Dəyişkən dünyada təbliğ etmək
1 Hər şey necə də sür’ətlə dəyişir! Qəfil baş vermiş təbii fəlakət, iqtisadi böhran, siyasi çevriliş və ya dünyaya səs salan faciə söhbətin əsas mövzusu ola bilər. Tezliklə isə, insanların diqqətini başqa bir şey cəlb edə bilər (Həv. iş. 17:21; 1 Kor. 7:31). Bu dəyişkən dünyada insanların diqqətini Padşahlıq haqqındakı xəbərə necə cəlb etmək olar?
2 İnsanları narahat edən səbəbləri anlamağa çalış. Həmsöhbətinin diqqətini cəlb etmək üsullarından biri, hazırda cərəyan edən hadisələrə istinad etməkdir. Bir dəfə, dinləyicilərini Allah qarşısındakı mövqeləri üzərində ciddi şəkildə düşünməyə təşviq edərək, İsa onlara yaxşı tanış olan faciələri xatırlatdı (Luka 13:1-5). Eyni tərzdə bizim də, xoş xəbəri çatdırarkən ərazimizdə yaşayan insanları narahat edən son xəbərlərə və ya hadisələrə istinad etməyimiz faydalı olardı. Lakin bu cür mövzuları müzakirə edərkən ehtiyatlı olmalıyıq ki, siyasi və ya ictimai məsələlərdə kiminsə tərəfini tutmayaq (Yəh. 17:16).
3 İnsanları hal-hazırda narahat edən şeylər barədə necə öyrənə bilərik? Güman ki, bunu müəyyən etməyin ən yaxşı yolu, insana sual verib, sonra onu diqqətlə dinləməkdir (Mat. 12:34). Həmsöhbətimizlə səmimi qəlbdən maraqlanaraq, onun nöqteyi-nəzərini başa düşməyə və fikrini nəzakətlə öyrənməyə çalışacağıq. İnsanın qeyri-iradi olaraq söylədiyi hansısa bir fikir, bu ərazidəki insanları narahat edən səbəbləri başa düşməkdə və səmərəli surətdə şahidlik etməkdə bizə kömək edə bilər.
4 Təqdimənin hazırlanması. Bu dəyişkən dünyada təbliğ etməkdə bizə “Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu” broşürası (rus.) kömək edə bilər. Cərəyan edən hadisələrə istinad edən təqdimələrin yaxşı variantlarını 5, 6-cı səhifələrdə, “Cinayət/təhlükəsizlik” və “Cərəyan edən hadisələr” başlığı altında tapmaq olar. Əlavə mə’lumatı, “Bizim Padşahlıq Xidmətimiz”in 2000-ci il, sentyabr sayının (rus.) 4-cü səhifəsində tapmaq olar. Mütləq, təqdiməyə müvafiq gələn Müqəddəs Kitab ayəsi daxil edin.
5 Bizim ərazidə yaşayan insanları narahat edən səbəbləri bildikdən sonra, xoş xəbərə dair təqdiməmizi buna uyğunlaşdırmalıyıq. İnsanlarla, onların ürəyinə yaxın olan şeylər barədə söhbət etməklə, xüsusiyyətlərində və normalarında dəyişiklik Olmayanı daha yaxından tanımaqda çoxlarına kömək edərik (Yaq. 1:17).