Yehovaya tam güvən. Və özünü təhlükəsizlikdə hiss et
«Nə vaxt Rəbbi çağırsam, məni eşidir» (MƏZ 4:3).
1, 2. a) Davud hansı təhlükəli vəziyyətlə üzləşmişdi? b) Bu məqalədə biz hansı məzmurları araşdıracağıq?
DAVUD artıq neçə illər idi ki, İsrail xalqı üzərində hökmranlıq edirdi. Artıq ahıl yaşlarında olan padşah təhlükəli vəziyyətə düşmüşdü. Hiyləgər oğlu Avşalom özünü padşah elan etdiyi üçün o, Yerusəlimi tərk etmək məcburiyyətində idi. Bu, az imiş kimi, yaxın dostu ona xəyanət etdi. Davud bir neçə sadiq tərəfdarları ilə birgə ayaqyalın və ağlaya-ağlaya Zeytun dağına çıxdı. Bundan sonra isə Şaulun nəslindən olan Şimey adlı bir nəfər Davudu lənətləyə-lənətləyə ona daş və torpaq atırdı (2 Şam. 15:30, 31; 16:5—14).
2 Davudun başına gələn bu bəlalar onu kədər və rüsvayçılıq içində ölülər diyarına endirdimi? Xeyr. Çünki o, Yehovaya etibar edirdi. Bunu Avşalomdan qaçması barədə bəstələdiyi üçüncü məzmurdan aydın görmək olar. Dördüncü məzmurun da müəllifi Davuddur. Hər iki məzmurda Allahın duaları eşitdiyinə və onlara cavab verdiyinə dair əminlik əks olunur (Məz. 3:4; 4:3). Bu məzmurlar bizi əmin edir ki, Yehova hər an sadiq xidmətçiləri ilədir; O, onlara dayaq olur və təhlükə zamanı qəlb rahatlığı bəxş edir (Məz. 3:5; 4:8). Gəlin bu məzmurları araşdıraq və görək onlar bizə özümüzü təhlükəsizlikdə hiss etməyə və Yehovaya etibar etməyə necə kömək edir.
Çoxları ‘əleyhimizə qalxanda’
3. Məzmur 3:1, 2 ayələrindən gördüyümüz kimi, Davud hansı vəziyyətlə üzləşmişdi?
3 Bir adam gəlib Davuda xəbər verdi: «İsraillilər Avşaloma rəğbət bəsləyir» (2 Şam. 15:13). Avşalomun bu qədər adamı öz tərəfinə necə çəkdiyinə təəccüb edərək Davud Yehovadan soruşur: «Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb? Əleyhimə qalxanlar nə qədər artıb? Mənim üçün çoxları deyir: “Allahdan ona xilas yoxdur”» (Məz. 3:1, 2). Bir çox israillilər elə düşünürdülər ki, Yehova Davudu Avşalomun və onun tərəfdarlarının əlindən xilas etməyəcək.
4, 5. a) Davud nəyə əmin idi? b) «Başımı ucaldan Sənsən» ifadəsinin mənası nədir?
4 Lakin Davud Yehovaya tam güvəndiyi üçün özünü təhlükəsizlikdə hiss edirdi. O oxuyur: «Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, şərəfimsən, başımı ucaldan Sənsən!» (Məz. 3:3). Davud əmin idi ki, qalxan əsgəri qoruduğu kimi, Yehova da onu müdafiə edəcəkdir. Düzdür, qocalmış padşah başıörtülü halda və rüsvayçılıq içində qaçmışdı, lakin Haqq-Taala onun vəziyyətini dəyişib əvvəlki şan-şöhrətini qaytaracaqdı. Yehova onun qamətini düzəldəcək və bir zamanlar olduğu kimi, başını uca edəcəkdi. Davud Yehovadan imdad diləyirdi, çünki dualarının cavabsız qalmayacağına əmin idi. Sənin də Yehovaya olan etibarın belə güclüdür?
