Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/9 s. 3—7
  • Bu dünyanın sonu necə gələcək?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bu dünyanın sonu necə gələcək?
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • SON GƏLMƏMİŞDƏN ÖNCƏ NƏLƏR BAŞ VERƏCƏK?
  • AQİBƏTİNDƏN BİXƏBƏR OLAN «MƏLİKƏ»
  • ALLAHIN XALQINA HÜCUM
  • MİLLƏTLƏR YEHOVANI TANIMAQ MƏCBURİYYƏTİNDƏ QALACAQLAR
  • BAŞQA BİR İMPERİYA OLMAYACAQ
  • ALLAHIN BAŞ DÜŞMƏNİNİN AQİBƏTİ
  • ƏMİN-AMANLIQ DÖVRÜNDƏN ƏVVƏL BAŞ VERƏCƏK HADİSƏLƏR
  • Allahın Padşahlığı düşmənlərin kökünü kəsir
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Armageddon, möhtəşəm gün!
    Gözətçi qülləsi 2019
  • Yehova tezliklə nəyin baş verəcəyini açıqlayır
    Gözətçi qülləsi 2012
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2015
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/9 s. 3—7

Bu dünyanın sonu necə gələcək?

«Siz... zülmətdə deyilsiniz ki, gün işığı oğrunu yaxaladığı kimi, həmin o gün də sizi qəfil yaxalasın» (1 SALON. 5:4).

İZAH EDƏ BİLƏRSİNİZMİ?

Növbəti ayələrdə hələ «gözlə görünməyən» hansı hadisələrdən bəhs olunur?

1 Salonikililərə 5:3

Vəhy 17:16

Daniel 2:44

1. Bizə oyaq qalmaqda və sınaqlara sinə gərməkdə nə kömək edəcək?

TEZLİKLƏ biz bütün dünyanı sarsıdacaq hadisələrin şahidi olacağıq. Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsi bunu sübut edir. Buna görə də biz oyaq qalmalıyıq. Bəs oyaq qalmağa bizə nə kömək edəcək? Həvari Pavel bizi diqqətimizi «gözlə görünməyən şeylərə» cəmləməyə təşviq edir. Bəli, Yehovanın bizə verdiyi əbədi yaşamaq ümidini — istər göydə, istərsə də yer üzündə — daima yadda saxlamalıyıq. Kontekstdən göründüyü kimi, Pavel bu sözləri həmimanlılarını diqqətlərini alacaqları gözəl mükafata yönəltməyə təşviq etmək məqsədi ilə yazmışdı. Lakin bunun üçün onlar sadiq qalmalı idilər. Bu, onlara həm də sınaqlara və təqiblərə sinə gərməkdə kömək edəcəkdi (2 Kor. 4:8, 9, 16—18; 5:7).

2. a) Ümidimizin möhkəm olması üçün bizdən nə tələb olunur? b) Bu və növbəti məqalədə söhbət nədən gedəcək?

2 Həvari Pavelin nəsihətində çox vacib bir prinsip yer alıb: ümidimiz möhkəm qalsın deyə biz yalnız gözümüzün önündə olan şeylərə baxmamalıyıq. Diqqətimizi hələ gözlə görünməyən, lakin böyük əhəmiyyət kəsb edən hadisələrə cəmləməliyik (İbr. 11:1; 12:1, 2). Buna görə də gəlin əbədi həyat ümidimizlə sıx bağlı olan gələcəkdə baş verəcək on hadisəyə diqqət yetirəka.

SON GƏLMƏMİŞDƏN ÖNCƏ NƏLƏR BAŞ VERƏCƏK?

3. a) 1 Salonikililərə 5:2, 3 ayələrinə əsasən, hansı hadisə baş verməlidir? b) Siyasi liderlər nə edəcəklər və bu işdə onlara kimlərin qoşulma ehtimalı var?

