Yehovaya ibadət yerinə hörmət göstər
1 Kiminsə evində qonaq olanda onun evinə hörmətlə yanaşır, heç nəyə ziyan vurmur və evdə olan nizam-intizamı qorumağa çalışırıq. Yehovanın qonağı olanda bunu etmək necə də vacib olmalıdır! Biz Onun evində özümüzü necə aparmalı olduğumuzu yaxşı bilməliyik (Məz. 15:1; 1 Tim.3:15). Yığıncaq görüşlərimizin Padşahlıq Zalında, evdə və ya icarəyə götürülmüş bir yerdə keçirilməsindən asılı olmayaraq, əksəriyyətimiz ibadət yerimizə hörmətlə, ‘əzəməti göylərin, yerin üstündə’ olan Yehovanın evi kimi yanaşırıq (Məz. 148:13).
2 Bəzi həmimanlılar görüşlərdə sakitliyi pozaraq lazımi hörmət göstərmirlər, ya da özlərini elə aparırlar ki, səhnədən deyilənlər elə də əhəmiyyətli deyil. Görüş gedən zaman bəzi bacı-qardaşlar foyedə, dəhlizdə, tualetdə, yaxud Padşahlıq Zalının həyətində boş-boş söhbət edirlər. Balaca uşaqları yaşca böyük uşaqlara tapşıranda, hərdən onların başı oynamağa qarışır və görüşdən çox az fayda əldə edirlər. Görüşdən sonra bəzi uşaqlar Padşahlıq Zalının həyətində oynayır, qışqır-bağır salır, hətta bir-biri ilə təpikləşirlər. Bəzən onlar qonşuluqdakı insanları narahat edir, yaxud dayanacaqdakı və ya yoldakı nəqliyyatın hərəkətinə mane olurlar.
3 Hörmət göstər. Əgər biz ibadətimizin hörmətəlayiq və müqəddəs olduğunu dərk ediriksə, şübhəsiz, pıçıltı etməklə, nə isə yeməklə, saqqız çeynəməklə, kağızı xışıldatmaqla, ehtiyac olmadan tualetə getməklə, tez-tez yığıncağa gecikməklə başqalarının fikrini yayındırmayacağıq. Anlayışlı və ibadət yerinə hörmətlə yanaşan valideynlər uşaqlarının Padşahlıq Zalının, yaxud görüş keçirilən evlərin döşəməsinə ləkə salmalarına, mebelə və ya divarlara əl vurmalarına yol verməyəcəklər. Sözsüz ki, hamımız razılaşacağıq ki, görüş yeri biabırçı davranışın, yersiz söhbətlərin və ya nalayiq zarafatların yeri deyil (Efes. 5:4).
4 Yığıncaqların nə üçün keçirildiyini həmişə yadımızda saxlasaq, özümüzün və uşaqlarımızın Yehovaya ibadətə lazımi hörməst göstərməsinə diqqət yetirəcəyik (Məz. 84:10).