Həyatım boyu güc mənbəyim olan vərdiş
Nəql etdi Marso Lerua
MƏN otağıma girib gizlicə oxumağa başladım: «Başlanğıcda Allah göyləri və yeri yaratdı». Nəyə görə gizlicə? Çünki bilirdim ki, qatı ateist olan atamın əlimdəki kitabı — Müqəddəs Kitabı görəsi gözü yoxdur.
Əvvəllər Müqəddəs Kitabı oxumaq mənə heç vaxt nəsib olmamışdı və «Yaradılış» kitabının ilk sözlərini oxuyanda, elə bil, məni ildırım vurdu. «Məni həmişə heyrətə gətirən fiziki qanunlar arasındakı harmoniyanın səbəbi, sən demə, bu imiş!» — deyə öz-özümə fikirləşdim. Bu, mənə o qədər təsir etmişdi ki, axşam saat 8-dən səhər saat 4-ə qədər kitab əlimdən düşmədi. Həmin gündən etibarən Allahın Kəlamını oxumaq məndə vərdiş halını aldı. Bu vərdişin ömrüm boyu mənim üçün güc mənbəyi necə olduğunu sizinlə bölüşmək istərdim.
«Onu hər gün oxumalı olacaqsan»
Mən 1926-cı ildə Fransanın şimalında, şaxtaçıların yaşadığı Vermel kəndində dünyaya göz açmışam. Mən də şaxtada işləyirdim. İkinci Dünya müharibəsi zamanı kömür dövlət əhəmiyyətli məhsul olduğu üçün, bütün şaxtaçılar kimi, mən də hərbi xidmətdən azad edilmişdim. Bununla belə, maddi vəziyyətimi yaxşılaşdırmaq üçün radioelektronikanı öyrənməyə başladım. Mən fiziki qanunlar arasında əsil harmoniyanın hökm sürdüyünü başa düşdüm. 21 yaşımda qrup yoldaşlarımdan biri mənə Müqəddəs Kitabı verib dedi: «Bu kitabı oxumağa dəyər». Bu, mənim ilk Müqəddəs Kitabım oldu. Onu oxuyub qurtardıqdan sonra əmin oldum ki, o, həqiqətən də, Allahın Kəlamı, Onun bəşəriyyətə ünvanladığı xəbərdir.
Düşünürdüm ki, Müqəddəs Kitabı oxumaq qonşularım üçün də maraqlı olacaq. Buna görə də əlavə olaraq səkkiz nüsxə Müqəddəs Kitab əldə etdim. Amma istehza və təqiblərlə üzləşəndə təəccübdən donub yerimdə qalmışdım. Mövhumatçı qohum-əqrəbalarım mənə dedilər: «Bu kitabı oxumağa başladınsa, onu hər gün oxumalı olacaqsan». Mən belə də etdim və indiyədək peşman olmamışam. Bu, mənim həyatımın ayrılmaz bir hissəsi oldu.
Müqəddəs Kitaba olan marağımı görən bəzi qonşularım mənə Yehovanın Şahidlərindən aldıqları nəşrləri verdilər. «Bir dünya, bir hökumət»a (şəkildə fransızca göstərilib) broşürasında olduğu kimi, digər broşüralarda da izah olunurdu ki, nəyə görə Müqəddəs Kitabda Allahın Padşahlığı bəşəriyyət üçün yeganə ümid yeri adlanır (Mat. 6:10). Bundan sonra ümidimi başqaları ilə bölüşmək əzmim daha da artdı.
Müqəddəs Kitabı məndən qəbul edən ilk adam uşaqlıq dostum Noel idi. O, katolik olduğu üçün keşiş olmağa hazırlaşan bir nəfərlə bizim üçün görüş təşkil etdi. Mən çəkinirdim. Lakin Məzmur 115:4—8 və Matta 23:9, 10 ayələrindən Allahın ibadətdə bütlərdən istifadə edilməsini və keşişlərə dini titullarla müraciət olunmasını bəyənmədiyini bilmək yeni etiqadımı müdafiə etməkdə mənə cəsarət verdi. Həmin söhbətdən sonra Noel həqiqəti qəbul etdi və ta bu günə qədər Yehovaya sədaqətlə xidmət edir.