3 Həmin hadisələrdən biri Pavelin salonikililərə ünvanladığı məktubda qeyd olunur. (1 Salonikililərə 5:2, 3 ayələrini oxu.) O, «Yehovanın günü»ndən danışır. «Yehovanın günü» deyildikdə yalan dinin məhv edilməsilə başlayacaq və Har-Magedon müharibəsi ilə sona çatacaq bir dövr nəzərdə tutulur. Lakin Yehovanın günü başlamazdan öncə dünya liderləri «sülh və təhlükəsizlik» bəyanatları ilə çıxış edəcəklər. Bu, bir və ya bir neçə ardıcıl baş verəcək hadisələrə aid ola bilər. Ola bilsin, millətlər düşünəcəklər ki, cəmiyyətin böyük problemlərindən bəzilərini həll etmək ərəfəsindədirlər. Bəs dini liderlər barədə nə demək olar? Bu dünyanın bir hissəsi olduqları üçün, ehtimal ki, onlar da siyasi liderlərə qoşulacaqlar (Vəhy 17:1, 2). Ruhanilərin bu cür davranışı qədim Yəhudadakı yalançı peyğəmbərlərin davranışından heç də fərqlənməyəcək. Yehova onlar haqda demişdi: «“Sülh, sülh” deyirlər, amma sülh yoxdur» (Yer. 6:14; 23:16, 17).

4. Əksər insanlardan fərqli olaraq, biz nəyi dərk edirik?

4 «Sülh və təhlükəsizlik» bəyanatının kimdən gələcəyindən asılı olmayaraq, bu, Yehovanın gününün başladığına bir işarə olacaq. Buna görə də Pavel demişdi: «Qardaşlar, siz... zülmətdə deyilsiniz ki, gün işığı oğrunu yaxaladığı kimi, həmin o gün də sizi qəfil yaxalasın. Axı siz hamınız nurun... oğullarısınız» (1 Salon. 5:4, 5). Əksər insanlardan fərqli olaraq, biz cari hadisələrin Müqəddəs Kitaba əsasən hansı məna daşıdığını dərk edirik. «Sülh və təhlükəsizlik» bəyanatı haqda peyğəmbərlik necə yerinə yetəcək? Biz səbir edib gözləməliyik. Buna görə də gəlin əzmkarlıqla oyaq qalıb ayıq olaq (1 Salon. 5:6; Sef. 3:8).

AQİBƏTİNDƏN BİXƏBƏR OLAN «MƏLİKƏ»

5. a) «Böyük müsibət» necə başlayacaq? b) Aqibətindən bixəbər olan məlikə nəyi təmsil edir?

5 Bundan sonra hələ gözlə görünməyən hansı hadisə baş verəcək? Pavel yazır: «İnsanlar “sülh və təhlükəsizlik” deyərkən... onlar da qəfil məhvə uğrayacaqlar». Bu qəfil məhvin ilkin mərhələsi «Böyük Babil»ə qarşı hücum olacaq. Fahişə kimi də tanınan «Böyük Babil» dünyadakı yalan dinlərin hamısının rəmzidir (Vəhy 17:5, 6, 15). Xristianlıq da daxil olmaqla, bütün yalan dinlərə edilən bu hücum «böyük müsibət»in artıq başladığına işarə edəcək (Mat. 24:21; 2 Salon. 2:8). Çoxları üçün bu hadisə tamamilə gözlənilməz olacaq. Nəyə görə? Çünki fahişə ta o vaxta qədər özünü heç vaxt yas tutmayacaq məlikə hesab edəcək. Lakin o, birdən-birə başa düşəcək ki, aqibətindən bixəbər imiş. O, çox tez bir zamanda, sanki, «bir gün içində» məhv ediləcək (Vəhy 18:7, 8).

6. Yalan din kimlər tərəfindən məhv ediləcək?

6 Allahın Kəlamında qeyd olunur ki, fahişəyə onbuynuzlu «vəhşi heyvan» hücum edəcək. «Vəhy» kitabını araşdırdıqda bəlli olur ki, vəhşi heyvan Birləşmiş Millətlər Təşkilatını (BMT), «on buynuz» isə «al qırmızı rəngli vəhşi heyvan»ı dəstəkləyən bütün hazırkı siyasi qüvvələri təmsil edirb (Vəhy 17:3, 5, 11, 12). Hücum nə dərəcədə viranedici olacaq? BMT-yə daxil olan millətlər fahişənin var-dövlətini talan edəcək, onun iç üzünü açacaq, «ətini yeyəcək», sonra da «yandırıb külə çevirəcək». O, həmişəlik məhv edilib gedəcək. (Vəhy 17:16 ayəsini oxu.)

7. «Vəhşi heyvan»ın hücumuna səbəb nə olacaq?

7 Müqəddəs Kitab peyğəmbərliyində bu hücuma nəyin səbəb olacağı da açıqlanır. Allah necəsə siyasi liderlərin ürəyinə «bu fikri», yəni fahişəni tar-mar etmək fikrini salacaq (Vəhy 17:17). Müharibələri qızışdıran din dünyada dağıdıcı qüvvə olaraq qalmaqdadır. Bu səbəbdən, ola bilsin, millətlər fahişəni məhv etməyin onların milli maraqlarına xidmət etdiyini zənn edəcəklər. Liderlər dinlərə hücum çəkəndə öz fikirlərini icra etdiklərini düşünəcəklər. Lakin, əslində, Allah bütün yalan dinləri məhv etmək üçün onlardan bir vasitə kimi istifadə edəcək. Beləliklə, hadisələrin gedişatı gözlənilmədən tamamilə dəyişəcək və Şeytanın dünyası daxili parçalanma nəticəsində öz-özünə qarşı çıxacaq; Şeytan bunun qarşısını almaqda aciz olacaq (Mat. 12:25, 26).

ALLAHIN XALQINA HÜCUM

8. «Maqoq ölkəsindən olan... [Qoqun]» hücumu nə deməkdir?

8 Yalan dinin məhv edilməsindən sonra Allahın xidmətçiləri hələ də «əmin-amanlıq içində», divarsız yaşayacaqlar (Yez. 38:11, 14). Yehovaya ibadətindən qalmayan və ilk baxışdan aciz kimi görünən xalqla nə baş verəcək? Görünür, bu xalq var-güclərini toplayan bir çox millətlərin hücumuna məruz qalacaq. Allahın Kəlamında bu hücum «Maqoq ölkəsindən olan... [Qoqun]» hücumu adlanır. (Yezekel 38:2, 15, 16 ayələrini oxu.) Bu hücuma münasibətimiz necə olmalıdır?

9. a) Məsihçiləri narahat edən əsas məsələ hansıdır? b) İmanımızı möhkəmləndirmək üçün biz indi hansı addımları atmalıyıq?

9 Allahın xalqına ediləcək hücum barədə qabaqcadan bilməyimiz bizi təlaşa salmır. Çünki bizi narahat edən əsas məsələ öz xilasımız yox, Yehovanın adının müqəddəs tutulması və Onun ali hökmranlığına bəraət qazandırılmasıdır. Yehova 60 dəfədən çox bəyan etmişdi: «Onda biləcəksiniz ki... [Yehova] Mənəm» (Yez. 6:7). Buna görə də biz Yezekelin peyğəmbərliyinin bu möhtəşəm hissəsinin yerinə yetəcəyi vaxtı böyük səbirsizliklə gözləyirik və inanırıq ki, «Yehova Ona sadiq insanları sınaqlardan necə qurtarmağı... bilir» (2 Pet. 2:9). Nə qədər ki o vaxt gəlməyib, biz imanımızı möhkəmləndirmək üçün hər bir fürsətdən istifadə etmək istəyirik ki, gələcəkdə üzləşəcəyimiz sınaqlardan asılı olmayaraq, Yehovaya sadiq qalaq. Bunu necə etməliyik? Biz dua etməli, Allahın Kəlamını araşdırmalı, onun üzərində düşünməli və Padşahlıq haqqında xoş xəbəri başqaları ilə bölüşməliyik. Belə etsək, lövbər gəmini möhkəm saxladığı kimi, əbədi həyat ümidi də bizə Allaha sadiq qalmağa kömək edəcək (İbr. 6:19; Məz. 25:21).

MİLLƏTLƏR YEHOVANI TANIMAQ MƏCBURİYYƏTİNDƏ QALACAQLAR

10, 11. Hansı hadisə Har-Magedonun başlanmasına təkan verəcək və bu zaman nə baş verəcək?

10 Yehovanın xalqına hücum ediləndə bu, hansı sarsıdıcı hadisəyə təkan verəcək? Yehova Oğlu İsa Məsih və səmavi ordusu vasitəsilə xalqını müdafiə edəcək (Vəhy 19:11—16). Bu, «Qadir Allahın böyük günündə baş verəcək müharibəyə» — Har-Magedona gətirib çıxaracaq (Vəhy 16:14, 16).

11 Həmin müharibə haqda Yehova Yezekel vasitəsilə bəyan etmişdi: «“Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə bəyan edir, “hər kəs bir-birinin üstünə qılınc çəkəcək”». Təlaşa düşmüş Şeytanın tərəfdarları o qədər çaşqınlıq içində olacaqlar ki, silahlarını bir-birlərinə qarşı — əsgər əsgərə qarşı — tuşlayacaqlar. Şeytanın qurduğu bütün bu sistem darmadağın ediləcək. Yehova deyir: «[Qoqun], ordularının və yanında gələn çoxlu xalqın üstünə... od və kükürd yağdıracağam» (Yez. 38:21, 22). Allahın müdaxiləsinin nəticəsi nə olacaq?

12. Millətlər nə etmək məcburiyyətində qalacaqlar?

12 Millətlər dərk etməli olacaqlar ki, onları məhv etmək əmrini Yehova verib. Ola bilsin, sonra qədimdə israilliləri Qırmızı dənizədək təqib edən Misir əsgərləri kimi, Şeytanın ordusu da dəhşət içində qışqıracaq: «[Yehova] onların tərəfində bizə qarşı döyüşür» (Çıx. 14:25). Bəli, millətlər Yehovanı tanımaq məcburiyyətində qalacaqlar. (Yezekel 38:23 ayəsini oxu.) Biz bu hadisələrin başlanğıcına nə dərəcədə yaxınıq?

BAŞQA BİR İMPERİYA OLMAYACAQ

13. Danielin təsvir etdiyi heykəlin beşinci hissəsi haqda biz nəyi bilirik?

13 «Daniel» kitabındakı peyğəmbərliyin köməyilə biz vaxt axınının hansı nöqtəsinə çatdığımızı müəyyən edə bilərik. Daniel müxtəlif metal növlərindən ibarət olan və görünüşcə insana oxşayan bir heykəl təsvir edir (Dan. 2:28, 31—33). Bu heykəl bir-birinin ardınca dünya səhnəsinə çıxan, eləcə də Allahın keçmişdəki və müasir xalqına böyük təsir göstərən imperiyaları təmsil edir. Həmin imperiyalar bunlardır: Babil, Midiya-Fars, Yunanıstan, Roma və bizim günlərdə hökmranlıq edən sonuncu imperiya. Danielin peyğəmbərliyini araşdırarkən görürük ki, sözügedən sonuncu imperiya heykəlin ayaq və ayaq barmaqları ilə təmsil olunub. Birinci Dünya müharibəsi zamanı Britaniya və Birləşmiş Ştatlar xüsusi əməkdaşlığa başladılar. Bəli, Danielin təsvir etdiyi heykəlin beşinci hissəsi İngiltərə-Amerika dünya imperiyasıdır. Heykəlin sonuncu hissəsi olan ayaqlar dünya səhnəsində daha heç bir imperiyanın peyda olmayacağına işarə edir. Ayaq və ayaq barmaqlarının dəmir və gilin qarışığı kimi təsvir olunması İngiltərə-Amerika dünya imperiyasının zəif vəziyyətdə olduğundan xəbər verir.

14. Har-Magedon başlayanda hansı imperiya dünyada liderlik edəcək?

14 Həmin peyğəmbərlikdə göstərilir ki, böyük bir daşla təmsil olunan Allahın Padşahlığı 1914-cü ildə Yehovanın ali hökmranlığının rəmzi olan dağdan qoparılıb. Bu daş çox sürətlə məqsədinə — heykəlin ayaqlarına yaxınlaşır. Har-Magedonda ayaqlar və heykəlin qalan hissələri darmadağın ediləcək. (Daniel 2:44, 45 ayələrini oxu.) Beləliklə, Har-Magedon başlayanda İngiltərə-Amerika dünya imperiyası hələ də dünyada liderlik edən imperiya olacaq. Bu peyğəmbərliyin tam yerinə yetməsini öz gözlərimizlə görmək necə də həyəcanlandırıcı olacaq!c Bəs Şeytan üçün Yehova nə hazırlayıb?

ALLAHIN BAŞ DÜŞMƏNİNİN AQİBƏTİ

15. Har-Magedondan sonra Şeytan və onun cinləri ilə nə baş verəcək?

15 Birincisi, Şeytan yer üzündəki təşkilatının necə yerlə yeksan ediləcəyinə başdan sonadək baxmaq məcburiyyətində qalacaq. Növbəti hədəf isə onun özü olacaq. Həmin hadisələr haqqında həvari Yəhya bizə xəbər verir. (Vəhy 20:1—3 ayələrini oxu.) «Əlində dibsiz ümmanın açarı» olan İsa Məsih Şeytanı və onun cinlərini buxovlayıb ümmana atacaq və onlar orada min il qalacaq (Luka 8:30, 31; 1 Yəh. 3:8). Bu hadisə ilanın başından vurulmasının ilkin mərhələsi olacaqd (Yar. 3:15).

16. Şeytanın dibsiz ümmana atılması nə deməkdir?

16 Şeytanın və onun cinlərinin atılacağı dibsiz ümman nəyi təmsil edir? Yəhyanın burada istifadə etdiyi avisos sözünün mənası «çox və ya olduqca dərin» deməkdir. Bu söz həm də «dibsiz, ucsuz-bucaqsız» və «sonsuz boşluq» kimi də tərcümə edilir. Beləliklə, bu, Yehovadan və Onun təyin etdiyi mələkdən, yəni «əlində dibsiz ümmanın açarı» olan İsa Məsihdən başqa, heç kəs üçün əlçatan deyil. Burada Şeytan fəaliyyətsiz, sanki, ölü vəziyyətdə olacaq ki, «millətləri azdırmasın». Nəhayət ki, «nərildəyən şir»in səsi kəsiləcək (1 Pet. 5:8).

ƏMİN-AMANLIQ DÖVRÜNDƏN ƏVVƏL BAŞ VERƏCƏK HADİSƏLƏR

17, 18. a) Bu məqalədə biz hələ «gözlə görünməyən» hansı hadisələri araşdırdıq? b) Bu hadisələrdən sonra hansı dövr başlayacaq?

17 Qarşıda bizi dünyanı sarsıdacaq vacib hadisələr gözləyir. Biz böyük səbirsizliklə «sülh və təhlükəsizlik» bəyanatları haqqındakı peyğəmbərliyin necə yerinə yetəcəyini gözləyirik. Daha sonra biz Böyük Babilin necə məhv ediləcəyinin, Maqoq diyarından olan Qoqun hücumunun və Har-Magedon müharibəsinin şahidi olacağıq. Şeytan cinləri ilə birgə dibsiz ümmana atılacaq. Bu hadisələrdən sonra, bütün pisliklər məhv ediləndə həyatımızda yeni səhifə açılacaq — biz «əmin-amanlığın bolluğundan» zövq alacağımız Məsihin Minillik Hökmranlığına daxil olacağıq (Məz. 37:10, 11).

18 İndicə araşdırdığımız bu beş hadisədən əlavə, biz diqqətimizi «gözlə görünməyən» digər hadisələrə də yönəltməliyik. Həmin hadisələr növbəti məqalədə müzakirə ediləcək.

[Haşiyələr]

a Bu və növbəti məqalədə həmin on hadisə müzakirə olunacaq.

b «Vəhy. Onun möhtəşəm zirvəsi yaxındır!» kitabının 251-dən 258-dək səhifələrinə (rus., türk.) baxın.

c Daniel 2:44 ayəsindəki «bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq» ifadəsi altında heykəlin müxtəlif hissələri ilə təmsil olunan padşahlıqlar və ya dünya imperiyaları nəzərdə tutulur. Lakin paralel Müqəddəs Kitab peyğəmbərliyində göstərilir ki, «Qadir Allahın böyük günündə» yer üzünün bütün padşahları Yehovaya qarşı toplanacaq (Vəhy 16:14; 19:19—21). Beləliklə, Har-Magedonda yalnız heykəlin müxtəlif hissələri ilə təmsil olunan padşahlıqlar yox, bu dünyanın bütün padşahlıqları məhv ediləcək.

d Şeytan və onun cin mələkləri minilliyin sonunda «odlu-kükürdlü gölə» atılanda Şeytanın başı tamamilə əziləcək (Vəhy 20:7—10; Mat. 25:41).

[4 və 5–ci səhifədəki çərçivə/şəkillər]

BAŞ VERƏCƏK BEŞ HADİSƏ

1 Sülh və təhlükəsizliyinin elan edilməsi

2 Millətlərin «Böyük Babil»ə hücum çəkib məhv etməsi

3 Yehovanın xalqına hücum edilməsi

4 Har-Magedon müharibəsi

5 Şeytan və onun cinlərinin dibsiz ümmana atılması

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş