İbrahim peyğəmbər kim idi?
DİN aləmində böyük təsirə malik olan çox az adam tapılar. Yəhudilərin, müsəlmanların və xristianların ehtiram bəslədikləri İbrahima peyğəmbər «Müqəddəs Yazılarda böyük» və «güclü imana sahib olan insan» kimi təsvir olunur. Hətta Müqəddəs Kitab onu «iman gətirənlərin atası» adlandırır (Romalılara 4:11).
Nəyə görə insanlar İbrahim peyğəmbərə belə ehtiram bəsləyirlər? Səbəblərdən biri odur ki, Müqəddəs Kitabda İbrahim birbaşa olaraq üç dəfə Allahın dostu adlanır! (2 Salnamələr 20:7; Yeşaya 41:8; Yaqub 2:23).
Digər tərəfdən, İbrahim bizim kimi adi insan idi. O da bir çox çətinliklərlə qarşılaşır və onların öhdəsindən uğurla gəlirdi. Onun buna necə nail olduğunu bilmək istəyirsinizmi? Gəlin görək Müqəddəs Kitab bu gözəl insan haqqında hansı təfərrüatları açıqlayır.
Qısa tarixçəsi
Eramızdan əvvəl 2018-ci ildə doğulan İbrahim Ur şəhərində boya-başa çatmışdır (Yaradılış 11:27—31). Ur böyük və inkişaf etmiş, həmçinin bütpərəstliklə dolu şəhər idi. İbrahimin atası Terah, ehtimala görə, müxtəlif bütlərə ibadət edənlərdən biri idi (Yeşua 24:2). Buna baxmayaraq, başqa tanrıların bütlərinə ibadət etmək əvəzinə, İbrahim tək Yehovab Allaha ibadəti seçmişdi.
Nəyə görə İbrahim tək Allaha ibadəti seçmişdi? İbrahim anadan olandan sonra Nuh peyğəmbərin oğlu Sam hələ 150 il yaşamışdı. Təbii ki, əgər o, belə yaşlı insanla ünsiyyət edirdisə, bu, təsirsiz ötüşməzdi. İbrahim Ümumdünya daşqından sağ çıxmağın nə demək olduğunu həmin hadisənin canlı şahidi Samdan öyrənə bilərdi. O, yəqin ki, Samı və ailəsini Daşqından xilas edən Yehova Allaha ibadətin nə dərəcədə zəruri olduğunu da öyrənmişdi.
Bu məlumatları Samdan və ya başqalarından almasından asılı olmayaraq, İbrahim həqiqi Allah haqqında öyrəndiklərinə müvafiq davranırdı. «Ürəyi araşdıran» Yehova Allah İbrahimə nəzər salanda bu insanda yaxşı cəhətlər gördü və ona daha yaxşı insan olmağa kömək etdi (Süleymanın məsəlləri 17:3; 2 Salnamələr 16:9).
Həyatı
Bir çox çətinliklərə baxmayaraq, İbrahim dolğun və mənalı həyat sürürdü. Gəlin onun həyatından bəzi məqamlara nəzər salaq.
▪ İbrahim hələ Ur şəhərində yaşayarkən Allah ona doğma diyarını tərk edib, göstərəcəyi torpağa getməyi buyurdu. İbrahimlə Sara hara gedəcəklərini və bu göstərişin nəyə görə verildiyini tam bilməsələr də, Allahın buyruğuna itaətkarlıqla əməl etdilər. Onlar nəticədə Kənan torpağında çadırlarda məskən salıb, ömürlərinin sonunadək «müvəqqəti sakin» kimi yaşadılar (Həvarilərin işləri 7:2, 3; İbranilərə 11:8, 9, 13).
▪ İbrahimlə Saranın hələ uşaqları yox ikən Yehova İbrahimdən böyük xalq törəyəcəyini vəd etdi və əlavə olaraq dedi ki, yer üzünün bütün ailələri onun vasitəsilə xeyir-dua alacaq (Yaradılış 11:30; 12:1—3). Sonra Yehova bu vədini bir daha təsdiqləyərək İbrahimin nəslinin göylərin ulduzu qədər çoxsaylı olacağını bildirdi (Yaradılış 15:5, 6).
▪ İbrahimin 99, Saranın isə təxminən 90 yaşı olanda Yehova onların oğulları olacağını vəd etdi. Bu, insan nöqteyi-nəzəri ilə qeyri-mümkün olsa da, İbrahimlə Sara «Rəbb üçün çətin bir şey» olmadığının şahidi oldular (Yaradılış 18:14). Bir ildən sonra yüz yaşlı İbrahim oğul atası oldu və onun adını İshaq qoydu (Yaradılış 17:21; 21:1—5). Allah vədində xüsusilə vurğuladı ki, bəşəriyyət böyük xeyir-duaları İshaqın vasitəsilə alacaq.
▪ İllər ötdükdən sonra, Yehova İbrahimə qeyri-adi bir göstəriş verdi. O, İbrahimdən xahiş etdi ki, hələ arvad-uşağı olmayan sevimli gənc oğlu İshaqı qurban gətirsinc. Hətta oğlunu itirmək ona ürəkağrısı versə də, İbrahim Allahın göstərişinə itaət edib İshaqı qurban gətirmək əzmində idi. O, qəti şəkildə əmin idi ki, əgər tələb olunarsa, vədinə əməl etmək üçün Allah İshaqı diriltməyə qadirdir (İbranilərə 11:19). İbrahim oğlunu qurban gətirmək üzrə olduqda Allah müdaxilə edib İshaqın ölümünün qarşısını aldı. Allah İbrahimi itaətkarlığına görə təriflədi və ona verdiyi vədini bir daha təkrarladı (Yaradılış 22:1—18).
▪ İbrahim 175 il ömür sürdükdən sonra ölüm yuxusuna getdi. Müqəddəs Kitabda deyilir ki, o, uzun ömür sürərək həyatdan doymuş halda öldü (Yaradılış 25:7, 8). Bununla İbrahim, Allahın vəd etdiyi kimi, ölənədək əmin-amanlıq içində yaşadı (Yaradılış 15:15).
Qoyduğu irs
İbrahim peyğəmbər sadəcə dini və tarixi baxımdan qədimdə yaşamış bir şəxsiyyət deyil. Onun həyat nümunəsi bu gün bizim üçün də böyük əhəmiyyət kəsb edir (İbranilərə 11:8—10, 17—19). Gəlin İbrahim peyğəmbərin təzahür etdirdiyi dörd gözəl xüsusiyyəti nəzərdən keçirək. Əvvəlcə, onun ən yaxşı tanınan xüsusiyyətinə — imanına nəzər salaq.
[Haşiyələr]
a Əvvəlcə İbrahim İbram, onun arvadı Sara isə Saray kimi tanınırdı. Sonra Allah İbramın adını mənası «çoxlu millətin atası» olan İbrahim, Sarayın adını isə «mələkə» mənası verən Sara adına dəyişdi (Yaradılış 17:5, 15). Sadəlik üçün bu məqalələr silsiləsində İbrahim və Sara adlarından istifadə olunur.
b Yehova, Müqəddəs Yazılara əsasən, Allahın şəxsi adıdır.
c Bu jurnalın 18-ci səhifəsindəki «Oxucularımız soruşur... Nəyə görə Allah İbrahim peyğəmbərdən oğlunu qurban gətirməyi xahiş etdi?» məqaləsinə baxın.
[4-cü səhifədəki çərçivə]
Müqəddəs Kitab tarixində mühüm şəxs
Müqəddəs Yazıların «Yaradılış» kitabının ilk on fəslində bir sıra imanlı insanların, o cümlədən Habilin, Xanokun (İdris) və Nuhun həyat tarixçəsindən bəhs edilir. Lakin növbəti təxminən on beş fəsil isə bir insana — İbrahimə həsr olunub.
Bundan başqa, Müqəddəs Kitabın əsas anlayışlarından bəziləri ilk dəfə İbrahimlə bağlı xatırlanır. Məsələn:
▪ ilk dəfə Allah Öz xidmətçilərinin qalxanı, yəni onları müdafiə edən kimi xatırlanır (Yaradılış 15:1; bax: Qanunun təkrarı 33:29; Məzmur 115:9; Süleymanın məsəlləri 30:5);
▪ ilk dəfə Allaha iman gətirmək ifadəsi işlədilir (Yaradılış 15:6);
▪ ilk dəfə peyğəmbər sözü işlədilir (Yaradılış 20:7);
▪ ilk dəfə valideyn məhəbbəti vurğulanır (Yaradılış 22:2).