Nikahını qorumaq üçün əlindən gələni əsirgəmə
«Evlilərə isə mən yox, Ağamız bu göstərişi verir» (1 KOR. 7:10).
İZAH EDƏ BİLƏRSƏNMİ?
Hansı mənada Allah ərlə arvadı bir boyunduruq altında birləşdirib?
Ağsaqqallar nikahda problemləri olan məsihçilərə necə kömək edə bilərlər?
Evliliyə necə yanaşmalıyıq?
1. Məsihçilər nikaha necə baxırlar və nəyə görə?
MƏSİHÇİLƏR evlənəndə Allah qarşısında and içirlər. Bu, ciddi məsuliyyətdir və ona başdansovdu yanaşmaq olmaz (Vaiz 5:4—6). Yehova, nikahın Banisi kimi, evli insanları «bir boyunduruqda» birləşdirib (Mark 10:9). Ölkə qanunlarından asılı olmayaraq, onlar Allahın gözündə bir boyunduruq altındadırlar. Həqiqəti qəbul etməzdən əvvəl və ya sonra ailə qurmalarına baxmayaraq, Yehovanın xidmətçiləri nikaha Allahın gözü ilə baxmalıdırlar.
2. Bu məqalədə hansı sualları nəzərdən keçirəcəyik?
2 Uğurlu nikah insana böyük xoşbəxtlik gətirə bilər. Bəs əgər nikah telləri gərilmiş vəziyyətdədirsə, onda nə etmək olar? Bu cür nikahı möhkəmləndirmək mümkündürmü? Ailələrindəki sülh təhlükə altında olan ərlə arvada nə kömək edə bilər?
XOŞBƏXTLİK, YOXSA BƏDBƏXTLİK?
3, 4. Həyat yoldaşı seçimi ilə əlaqədar ağılsız qərar vermək nə ilə nəticələnə bilər?
3 Məsihçinin qurduğu ailə uğurlu olarsa, bu, ona xoşbəxtlik, Yehovaya isə şərəf gətirər. Amma onun ailə həyatı alt-üst olanda bu, ona, ən yaxşı halda, ürək ağrısı verə bilər. Ailə qurmaq barədə fikirləşən subay məsihçilər bu məsələdə Allahın rəhbərliyinə lap əvvəldən riayət edəndə uğurlu nikah üçün yaxşı təməl qoyurlar. Həyat yoldaşı seçərkən ağılsız qərar verənlər isə sonradan peşman və məyus olurlar. Misal üçün, bəzi gənclər ailə həyatının məsuliyyətlərini daşımağa hazır olmadıqları bir halda artıq kiminləsə görüşməyə başlayırlar. Digərləri İnternetdə özlərinə həyat yoldaşı axtarırlar və tez-tələsik evlənməyə qərar verərək nəticədə çox bədbəxt olurlar. Bir başqaları isə görüşdükləri müddətdə ciddi günah törədirlər və bunun nəticəsində ailə həyatına başladıqları ilk gündən aralarında bir-birinə qarşı hörmət olmur.
4 Bəzi məsihçilər Allahın xidmətçisi olmayanlarla ailə qururlar və çox vaxt imanlarına şərik olmayan insanla bir dam altında yaşamağın gətirdiyi acı nəticələri dadırlar (1 Kor. 7:39). Əgər sən də bu vəziyyətdəsənsə, onda Allahdan xahiş et ki, səni bağışlasın və kömək etsin. O peşmançılıq çəkən insanın keçmişdə buraxdığı səhvləri aradan götürməsə də, sınaqlara tab gətirməyə kömək edir (Məz. 130:1—4). Ürəyini indi və əbədi olaraq Allahı razı salmağa köklə, onda «Rəbbin verdiyi sevinc» sənin qüvvətin olacaq (Neh. 8:10).
