Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/4 s. 3—5
  • Allahın necə rəhbərlik etdiyini dərk edirsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın necə rəhbərlik etdiyini dərk edirsənmi?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Allahın rəhbərliyinin aydın əlamətinə məhəl qoymadılar
  • Allah bu gün necə rəhbərlik edir?
  • Allahın rəhbərliyinə hay ver
  • Yehovanın göstərdiyi yolla gedin
    Gözətçi qülləsi 2024
  • Hər şeydə Allahın rəhbərliyini axtarın
    Gözətçi qülləsi 2008
  • Yehovanı unutmamalısan
    Gözətçi qülləsi 2009
  • Bilirsiniz?
    Gözətçi qülləsi 2019
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/4 s. 3—5

Allahın necə rəhbərlik etdiyini dərk edirsənmi?

NƏ İSRAİLLİLƏR, nə də ki misirlilər indiyə kimi belə bir şey görməmişdilər. İsrail xalqı Misirdən çıxan vaxt bir bulud dirəyi peyda olub onları hər gün müşayiət edirdi. Gecələr bulud od dirəyinə çevrilirdi. Bu, həqiqətən də, möhtəşəm görüntü idi! Müqəddəs Kitabda həm də sütun adlandırılan bu dirək haradan peyda olmuşdu? O, nəyi təmsil edirdi? Təxminən 3500 il bundan əvvəl yaşayan israillilərin ‘od və bulud dirəyinə’ münasibətindən biz nə öyrənirik? (Çıx. 14:24).

Allahın Kəlamında bu dirəyin kim tərəfindən və hansı məqsədlə verildiyi açıqlanır. Orada oxuyuruq: «Rəbb onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də gedə bilsinlər» (Çıx. 13:21, 22). Yehova xalqını Misirdən çıxarmaq və səhradan keçirmək üçün od və bulud dirəyindən istifadə etmişdi. Onlar yollarını davam etdirməyə həmişə hazır olmalı idilər ki, geridə qalmasınlar. Allahın xalqını təqib edən Misir qoşunları hücuma keçməyə hazırlaşanda dirək misirlilərlə israillilərin arasına keçib israilliləri müdafiə etdi (Çıx. 14:19, 20). Dirək onları Vəd edilmiş diyara ən qısa yolla aparmasa da, israillilər yalnız onu izləməklə ora çata bilərdilər.

Dirəyin həmişə yanlarında olması israilliləri əmin edirdi ki, Yehova onlarladır. Bu dirək Yehovanı təmsil edirdi və hərdən Yehova onun içindən xalqı ilə danışırdı (Say. 14:14; Məz. 99:7). Üstəlik, bulud göstərirdi ki, Allah Musanı xalqı üzərinə başçı təyin edib (Çıx. 33:9). Buludun görünməsi barədə sonuncu məlumat Qanunun təkrarı 31:14, 15 ayələrində qələmə alınıb. O zaman Yehova Yeşuanı Musanın xələfi təyin etdiyini təsdiqləmişdi. Bəli, israillilərin Vəd edilmiş diyara sağ-salamat çatması Yehovanın necə rəhbərlik etdiyini dərk etmələrindən və ona tabe olmalarından asılı idi.

Allahın rəhbərliyinin aydın əlamətinə məhəl qoymadılar

İsraillilər bu dirəyi ilk dəfə görəndə, yəqin, ürəklərində Allaha qarşı dərin ehtiram hissi yaranmışdı. Amma əfsuslar olsun ki, daima göz qabağında olan bu möcüzə Yehovaya möhkəm etibar edə biləcəkləri qədər onları heyran etməmişdi. Onlar dəfələrlə Allahın göstərişlərini şübhə altına qoyurdular. Məsələn, Misir ordusu onları təqib edəndə israillilər Yehovanın onları xilas etməyə qadir olduğuna inanmadılar. İsraillilər Musanın üstünə hücum çəkib onları ölümə aparmaqda günahlandırdılar (Çıx. 14:10—12). Qırmızı dənizin o biri sahilinə keçəndən sonra isə onlar susuzluqdan və aclıqdan öləcəklərini düşünərək Musaya, Haruna və Yehovaya qarşı giley-güzar etdilər (Çıx. 15:22—24; 16:1—3; 17:1—3, 7). Bunun üstündən bir neçə həftə keçmədi ki, xalq Harunu qızıl dana düzəltməyə məcbur etdi. Bir təsəvvür et: israillilər düşərgənin bir tərəfində duran od və bulud dirəyini görə-görə, digər tərəfində cansız bütə ibadət edirdilər, halbuki bu dirək onları Misirdən çıxaran Allahın onlarla olduğunun möcüzəvi əlaməti idi. Bu az imiş kimi, onlar: «Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!» — deyirdilər. Bu, Allaha qarşı necə də «böyük küfr» idi! (Çıx. 32:4; Neh. 9:18).

