Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/10 s. 3—6
  • Onlar könüllü olaraq özlərini təqdim etdilər. Braziliyada

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Onlar könüllü olaraq özlərini təqdim etdilər. Braziliyada
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • «QULAQLARIMA İNANA BİLMİRDİM»
  • O, XİDMƏTİNƏ NƏZƏR SALMAĞA TƏŞVİQ OLUNDU
  • DİRİJOR, YOXSA XİDMƏTÇİ?
  • «QALMAQDAN BAŞQA ÇARƏM YOX İDİ»
  • Onlar könüllü olaraq özlərini təqdim etdilər. Ekvadorda
    Gözətçi qülləsi 2012
  • Xidmətə hazır könüllülər
    Gözətçi qülləsi 2017
Gözətçi qülləsi 2012
w12 15/10 s. 3—6

Onlar könüllü olaraq özlərini təqdim etdilər. Braziliyada

İNDİ 30 yaşı olan Rubiyə (1) Braziliyanın cənubunda yerləşən kiçik yığıncaqda pioner kimi xidmət edən rəfiqəsi Sandragilə (2) bir neçə il bundan əvvəl qonaq getmişdi. Həmin vaxt baş verən bir hadisə Rubiyəyə elə güclü təsir bağışlamışdı ki, o, həyatında dəyişiklik etdi. Bu, hansı hadisə idi? Gəlin bunu Rubiyənin özündən öyrənək.

«QULAQLARIMA İNANA BİLMİRDİM»

«Sandra məni Müqəddəs Kitabı öyrətdiyi bir qadının yanına apardı. Söhbət əsnasında bu qadın sözgəlişi dedi: “Sandra, mənim iş yerimdə üç qız Müqəddəs Kitabı öyrənmək istəyir, amma mən onlara dedim ki, onlar öz növbələrini gözləməlidirlər. Mən bilirəm ki, sən bu il çox məşğulsan”. Qulaqlarıma inana bilmirdim. Yehova haqqında öyrənmək istəyən insanlar öz növbələrini gözləməli idilər! Mən isə doğma yığıncağımda xidmət edə-edə Müqəddəs Kitabı öyrənmək istəyən bir nəfəri güc-bəla ilə tapıram. Məhz bu an, həmin qadının evində ürəyimdən bu kiçik şəhərin sakinlərinə kömək etmək üçün oraya köçmək arzusu keçdi. Tezliklə yaşadığım böyük şəhərdən Sandranın pioner kimi xidmət etdiyi şəhərə köçdüm».

Bundan sonra nə baş verdi? Rubiyə sözünə davam edərək deyir: «İki ay idi ki bu şəhərə köçməyimə baxmayaraq, mən 15 nəfərə Müqəddəs Kitabı öyrədirdim. Nə qədər inanılmaz səslənsə də, tez bir zamanda, Sandra kimi, mənim də əlimdə Müqəddəs Kitabı öyrənmək üçün öz növbələrini gözləyən insanların siyahısı var idi!»

O, XİDMƏTİNƏ NƏZƏR SALMAĞA TƏŞVİQ OLUNDU

Yaşı 20-dən çox olan Dieqo (3) Braziliyanın cənubunda yerləşən Prudentopolis adlı kiçik bir şəhərdə pioner kimi xidmət edən qardaşlara baş çəkmişdi. Bu səyahətdən çox təsirlənən qardaş xidmətinə yenidən nəzər salmağa təşviq olundu. O danışır: «Mən sadəcə yığıncaqlara gedib-gəlir və ayda bir neçə saat təbliğ edirdim. Lakin bu pionerlərə baş çəkəndə və danışdıqları əhvalatları eşidəndə onların xoşbəxt əhval-ruhiyyəsini xidmətə qarşı laqeyd münasibətimlə müqayisə etməyə bilməzdim. Onların sevincini görəndə istədim ki, mənim də həyatım onlarınkı kimi mənalı və dolğun olsun». Bu səyahətdən sonra Dieqo pioner xidmətinə başladı.

Ola bilsin ki, sən də Dieqo kimi xoş xəbəri təbliğ edən və yığıncaq görüşlərində iştirak edən bir gəncsən və hiss edirsən ki, xidmət sənin üçün darıxdırıcı olub və ondan heç bir sevinc duymursan. Əgər belədirsə, həyatında dəyişikliklər edə və Padşahlığın təbliğçilərinə daha çox ehtiyac olan ərazilərə köçərək xidmətinə sevinc qata bilərsənmi? Aydındır ki, rahat həyatdan imtina etmək fikri səni qorxuda bilər. Buna baxmayaraq, bir çox gənclər məhz belə seçim ediblər. Yehovaya daha çox xidmət etmək üçün onlar məqsəd və arzularını dəyişməyə cürət etmişdilər. İndi isə gəlin Brunonun nümunəsinə nəzər salaq.

DİRİJOR, YOXSA XİDMƏTÇİ?

İndi 28 yaşı olan Bruno (4) bir neçə il əvvəl məşhur musiqi məktəbində təhsil alırdı və niyyəti dirijor olmaq idi. Qardaş o dərəcədə peşəkar idi ki, bir neçə dəfə simfonik orkestrda dirijorluq etmək dəvətini almışdı. O karyera qurmağa can atırdı. Bruno deyir: «Ancaq hiss edirdim ki, həyatımda nəsə çatışmır. Özümü Yehovaya həsr etsəm də, dərk edirdim ki, Ona var gücümlə xidmət etmirəm və bu, məni narahat edirdi. Hisslərimi duada Yehovaya açdım, eləcə də yığıncaqdakı təcrübəli qardaşlarla söhbət etdim. Bu məsələni ciddi götür-qoy etdikdən sonra xidməti musiqidən üstün tutmağı qərara aldım və musiqi məktəbindən çıxaraq təbliğçilərə ehtiyac olan əraziyə köçdüm, hərçənd bu, müəyyən çətinliklərlə bağlı idi». Onun verdiyi qərar nə dərəcədə işə yaradı?

Bruno San-Paulu şəhərindən təxminən 260 kilometr uzaqlıqda yerləşən Quapiaraya (əhalisi təxminən 7000 nəfərdir) köçdü. Bu, böyük dəyişiklik idi. O danışır: «Mən nə soyuducusu, nə televizoru, nə də ki İnterneti olan xudmani bir evə köçdüm. Ancaq orada meyvə bağı və dirrik vardı. Əvvəllər yaşadığım yerdə bunların heç biri yox idi!» Buradakı balaca yığıncaqda xidmət etdiyi müddətdə Bruno həftədə bir dəfə çantasını ərzaq, su və kitab-jurnallarla dolduraraq motosikletlə kəndlərə təbliğ etməyə gedirdi. Həmin ərazidə yaşayan adamların bir çoxu ömürlərində heç bir dəfə də olsun xoş xəbəri eşitməmişdi. O deyir: «Mən nə az, nə çox 18 nəfərə Müqəddəs Kitabı öyrədirdim. Onların həyatlarında dəyişikliklər etdiyini görmək mənə böyük sevinc bəxş edirdi. Yalnız onda başa düşdüm ki, sən demə, həyatımda xidməti birinci yerə qoymağın gətirdiyi sevinc çatışmırdı. Əgər var-dövlətə can atsaydım, bu sevinci duymaq mənə nəsib olmazdı». Bəs Bruno Quapiarada özünü necə dolandırırdı? O gülümsəyərək cavab verir: «Gitaradan dərs deməklə». O, müəyyən mənada «dirijor»luq edir.

«QALMAQDAN BAŞQA ÇARƏM YOX İDİ»

30-a yaxın yaşı olan Mariananın (5) vəziyyəti Brunonun vəziyyətinə oxşayırdı. O, vəkil idi və gəlirli işdə işləməsinə baxmayaraq, həyatdan əsil məmnunluq duymurdu. O deyir: «Mənə elə gəlirdi ki, sanki, külək dalınca qaçıram» (Vaiz 1:17). Bəzi bacı-qardaşlar onu pioner xidməti barədə düşünməyə təşviq edirdilər. Bu təklifi bir az götür-qoy etdikdən sonra Mariana rəfiqələri Bianka (6), Karolina (7) və Culiana (8) ilə birlikdə evlərindən minlərlə kilometr uzaqlıqda, Boliviyanın yaxınlığında yerləşən Barra-do-Buqres şəhərindəki bir yığıncağa kömək etmək qərarına gəldilər. Bəs sonra nə baş verdi?