NİKAH POZULMAQ ÜZRƏ OLANDA
5. Nikahda xoşbəxt olmayan insan hansı düşüncə tərzindən qaçınmalıdır?
5 Ailə həyatında xoşbəxt olmayan insanı belə suallar narahat edə bilər: «Xoşbəxtlikdən əsər-əlamət olmayan ailəmi iflasdan qorumağa dəyərmi? Kaş ki, vaxtı geri qaytarıb hər şeyi başqa adamla başlayaydım!» Ola bilsin, onlar həyat yoldaşlarından yaxa qurtarmaq barədə xəyallar quraraq belə fikirləşirlər: «Heyf deyil subaylıq! Niyə də boşanmayım? Müqəddəs Kitabda göstərilən səbəbə görə boşana bilməsəm də, nəyə görə ayrı yaşamayım və həyatdan yenidən zövq almayım?» Bu cür düşünmək və ya xəyallara dalmaq əvəzinə, məsihçi mövcud vəziyyətdə Allahın rəhbərliyini axtarmalı və ona uyğun şəkildə davranmaq üçün var gücü ilə çalışmalıdır.
6. İsanın Matta 19:9 ayəsində dediyi sözləri izah et.
6 Əgər məsihçi boşanmalı olubsa, yeni nikaha daxil olmaq üçün onun Müqəddəs Kitab əsası olmaya bilər. İsa demişdi: «Kim arvadını onun cinsi əxlaqsızlığına görə deyil, başqa səbəbə görə boşayıb [özgəsi ilə] evlənirsə, zina edir» (Mat. 19:9). Burada istifadə olunan «əxlaqsızlıq» sözü altında zina və digər ciddi cinsi günahlar nəzərdə tutulur. Evlilik uşaq oyuncağı olmadığı üçün cinsi əxlaqsızlıqla bağlı olmayan səbəbə görə boşanmaq qərarını verməzdən öncə, hər şeyi dua edərək yaxşıca götür-qoy etmək olduqca vacibdir.
7. Əgər məsihçinin nikahı uğursuzluğa düçar olubsa, başqalarında hansı təəssürat yarana bilər?
7 Nikahı uğursuzluğa düçar olan məsihçinin, ola bilsin ki, ruhani vəziyyətində də problem var. Həvari Pavel belə bir vacib sual qaldırmışdı: «İnsan öz ailəsini idarə edə bilmirsə, Allahın yığıncağının qayğısına necə qalacaq?» (1 Tim. 3:5). Əgər məsihçi cütlüklərin nikahı müvəffəqiyyətsizliyə uğrayırsa, onda başqaları elə fikirləşəcək ki, onların dedikləri ilə əməlləri üst-üstə düşmür (Rom. 2:21—24).
8. Məsihçi cütlük boşanmaq qərarına gəlirsə, bu, nədən xəbər verir?
8 Vəftiz olunmuş ər-arvad Müqəddəs Kitab əsası olmadan ayrı yaşamağı və ya boşanmağı planlaşdırırsa, deməli, onların Yehova ilə münasibətlərində hansısa bir çatışmazlıq var. Bu onu göstərir ki, onlardan biri, ya da hər ikisi Müqəddəs Kitabın prinsiplərini tətbiq etmir. Əgər onlar bütün qəlbdən Rəbbə güvənsəydilər, nikahlarını qorumaq üçün əllərindən gələni əsirgəməzdilər. (Süleymanın məsəlləri 3:5, 6 ayələrini oxu.)
9. Ailələrinin dağılmasına yol verməyib səbirlə davranan məsihçilər hansı mükafatı almışlar?
9 Nikahları pozulmaq üzrə olan bir çox məsihçilər sonradan xoşbəxtliyə nail olmuşlar. Ailədə çətinlik yaranan kimi boşanmağa tələsməyən məsihçilər sonda yaxşı nəticə əldə edirlər. Gəlin dini cəhətdən bölünmüş ailələrə dair bir vəziyyəti nəzərdən keçirək. Həvari Peter yazmışdı: «Ey qadınlar, ərlərinizə tabe olun ki, Allahın sözünə itaət etməyən ərləriniz sizin ismətli yaşayışınızı və dərin hörmətinizi görüb, davranışınızla sözsüz fəth edilsinlər» (1 Pet. 3:1, 2). Bəli, məsihçinin yaxşı davranışı sayəsində, ola bilsin, onun imanına şərik olmayan həyat yoldaşı həqiqəti qəbul etsin! Nikahlarını qoruyanlar Allaha şərəf, bütün ailəyə isə böyük xeyir-dualar gətirə bilərlər.
