiyimiz sınaqlardan asılı olmayaraq, o qərarlara əsasən yaşamağımızı tələb edir. Əgər insan həyatını Yehovaya həsr edibsə və ya evlilik andı veribsə, qərarını dəyişməyi ağlına belə gətirməməlidir. Allah bu insanlardan öz qərarlarına uyğun davranacaqlarını gözləyir. (Məzmur 15:1, 2, 4 ayələrini oxu.) Amma əksər qərarlar bunlar qədər vacib deyil. Müdrik insan vaxtaşırı qərarlarına nəzər salır. O yol vermir ki, qürur və ya inadkarlıq qərarlarında dəyişiklik etməyə və ya onları tamamilə dəyişməyə mane olsun (Sül. məs. 16:18). Belə insan hər şeydən çox həyatının Allaha izzət gətirməsini istəyir.
Başqalarını da öyrət
18. Valideynlər uşaqlarına yaxşı qərarlar verməyi necə öyrədə bilərlər?
18 Uşaqlarının Allaha izzət gətirən qərarlar verməyi öyrənmələri üçün valideynlər çox şey edə bilərlər. İlk növbədə, valideynlər özləri bu sahədə yaxşı nümunə olmalıdır (Luka 6:40). Əgər münasibdirsə, valideynlər müəyyən bir qərarı necə verdiklərini uşaqlarına danışa bilərlər. Həmçinin onlar uşaqlarına icazə verə bilərlər ki, bəzi qərarları özləri versinlər. Əgər uşaqların qərarı düzgündürsə, onları tərifləyin. Bəs əgər düzgün deyilsə, onda necə? Adətən, valideynlərin etdiyi ilk şey uşaqlarını həmin qərarın pis nəticələrindən qorumaqdır, amma belə etməklə onlar, necə deyərlər, qaş düzəltdikləri yerdə vurub gözü çıxardırlar. Məsələn, valideyn uşağına sürücülük vəsiqəsi almağa icazə verib. Tutalım, uşaq yol hərəkəti qaydasını pozub və buna görə cərimələnib. Belə baxanda, cəriməni valideyn də ödəyə bilər. Amma uşaqdan işləyib özünün cəriməni ödəməsi tələb olunsa, çox ehtimal ki, o, öz hərəkətlərinə görə məsuliyyət daşımağı öyrənəcək (Rom. 13:4).
19. Müqəddəs Kitabı öyrətdiyimiz insanlara nəyi öyrətməliyik və bunu necə edə bilərik?
19 İsa şagirdlərinə başqalarını öyrətməyi tapşırmışdı (Mat. 28:20). Müqəddəs Kitabı öyrətdiyimiz insanlara öyrədə biləcəyimiz ən vacib dərslərdən biri düzgün qərar verməkdir. Bunun üçün biz onların əvəzinə qərar verməməliyik. Yaxşı olardı ki, onlara Müqəddəs Kitabın prinsipləri üzərində mülahizə yürütməyi öyrədək. Onda onlar özləri necə davranmalı olduqlarını biləcəklər. Axı «hər kəs özünə görə Allahın qarşısında cavab verəcək» (Rom. 14:12). Beləliklə, hamımızın Allahı izzətləndirən qərarlar vermək üçün tutarlı səbəbi var.
[Haşiyə]
a Bu mövzu daha ətraflı «Bizim Padşahlıq Xidmətimiz»in 2006-cı il noyabr sayının əlavə vərəqəsindəki «Mən qanın fraksiyalarına və öz qanımdan istifadə edilərək aparılan tibbi proseduralara necə yanaşıram?» məqaləsində müzakirə olunur.
Necə cavab verərdiniz?
• Biz nəyə görə qərarlar qəbul etməyi öyrənməliyik?
• Qorxu bizə necə təsir göstərə bilər və ona necə üstün gəlmək olar?
• Hansı altı addım bizə Allaha izzət gətirən qərarlar qəbul etməkdə kömək edəcək?
[16-cı səhifədəki çərçivə/şəkil]
Yaxşı qərar vermək üçün altı addım
1 Özünə arxayın olma
2 Məsələni hərtərəfli araşdır
3 Duada Allahdan müdriklik dilə
4 Qərar ver
5 Qərarını həyata keçir
6 Qərarlarına yenidən nəzər sal və lazımdırsa, dəyişiklik et
[15-ci səhifədəki şəkil]
Qətiyyətsiz insan fırtınalı dənizdə sükansız qayıq kimidir