Oxucuların sualları
İllik hesabatdakı məlumatları necə başa düşməliyik?
Biz hər il «İllik məcmuə»də dərc edilən xidmət hesabatını böyük səbirsizliklə gözləyirik. Yehovanın xalqının ümumdünya təbliğ və təlim işində əldə etdiyi nailiyyətlər barədə oxumaq bizim üçün çox sevindiricidir. Ancaq hesabatı daha yaxşı başa düşmək üçün biz rəqəmlərin və başlıqların mənasını bilməliyik. Gəlin bir neçə nümunəyə nəzər salaq.
Xidmət ili. Xidmət ili sentyabrdan başlayıb növbəti təqvim ilinin avqust ayında bitir. «İllik məcmuə»də ötən xidmət ili üçün hesabat dərc olunur. Məsələn, 2011-ci il üçün olan «İllik məcmuə»dəki hesabat 2009-cu il sentyabrın 1-dən 2010-cu il avqustun 31-dək davam edən 2010-cu xidmət ili üçün olan hesabatdır.
Təbliğçilərin yüksək və orta sayı. Təbliğçilərin sayına həm vəftiz olunmuş, həm də vəftiz olunmamış təbliğçilər daxildir. Təbliğçilərin yüksək sayı ən çox təbliğçilərin hesabat verdiyi aydan götürülür. Həmin saya vaxtında verilməyən və bu səbəbdən növbəti aya keçirilən hesabatlar da daxil ola bilər. Buna görə də bəzi təbliğçilər iki dəfə hesablanır. Lakin təbliğçilərin yüksək sayına təbliğdə iştirak edən, ancaq təbliğ haqda hesabat verməyi unudan təbliğçilər daxil deyil. Bu, təbliğçilərin hər ay təbliğ haqda hesabatı vermələrinin vacibliyini göstərir. Təbliğçilərin orta sayı deyildikdə isə hər ay təbliğ haqda hesabatlarını verən təbliğçilər nəzərdə tutulur.
Ümumi saat. 2011-ci ilin «İllik məcmuə»sinə əsasən, Yehovanın Şahidləri təbliğ xidmətinə bir milyard altı yüz milyondan çox saat sərf etmişlər. Lakin bu saya ümumilikdə və müntəzəm olaraq ibadətə, məsələn, ağsaqqalların yığıncaqdakı işlərinə, yığıncaq görüşlərində iştirak etməyimizə, eləcə də Müqəddəs Kitabı şəxsən öyrənmək və üzərində düşünmək üçün sərf olunan saatlar daxil deyil.
Xərclər. Yehovanın Şahidləri 2010-cu xidmət ili ərzində xüsusi pionerləri, missionerləri və səyyar nəzarətçiləri təbliğ xidməti təyinatlarında təmin etmək üçün 155 milyondan çox ABŞ dolları xərcləmişdir. Lakin bu məbləğə Müqəddəs Kitab və ona əsaslanan nəşrlər çap etmək, həmçinin könüllü olaraq bütün dünyadakı filiallarda xidmət edən 20 000-dən çox bet-ellinin ehtiyaclarını ödəmək üçün sərf olunan vəsait daxil deyil.
Simvollardan qəbul edənlərin sayı. Bura Xatirə Gecəsində simvollardan qəbul edən bütün vəftiz olunmuş Yehovanın Şahidləri daxildir. Bəs bu, yer üzündə yaşayan bütün məsh edilmişlərin sayını bildirirmi? Yox. Müəyyən amillər, məsələn, insanın keçmiş etiqadları, hətta psixi və ya emosional problemləri səhv olaraq onda məsh edilmiş olması fikrinin yaranmasına səbəb ola bilər. Buna görə də yer üzündə yaşayan məsh edilmişlərin dəqiq sayı bizə məlum deyil və ümumiyyətlə, bunu bilməyimizə ehtiyac yoxdur. Rəhbərlik Şurası simvollardan qəbul edənlərin siyahısını tərtib etmira.
Biz bilirik ki, böyük müsibət başlayanda Allahımızın qulları olan məsh edilmişlərin bəziləri yer üzündə olacaq (Vəhy 7:1—3). Nə qədər ki mələklər böyük müsibətin dağıdıcı küləklərini buraxmayıb, məsh edilmiş məsihçilər təbliğ və təlim işini səylə görməyə davam edəcəklər. Bəli, illik hesabat bəşər tarixində ən vacib iş olan təbliğ işində Yehovanın xalqının əldə etdiyi nailiyyətlərdən xəbərdar olmağımıza kömək edir.
[Haşiyə]
a «Gözətçi Qülləsi»nin 2009-cu il 15 iyun sayının 24-cü səhifəsindəki «Sadiq nökərbaşı və onun Rəhbərlik Şurası» adlı məqaləyə baxın.