10, 11. Nikahda hansı gözlənilməz problemlər yarana bilər və məsihçi nəyə əmin ola bilər?
10 Yehovanı razı salmaq istəyən əksər subay məsihçilər imanlarına şərik olan və Allaha həsr olunmuş şəxslə evlənirlər. Hətta belə olan halda toydan sonra vəziyyət gözlənilmədən dəyişə bilər. Nadir hallarda onlardan birində ciddi emosional problemlər yarana və ya onlardan biri toydan sonra qeyri-fəal təbliğçi ola bilər. Gəlin təbliğ işində canla-başla iştirak edən və qayğıkeş ana olan Lindaa adlı bir bacının nümunəsinə nəzər salaq. Bacının vəftiz olunmuş əri Müqəddəs Kitaba zidd olan yola qədəm basanda və tövbə etmədiyi üçün yığıncaqdan kənar ediləndə onun aciz şəkildə bunu müşahidə etməkdən başqa çarəsi yox idi. Belə vəziyyətdə olan məsihçiyə elə gələ bilər ki, artıq nikahı xilas etmək qeyri-mümkündür. Onda nə etmək olar?
11 Ola bilər, səni belə bir sual narahat edir: «Nə olursa-olsun nikahımı dağılmaqdan qorumaq üçün səy göstərməyə dəyərmi?» Sənin yerinə heç kim qərar verə bilməz və bunu etməməlidir də. Bununla belə, artıq ümidsiz kimi görünən nikahı pozmamaq üçün əsaslı səbəblər var. Vicdanları boşanmağa yol vermədiyi üçün nikahda yaranan hər cür çətinliyə dözən məsihçilər Allahın gözündə çox dəyərlidirlər. (1 Peter 2:19, 20 ayələrini oxu.) Yehova səmimi-qəlbdən nikahlarını möhkəmləndirməyə çalışan məsihçilərə Öz Kəlamı və ruhu vasitəsilə kömək edəcək.
ONLAR KÖMƏK ETMƏYƏ HAZIRDIRLAR
12. Əgər ağsaqqallardan kömək istəsək, onlar bizə necə yanaşacaqlar?
12 Əgər sən ailə problemləri içində itib-batırsansa, ruhani kömək üçün yetkin məsihçilərə müraciət etməyə tərəddüd etmə. Allahın sürüsünü otaran ağsaqqallar böyük məmnuniyyətlə diqqətini Müqəddəs Yazılardakı müvafiq məsləhətlərə yönəldəcəklər (Həv. iş. 20:28; Yaq. 5:14, 15). Fikirləşmə ki, ailəndəki ciddi problemləri onlarla müzakirə etsən və ruhani kömək istəsən, sən və yoldaşın onların gözündən düşəcəksiniz. Ağsaqqallar sizin, həqiqətən də, Allahı razı salmaq istədiyinizi görəndə onların sizə olan məhəbbət və hörməti daha da artacaq.
13. 1 Korinflilərə 7:10—16 ayələrində hansı məsləhət yazılıb?
13 Həyat yoldaşı imanına şərik olmayan məsihçi kömək üçün ağsaqqallara müraciət edəndə onlar Pavelin bu məsləhətini istifadə edə bilərlər: «Evlilərə isə mən yox, Ağamız bu göstərişi verir: arvad ərindən ayrılmasın. İşdir əgər ayrılsa, onda ərə getməsin, ya da əri ilə barışsın. Ər də arvadını atmasın... Ey qadın, nə bilirsən, bəlkə, ərini xilas etdin? Yaxud da sən ey ər, nə bilirsən, bəlkə, arvadını xilas etdin?» (1 Kor. 7:10—16). Məsihçinin həyat yoldaşı həqiqəti qəbul edəndə bu necə də böyük xeyir-duadır!