İsraillilərin dəfələrlə hörmətsizlik göstərərək Yehovanın rəhbərliyinə qarşı üsyan qaldırmalarına adam məəttəl qalır. Problemin kökü onların ruhani gözlərinin kor olmasında idi. İsraillilər sütunu öz gözləri ilə görsələr də, artıq onun mənasını dərk etmirdilər. Onlar əməlləri ilə ‘İsrailin Müqəddəsinin xətrinə dəyirdilər’. Buna baxmayaraq, Vəd edilmiş diyara çatanacan Yehova bu dirək vasitəsilə mərhəmətlə onlara rəhbərlik edirdi (Məz. 78:40—42, 52—54; Neh. 9:19).

Allah bu gün necə rəhbərlik edir?

Bizim günlərdə də Yehova xalqına aydın şəkildə rəhbərlik edir. Allah israillilərdən Vəd edilmiş diyarı özlərinin tapacaqlarını gözləmədiyi kimi, bizdən də yeni dünyaya özümüzün yol tapacağımızı gözləmir. Yehova İsa Məsihi yığıncağın Rəhbəri təyin edib (Mat. 23:10; Efes. 5:23). O, ruhla məsh edilmiş sadiq məsihçilərdən ibarət sadiq nökər sinfinə bəzi səlahiyyətlər həvalə edib. Bu nökər sinfi isə, öz növbəsində, bütün yığıncaqlarda nəzarətçilər təyin edir (Mat. 24:45—47; Tit. 1:5—9).

Sadiq nökər və ya nökərbaşı sinfini necə müəyyən etmək olar? İsanın bu sinif barədə dediklərinə diqqət yetirək: «Öz qulluqçularına vaxtlı-vaxtında yemək paylarını vermək üçün onların üzərində ağanın qoyacağı sadiq və ağıllı nökərbaşı kimdir? Ağası gələndə iş başında olan nökər necə də xoşbəxtdir!» (Luka 12:42, 43).

İsa nökərbaşı sinfini «sadiq» adlandırdı, yəni o, heç vaxt Yehovaya, İsaya və Allahın xalqına xəyanət etməyəcək və Müqəddəs Kitab həqiqətlərinə həmişə sadiq qalacaq. Onun «ağıllı» olması göstərir ki, bu sinif ‘Padşahlıq haqqındakı xoş xəbəri’ təbliğ etmək və ‘bütün millətlər içində şagird hazırlamaq’ kimi ən vacib işə rəhbərlik edərək sağlamdüşüncəlilik təzahür etdirir (Mat. 24:14; 28:19, 20). Nökərbaşı sinfi itaətkarlıqla «vaxtlı-vaxtında» sağlam və bəsləyici ruhani qida paylayır. Yehova nökərbaşıdan razıdır. Bu, Onun xidmətçilərinin sayının günü-gündən artmasından, vacib qərarlar verilərkən Yehovanın rəhbərlik etməsindən, Müqəddəs Kitab həqiqətlərini daha yaxşı başa düşməyə bizə köməklik göstərməsindən, düşmənlərə xalqını tamamilə məhv etməyə yol verməməsindən və bizə qəlb rahatlığı bəxş etməsindən görünür (Yeşaya 54:17; Filip. 4:7).

Allahın rəhbərliyinə hay ver

Allahın rəhbərliyini qiymətləndirdiyimizi necə göstərə bilərik? Həvari Pavel demişdi: «Sizə rəhbərlik edənlərə itaət edin və tabe olun» (İbr. 13:17). Lakin bu ayədə yazıldığı kimi davranmaq həmişə asan olmur. Özünü Musanın günlərindəki israillilərin yerinə qoy. Təsəvvür et ki, bir müddət səhrada dolaşdıqdan sonra dirək növbəti dayanacaq yerinə çatır. O, burada nə qədər duracaq? Bir gün, bir həftə, yoxsa bir neçə ay? «Bütün əşyalarımı çıxarım-çıxarmayım?» — deyə öz-özünə fikirləşirsən. Ola bilsin, sən əvvəlcə ən lazımi əşyaları çıxarırsan. Lakin bir neçə gündən sonra əşyalarını eşələməkdən bezib hamısını çıxarmaq qərarına gəlirsən. İşini qurtarana yaxın bir də görürsən ki, dirək qalxır və sən yenə də əşyalarını yığmalısan. Əlbəttə, bu, asan olmazdı. Buna baxmayaraq, israillilər bulud «qalxan zaman», yəni dərhal yola düşməli idilər (Say. 9:17—22).

Bəs biz Allahdan göstərişlər alanda onları dərhal yerinə yetiririk? Yoxsa vərdiş etdiyimiz kimi davranmağa davam edirik? İnsanlara Müqəddəs Kitabı necə öyrətməyə, əcnəbilərə şahidlik verməyə, müntəzəm olaraq ailəvi ibadətdə iştirak etməyə, konqresdə ədəbli davranışa və Xəstəxanalarla əlaqə komitəsi ilə əməkdaşlıq etməyə dair verilən ən son göstərişlərlə tanışıqmı? Məsləhətləri qəbul etməyimiz də Allahın rəhbərliyinə görə minnətdar olduğumuzu göstərir. Vacib qərarlar verməli olanda biz öz ağlımıza arxalanmırıq, əksinə, Yehovadan və Onun təşkilatından göstəriş gözləyirik. Balaca uşaq qasırğa zamanı valideynlərinə sığındığı kimi, biz də bu keşməkeşli dünyada problemlərlə üzləşəndə Yehovanın təşkilatına sığınırıq.

Yehovanın təşkilatının yerdəki hissəsində rəhbərlik edən insanlar qeyri-kamildirlər. Heç Musa da kamil deyildi. Bununla belə, dirək daima xatırladırdı ki, Allah onu Öz xalqı üzərinə başçı təyin edib və ondan razıdır. Qeyd etmək lazımdır ki, xalqın nə zaman yola düşəcəyini müəyyən etmək səlahiyyəti heç bir israilliyə verilməmişdi. Xalq ‘Musa vasitəsilə verdiyi əmrə görə Rəbbin buyurduğuna riayət edirdi’ (Say. 9:23). Beləliklə, xalqın nə zaman yola düşəcəyini Allah məhz Musa vasitəsilə bildirirdi.

Allahın müasir xalqı üçün, məcazi dillə desək, yola düşmək vaxtı gələndə Yehovanın nökərbaşı sinfi aydın işarə verir. Nökərbaşı bunu necə edir? «Gözətçi Qülləsi»ndə və «Bizim Padşahlıq Xidmətimiz»də çıxan məqalələr, yeni nəşrlər və konqreslərdə səslənən məruzələr vasitəsilə. Göstərişlər həmçinin yığıncaqlara baş çəkən səyyar nəzarətçilər, məktublar və ya yığıncaqda məsuliyyətləri olan qardaşların iştirak etdiyi teokratik məktəblər vasitəsilə verilir.

Sən Allahın bizə necə rəhbərlik etdiyini aydın görürsənmi? Bu son günlərdə Yehova təhlükəli səhraya oxşayan Şeytanın bu pis dünyasında xalqı olan bizlərə təşkilatı vasitəsilə rəhbərlik edir. Bunun sayəsində aramızda birlik, məhəbbət və təhlükəsizlik hökm sürür.

İsrail xalqı Vəd edilmiş diyara çatanda Yeşua dedi: «Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi» (Yeşua 23:14). Biz zərrə qədər də şübhə etmirik ki, Allahın müasir xalqı da vəd edilmiş yeni dünyaya daxil olacaq. Amma bizim orada olmağımız vacib bir amildən — Allahın bütün göstərişlərinə təvazökarlıqla riayət etməyimizdən asılıdır. Buna görə də gəlin həmişə Yehovanın bizə necə rəhbərlik etdiyini görək və ona riayət edək!

[5-ci səhifədəki şəkillər]

Yehovanın təşkilatının bu gün bizə rəhbərlik etməsinin üsulları:

Yeni nəşrlər

Teokratik məktəblər

Təbliğ xidməti üçün görüşlərdə aldığımız təlimlər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş