Bugünkü fəlakətlərə cəsarətlə sinə gər
«Allah bizə sığınacaqdır, qüvvətdir, dar gündə çox kömək edir» (MƏZ. 46:1).
CAVAB VERƏ BİLƏRSƏN?
Bədbəxt hadisələrlə üzləşəndə ruhdan düşməməyə bizə nə kömək edəcək?
Cəsarətli olmağımız üçün hansı səbəblərimiz var?
Bədbəxtliklərin öhdəsindən gəlməyimiz üçün Yehova bizə hansı üsullarla kömək edir?
1, 2. Çoxları hansı bədbəxtliklərlə üzləşirlər, ancaq Allahın xidmətçiləri nə etmək istəyirlər?
BİZ çətin zəmanədə yaşayırıq. Təbii fəlakətlər dünyanı öz ağuşuna alıb. Zəlzələ, sunami, daşqın, vulkan püskürməsi, tornado, tayfun, şiddətli fırtına və meşə yanğınları bəşəriyyətə böyük ziyan vurur. Digər tərəfdən isə, ailədəki çətinliklər və şəxsi problemlər insanların canına qorxu salır və kədərə qərq edir. Həqiqətən də, bu kimi hadisələr qəfildən insanların başlarının üstünü alır! (Vaiz 9:12).
2 Yaşadığımız zəmanənin çətin olmasına baxmayaraq, Allahın xalqı Ona sevinclə xidmət etməyə davam edir. Bu sistem öz sonuna yaxınlaşdıqca istənilən problemlərlə üzləşə bilərik. Hər birimiz bu çətinliklərə hazır olmaq istəyirik. Ruhdan düşmədən onların öhdəsindən necə gəlmək olar? Bizə bugünkü fəlakətlərə cəsarətlə sinə gərməyə nə kömək edəcək?
HƏYATLARINI CƏSARƏTLƏ YAŞAYANLARDAN NÜMUNƏ GÖTÜR
3. Romalılara 15:4 ayəsinə əsasən, ciddi problemlərlə üzləşəndə bizə nə təsəlli verə bilər?
3 Əvvəlki dövrlərlə müqayisədə çətin şəraitlər indi daha çox insana təsir göstərsə də, fəlakətə səbəb olan problemlər bəşəriyyət üçün yeni deyil. Gəlin çətin vəziyyətlərə cəsarətlə və müvəffəqiyyətlə sinə gərən Allahın keçmişdəki bəzi xidmətçilərinin nümunəsinə baxaq və görək onlardan nə öyrənə bilərik (Rom. 15:4).
4. Davud hansı bədbəxtliklərə sinə gərmişdi və ona nə kömək etmişdi?
4 Götürək Davudu. O, padşahın qəzəbinə tuş gəlirdi, düşmənlərin hücumuna məruz qalırdı, bir dəfə işğalçılar onun iki arvadını əsir aparmışdı, yaxınları ona xəyanət etmişdi və emosional gərginlik keçirirdi. Lakin bu, onun çəkdiyi əzabların hələ hamısı deyildi (1 Şam. 18:8, 9; 30:1—5; 2 Şam. 17:1—3; 24:15, 17; Məz. 38:4—8). Davud barədə Müqəddəs Kitabda qələmə alınan hadisələr bu bədbəxtliklərin ona nə dərəcədə əzab verdiyini aydın şəkildə göstərir. Ancaq bütün bunlar onu ruhani cəhətdən məhv etmədi. Möhkəm imanla o dedi: «Rəbdir ömrümün qalası, mən kimdən vahimələnim?» (Məz. 27:1; Məzmur 27:5, 10 ayələrini oxu).
5. Həyatın çətinliklərinin öhdəsindən gəlməyə İbrahim və Saraya nə kömək etmişdi?
5 İbrahim və Sara ömürlərinin çox hissəsini qərib ölkədə çadırlarda yaşayaraq keçirmişdilər. Həyat onlar üçün həmişə asan olmayıb. Üstəlik, İbrahimlə Sara aclığa və ətrafdakı xalqların yaratdığı təhlükələrə də əzmlə tab gətirirdilər (Yar. 12:10; 14:14—16). Onlar nəyin sayəsində bu problemlərin öhdəsindən gələ bildilər? Allahın Kəlamında deyilir ki, İbrahim «memarı və inşaatçısı Allah olan, möhkəm bünövrə üzərində tikilmiş şəhəri gözləyirdi» (İbr. 11:8—10). İbrahim və Sara diqqətlərini gələcəkdə Allahın yerinə yetəcək vədlərinə cəmləmişdilər və yol vermirdilər ki, ətrafda baş verənlər onları ruhdan salsın.
6. Biz Əyyubu necə təqlid edə bilərik?
6 Əyyub şiddətli sınaqlara məruz qalmışdı. Ona elə gəlirdi ki, həyatı alt-üst olub. Təsəvvür edirsiniz, o, özünü necə hiss edirdi?! (Əyy. 3:3, 11). Ən dəhşətlisi isə o idi ki, Əyyub başına gələn bütün bədbəxtliklərin səbəbini bilmirdi. Ancaq o təslim olmadı. O, Allah qarşısında nöqsansızlığını və imanını qorudu. (Əyyub 27:5 ayəsini oxu.) Əyyub bizim üçün necə də gözəl nümunədir!
7. Pavel Allaha xidməti zamanı nələrlə üzləşmişdi və xidmətini davam etdirmək üçün cəsarəti haradan almışdı?
7 İndi isə gəlin həvari Pavelin nümunəsinə baxaq. O, şəhərdə, çöllükdə, dənizdə təhlükələrlə üzləşmişdi. Pavel dəfələrlə yeməyə çörək tapmayıb ac-susuz və soyuqda çılpaq qaldığını yazır. O həmçinin bir gün bir gecə dənizin ağuşunda olduğunu xatırlayır və ehtimal ki, o, uğradığı gəmi qəzalarından birini nəzərdə tuturdu (2 Kor. 11:23—27). Görün bir dəfə ölümlə üz-üzə gələrkən o, nə demişdi: «Bu ona görə baş verdi ki, biz özümüzə yox, ölüləri dirildən Allaha bel bağlayaq. O, bizi nə az, nə çox, ölümdən qurtardı və bundan sonra da qurtaracaq» (2 Kor. 1:8—10). Pavelin başına gələn bəlalarla üzləşən çox az adam tapılar. Bununla belə, çoxlarımız onun hisslərini başa düşürük və onun cəsarət nümunəsi bizə təsəlli verir.
QOYMA PROBLEMLƏR QƏDDİNİ ƏYSİN
8. Bugünkü problemlər bizə necə təsir edə bilər? Nümunə çək.
8 Dünyanı öz ağuşuna alan təbii fəlakətlər, çətinliklər və təzyiqlər ucbatından çoxları ruh düşkünlüyünə qapılırlar. Hətta bəzi məsihçilər də bu cür hisslər olur. Əri ilə birgə Avstraliyada tammüddətli xidmətdə iştirak edən Lania adlı bacı deyir ki, ona döş xərçəngi diaqnozu qoyulanda o sarsıntı keçirdi, sanki, onu ildırım vurdu. O deyir: «Müalicədən sonra yaman əldən düşdüm və məndə özümə qarşı hörmət hissi qalmamışdı». Hələ bu, az imiş kimi, bacı onurğa sütunundan əməliyyat olunan ərinə baxmalı idi. Əgər sən belə vəziyyətdə olsaydın, nə edərdin?
9, 10. a) Şeytanın bizə nə etməsinə yol verməməliyik? b) Həvarilərin işləri 14:22 ayəsində yazılan gerçəkliklə biz necə qarşı-qarşıya dura bilərik?
9 Biz yadda saxlamalıyıq ki, Şeytan üzləşdiyimiz çətinliklər vasitəsilə imanımızı sarsıtmağa çalışır. Lakin biz ona bu yolla sevincimizi əlimizdən almasına imkan verməməliyik. Süleymanın məsəlləri 24:10 ayəsində deyilir: «Dar gündə taqətdən düşsən, necə də zəif adamsan!» Yuxarıdakı abzaslarda müzakirə etdiyimiz və digər Müqəddəs Kitab nümunələri üzərində düşünmək bizə fəlakətlər qarşısında cəsarətli olmağa kömək edəcək.
10 Həmçinin yaxşı olardı ki, bütün problemləri aradan qaldırmaq iqtidarında olmadığımızı da yadda saxlayaq. Demək olar ki, onlar qaçılmazdır (2 Tim. 3:12). Həvarilərin işləri 14:22 ayəsində deyilir: «Biz çoxlu əzab-əziyyətdən keçib Allahın padşahlığına girməliyik». Məyus olmaq əvəzinə, nəyə görə bu çətinliklərə Allahın bizə kömək etmək qabiliyyətinə əsaslanan imandan doğan cəsarət göstərmək imkanı kimi baxmayaq?!
11. Bədbəxtliklər ucbatından ruh düşkünlüyünə qapılmamaq üçün nə etməliyik?
11 Biz diqqətimizi müsbət şeylərə cəmləməliyik. Allahın Kəlamında deyilir: «Qəlbin sevinci üzü xoş edər, ürəyin kədəri könlü sındırar» (Sül. məs. 15:13). Neçə vaxtdır ki, tibb sahəsində araşdırmalar edənlər müsbət düşüncə tərzinin müalicəvi təsirə malik olduğunu qeyd edirlər. Şəkərdən hazırlanmış həblər (plasebo) verilən bir çox xəstələr sadəcə vəziyyətlərinin yaxşılaşdığını düşündükləri üçün onların xəstəliklərinin simptomları zəifləyirdi. Bu vəziyyətin əksi olan «nosebo effekti» adlandırılan vəziyyətin də təsiri nümayiş etdirilmişdi. Sadəcə olaraq dərmanın onlara mənfi təsir göstərəcəyini dedikləri üçün xəstələrin halı pisləşirdi. Dəyişə bilməyəcəyimiz vəziyyətlərin üzərində daima düşünsək, əlimizə heç nə keçən deyil, əksinə, daha çox ruh düşkünlüyünə qapılacağıq. Xoşbəxtlikdən, Yehovanın bizə göstərdiyi kömək realdır, şəkərdən hazırlanmış həblər kimi deyil. Hətta fəlakət zamanı Yehova Kəlamı vasitəsilə bizi ruhlandırır, bacı-qardaşlardan istifadə edərək dayaq olur və müqəddəs ruhu ilə möhkəmləndirir. Diqqətimizi bunlara yönəltmək bizi dirçəldir. Pis hadisələr barədə düşünmək əvəzinə, fikrini hər bir problemin öhdəsindən necə gələcəyinə və həyatında baş verən müsbət hadisələrə cəmlə (Sül. məs. 17:22).
12, 13. a) Allahın xidmətçilərinə təbii fəlakətlər zamanı dözməyə nə kömək edir? Nümunə çək. b) Fəlakətlər zamanı həyatımızda nəyin daha vacib olduğu necə üzə çıxa bilər?
12 Bu yaxınlarda bəzi ölkələrdə şiddətli təbii fəlakətlər baş vermişdi. Qeyd etmək lazımdır ki, orada yaşayan bacı-qardaşlarımız böyük dözüm göstərmişlər. Lakin bu heç də asan deyildi. 2010-cu ilin əvvəlində Çilidə baş verən güclü zəlzələ və sunami nəticəsində bir çox qardaşlarımız evlərini, əmlaklarını, bəziləri isə iş yerlərini itirmişdilər. Buna baxmayaraq, onlar ruhən fəal qalmışdılar. Evi yerlə yeksan olan Samuel deyir: «Hətta belə çətin vəziyyətdə belə nə yoldaşım, nə də mən təbliğdən və yığıncaqlardan qalmadıq. Əminəm ki, məhz bunlar bizə ayaqda qalmağımıza kömək etdi». Bir çox başqa həmimanlılarımız kimi, onlar da təbii fəlakəti arxada qoyub Yehovaya xidmətdə irəliləməyə davam etdilər.
13 Filippinin paytaxtı Manilanın 80 faizdən çox ərazisi 2009-cu ilin sentyabr ayında yağan aramsız leysan yağışları nəticəsində suyun altında qalmışdı. Var-dövlətinin böyük qismini itirən bir varlı kişi demişdi: «Daşqın həm varlıların, həm də kasıbların başlarına bəla açaraq aralarındakı sərhədi aradan götürdü». Bu, bizə İsanın verdiyi müdrik məsləhəti xatırladır: «Xəzinənizi göydə toplayın. Orada onu nə güvə yeyir, nə pas xarab edir, nə də oğrular girib oğurlayır» (Mat. 6:20). Maddi əşyalar bir göz qırpımında yoxa çıxa bilər. Həyatımızı onların ətrafında qurmaq çox vaxt məyusluqla nəticələnir. Həyatımızı ətrafda baş verən hadisələrdən asılı olmayaraq heç vaxt məhv olmayan Yehova ilə münasibətlər əsasında qurmaq necə də müdrik hərəkətdir! (İbranilərə 13:5, 6 ayələrini oxu.)
CƏSARƏTLİ OLMAĞIMIZ ÜÇÜN SƏBƏBLƏR
14. Cəsarətli olmağımız üçün bizim hansı səbəblərimiz var?
14 İsa iştirakı zamanı problemlərin olacağını qeyd etsə də: «Dəhşətə gəlməyin», — demişdi (Luka 21:9). Padşahımız İsa və kainatın Yaradanı Yehova bizə dəstək olurlar, buna görə də cəsarətli olmağımız üçün tutarlı səbəblərimiz var. Pavel: «Allah bizə qorxaqlıq ruhu yox, güc, məhəbbət və sağlam düşüncə ruhu verib», — sözləri ilə Timoteyi ürəkləndirirdi (2 Tim. 1:7).
15. Allahın bəzi xidmətçiləri Ona güvəndiklərini necə göstərmişlər və biz onlar kimi necə cəsarətli ola bilərik?
15 Görək Allahın bəzi xidmətçiləri Ona tam güvəndiklərini necə ifadə etmişdilər. Davud demişdi: «Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir» (Məz. 28:7). Pavel Allaha olan sarsılmaz etibarını belə ifadə etmişdi: «Bizi sevənin sayəsində biz hər şeyə qalib gəlirik» (Rom. 8:37). İsa tezliklə böyük təhlükə ilə qarşılaşacağını biləndə dediyi: «Mən tək qalmayacağam, çünki Atam mənimlədir», — sözləri dinləyicilərində onun Allahla münasibətinin möhkəm olduğuna dair heç bir şübhə qoymadı (Yəh. 16:32). Allahın sadiq xidmətçilərinin bu sözləri nəyi göstərir? Yehovaya etibarlarının sarsılmaz olduğunu. Əgər biz də Allaha bu cür etibar inkişaf etdirsək, üzləşdiyimiz bədbəxtliklərə cəsarətlə sinə gərəcəyik. (Məzmur 46:1—3 ayələrini oxu.)
ALLAHIN KÖMƏYİNDƏN YARARLAN
16. Nəyə görə Allahın Kəlamını öyrənmək çox vacibdir?
16 Məsihçi cəsarəti öz gücünə arxalanmaq demək deyil. Əksinə, bu, Allahı tanımağın və Ona etibar etməyin bəhrəsidir. Bunun üçün biz Onun Kəlamı olan Müqəddəs Kitabı araşdırmalıyıq. Depressiyadan əziyyət çəkən bir bacı ona nəyin kömək etdiyini belə izah edir: «Məni sakitləşdirən Müqəddəs Kitab ayələrini təkrar-təkrar oxuyuram». Müntəzəm şəkildə ailəvi ibadət keçirməyə dair verilən göstərişə əməl edirikmi? Bunları etmək bizə məzmurçunun düşüncə tərzinə yiyələnməyə kömək edəcək. O deyirdi: «Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm» (Məz. 119:97).
17. a) Allahın təqdim etdiyi hansı kömək sayəsində biz cəsarətli ola bilərik? b) Nəşrlərimizdə oxuduğun hansı həyat hekayəsinin sənə faydası olub?
17 Bizim Yehovaya etibarımızı möhkəmləndirəcək məlumatlarla zəngin Müqəddəs Kitaba əsaslanan nəşrlərimiz də var. Jurnallarımızda dərc olunan həyat hekayələrinin bir çox həmimanlılarımıza xüsusi faydası olub. Asiyada yaşayan bir bacı depressiyanın digər növü olan bipolyar pozuntudan əziyyət çəkir. O, eyni xəstəliyi olan və keçmişdə xüsusi təyinatlı müjdəçi kimi xidmət edən qardaşın həyat hekayəsini oxuyanda çox ruhlanmışdı. Bacı yazır: «Bu, problemimi başa düşməyə kömək etdi və məndə ümid yaratdı».
18. Nəyə görə biz mümkün qədər tez-tez dua etməliyik?
18 Dua istənilən vəziyyətdə dadımıza çata bilər. Həvari Pavelin növbəti sözləri duanın nə qədər dəyərli olduğunu göstərir: «Heç nəyə görə narahat olmayın. Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin. Allahın verdiyi qəlb rahatlığı bütün insan fikirlərini üstələyir; o, ürəyinizi və zehninizi Məsih İsa vasitəsilə qoruyacaq» (Filip. 4:6, 7). Bədbəxtliklər bizi öz ağuşuna alanda güc əldə etmək üçün Allahın bu köməyindən tam yararlanırıqmı? Uzun müddət depressiyadan əziyyət çəkən Aleks adlı britaniyalı bir qardaş deyir: «Duada Yehova ilə söhbət etmək və Kəlamı vasitəsilə Onu eşitmək, sanki, uçuruma yıxılmamaq üçün yapışdığım bir budaqdır».
19. Məsihçi görüşlərində iştirak etmək nə dərəcədə vacibdir?
19 Allahın təqdim etdiyi həyati vacib köməklərdən digəri yığıncaq görüşləridir. Məzmurçu yazırdı: «Qəlbim Rəbbin həyətinin həsrətindədir» (Məz. 84:2). Biz də belə hisslər keçiririkmi? Yuxarıda adı çəkilən Lani məsihçi görüşləri haqda düşüncələrini belə dilə gətirir: «Yığıncaq görüşlərinə gedib-getməmək seçim məsələsi deyildi. Mən başa düşürdüm ki, əgər Yehovanın mənə kömək etməsini istəyirəmsə, orada olmalıyam».
20. Təbliğ işində iştirak etmək bizə necə kömək edir?
20 Bədbəxtliklərə cəsarətlə sinə gərmək üçün Yehovanın təqdim etdiyi başqa kömək isə Padşahlığın təbliğ işində fəallığı qoruyub saxlamaqdır (1 Tim. 4:16). Həyatda çoxlu problemləri olan Avstraliyada yaşayan bir bacı deyir: «Etmək istədiyim ən axırıncı iş təbliğ idi. Ancaq ağsaqqal məni xidmətə dəvət edəndə razılaşdım. Görünür, bu, Yehovanın köməyi idi; hər dəfə xidmətə çıxanda özümü çox xoşbəxt hiss edirdim» (Sül. məs. 16:20). Çoxları fikir vermişlər ki, insanların Yehovaya iman etmələrinə kömək edəndə onların öz imanı möhkəmlənir. Bunun sayəsində onların fikirləri problemlərindən yayınır və diqqətlərini daha vacib şeylərə cəmləyirlər (Filip. 1:10, 11).
21. Çətinliklərlə üzləşəndə nəyə əmin ola bilərik?
21 Yehova bugünkü bədbəxtliklərə cəsarətlə sinə gərməyimiz üçün bizə xeyli kömək təqdim edir. Əgər bunların hamısından yararlansaq, eləcə də Allahın keçmişdə yaşayan xidmətçilərinin nümunələri üzərində düşünsək və onları təqlid etsək, əmin ola bilərik ki, çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gələcəyik. Öz sonuna yaxınlaşan bu dünyada başımıza çox şey gələ bilər, bununla belə, biz Pavelin əhval-ruhiyyəsini əks etdirə bilərik: «Bizi yıxırlar, amma məhv edilməmişik... Biz ruhdan düşmürük» (2 Kor. 4:9, 16). Yehovanın köməyi sayəsində bugünkü fəlakətlərin öhdəsindən cəsarətlə gələcəyik. (2 Korinflilərə 4:17, 18 ayələrini oxu.)
[Haşiyə]
a Bəzi adlar dəyişdirilib.
[10–cu səhifədəki şəkil]
Bədbəxtlik baş verəndə Yehovanın köməyindən yararlan