Mariana davam edir: «Mən burada cəmi üç ay qalmağı planlaşdırırdım. Ancaq bu müddət başa çatanda Müqəddəs Kitabı öyrətdiyim insanların sayı 15 nəfər idi! Əlbəttə ki, onların həqiqətdə inkişaf etmələri üçün daha çox köməyə ehtiyacları vardı. Buna görə də onları qoyub gedəcəyimi demək üçün cəsarətimi toplaya bilmədim. Qalmaqdan başqa çarəm yox idi». Bacıların dördü də qalmaq qərarına gəldi. Bu qərar Mariananın həyatına məna qatdımı? O deyir: «İnsanların həyatını yaxşılığa doğru dəyişmək üçün Yehovanın məndən istifadə etməsi məndə xoş hisslər oyadır. Vaxtımı və gücümü əsil dəyəri olan işə sərf etdiyimi bilmək mənim üçün xeyir-duadır». Karolina bu dörd bacının hisslərini belə ifadə edir: «Axşam yatmağa gedəndə dərin məmnunluq duyuram, çünki Padşahlığın maraqları üçün əlimdən gələni etmişəm. Həyatım Müqəddəs Kitabı öyrətdiyim insanların ətrafında dövr edir. Onların necə inkişaf etdiyini görmək, həqiqətən də, heyrətamizdir. Mən: “Dadın, görün Rəbb nə qədər şirindir”, — sözlərinin həqiqət olduğunu öz təcrübəmdən gördüm» (Məz. 34:8).

Padşahlıq haqda xoş xəbərin dünyanın ən ucqar yerlərinədək çatması üçün özlərini könüllü olaraq təqdim edən bacı-qardaşların sayının artmasını görmək Yehovanı necə də sevindirir! (Məz. 110:3; Sül. məs. 27:11). Yehova Allah Padşahlıq işinə can yandıran bütün bu bacı-qardaşlardan Öz xeyir-duasını əsirgəmir! (Sül. məs. 10:22).

[5–ci səhifədəki çərçivə/şəkil]

«Biz... heç nədən korluq çəkməmişik»

Xuan-Paulu və onun həyat yoldaşı Noemi təbliğçilərə ehtiyac olan ərazilərdə xidmət etmək istəsələr də, bəziləri onları fikirlərindən daşındırmağa çalışırdılar. Yığıncağın bəzi üzvləri deyirdilər: «Siz kiçik şəhərə köçməklə maddi cəhətdən risk edirsiniz. Köçmək nəyə lazımdır ki? Bizim yığıncaqda da görüləsi işlər hələ çoxdur». Xuan-Paulu deyir: «Həmimanlılarımızın yaxşı niyyətdən irəli gələrək dedikləri sözlərin bizi ruhdan salmamasına yol verməmək çətin idi». Buna baxmayaraq, artıq neçə illərdir ki, Noemi və Xuan-Paulu təbliğçilərə daha çox ehtiyac olan ərazidə xidmət edirlər. Onlar xidmətlərini genişləndirmək qərarlarında qəti olduqlarına görə çox xoşbəxtdirlər. Xuan-Paulu sözünə davam edir: «Biz burada olduğumuz uzun müddət ərzində heç nədən korluq çəkməmişik. Əsil dəyərə malik olan şeylərə gəldikdə isə, bunlar bizdə əvvəlkindən daha çoxdur». Onun sözünə qüvvət olaraq Noemi deyir: «Bunun üçün səy göstərməyə dəyərdi».

Balaca şəhərlərdə dolanmaq çətindir. Uzaq ərazilərə köçənlər özlərini necə təmin edirlər? Onlar düşüncə qabiliyyətlərini işə salırlar. Bəziləri ingilis və digər dilləri tədris edirlər, uşaqlara ev tapşırıqlarını etməkdə kömək edirlər. Digərləri isə paltar tikməklə, evlər boyamaqla və onlara yarım gün işləməyə imkan verən digər işlərlə məşğul olurlar. Təbliğçilərə daha çox ehtiyac olan ərazilərdə xidmət edənlər bir ağızdan deyirlər ki, xeyir-dualar bütün çətinliklərin əvəzini ödəyir.

[6–cı səhifədəki çərçivə/şəkil]

Ev həsrəti

Tiaqo deyir: «Yeni yığıncağa keçəndən sonra ruh düşkünlüyünə qapıldım. Burada təbliğçilərin sayı çox az idi və asudə vaxtımı keçirmək üçün əyləncələr, demək olar ki, yox dərəcəsində idi. Ev üçün darıxmağa başladım. Dərk edirdim ki, boş-bikar oturmaqdansa, vəziyyəti düzəltmək üçün nə isə etməliyəm. Buna görə də qarşıma yığıncaqdakı bacı-qardaşlarla yaxından tanış olmaq məqsədini qoydum və bu işə yaradı! Yeni dostlar qazandım və çox keçməmiş artıq özümü evdəki kimi xoşbəxt hiss edirdim».

[3–cü səhifədəki şəkil]

Noemi və Xuan-Paulu, Askurra, Santa-Katarina

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş