TƏLİM MƏQALƏSİ 24
Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri aradan qaldırın!
«Biz Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri və maneəni aradan qaldırırıq» (2 KOR. 10:5).
NƏĞMƏ 124 Sədaqətli olaq
İCMALa
1. Həvari Bulus məsh olunmuş məsihilərə hansı xəbərdarlığı vermişdi?
«BUNDAN SONRA bu zəmanəyə uyğunlaşmayın», — deyə həvari Bulus yazmışdı (Rom. 12:2). O, bu sözləri birinci əsrdə yaşamış məsihilərə ünvanlamışdı. Bulus nəyə görə özünü Allaha həsr etmiş və müqəddəs ruhla məsh olunmuş kişi və qadınlara bu cür ciddi xəbərdarlıq vermişdi? (Rom. 1:7).
2, 3. Yehovadan üz döndərməyimiz üçün Şeytan hansı üsullara əl atır və zehnimizdəki «güclü istehkamları» necə yıxa bilərik?
2 Görünür, Bulusun narahatlığına səbəb bəzi məsihilərin Şeytan dünyasının təlqin etdiyi zərərli düşüncə və fəlsəfəyə yoluxması idi (Efes. 4:17—19). Hər birimizin bu tələyə düşmək təhlükəsi var. Bu dünyanın Allahı olan Şeytan bizi Yehovadan döndərmək istəyilə alışıb yanır və bunun üçün müxtəlif fəndlərə əl atır. Məsələn, o, bizdə xudbinliyə və şöhrətpərəstliyə meyil görəndə bundan istifadə edərək bizi Yehovadan döndərməyə çalışır. Şeytan hətta ailə üzvlərimizdən, həmçinin məktəbdəki və ətrafımızdakı insanlardan öyrəndiyimiz müəyyən şeylər vasitəsilə bizi onun kimi düşünməyə sövq edə bilər.
3 Bəs zehnimizdəki «güclü istehkamları» yıxmaq mümkündür? (2 Kor. 10:4). Görün Bulus bu suala necə cavab verir: «Biz Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri və maneəni aradan qaldırırıq, hər cür fikri əsir alıb Məsihə tabe etdiririk» (2 Kor. 10:5). Bəli, Yehovanın köməyi ilə yanlış fikirləri dəf edə bilərik. Dərman zəhərin təsirini öldürdüyü kimi, Allahın Kəlamı da Şeytan dünyasının zəhərli fikirlərini məhv etməyə qadirdir.
«BÜSBÜTÜN DƏYİŞİN»
4. Həqiqəti öyrənəndə çoxlarımız hansı dəyişiklikləri etmişik?
4 Allahın Kəlamındakı həqiqəti ilk dəfə öyrənəndə və Yehovaya ibadət etməyə qərar verəndə hansı dəyişiklikləri etmişdiniz? Bir çoxumuz Allahın bəyənmədiyi əməllərə son qoymuşuq (1 Kor. 6:9—11). Yehovaya şükürlər olsun ki, bizə günahlı əməllərdən yaxa qurtarmağa kömək edib!
5. Romalılara 12:2 ayəsində hansı iki addımdan bəhs olunur?
5 Lakin düşünməməliyik ki, daha dəyişməyə ehtiyac yoxdur. Vəftizdən öncə işlədiyimiz ciddi günahları daha etməsək də, var gücümüzlə çalışmalıyıq ki, köhnə əməllərə sövq edə biləcək hər şeydən uzaq duraq. Bunu necə edə bilərik? Həvari Bulus demişdi: «Bundan sonra bu zəmanəyə uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin» (Rom. 12:2). Deməli, iki addım atmalıyıq. Birincisi, bu dünyaya uyğunlaşmamalıyıq, yəni onun bizi formalaşdırmasına yol verməməliyik. İkincisi, düşüncəmizi yeniləşdirərək dəyişməliyik.
6. İsa Məsihin Mətta 12:43—45 ayələrində yazılmış sözlərindən nə öyrənirik?
