Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/11 s. 26—30
  • Bir-birinizi ürəkdən bağışlayın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bir-birinizi ürəkdən bağışlayın
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ BAĞIŞLAMAĞI BACARMALIYIQ?
  • HİSSLƏRİNİ TƏHLİL ET
  • İNCİMƏLİSƏNMİ?
  • «DİLƏDİYİNİZ SÜLH SİZƏ QAYIDACAQ»
  • YEHOVANI RAZI SALAN TƏRZDƏ REAKSİYA GÖSTƏR
  • Ürəkdən bağışlayın
    Gözətçi qülləsi 2015
  • Yehova bağışlamağı bacaranlardan razıdır
    Gözətçi qülləsi 2022
  • Yehovanın əfvi bizə örnəkdir
    Gözətçi qülləsi 2025
  • Bağışlamaq nə deməkdir?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/11 s. 26—30

Bir-birinizi ürəkdən bağışlayın

«Bir-birinizə qarşı həmişə səbirli olun,.. bir-birinizi ürəkdən bağışlayın» (KOLOS. 3:13).

NECƏ CAVAB VERƏRDİNİZ?

Nəyə görə bağışlamağa hazır olmalıyıq?

Bağışlamağı bacarmağın vacibliyinə dair İsa hansı nümunəni çəkdi?

Başqalarını bağışlamağa hazır olmaqla hansı xeyir-dualar əldə edəcəyik?

1, 2. Bağışlamağa hazır olub-olmadığımızı nəyə görə yoxlamalıyıq?

MÜQƏDDƏS KİTABDAN Yehovanın günaha olan nöqteyi-nəzəri, həmçinin insan günaha yol verən zaman Onun necə münasibət göstərməsi barədə öyrənirik. Oradan bağışlamağa dair də çox şey öyrənirik. Əvvəlki məqalədə Yehovanın Davudu və Menaşşeni nə üçün bağışladığını araşdırdıq. Onlar əməllərinə görə çox peşman oldular, Yehovanın qarşısında günahlarını boyunlarına aldılar və pis əməllərindən əl çəkərək səmimi qəlbdən tövbə etdilər. Yehova da, öz növbəsində, onlara yenidən lütf göstərdi.

2 Gəlin indi bizim başqalarını bağışlamağa hazır olub-olmadığımızı nəzərdən keçirək. Əgər əzizlərindən kimsə Menaşşenin günahsız qurbanı olsaydı, sən ona qarşı nə hiss edərdin? Onu bağışlaya bilərdin? Bu sual bizim günlərdə də çox aktualdır, çünki biz qanunsuz, zorakı və xudbin bir dünyada yaşayırıq. Bəs nəyə görə məsihçilər bağışlamaq xüsusiyyətini inkişaf etdirməlidirlər? Təhqirə və ya haqsızlığa məruz qalanda, sənə təmkinli və bağışlamağa hazır olmağa, eləcə də Yehovanın istədiyi kimi reaksiya göstərməyə nə kömək edə bilər?

NƏYƏ GÖRƏ BAĞIŞLAMAĞI BACARMALIYIQ?

3-5. a) Bağışlamağın vacibliyini vurğulamaq üçün İsa hansı nümunəni çəkmişdi? b) İsanın Matta 18:21—35 ayələrindəki nümunəsinin məğzi nədən ibarətdir?

3 Ailə üzvlərimizlə, dostlarımızla, digər insanlarla və Yehova ilə sülh münasibətlərimizi qoruyub saxlamaq istəyiriksə, məsihçi yığıncağının üzvü olub-olmamasından asılı olmayaraq, xətrimizə dəyən insanları bağışlamağı bacarmaq mütləqdir. Müqəddəs Yazılar göstərir ki, başqaları dəfələrlə xətrimizə dəysə də, bir məsihçi kimi, bizdən onları bağışlamaq tələb olunur. Bu tələbin ağlabatan olduğunu İsa çoxlu borcu olan nökər haqda nümunə çəkməklə göstərmişdi.

4 Bu nökərin ağasına bir işçinin 60 milyon günlük əmək haqqına bərabər borcu var idi; buna baxmayaraq, ağası onun borcunu ləğv etdi. Həmin nökər ağasının yanından çıxdıqdan sonra ona cəmi 100 günlük əmək haqqına bərabər borcu olan digər nökər yoldaşını tapıb pulunu qaytarmağı tələb etdi. Borcu olan nökər yoldaşına yalvardı ki, ona vaxt versin, ancaq külli-miqdarda borcu bağışlanan nökər onu həbsxanaya atdı. Nökərin bu davranışı ağasını bərk qəzəbləndirdi. «Məgər mən sənə rəhm etdiyim kimi, sən də nökər yoldaşına rəhm etməli deyildin?» — deyə ağası soruşdu. «O, [bağışlamayan] nökəri həbsxana rəislərinə verdi ki, borcunu son qəpiyinə kimi ödəyənə qədər həbsxanada qalsın» (Mat. 18:21—34).

5 İsanın bu nümunəsinin məğzi nədən ibarət idi? O, sözlərinə belə yekun vurdu: «Bunu bilin ki, əgər hər biriniz qardaşınızı ürəkdən bağışlamasanız, səmavi Atam da sizinlə beləcə davranacaq» (Mat. 18:35). İsanın nə demək istədiyi aydındır. Biz qeyri-kamil olduğumuz üçün tez-tez səhvlərə yol veririk. Buna görə də Yehovanın normalarına tam şəkildə riayət etməyimiz qeyri-mümkündür. Ancaq O, bizi bağışlamağa, başqa sözlə desək, əvvəlki günahlarımızı silib atmağa hazırdır. Bu səbəbdən Yehova ilə dost olmaq istəyən kəslər başqalarının mənfi cəhətlərini, qeyri-kamilliyini bağışlamağa borcludurlar. Həmçinin İsa Dağüstü təbliğində demişdi ki, «əgər insanların təqsirlərini bağışlayırsınızsa, səmavi Atanız da sizi bağışlayacaq. Lakin onların təqsirlərini bağışlamırsınızsa, Atanız da sizin təqsirlərinizi bağışlamayacaq» (Mat. 6:14, 15).

6. Nəyə görə başqalarını bağışlamaq həmişə asan olmur?

6 «Bunu demək asandır», — deyə fikirləşə bilərsən. Çünki başqaları qəlbimizi qıranda biz çox vaxt emosiyalara qapılırıq. Bu zaman insan əsəbiləşə bilər və ona xəyanət edildiyini düşünərək məsələnin ədalətlə həll olunmasını istəyə, hətta xətrinə dəyən insandan qisas almaq fikrinə düşə bilər. Üstəlik, bəziləri incidikləri insanı heç vaxt bağışlaya bilməyəcəklərini düşünürlər. Ola bilsin, sən də eyni hissləri keçirirsən. Ancaq Yehova başqalarını bağışlamağı tələb etdiyi üçün sən nə etməlisən?

HİSSLƏRİNİ TƏHLİL ET

7, 8. Kimsə səninlə kobud rəftar edəndə məyusluğa qapılmamağına nə kömək edə bilər?

7 Bəzən kimsə xətrimizə dəyə bilər. Yaxud da bizə elə gələ bilər ki, xətrimizə dəyiblər. Belə olan halda güclü məyusluq hissinə qapıla bilərik. Gəlin görək bir gənc bir dəfə çox əsəbiləşən zaman baş verənləri necə izah edir: «Bir dəfə... elə hirslənmişdim ki, evdən çıxıb getdim və söz verdim ki, heç vaxt qayıtmayacağam. Gözəl yay günü idi. Tək-tənha dar bir cığırla xeyli yol getdim. Ora çox sakit və gözoxşayan idi. Bir neçə saatdan sonra hirsim soyudu və kor-peşman evə qayıtdım». Bu nümunədən göründüyü kimi, əgər özünə sakitləşmək üçün vaxt versən, sonradan peşman olacağın tərzdə reaksiya göstərmək əvəzinə, vəziyyəti hərtərəfli görə biləcəksən (Məz. 4:4; Sül. məs. 14:29; Yaq. 1:19, 20).

8 Bəs əgər mənfi hisslər vaxt keçdikdən sonra da səndən əl çəkmirsə, onda necə? Bu cür hissləri nəyə görə keçirdiyini müəyyən etməyə çalış. Bəlkə, sənə qarşı haqsızlıq və kobudluq ediblər? Yoxsa elə düşünürsən ki, həmin insan sənə bilərəkdən zərər yetirmək istəyib? Onun hərəkəti, həqiqətənmi, olduqca pisdir? Belə reaksiya göstərməyinin səbəbini təhlil edib başa düşdükdən sonra bu kimi hisslərin öhdəsindən gəlməkdə sənə hansı Müqəddəs Kitab prinsiplərinin kömək edəcəyini müəyyən edə biləcəksən. (Süleymanın məsəlləri 15:28; 17:27 ayələrini oxu.) Bu cür götür-qoy etməyin sayəsində məsələyə daha real baxacaq və bağışlamağı bacaracaqsan. Bunu etmək çətin olsa da, Müqəddəs Kitab sənə ürəyinin düşüncə və niyyətlərini üzə çıxarmağa, eləcə də bağışlamaq sahəsində Yehovanı təqlid etməyə kömək edəcək (İbr. 4:12).

İNCİMƏLİSƏNMİ?

9, 10. a) Kimsə xətrinə dəyəndə necə reaksiya göstərməlisən? b) Müsbət əhval-ruhiyyədə olmağın və bağışlamağı bacarmağın sayəsində nə əldə edəcəksən?

9 İnsanı qəzəbləndirən bir çox hallar ola bilər. Tutalım, sən sükan arxasındasan və başqa bir maşın az qalır sənin maşınınla toqquşsun. Bu vaxt sən nə edəcəksən? Bəziləri özlərindən çıxaraq digər sürücülərə hücum edirlər. Ancaq sən, bir məsihçi kimi, belə etmək istəməzdin.

10 Hadisəyə münasibət bildirməzdən əvvəl düşünmək daha yaxşı olardı. Ola bilsin, baş verənlərdə qismən sənin də səhvin olub, çünki həmin vaxt bir az dalğın olmusan. Yaxud da, digər maşında texniki nasazlıq olub. Əgər başqalarının hər hansı səhvə nə üçün yol verdiklərini başa düşməyə çalışsaq, yol verilən səhvlərin bütün səbəblərini bilmədiyimizi anlasaq, eləcə də bağışlamağa hazır olsaq, onda başqalarının səhvlərinə görə bir o qədər əsəbiləşməyəcək və məyus olmayacağıq. Biz küsəyən, dəymədüşər olmamalıyıq. Necə ki, Vaiz 7:9 ayəsində deyilir: «Qəzəblənməyə tələsmə, çünki qəzəb ağılsızların ürəyində yuva salar». Çox vaxt bizə elə gələ bilər ki, başqaları qəsdən bizim xətrimizə dəyməyə çalışırlar. Ancaq unutma ki, insanlar sadəcə qeyri-kamil olduqlarından səhvlərə yol verirlər. Yaxud, ola bilsin, sən nəyisə düz başa düşməmisən. Buna görə də xoş olmayan hərəkətə və ya sözə obyektiv yanaşmağa çalış və məhəbbətdən irəli gələrək bağışlamağa hazır ol. Belə etməklə sən məmnunluq əldə edəcəksən. (1 Peter 4:8 ayəsini oxu.)

«DİLƏDİYİNİZ SÜLH SİZƏ QAYIDACAQ»

11. İnsanların çatdırdığımız xəbərə necə münasibət göstərmələrindən asılı olmayaraq, biz nə etməliyik?

11 Xidmətdə kimsə sənə qarşı kobudluq edərsə, özünə necə hakim ola bilərsən? İsa 70 şagirdini xidmətə göndərəndə daxil olduqları hər evə sülh arzulamağı tapşıraraq demişdi: «O evdə sülhsevər bir adam yoxdursa, dilədiyiniz sülh sizə qayıdacaq; əgər varsa, onun üzərində qalacaq» (Luka 10:1, 5, 6). Çatdırdığımız xəbər insanlara fayda gətirdiyindən onlar bu xəbərə hay verəndə biz çox sevinirik. Lakin bəzən insanlar heç də sülhsevər olmurlar. Bəs onda nə edəcəyik? İsa demişdi ki, belə olan halda da sülhü qoruyub saxlamalıyıq. Ev sahibinin bizimlə necə davranmasından asılı olmayaraq, biz daxili sülhü qorumağı bacarmalıyıq. Əgər qarşımızdakı insanın kobud rəftarına görə ruhdan düşsək, sülhü qoruyub saxlaya bilməyəcəyik.

12. Pavelin Efeslilərə 4:31, 32 ayələrindəki sözlərinə əsasən, biz nə etməliyik?

12 Təkcə məsihçi xidmətində deyil, hər bir vəziyyətdə sülhü qoruyub saxlamağa çalış. Əlbəttə, başqalarını bağışlamaq onların yanlış hərəkətlərini bəyəndiyini və ya başqalarına zərər verdiyini görməzdən gəldiyini göstərmir. Əksinə, belə səhvlərin səni ruhdan salmasına yol vermədiyini və ürəyində sülhü qoruduğunu göstərir. Bəzi insanlar mənfi fikirlərin və başqalarının hərəkətlərinin onları sevincdən məhrum etməsinə yol verirlər. Sən isə bu kimi mənfi hisslərin səni idarə etməsinə yol vermə. Unutma ki, qəzəblənməyə son qoymasan, xoşbəxt ola bilməyəcəksən. Buna görə də, bağışlamağı öyrən! (Efeslilərə 4:31, 32 ayələrini oxu.)

YEHOVANI RAZI SALAN TƏRZDƏ REAKSİYA GÖSTƏR

13. a) Hansı mənada məsihçi düşmənin başına «köz» yığır? b) Kimsə bizimlə pis rəftar edəndə mülayim cavab verməyin nəticəsi necə ola bilər?

13 Məsihçi olmayan bir nəfər səninlə pis rəftar edəndə Müqəddəs Kitab normalarına uyğun davranaraq ona gözəl şahidlik verə bilərsən. Həvari Pavel yazırdı: «“Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver, beləcə, onun başına köz yığacaqsan”. Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl» (Rom. 12:20, 21). Kimsə səni acıqlandıran zaman nəzakətli olmaqla hətta səninlə sərt rəftar edən adamın belə münasibətini yumşalda və yaxşı keyfiyyətlərini üzə çıxara bilərsən. Xətrinə dəyən adama anlayış, şəfqət, eləcə də mərhəmət göstərməklə həmin adama Müqəddəs Kitab həqiqətlərini öyrənməyə kömək edə bilərsən. Hər necə olsa da, mülayim cavab insanı sənin bu cür yaxşı rəftarın üzərində düşünməyə vadar edəcək (1 Pet. 2:12; 3:16).

14. İnsan səninlə nə qədər pis davransa da, nəyə görə bağışlamağa hazır olmalısan?

14 Bəzi insanlarla dostluq münasibəti qurmağımız heç də düzgün olmazdı. Bu, bir zamanlar yığıncağın üzvü olan, ancaq sonradan günaha yol verdiyi və tövbə etmədiyi üçün yığıncaqdan kənar edilən kəslərdir. Əgər belə bir insan sənə zərər yetiribsə, onu bağışlamaq çox çətin ola bilər. Hətta o, tövbə etmiş olsa belə, onun vurduğu emosional yaranın sağalması vaxt ala bilər. Belə vəziyyətdə tövbə etmiş günahkarı bağışlamaq üçün Yehovadan kömək diləyə bilərsən. Bu vacibdir, çünki sən heç vaxt başqasının ürəyindəkiləri bilə bilməzsən. Yehova isə bilir. Yehova insanın ürəyinin dərinliyindəki hissləri araşdırır və günah işlədənlərə təhəmmül edir (Məz. 7:9; Sül. məs. 17:3). Elə bu səbəbdən Müqəddəs Yazılarda deyilir: «Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı sayılan işləri görün. İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın. Əzizlərim, öz qisasınızı almayın, lakin Allahın qəzəbi üçün yer qoyun. Çünki yazılıb: “Yehova belə deyir: “Qisas Mənimdir, əvəzini Özüm verəcəyəm”» (Rom. 12:17—19). Sən başqasını ədalətlə mühakimə edə bilərsən? Xeyr (Mat. 7:1, 2). Ancaq Yehovanın tam ədalətlə hökm çıxaracağına əmin ola bilərsən.