5 Davud «başımı ucaldan Sənsən» deməklə səbirsizliklə gözlədiyi köməyin Yehovadan gələcəyinə dair əminliyini ifadə etmişdi. Başqa bir tərcümədə bu ayə belə səslənir: «Lakin Sən, ya Rəbb, həmişə məni təhlükədən qalxan kimi qoruyursan; mənə zəfər verirsən, cəsarətimi bərpa edirsən» («Today’s English Version»). Bir kitabda «başımı ucaldan Sənsən» ifadəsi haqda deyilir: «Allah kiminsə “başını” ucaldanda onun qəlbini ümid və təhlükəsizlik hissi ilə doldurur». Əlbəttə ki, taxt-tacından məhrum olan Davudun məyusluğa qapılmağa səbəbi vardı. Lakin Yehova onun ‘başını ucaldanda’ onun cəsarəti bərpa olunacaq, təhlükəsizlik hissi və Allaha etibarı möhkəmlənəcəkdi.
Rəbb mənə cavab verir
6. Nəyə görə Davud deyir ki, Yehova onun duasına müqəddəs dağından cavab verir?
6 Davud Yehovaya etibar etdiyi və dualarına cavab alacağına əmin olduğu üçün növbəti sözləri deyir: «Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir» (Məz. 3:4). Yehovanın iştirakının rəmzi olan Əhd sandığı, Davudun əmrinə əsasən, Sion dağına gətirilmişdi. (2 Şamuel 15:23—25 ayələrini oxu.) Buna görə də Davud deyir ki, Yehova onun duasına müqəddəs dağından cavab verir.
7. Nəyə görə Davud heç nədən qorxmurdu?
7 Yehovaya dua etməyin əbəs olmadığına əmin olan Davud qorxmurdu. Əksinə, o oxuyurdu: «Mən yatıram, yuxuya gedirəm, yenə oyanıram, çünki Rəbb mənə kömək edir» (Məz. 3:5). Hətta qəfil hücum ehtimalı daha yüksək olan gecə vaxtı belə Davud yatmağa qorxmurdu. O, səhər sağ-salamat oyanacağına zərrə qədər də şübhə etmirdi, çünki şəxsi təcrübəsindən bilirdi ki, Yehovanın köməyinə həmişə güvənmək olar. Əgər «Rəbbin yolunu» tutsaq və ondan heç vaxt dönməsək, bizdə də belə əminlik olacaq. (2 Şamuel 22:21, 22 ayələrini oxu.)
8. Məzmur 27:1—4 ayələri Davudun Yehovaya güvəndiyini necə göstərir?
8 Davudun bəstələdiyi başqa məzmurdan da onun özünü təhlükəsizlikdə hiss etdiyini və Yehovaya tam güvəndiyini görmək olar. Orada yazılıb: «Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, mən kimdən vahimələnim?.. Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz... Rəbdən bir arzum, bir istəyim var: bütün ömrüm boyu Rəbbin evində yaşayım, məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim» (Məz. 27:1—4). Əgər sən onun hisslərinə şəriksənsə və şəraitin yol verirsə, həmimanlılarınla birgə müntəzəm olaraq yığıncaq görüşlərində iştirak edəcəksən (İbr. 10:23—25).
9, 10. Məzmur 3:6, 7 ayələrində yazılan sözlərə baxmayaraq, nəyə əsasən demək olar ki, Davud heç vaxt qisas almırdı?
9 Avşalomun və bir çox başqa insanların Davuda xəyanət etməsinə baxmayaraq, o oxuyurdu: «Hər yandan məni mühasirəyə alan on minlərlə xalqdan qorxmuram. Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, pislərin dişlərini qırırsan» (Məz. 3:6, 7).
10 Davud ona edilən pisliklərin əvəzini çıxmırdı. Düşmənlərin ‘əngindən vurmaq’ lazım gələrdisə, bunu Allah edəcəkdi. Padşah Davud özü üçün Qanunun surətini köçürdüyünə görə Yehovanın «qisas Mənimdir, əvəzini Mən verəcəyəm» əmrindən xəbəri var idi (Qanun. t. 17:14, 15, 18; 32:35). ‘Pislərin dişlərini qırmaq’ ixtiyarı da Yehovaya məxsusdur. Bu, pislik edə bilməsinlər deyə onları zərərsizləşdirmək deməkdir. Yehova kimlərin pis olduğunu bilir, axı O, ‘ürəyə baxır’ (1 Şam. 16:7). Yehovaya necə də minnətdarıq ki, tezliklə ümmana atılaraq layiqli cəzasını alacaq nərə çəkən dişsiz aslana — pisliyin başında duran Şeytana müqavimət göstərməyimiz üçün bizə iman və güc verir (1 Pet. 5:8, 9; Vəhy 20:1, 2, 7—10).
«Qurtuluş Rəbdəndir»
11. Nəyə görə biz bacı-qardaşlarımız üçün dua etməliyik?
11 Davud dərk edirdi ki, ehtiyac duyduğu qurtuluşu ona yalnız Yehova verməyə qadirdir. Lakin məzmurçu təkcə özü haqda yox, Yehovanın seçilmiş xalqı barədə də düşünürdü. Buna görə də o, Allahdan ilham alaraq yazdığı üçüncü məzmura belə yekun vurur: «Qurtuluş Rəbdəndir, qoy Sənin xeyir-duan xalqının üzərində olsun!» (Məz. 3:8). Davudun dərdi az deyildi, buna baxmayaraq, o, Allahın xalqını heç vaxt unutmurdu və əmin idi ki, Allah Öz xalqına xeyir-dua verəcək. Məgər biz də həmişə həmimanlılarımız barədə düşünməli deyilik? Gəlin onlar haqda dua etməyi unutmayaq və Yehovadan onlara müqəddəs ruh verməsini xahiş edək ki, cəsarətlə və Allaha tam güvənərək xoş xəbəri təbliğ edə bilsinlər (Efes. 6:17—20).
12, 13. Avşalomun aqibəti necə oldu və Davuda bu, necə təsir etmişdi?
12 Döyüş zamanı Avşalomun qoşunu məğlubiyyətə uğradı, özü isə qatıra minib qaçdı. Lakin onun qalın saçları böyük ağacın sıx budaqlarına ilişdi və o, köməksiz vəziyyətdə yerlə göy arasında asılı qaldı. Yoav ona çatanda əlinə üç mizraq alıb onun ürəyinə sapladı (2 Şam. 18:6—17). Bəli, başqaları ilə, xüsusilə də Davud kimi Allahın məsh olunmuşları ilə pis rəftar edənlər üçün Avşalomun şərəfsiz ölümü bir xəbərdarlıqdır. (Süleymanın məsəlləri 3:31—35 ayələrini oxu.)
13 Davud oğlunun ölümü barədə xəbər tutanda sevindimi? Yox. Əksinə, dərddən özünə yer tapmayan Davud otaqda oyana-bu yana gedərək: «Oğlum Avşalom, oğlum, oğlum Avşalom! Kaş sənin yerinə mən öləydim, oğlum! Oğlum, Avşalom!» — deyə hönkür-hönkür ağlayırdı (2 Şam. 18:24—33). Yalnız Yoavın sözlərindən sonra Davud özünə gəldi. Xudbin arzularına qapılaraq Yehovanın məsh olunmuşu olan atasına qarşı çıxan, bununla da başına bəla açan Avşalomun aqibəti necə də pis oldu! (2 Şam. 19:1—8; Sül. məs. 12:21; 24:21, 22).
Davudun Allaha etibarı sarsılmır
14. Dördüncü məzmur barədə nə demək olar?
14 Üçüncü məzmur kimi, dördüncü məzmur da Davudun səmimi duasıdır. Bu məzmurdan da biz Davudun Yehovaya tam güvəndiyini görürük (Məz. 3:4; 4:3). Ehtimal ki, Davud bu nəğməni Avşalomun qurduğu sui-qəsd müvəffəqiyyətsizliyə uğrayanda qəlbində duyduğu rahatlığı ifadə etmək və Allaha minnətdarlığını bildirmək üçün bəstələmişdi. Yaxud da, ola bilsin, o, bu nəğməni levililər üçün yazmışdı. Hər necə olursa-olsun, bu məzmurun üzərində düşünmək Yehovaya etibarımızı daha da möhkəmləndirəcək.
15. Nəyə görə biz İsa Məsihin vasitəsilə Yehovaya əminliklə dua edə bilərik?
15 Bu məzmurda da Davud Yehovaya tam etibar etdiyini və dualarını eşidib onlara cavab verdiyinə əmin olduğunu deyir. O oxuyur: «Səni çağıranda mənə cavab ver, ey adil Allahım! Dara düşən zaman məni genişə çıxar, mənə lütf edib duama qulaq as!» (Məz. 4:1). Əgər saleh insan olsaq, bizdə də belə əminlik olacaq. «Adil» Allah olan Yehova saleh xidmətçilərindən heç vaxt Öz xeyir-duasını əsirgəmir. Buna görə də biz İsa Məsihin fidyə qurbanlığına iman gətirərək onun vasitəsilə əminliklə Yehovaya duada müraciət edə bilərik (Yəh. 3:16, 36). Bunun gətirdiyi qəlb rahatlığını sözlə ifadə etmək mümkün deyil!
16. Davudun qəlb rahatlığını alan nə idi?
16 Bəzən üzləşdiyimiz vəziyyətlər bizim qəlb rahatlığımızı ala bilər. Davud da bir müddət belə hala düşmüşdü. O oxuyurdu: «Ey insan övladları, nə vaxtadək şərəfimi rüsvayçılığa çevirəcəksiniz? Nə vaxtadək boş şeylərə meyl göstərib, yalan axtaracaqsınız?» (Məz. 4:2). Görünür, «insan övladları» ifadəsi mənfi mənada bütün bəşəriyyətə aiddir. Davuda düşmən kəsilmiş adamlar ‘boş şeylərə meyl göstərirdilər’. Bir Müqəddəs Kitab tərcüməsində bu ayə belə səslənir: «Nə vaxtadək siz yalanı sevəcəksiniz və saxta allahları axtaracaqsınız?» («New International Version»). Başqalarının etdikləri bizi ruhdan salsa da, gəlin ürəkdən Yehovaya dua etməyə və vahid həqiqi Allahımıza tam güvənməyə davam edək.
17. Məzmur 4:3 ayəsində yazılanlara əsasən, biz necə davrana bilərik? İzah et.
17 Davudun Yehovaya etibar etdiyini növbəti sözlərindən də görmək olar: «Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; nə vaxt Rəbbi çağırsam, məni eşidir» (Məz. 4:3). Allaha sadiq qalmaq üçün biz cəsarətli olmalı və Ona tam etibar etməliyik. Bu xüsusiyyətlər tövbə etməyən qohumları yığıncaqdan xaric edilən məsihçi ailələrinə xüsusilə lazımdır. Yehova Ona və yollarına sadiq qalan xidmətçilərinə xeyir-dua verir. Cəsarət və Yehovaya tam etibar isə, öz növbəsində, Onun xalqı arasında sevincə səbəb olur (Məz. 84:11, 12).
18. Kimsə sərt sözü və ya hərəkəti ilə qəlbimizə dəyibsə, Məzmur 4:4 ayəsinə əsasən, nə etməliyik?
18 Bəs əgər kiminsə sözü və ya hərəkəti bizi məyus edirsə, onda necə? Davudun dediyi kimi davransaq, sevincimizi itirməyəcəyik. O demişdi: «Qorxub-titrəyin, günah etməyin, yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin» (Məz. 4:4). Əgər kiminsə sərt sözü və ya hərəkəti qəlbimizə toxunubsa, gəlin heç vaxt bunun əvəzini çıxmağa çalışaraq günaha yol verməyək (Rom. 12:17—19). Gəlin Davudun dediyi kimi, ‘yatağımızda’ olarkən hisslərimizi Yehova ilə bölüşək. Əgər bizi narahat edən məsələ barədə dua etsək, ona başqa gözlə baxacağıq və xətrimizə dəyən insanı məhəbbətdən irəli gələrək bağışlayacağıq (1 Pet. 4:8). Həvari Pavelin bununla bağlı verdiyi məsləhət diqqətəlayiqdir. O yazır: «Qəzəblənsəniz də günah işləməyin; qoy hirsiniz gün batmamış soyusun, İblisə fürsət verməyin» (Efes. 4:26, 27). Ehtimal ki, bu məsləhət Məzmur 4:4 ayəsinə əsaslanır.
19. Məzmur 4:5 ayəsinə əsasən, ruhani qurbanlar gətirərkən nəyi yadda saxlamalıyıq?
19 Allaha etibar etməyin vacibliyini vurğulayaraq Davud oxuyur: «Salehlik qurbanları kəsin, Rəbbə güvənin» (Məz. 4:5). Qurbanları Allaha məqbul olması üçün israillilər onları düzgün niyyətdən irəli gələrək gətirməli idilər (Yeşaya 1:11—17). Əgər ruhani qurbanlarımızın Allaha məqbul olmasını istəyiriksə, bizim də niyyətlərimiz düzgün olmalıdır və Allaha tam etibar etməliyik. (Süleymanın məsəlləri 3:5, 6; İbranilərə 13:15, 16 ayələrini oxu.)
20. «Rəbbin üzünün nuru» ifadəsi nəyi bildirir?
20 Davud davam edir: «Çoxları deyir: “Kim bizə yaxşılıq edəcək?” Ya Rəbb, üzünün nurunu üstümüzə sal» (Məz. 4:6). «Rəbbin üzünün nuru» ifadəsi Allahın lütfünü bildirir (Məz. 89:15). Beləliklə, Davud: «Üzünün nurunu üstümüzə sal», — deyə dua edəndə Yehovadan ona «lütf göstərməsini» xahiş edirdi. Biz də Yehovaya etibar edirik, buna görə O, bizə lütf göstərir və Onun iradəsini yerinə yetirmək bizə sevinc verir.
21. Ruhani biçin işində fəal surətdə iştirak ediriksə, nəyə əmin ola bilərik?
21 Davud Yehovanın verəcəyi sevinci gözləyirdi, çünki bu sevinc insanların biçin vaxtı duyduğu sevincdən daha böyük idi. O oxuyurdu: «Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox mənim qəlbimə sevinc verdin» (Məz. 4:7). Əgər hal-hazırda gedən ruhani biçində fəal iştirak ediriksə, bizim də ürəyimiz sevincdən dolub-daşacaq (Luka 10:2). Biz çox şadıq ki, çoxsaylı ‘millət’ olan məsh olunmuşların bu işə rəhbərlik etmələri sayəsində «biçinçi»lərin sayı günü-gündən artır (Yeşaya 9:3). Bu sevindirici işdə sən də ürəkdən iştirak edirsənmi?
Yehovaya tam etibar edərək irəli!
22. Məzmur 4:8 ayəsindən gördüyümüz kimi, israillilər Allahın qanunlarına riayət edəndə necə yaşayırdılar?
22 Davud dördüncü məzmura belə yekun vurur: «Arxayın yatıb yuxuya gedirəm, çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!» (Məz. 4:8). İsraillilər Yehovanın qanunlarına əməl edəndə Onunla münasibətləri yaxşı idi və özlərini təhlükəsizlikdə hiss edirdilər. Məsələn, Süleymanın hökmranlıq etdiyi dövr barədə Müqəddəs Kitabda deyilir: «Yəhuda və İsraildə hər kəs... dinclik içində yaşayırdı» (1 Pad. 4:25). Hətta qonşu xalqlar onlara ədavətli münasibət göstərəndə belə Allaha etibar edənlər özlərini təhlükəsizlikdə hiss edirdilər. Davud kimi, biz də rahat yatırıq, çünki Allah bizə təhlükəsizlik hissi verir.
23. Əgər Yehovaya tam etibar ediriksə, hansı hissləri keçirəcəyik?
23 Gəlin bundan sonra da əminliklə Yehovaya xidmət edək. Həmçinin gəlin imanla dua edək, onda bütün insan fikirlərini üstələyən «Allahın verdiyi qəlb rahatlığı»nı hiss edəcəyik (Filip. 4:6, 7). Və qəlbimiz, həqiqətən də, sevinclə dolacaq! Üstəlik, əgər Yehovaya həmişə etibar etsək, gələcəyə əminliklə baxacağıq.
Necə cavab verərdiniz?
• Davudun başına oğlu Avşalomun ucbatından nələr gəlmişdi?
• Üçüncü məzmura əsasən, nəyə görə özümüzü təhlükəsizlikdə hiss etməyə əsas var?
• Dördüncü məzmur Yehovaya olan etibarımızı necə möhkəmləndirir?
• Yehovaya tam etibar etsək, hansı xeyir-duaları biçəcəyik?
[29-cu səhifədəki şəkil]
Avşalomdan qaçmalı olsa da, Davud Yehovaya tam güvənirdi
[32-ci səhifədəki şəkillər]
Sən Yehovaya tam etibar edirsən?