6 Bulus «dəyişin» deyəndə sadəcə zahirən dəyişməyi nəzərdə tutmurdu. Bu dəyişiklik varlığımızın hər bir zərrəsinə nüfuz etməlidir. («Dəyişmisiniz, yoxsa cildə girmisiniz?» adlı çərçivəyə baxın.) Biz ürəyimizin dərinliyindəki fikirləri, hissləri, arzuları, bir sözlə, bütün düşüncəmizi dəyişməliyik. Odur ki, hər birimiz özümüzdən soruşmalıyıq: «Məsihi olmaq üçün etdiyim dəyişikliklər sadəcə üzdəndir, yoxsa mən daxilən dəyişməyə çalışıram?» Bunların arasında böyük fərq var. İsa Məsih Mətta 12:43—45 ayələrində nə etməli olduğumuzu demişdi. (Ayələri oxuyun.) Bu sözlərin məğzi vacib bir həqiqəti vurğulayır: yanlış fikirlərdən azad olmaq kifayət deyil, yaranan boşluğu Allahın bəyəndiyi fikirlərlə doldurmaq lazımdır.
«DAİMA DÜŞÜNCƏ TƏRZİNİZİ YENİLƏŞDİRMƏLİSİNİZ»
7. Daxili kimliyimizi necə dəyişə bilərik?
7 Daxili kimliyimizi, başqa sözlə, düşüncə tərzimizi dəyişmək mümkündür? Allahın Kəlamı bunun mümkün olduğunu vurğulayır. Orada yazılıb: «Daima düşüncə tərzinizi yeniləşdirməlisiniz, Allahın iradəsinə əsasən və həqiqi salehliklə sədaqətə uyğun yaradılmış yeni şəxsiyyətə bürünməlisiniz» (Efes. 4:23, 24). Bəli, daxili varlığımızı dəyişmək mümkündür, lakin bu, asan deyil. Yanlış arzuları boğmaq, pis əməllərə son qoymaq kifayət deyil. Bunun üçün düşüncə tərzini dəyişmək lazımdır. Bura arzu və istəklərimizi, meyillərimizi və motivlərimizi dəyişmək daxildir. Bunun üçün isə daima üzərimizdə işləməliyik.
8, 9. Bir qardaşın hadisəsi daxilən dəyişməyin vacibliyini necə göstərir?
8 Gəlin keçmişdə davakar insan olmuş bir qardaşın nümunəsinə nəzər salaq. O, sərxoşluğa və dava-dalaşa son qoyandan sonra vəftiz olunur. Bu, onun yaşadığı ərazidəki insanlar üçün gözəl şahidlik idi. Amma vəftizindən qısa müddət sonra o, gözləmədiyi sınaqla üzləşir. Bir axşam sərxoş bir kişi onun evinə gəlir və onu davaya təhrik edir. Əvvəl-əvvəl qardaşımız özünü cilovlaya bilir. Lakin kişi Yehovanın adına küfr edəndə qardaş dözə bilmir, çölə çıxıb kişini döyür. Qardaş nə üçün belə bir hərəkət edir? Müqəddəs Kitabı öyrənməsi davakarlığa meylini cilovlamağa kömək etsə də, qardaş düşüncə tərzini, daxilindəki insanı hələ dəyişməmişdi.
9 Lakin o təslim olmur (Məs. 24:16). Ağsaqqalların köməyilə öz üzərində işləməyə davam edir. Bir vaxtdan sonra isə ağsaqqal təyinatı alır. Günlərin bir günü bu qardaş ibadət evinin çölündə illər öncə üzləşdiyi vəziyyətlə üzləşir. O, bir sərxoş kişinin başqa bir ağsaqqalı vurmaq istədiyini görür. Qardaş nə edir? O, sərxoş kişi ilə sakit, mülayim tərzdə söhbət edir, onu sakitləşdirir və hətta evinə ötürür. Qardaş nəyin sayəsində belə həlim davrana bilmişdi? O, düşüncə tərzini dəyişmişdi. Daxilən sülhpərvər, həlim bir insan olmuşdu və davranışı ilə Yehovanın adını ucaltmışdı!
10. Daxilən dəyişmək üçün nə etmək lazımdır?
10 Qardaşın bu cür dəyişməsi nə bir gecənin içində, nə də öz-özünə baş verdi. Dəyişmək üçün uzun illər ərzində var gücümüzlə çalışmaq lazım gələ bilər (2 But. 1:5). Amma bu dəyişiklik sadəcə Yehovaya uzun müddət xidmət etdiyimizə görə baş vermir. Biz daxilimizdəki insanı dəyişmək üçün əlimizdən gələni etməliyik. Bir neçə vacib addım bu sahədə köməyimizə çatacaq. Gəlin onlardan bəzilərini araşdıraq.
DÜŞÜNCƏ TƏRZİNİ DƏYİŞMƏYİN YOLU
11. Dua düşüncə tərzimizi dəyişməyə necə kömək edir?
11 Dua etmək atmalı olduğumuz ilk vacib addımdır. Məzmurçu kimi dua etməliyik: «Məndə təmiz ürək yarat, içimə təzə, mətin bir ruh qoy» (Zəb. 51:10). Biz düşüncə tərzimizi dəyişməli olduğumuzu qəbul etməli və Yehovadan kömək istəməliyik. Bəs necə əmin ola bilərik ki, O, dəyişməyimizə kömək edəcək? Yehovanın Hizqiyalın dövründə yaşamış inadkar israillilərlə bağlı verdiyi vəd bizi ruhlandıra bilər. «Mən sizə vahid ürək verəcəyəm, daxilinizə yeni ruh üfürəcəyəm,.. ətdən ürək verəcəyəm [yəni Allahın buyruqlarına boyun əyən ürək]» (Hizq. 11:19, haş.). Yehova dəyişmələri üçün israillilərə kömək etməyə hazır idi, O, bizə də kömək etmək istəyir.
12, 13. a) Zəbur 119:59 ayəsinə əsasən, nəyin üzərində dərindən düşünməliyik? b) Özümüzə hansı sualları verməliyik?
12 Düşünmək ikinci vacib addımdır. Hər gün Allahın Kəlamını oxuyarkən hansı fikir və hissləri dəyişməli olduğumuz barədə dərindən düşünməyə vaxt ayırmalıyıq. (Zəbur 119:59 ayəsini oxuyun; İbr. 4:12; Yaq. 1:25.) İnsan fəlsəfəsindən qaynaqlanan fikir və hisslərimizi aşkara çıxarmalıyıq. Zəifliklərimizi dürüstcəsinə boynumuza almalı və onlardan azad olmaq üçün var gücümüzlə çalışmalıyıq!
13 Məsələn, düşünün: «Ürəyimdə az da olsa qısqanclıq və paxıllıq hissi yoxdur ki?» (1 But. 2:1). «Mənşəyimə, təhsilimə, yaxud maddi durumuma görə özümü başqalarından üstün saymıram ki?» (Məs. 16:5). «Sahib olduğum şeylərə sahib olmayanlara və ya başqa irqdən olanlara yuxarıdan aşağı baxıram?» (Yaq. 2:2—4). «Şeytan dünyasının təklif etdiyi şeylər məni cəlb edir?» (1 Yəh. 2:15—17). «Əxlaqsız və zorakı əyləncə növlərinə meyilim var?» (Zəb. 97:10; 101:3; Ams. 5:15). Bu suallar vasitəsilə üzərində işləməli olduğumuz sahələri üzə çıxara bilərik. Güclü istehkama bənzər bu cür fikirləri aşmaqla səmavi Atamızı sevindirəcəyik (Zəb. 19:14).
14. Nə üçün yaxşı dostlar seçmək vacibdir?
14 Yaxşı dostlar seçmək üçüncü vacib addımdır. Fərqində olsaq da, olmasaq da, oturub-durduğumuz insanlar bizə güclü təsir göstərir (Məs. 13:20). Çətin ki, işdə və məktəbdə bizi Allahı razı salan tərzdə düşünməyə təşviq edən dostlar tapaq. Lakin yığıncaqda biz ən yaxşı dostlara sahib ola bilərik. Çünki burada «məhəbbətə və yaxşı işlərə» təşviq olunuruq (İbr. 10:24, 25).
«İMANDA SARSILMAZ OLUN»
15, 16. Şeytan düşüncəmizi korlamaq üçün nə edir?
15 Bir şeyi yadda saxlamalıyıq ki, Şeytan bizim düşüncə tərzimizi dəyişmək niyyətindədir. O, cürbəcür fikirlər vasitəsilə Allahın Kəlamının düşüncəmizə göstərdiyi müsbət təsiri yox etmək istəyir.
16 Şeytan Ədən bağında Həvvadan soruşduğu sualı bizə də verir: «Doğrudanmı, Allah sizə deyib ki,..» (Yar. 3:1). Onun idarə etdiyi bu şər dünyada fikri qarışdıran bu kimi suallara tez-tez rast gəlirik: «Doğrudanmı, Allah eynicinsli insanların nikahına qarşıdır? Doğrudanmı, Allah ad günləri və bayramları qeyd etməyimizi istəmir? Doğrudanmı, Allah qan köçürməməyi buyurub? Doğrudanmı, məhəbbətli Allah yığıncaqdan kənar olunan yaxınlarımızla ünsiyyəti kəsməyimizi gözləyir?»
17. İmanımızı sınayan şübhəli suallarla rastlaşanda nə etməliyik və Koloslulara 2:6, 7 ayələrinə əsasən, bunun nəticəsi nə olacaq?
17 İnandığımız şeylərə əmin olmalıyıq. Əgər bizdə yaranan sualları cavabsız qoysaq, onlar ciddi şübhəyə çevrilə bilər. Bu şübhələr yavaş-yavaş düşüncəmizi korlayıb imanımızı məhv edər. Bəs nə etməliyik? Müqəddəs Kitab düşüncəmizi dəyişməyi buyurur. Bunun nəticəsində «Allahın yaxşı, xoş və kamil iradəsini» dərk edəcəyik (Rom. 12:2). Müntəzəm mütaliə etməklə öyrəndiyimiz həqiqətlərin doğruluğuna əmin ola bilərik. Onda Yehovanın normalarının düzgün olduğuna heç bir şübhəmiz qalmayacaq. Möhkəm kökləri olan ağac kimi, biz də kök atıb «imanda sarsılmaz» olacağıq. (Koloslulara 2:6, 7 ayələrini oxuyun.)
18. Özümüzü Şeytan dünyasının zəhərli fikirlərindən necə qoruya bilərik?
18 Heç kim sizin əvəzinizə imanınızı möhkəmləndirə bilməz. Odur ki, düşüncə tərzinizi yeniləşdirməyə davam edin. Durmadan dua edin; Yehovaya yalvarın ki, müqəddəs ruhu ilə sizə kömək etsin. Dərindən düşünün, fikirlərinizi və niyyətlərinizi daima yoxlayın. Düşüncənizi yaxşılığa doğru dəyişməyə kömək edəcək insanlarla dostluq edin. Belə etsəniz, Şeytan dünyasının zəhərli təsirini məhv edəcək və «Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri və maneəni» aradan qaldıracaqsınız (2 Kor. 10:5).
NƏĞMƏ 50 Həsr duası
a Keçmişdə yaşadıqlarımız, mədəniyyətimiz, aldığımız təhsil istər-istəməz düşüncəmizə ya mənfi, ya da müsbət təsir göstərir. Ola bilsin, hansısa yanlış düşüncələr artıq xasiyyətimizə hopub. Bu məqalədə istənilən yanlış düşüncəni ram etməyin yollarını öyrənəcəyik.