14, 15. Hansı hallarda məsihçi həyat yoldaşından ayrı yaşamağı götür-qoy edə bilər? Nəyə görə bu qərarı verməzdən öncə, dua etmək və hissləri təhlil etmək vacibdir?
14 Bəs hansı hallarda məsihçi qadın öz həyat yoldaşından ayrıla bilər? Bəziləri müəyyən ciddi səbəblərə görə, məsələn, ər ailəsini maddi cəhətdən təmin etməkdən boyun qaçırdığı, arvadının fiziki sağlamlığına təhlükə yaratdığı və ya onu qəti şəkildə Yehovaya xidmət etməyə qoymadığı üçün ayrı yaşamaq qərarına gəliblər.
15 Həyat yoldaşından ayrı yaşayıb-yaşamamaq qərarını hər kəs özü verir. Lakin vəftiz olunmuş məsihçi qərar qəbul etməzdən öncə bu məsələ ilə bağlı dua etməli və hisslərini dürüst şəkildə təhlil etməlidir. Məsələn, məsihçinin ruhani vəziyyətinin təhlükədə olduğuna görə bütün məsuliyyəti onun imanda olmayan həyat yoldaşı daşıyır, yoxsa o, özü şəxsi öyrənməyə, yığıncaq görüşlərinə və xidmətə səhlənkar yanaşır?
16. Məsihçini boşanmaq qərarını tez-tələsik verməkdən nə çəkindirməlidir?
16 Allahla münasibətlərimizi və nikah ənamını qiymətləndirməyimiz bizi tez-tələsik boşanmaq qərarını verməkdən çəkindirməlidir. Yehovanın xidmətçisi olan bizləri, ilk növbədə, Onun müqəddəs adının təqdis edilməsi maraqlandırır. Buna görə də biz başqa adamla ailə həyatı qurmaq xatirinə öz ailəmizi dağıtmaq üçün hiyləyə əl atmayacağıq (Yer. 17:9; Mal. 2:13—16).
17. «Allah sizi mehribançılıq içində yaşamağa çağırıb» ifadəsi hansı vəziyyətlərə tətbiq oluna bilər?
17 İmanına şərik olmayan həyat yoldaşı olan məsihçi nikahını qorumaq üçün əlindən gələni etməlidir. Ancaq onun sidq-ürəkdən göstərdiyi səylərdən sonra da həyat yoldaşı onu atırsa, belə vəziyyətdə məsihçi özünü günahkar hiss etməməlidir. Pavel yazmışdı: «Ancaq imanda olmayan tərəf həyat yoldaşından ayrılırsa, qoy ayrılsın. Bu halda qardaşımız, yaxud bacımız nikah vəzifəsini yerinə yetirməyə borclu deyil. Allah sizi mehribançılıq içində yaşamağa çağırıb» (1 Kor. 7:15)b.
ÜMİDİNİ YEHOVAYA BAĞLA
18. Nikahını qorumaq mümkün olmasa da, sənin göstərdiyin cəhdlər hansı yaxşı nəticələr verə bilər?
18 Nikahınızda hər hansı bir problem yaranarsa, Yehovadan cəsarət istəyin və həmişə Ona arxalanın. (Məzmur 27:14 ayəsini oxu.) Yuxarıda adı çəkilən Lindanın nümunəsinə qayıdaq. Linda uzun illər ərzində nikahını iflasdan qorumağa çalışsa da, onun evliliyi boşanma ilə nəticələndi. O, vaxtının hədər getdiyini fikirləşirmi? Bacı deyir: «Əlbəttə ki, yox. Mənim səy göstərməyim ətrafdakılar üçün yaxşı şahidlik oldu. Mənim vicdanım təmizdir. Ən vacibi isə, bu illər ərzində bizim qızımız həqiqətdə möhkəmləndi. O böyüdü və özünü Yehovaya həsr edib Ona canla-başla xidmət etməyə başladı».