15. Bizimlə pis rəftar edən insana qarşı qəzəblənməməyə nə kömək edər?

15 Əgər sən ədalətsizliyin qurbanı olduğunu düşünürsənsə və tövbə etmiş günahkarı bağışlaya bilmirsənsə, onda yaxşı olardı ki, onun da qurban olduğunu unutmayasan. Sənin kimi, o da miras aldığı qeyri-kamillikdən əziyyət çəkir (Rom. 3:23). Yehova bütün günahlı bəşəriyyətə mərhəmət göstərdiyi üçün biz də xətrimizə dəyən adam üçün dua etməliyik. Yəqin ki, belə olan halda haqqında dua etdiyimiz adama qəzəblənməyimiz yersiz olardı. İsanın: «Düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin», — sözlərindən aydın görünür ki, bizimlə pis rəftar etmələrindən asılı olmayaraq, başqalarına qarşı kin saxlamamalıyıq (Mat. 5:44).

16, 17. Məsihçi ağsaqqalların tövbə etmiş günahkarı bağışlamasına necə yanaşmalısan və nəyə görə?

16 Yehova Allah məsihçi ağsaqqallara yığıncaqda qanun pozuntusuna yol verənlərlə bağlı məsələləri həll etməyi həvalə edib. Bu qardaşlar, Onun kimi, hər bir vəziyyətlə bağlı bütün təfsilatları bilməsələr də, onlar müqəddəs ruhun rəhbərliyi altında Allahın Kəlamında yazılmış göstərişlərə uyğun qərarlar çıxarmağa çalışırlar. Buna görə də əmin ola bilərik ki, onların Yehovadan duada kömək istədikdən sonra bu kimi məsələlərlə bağlı verdikləri qərarlar Allahın nöqteyi-nəzərini əks etdirir (Mat. 18:18).

17 Belə vəziyyətlərdə bizdən sadiqlik tələb olunur. Sən tövbə etmiş günahkarı bağışlayıb, ona məhəbbət göstərəcəksənmi? (2 Kor. 2:5—8). Əgər sən və yaxud ailə üzvlərindən kimsə onun yanlış hərəkətinin qurbanı olubsa, bunu etmək xüsusilə çətin ola bilər. Lakin Yehovaya güvənməklə və yığıncaqdakı məsələləri bu yolla həll etməklə müdrik davranmış olacaqsan. Bununla başqalarını bağışlamağa hazır olduğunu göstərəcəksən (Sül. məs. 3:5, 6).

18. Bağışlamağı bacarsan hansı faydanı əldə edəcəksən?

18 Psixoloqlar deyirlər ki, insanın bağışlamağı bacarması onun xeyrinədir. Bu, sağlamlığa mənfi təsir edən gərginlikdən və narahatçılıqdan azad edir, sağlamlığa müsbət təsir göstərir və münasibətləri möhkəmləndirir. Bundan fərqli olaraq, insan bağışlamayanda bu, ona baha başa gəlir — onda səhhətinin zəifləməsinə və stressin yaranmasına səbəb olur, başqaları ilə münasibətləri pozulur və ünsiyyət etməkdə çətinlik çəkir. Səmavi Atamız Yehova ilə yaxşı münasibətlərimizin olmasını istəyiriksə, bağışlamağı bacarmaq olduqca vacibdir. (Koloslulara 3:12—14 ayələrini oxu.)

[27–ci səhifədəki şəkil]

Bu nümunəni çəkməklə İsa nəyi vurğuladı?

[30–cu səhifədəki şəkil]

Bağışlamağa hazır olmaq məsihçi üçün tələbdir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş