Müqəddəs Kitabdan məharətlə istifadə et
1. Nə üçün Müqəddəs Kitab bu qədər faydalıdır?
1 Allahın ilhamlanmış Kəlamından məharətlə istifadə etməyin sayəsində həqiqəti aydın şəkildə bəyan edir və öyrədir, həmçinin yalan təlimləri və insan ənənələrini ifşa edə bilirik (2 Tim. 2:15; 1 Pet. 3:15).
2. Ayələrin yerini daha cəld tapmağa nə kömək edəcək?
2 Müqəddəs Kitabla daha yaxından tanış ol. İstənilən aləti nə qədər yaxşı öyrənirsənsə, onu bir o qədər də yaxşı işlədirsən. Müqəddəs Kitabı başdan-ayağadək oxusan, onun mövzusu haqda tam təsəvvürün olacaq. Bu, həmçinin ayələri yadda saxlamağa və yerlərini asanlıqla tapmağa kömək edəcək. Müqəddəs Yazılarla yaxından tanış olduqca, qeyri-rəsmi şahidlik edərkən və təbliğ edərkən daha böyük şövqlə və əminliklə danışacaqsan (1 Salon. 1:5).
3, 4. a) Müqəddəs Kitabla daha yaxından tanış olmağın bəzi üsulları hansılardır? b) Müqəddəs Yazılarla daha yaxından tanış olmaq üçün başqa üsullardan istifadə etmisənmi?
3 Yığıncaq görüşlərində Müqəddəs Kitabı açmağı və izləməyi vərdiş et. Şəxsi öyrənmə ilə məşğul olanda və yığıncaq görüşlərinə hazırlaşanda sitat gətirilən ayələri aç və onları necə tətbiq edə biləcəyin üzərində düşün. Çoxları görmüşlər ki, ayələri kompüterdən və ya çap halında vərəqdən yox, bilavasitə Müqəddəs Kitabdan oxuyanda təbliğ zamanı onların yerini asanlıqla tapa bilirlər (Yəh. 14:26).
4 Bəzi ailələr vaxt təyin edirlər ki, Müqəddəs Kitab ayələrini əzbərləsinlər. Bunun üçün vərəqlərin bir üzünə ayələrin sözlərini, digər üzünə isə onların harada yerləşdiyini yazırlar. Sonra növbə ilə bunlardan istifadə edərək ayələrin sözlərinin və ya onların harada yerləşdiyinin yadlarında qalıb-qalmadığını yoxlayırlar. Təqdimə etməyi və Müqəddəs Kitabdan istifadə edərək etirazlara və ya suallara cavab verməyi məşq etmək də bacarığımızı artırır.
5. Nə üçün Müqəddəs Kitabdan daha məharətlə istifadə etmək istəyirik?
5 Heç bir kitab Müqəddəs Kitab qədər dəyərli ola bilməz. Yalnız burada insanlara «xilas gətirən hikməti» verməyə qadir olan sözlər yazılıb (2 Tim. 3:15). Ərazimizdəki insanların əksəriyyəti Müqəddəs Kitabdakı qiymətli xəzinələrlə tanış olmadığından, Müqəddəs Kitabın əslində nə öyrətdiyini göstərmək bacarığımızı artırmaq üçün tutarlı səbəblərimiz var (Sül. məs. 2:1-5).