19. Məsihçi nikahını xilas etməyə çalışırsa, bu, nə ilə nəticələnə bilər?
19 Merilin adlı məsihçi qadın Allaha güvəndiyi və nikahını xilas etmək üçün əlavə cəhd göstərdiyinə görə çox sevinir. O deyir: «Mən ərimdən ayrılmaq fikrində idim, çünki o, məni maddi cəhətdən təmin etmirdi və ruhaniliyim üçün təhlükə yaradırdı. Əvvəllər ərim yığıncaqda ağsaqqal kimi xidmət edirdi, lakin sonra o, ehtiyatsız davranaraq bir işə girişdi. O, yığıncaqları buraxmağa başladı və demək olar ki, ünsiyyətimiz yox dərəcəsində idi. Şəhərimizdə törədilən terror aktından sonra mən hamıdan uzaqlaşıb özümə qapandım. Ancaq sonradan başa düşdüm ki, məndə də günah var imiş. Biz yenidən ünsiyyət etməyə, ailəvi öyrənmə keçirməyə və yığıncaq görüşlərində müntəzəm iştirak etməyə başladıq. Ağsaqqallar da bizə qarşı xeyirxah idilər və bizə çox köməkləri dəydi. Ailəmizdə hər şey öz qaydasına düşdü. Bir müddətdən sonra ona yenidən məsuliyyətlər verildi. Bu, sonu xoşbəxtliklə nəticələnən ağır bir dərs idi».
20, 21. Nikahla əlaqədar biz nə etmək əzmində olmalıyıq?
20 Subay və ya evli olmağımızdan asılı olmayaraq, gəlin həmişə cəsarətlə davranaq və Yehovaya arxalanaq. Əgər nikahımızda problemlər varsa, ərlə arvadın «artıq iki yox, bir [bədən]» olduğunu yadda saxlayaraq onları həll etmək üçün əlimizdən gələn hər şey etməliyik (Mat. 19:6). Gəlin unutmayaq ki, əgər biz çətinliklərə qatlaşırıqsa, imanda olmayan həyat yoldaşımız, ola bilsin, həqiqətə gələcək.
21 Vəziyyətimizdən asılı olmayaraq, gəlin hər addımımıza diqqət yetirək ki, bizi müşahidə edənlər üçün bu, yaxşı şahidlik olsun. Əgər nikahımız dağılmaq üzrədirsə, gəlin durmadan dua edək, dürüst şəkildə niyyətlərimizi götür-qoy edək, Müqəddəs Yazılardakı məsləhətləri dərindən araşdıraq və ruhani kömək üçün ağsaqqallara müraciət edək. Ən vacibi isə, qoy hər birimiz hər bir şeydə Yehova Allahı razı salmağa və Onun gözəl nikah ənamını qiymətləndirməyə qəti qərarlı olaq!
[Haşiyələr]
a Adlar dəyişdirilib.
b «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 219-dan 221-dək səhifələrinə, «Gözətçi qülləsi»nin 1989-cu il 1 sentyabr sayının 18 və 19-cu səhifələrinə (rus.), həmçinin 1978-ci il 1 fevral sayının 14-cü səhifəsinə (rus.) bax.
[10–cu səhifədəki yazı]
Nikahları dağılmaq üzrə olan məsihçilər boşanmağa tələsməyəndə, adətən, gözəl nəticələr əldə edirlər
[12–ci səhifədəki yazı]
Həmişə Yehovaya güvən və Ondan cəsarət dilə
[9–cu səhifədəki şəkil]
Problemlərə baxmayaraq, nikahlarını möhkəmləndirməyə çalışan məsihçi ər-arvadlara Yehova xeyir-dua verir
[11–ci səhifədəki şəkil]
Məsihçi yığıncağı təsəlli və ruhani kömək mənbəyi ola bilər