Günlərin bir günü böyük bacımgilə qonaq getdim. Onun həyat yoldaşının cindarlıqla bağlı kitabları var idi və cinlər onu narahat edirdi. Əvvəl-əvvəl özümü aciz hiss etsəm də, İbranilərə 1:14 ayəsi, eləcə də bu kimi digər ayələr məni əmin etdi ki, Yehovanın mələkləri məni müdafiə edir. Bacımın əri Müqəddəs Kitab prinsiplərini tətbiq edəndə və sehrbazlıqla bağlı hər şeyi atanda cinlər onu rahat buraxdılar. Onların hər ikisi Yehovaya canla-başla xidmət etməyə başladı.
1947-ci ildə Amerikadan olan Artur Emion adında bir qardaş bizə baş çəkdi. Sevincimin həddi-hüdudu yox idi. Ondan Yehovanın Şahidlərinin görüşlərinin harada keçirildiyini soruşanda o dedi ki, təxminən 10 kilometr uzaqlıqda yerləşən Leven şəhərində bir qrup var. Həmin illərdə adi velosiped belə almaq müşkül məsələ idi. Buna görə də bir neçə ay ərzində görüşlərə piyada gedib-gəlirdim. 8 il bizim fəaliyyətimiz dövlət tərəfindən qadağan edilmişdi. Ölkədə cəmi-cümlətanı 2380 Şahid var idi və onların əksəriyyəti Polşadan gələn mühacirlər idi. Lakin 1947-ci il sentyabrın 1-i Fransa hökuməti Yehovanın Şahidlərini rəsmi olaraq yenidən tanıdı. Parisin Villa Qiber rayonunda bizim filialımız yenidən fəaliyyətə başladı. Həmin vaxt Fransada bir nəfər də olsun pioner olmadığı üçün 1947-ci ilin dekabr sayının «İnformator» vərəqəsində (hal-hazırda «Bizim Padşahlıq Xidmətimiz» adlanır) təşkilat bacı-qardaşları daimi pioner xidmətinə başlamağa təşviq etdi. Həmin illərdə daimi pioner ayda 150 saat təbliğ edirdi. (Ancaq 1949-cu ildə bu norma 100 saata endirildi.) İsanın Yəhya 17:17 ayəsində yazılan «Sənin sözün həqiqətdir» sözlərinə uyğun olaraq, 1948-ci ildə vəftiz oldum, 1949-cu ilin dekabr ayında isə daimi pioner xidmətinə başladım.
Həbsxanadan sonra yenidən Dünkerk şəhərində
İlk təyinatım Fransanın cənubunda yerləşən Ajen şəhəri idi, lakin burada xidmətim çox çəkmədi. Çünki artıq şaxtada işləmədiyim üçün məni hərbi xidmətə çağırdılar, ancaq hərbi xidmətdən imtina etdiyimdən həbsxanaya göndərildim. Həbsxanada mənə Müqəddəs Kitab vermirdilər. Lakin «Zəbur» kitabının bir neçə məzmurunu əldə edə bildim. Onları oxuduqca ruhlanırdım. Azadlığa çıxandan sonra seçim qarşısında idim: tammüddətli xidmətimi davam etdirim, yoxsa özüm üçün şərait qurum? Bu vəziyyətdə də Müqəddəs Kitab köməyimə çatdı. Mən Pavelin Filipililərə 4:11—13 ayələrində yazdığı: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır», — sözlərini götür-qoy etdim. Pioner xidmətini davam etdirmək qərarına gəldim və vaxtilə xidmət etdiyim Dünkerk şəhərinə 1950-ci ildə yenidən təyin olundum.
Şəhərə gələndə heç nəyim yox idi. İkinci Dünya müharibəsi zamanı şəhərə ciddi ziyan dəymişdi və ev tapmaq müşkül məsələ idi. İlk dəfə bu şəhərdə olarkən təbliğ etdiyim bir ailəyə baş çəkmək qərarına gəldim. Evin xanımı məni görəndə çox sevindi və dedi: «O! Cənab Lerua, sizi buraxıblar! Ərim deyir ki, sizin kimi adamlar çox olsaydı, heç vaxt müharibə olmazdı». Onların kiçik mehmanxanası var idi və turist mövsümü başlayanadək mənə otaqların birində qalmağı təklif etdilər. Elə həmin gün Artur Emionun qardaşı Evansb mənə iş təklif etdi. O, dəniz limanında tərcüməçi işləyirdi və gəmi üçün gecə keşikçisi axtarırdı. Evans məni kapitanın baş köməkçisi ilə tanış etdi. Həbsxanadan çıxanda bir dəri, bir sümük qalmışdım. Evans bunun səbəbini izah etdikdən sonra kapitanın köməkçisi dedi ki, soyuducudan özümə yemək götürüm. Bir günün içində mən qalmağa yer, iş və qida tapdım! Bundan sonra Matta 6:25—33 ayələrində yazılan İsanın sözlərinə etibarım daha da artdı.
