Padşahlığın əziz təbliğçiləri!
«Çadırının yerini genişləndir, məskəninin örtüklərini uzat, çəkinmə, ipləri uzat, payaları vur» (Yeşaya 54:2). Əlamətdar hadisələrlə zəngin olan 2008-ci xidmət ili göstərdi ki, Yehova «Yeşaya» kitabında təsvir olunduğu kimi, bizim günlərdə Öz təşkilatının teokratik inkişafına heyrətamiz şəkildə xeyir-dua verir.
Bu inkişaf Rəhbərlik Şurasının 2008-ci il mayın 1-dən etibarən Gürcüstandakı ofisin iki ölkədə: Azərbaycan və Gürcüstanda təbliğ işinə rəhbərlik edən filial kimi fəaliyyət göstərməsinə icazə verməsindən görünür. Keçən il bu iki ölkədə ‘çadırın yeri genişlənərək’ uzaq qrup və yığıncaqların sayı əhəmiyyətli dərəcədə artdı. Bununla əlaqədar olaraq, 2008-ci il yanvarın 1-dən başlayaraq, eyni vaxtda iki yeni teokratik rayon fəaliyyət göstərməyə başladı. Bu o deməkdir ki, indi Azərbaycan və Gürcüstan ərazisində ümumi hesabla 11 rayon fəaliyyət göstərir. Bütün bunlar Yehovanın xeyir-duası, sizin möhkəm imanınız və təvazökarlıqla xidməti davam etdirməyə hazır olmağınız sayəsində mümkün olmuşdur (Sül. məs. 15:33; 1 Tim. 6:12). Buna görə də, əziz qardaşlar, yeni yaradılmış yığıncaqların qayğısına qalmaq üçün sizi nəzarətçi məsuliyyətinə can atmağa təşviq edirik (1 Tim. 3:1).
Bundan başqa, müxtəlif yerlərdə bir çox bacı-qardaşlar təbliğ etmək üçün il ərzində uzaq ərazilərə getmişlər. Bu, xüsusilə təqdirəlayiqdir, çünki həmin yerlərdə xoş xəbəri heç vaxt eşitməyən çoxlu insan yaşayır.
Gəlin xeyirxah səmavi Atamızın Ondan qorxanlara hələ çox xeyir-dualar hazırladığına heç şübhə etməyərək, Yehovaya sadiq qalmağa və Onun iradəsini yerinə yetirməyə əzmli olaq! (Məz. 31:19).
Sizin qardaşlarınız, Gürcüstandakı filial