Təkrar başçəkmələr Müqəddəs Kitab öyrənməsi başlamağa yol açır
1. İnsanların yanına təkrarən gəlmək nəyə görə vacibdir?
1 İsa şagirdlərinə sadəcə təbliğ etməyi yox, tə’lim verərək ‘bütün xalqlar arasında şagirdlər hazırlamağı’ tapşırmışdır (Mat. 28:19, 20, YD). Təbliğçinin tapşırığı təbliğ etməkdir, müəllimdən isə daha çox şey gözlənilir. O öyrədir, izah edir və dəlillər gətirir. Bizim tə’lim vermək üsullarımızdan biri, maraq göstərən insanlarla Müqəddəs Kitab öyrənməsi başlamaq üçün onlara təkrar baş çəkməkdir.
2. Biz kimlərə baş çəkməliyik?
2 Sən kimə təkrar baş çəkməlisən? İlk növbədə, əlbəttə ki, ədəbiyyat götürən və ya həqiqətə, heç olmazsa bir az maraq göstərən kəslərə. Əgər qeyri-rəsmi surətdə və ya işgüzar ərazidə təbliğ etdiyin zaman kim isə maraq göstərmişdirsə, bu marağı inkişaf etdirmək üçün, onun ünvanını və ya telefon nömrəsini almağa çalış. Müqəddəs Kitab öyrənməsi başlamağa qərarlı ol. Müqəddəs Kitabı öyrənmək istəyən insanları axtarmağa davam et, ehtimal ki, sən onları tapacaqsan (Mat. 10:11).
3, 4. Başçəkmələrin səmərəli olması üçün nə etmək lazımdır?
3 İnsanlara səmimi qəlbdən maraq göstər. Təkrar başçəkmənin səmərəli olması üçün, yaxşı təməl ilk söhbət zamanı qoyulur. Təcrübəli təbliğçilər ev sahibinin nəyə maraq göstərdiyini nəzərə alır və bunu sonrakı müzakirələr üçün əsas tutur. Bə’ziləri növbəti başçəkmə üçün zəmin hazırlamaq məqsədilə söhbətin axırında hansısa bir suala toxunurlar. Əgər biz insanlarla səmimi qəlbdən maraqlanırıqsa, hətta söhbətimizdən sonra da onlar haqqında düşünməyə davam edəcək və çalışacağıq ki, yenidən onların yanına mümkün qədər tez gələk. İmkan daxilində çalış ki, maraqlanan adamların yanına hələ maraqları sönməmiş gələsən. Misal üçün, bunu bir və ya iki gündən sonra etmək olar.
4 Təkrar başçəkmə zamanı çalış ki, ötən dəfə toxunduğunuz mövzunu müzakirə edəsən. Hər başçəkmə zamanı Müqəddəs Kitabdan, heç olmasa bir fikri bölüşməyi və dinləməyə hazır olmağı qarşına məqsəd qoy. Ev sahibini daha yaxşı tanımağa çalış və növbəti başçəkmələr zamanı Allahın Kəlamından onun tələbatlarını hər şeydən yaxşı tə’min edən fikirləri onunla bölüş.
5. Müqəddəs Kitab öyrənməsi başlamaq üçün hansı asan üsuldan istifadə etmək olar?
5 Müqəddəs Kitab öyrənməsi başlamağa qərarlı ol. Təkrar başçəkməni Müqəddəs Kitab öyrənməsi başlamaq məqsədilə et. Bu məqsədə necə nail olmaq olar? Misal üçün, ev sahibinə onunla maraqlı bir fikri bölüşmək istədiyini bildir və “Bilik” kitabından və ya “Allah tələb edir” broşürasından sənin fikrincə ona maraqlı olacaq abzası aç. Abzası oxuduqdan sonra, suala diqqət yetir və sitat gətirilən ayələrdən bir-ikisini müzakirə et. Bunu beş-on dəqiqə ərzində qapının ağzındaca etmək olar. Söhbətin axırında müsahibinə növbəti sualı ver və gələn dəfə nə vaxt müzakirə edəcəyiniz haqda danış.
6. Təkrar başçəkmənin vacib olduğunu dərk etdiyimizi necə göstərə bilərik?
6 Göstərilən marağı inkişaf etdirmək çox vacibdir. Buna görə də, insanlara təkrar baş çəkmək üçün, həftəlik cədvəlində vaxt ayır. Onda xidmətin daha səmərəli olacaq və sənə əsl sevinc gətirəcək.