Turist mövsümü başlayanda tərəf müqabilim Simon Apolinarski ilə birgə başqa ev axtarmalı olsaq da, xidmətimizi dayandırmağı heç ağlımızdan belə keçirmirdik. Bizə köhnə at tövləsində qalmağa yer təklif etdilər. Biz orada samandan düzəldilmiş döşəklərdə yatırdıq. Bütün günümüz xidmətdə keçirdi. Fürsətdən istifadə edib tövlənin sahibinə təbliğ etdik və bir çox insanlar kimi, o da həqiqəti qəbul etdi. Bundan bir qədər sonra yerli qəzetlərin birində Dünkerkin sakinlərini «bu ərazidə Yehovanın Şahidlərinin qızğın fəaliyyəti»ndən xəbərdar edən məqalə çıxdı. Əslində isə məndən, Simondan və bir neçə təbliğçidən savayı, burada başqa Şahidlər yox idi. Çətinliklərlə üzləşəndə gələcəyə olan ümidimiz və Yehovanın qayğımıza necə qaldığı üzərində düşünmək bizi ruhlandırırdı. 1952-ci ildə təyinatım dəyişiləndə Dünkerkdə təbliğdə fəal iştirak edən təxminən 30 təbliğçi var idi.
Yehova məni yeni məsuliyyətlər üçün möhkəmləndirir
Amyen şəhərində qısa müddət qaldıqdan sonra Parisin yaxınlığında yerləşən Bulon-Biyankura xüsusi pioner təyin olundum. Mən bir çox insanlarla Müqəddəs Kitabı öyrənirdim. Onlardan bəziləri tammüddətli xidmətçi və missioner oldular. Həqiqəti qəbul edənlərin arasında Qay Mabila adlı bir gənc oğlan var idi. Əvvəlcə rayon, sonra isə vilayət nəzarətçisi kimi xidmət edən bu qardaş hal-hazırda Bet-Elin yerləşdiyi Luvye şəhərində (Parisin yaxınlığında yerləşir) tipoqrafiya binasının tikintisinə nəzarət edirdi. Xidmətdə tez-tez Müqəddəs Kitab barədə danışdığım üçün Allahın Kəlamı ürəyimin dərinliklərində həkk olunurdu. Bu, mənə sevinc bəxş edirdi, öyrətmək qabiliyyətim isə getdikcə püxtələşirdi.
Tamamilə gözlənilmədən 1953-cü ildə Elzas-Lotaringiya vilayətinə rayon nəzarətçisi təyin olundum. 1871—1945-ci illər arasında Almaniya iki dəfə bu ərazini öz ölkəsinin tərkibinə daxil etmişdi. Bu isə o demək idi ki, mən alman dilini öyrənməli idim. Rayon nəzarətçisi kimi xidmətə təzə-təzə başlayanda həmin ərazidə avtomobil, televizor və çap maşını az adamda tapılardı, radio və kompüter isə ümumiyyətlə heç kəsdə yox idi. Buna baxmayaraq, həyatım nə darıxdırıcı, nə də ki maraqsız keçirdi, əksinə, bu, ömrümün ən sevindirici illəri idi. Müasir zəmanə ilə müqayisədə diqqəti yayındıran şeylər çox az olduğu üçün gözü tox saxlamaq və sadə həyat sürmək daha asan idi (Mat. 6:19—22).
1955-ci ildə Parisdə keçirilən «Zəfər çalan Padşahlıq» adlı konqres yaddaşımda silinməz iz qoydu. Burada mən gələcək həyat yoldaşımla — İren Kolanski ilə tanış oldum. O, tammüddətli xidmətə məndən bir il əvvəl başlamışdı. İrenin valideynləri polyak idilər. Onlar uzun müddət Yehovaya səylə xidmət edirdilər. Fransada onlara Adolf Veber adlı qardaş baş çəkmişdi. O, vaxtilə Rassel qardaşın bağbanı idi və Avropaya xoş xəbəri təbliğ etmək üçün gəlmişdi. 1956-cı ildə evləndikdən sonra səyyar xidməti birgə davam etdirdik. İren o illər ərzində mənə böyük dəstək olub!
İki ildən sonra məni başqa bir sürpriz gözləyirdi: mən vilayət nəzarətçisi təyin olundum. Lakin yararlı qardaşlar az olduğundan rayon nəzarətçisi kimi bəzi yığıncaqlara baş çəkməyə davam edirdim. O vaxtlar başım işdən ayılmırdı! Hər ay 100 saat təbliğ etməklə yanaşı, hər həftə yığıncaqlarda məruzələrlə çıxış etməli, üç kitaböyrənməyə baş çəkməli, yığıncaqların sənədlərini yoxlamalı və hesabatlar hazırlamalı idim. Bəs Allahın Kəlamını oxumağa vaxtı necə tapırdım? Yeganə çıxış yolunu köhnə bir Müqəddəs Kitabın vərəqlərini cırıb özümlə gəzdirməkdə və kimisə gözlədiyim müddətdə bu səhifələri götürüb oxumaqda görürdüm. Bu təravətverici anlar təyinatımda qalmaq qətiyyətimi möhkəmləndirirdi.
1967-ci ildə biz o vaxtlar Bulon-Biyankurda yerləşən Bet-Elə dəvət aldıq. Məni xidməti şöbəyə təyin etdilər və 40 ildən çoxdur ki, burada xidmət edirəm. Xidmətimdə ən çox xoşuma gələn məqamlardan biri Müqəddəs Kitab suallarına məktub vasitəsilə cavab verməkdir. Allahın Kəlamının dərinliklərinə varmaq və xoş xəbəri müdafiə etmək mənə zövq verir (Filip. 1:7). Bet-Eldə səhər ibadətini aparmaq və Müqəddəs Kitabı müzakirə etmək də mənim çox xoşuma gəlir. 1976-cı ildən bəri isə Fransadakı filialın komitə üzvi kimi xidmət edirəm.
Ən yaxşı həyat yolu
Həyatımızda çətinliklər az olmayıb, amma qocalıq və səhhətimizdəki problemlər xidmətimizi məhdudlaşdırdığı üçün demək olar ki, ömrümüzün ən çətin illərini yaşayırıq. Lakin Müqəddəs Kitabı birgə oxuyub araşdırmağımızın sayəsində gələcəyə olan ümidimiz əvvəlki kimi möhkəmdir. Bu ümidi yığıncağımızın ərazisində yaşayan insanlarla bölüşmək bizim üçün çox xoşdur. İkimizin tammüddətli xidmətə sərf etdiyimiz vaxtı üst-üstə gəlsək, 120 ildən çox edir. Bu təcrübəmizdən irəli gələrək xoşbəxt, sevindirici və mənalı həyat sürmək istəyən hər kəsə səmimi-qəlbdən bu yolu tutmağı məsləhət görürük. Padşah Davud Məzmur 37:25 ayəsindəki sözləri yazanda artıq qocalmışdı. Onun kimi, mən də «salehin tərk edildiyini» görməmişəm.
Yehova Kəlamı vasitəsilə həyatım boyu məni möhkəmləndirib. 60 il bundan əvvəl qohumlarım demişdilər ki, Müqəddəs Kitabı oxumağa başladımsa, bu, ömrüm boyu davam edəcək. Onlar haqlı idilər. Müqəddəs Kitabı hər gün oxuduğuma görə heç vaxt peşman olmamışam!
[Haşiyələr]
a 1944-cü ildə çıxan bu nəşr daha çap edilmir.
b Evans Emion haqda əlavə məlumat üçün «Gözətçi Qülləsi»nin 1999-cu il 1 yanvar sayının 22 və 23-cü səhifələrinə (rus.) bax.
[5-ci səhifədəki şəkil]
Simon və mən
[5-ci səhifədəki şəkil]
Vilayət nəzarətçisi kimi xidmət edərkən
[5-ci səhifədəki şəkil]
İlk Müqəddəs Kitabıma oxşar Müqəddəs Kitab
[6-cı səhifədəki şəkil]
Toy günümüz
[6-cı səhifədəki şəkil]
İrenlə mən Müqəddəs Kitabı oxuyub araşdırmağı çox sevirik