Ailələrə kömək
1. Şənbə gününə riayət etmələri israilli ailələrə hansı faydanı gətirirdi?
1 Yehovanın Şənbə günü haqqında verdiyi qanun ailələrə fayda gətirirdi. İsraillilər öz işlərindən dincəlir, Yehovanın xeyirxahlığı və Onunla olan münasibətləri barədə düşünməyə vaxt ayırırdılar. Valideynlər bu fürsətdən istifadə edərək Qanunu uşaqlarının ürəyinə həkk edə bilərdilər (Qanun. t. 6:6, 7). Şənbə günü sayəsində Yehovanın xalqının hər həftə öz ruhaniliyinə diqqət yetirmək imkanı olurdu.
2. Şənbə haqqında qanundan Yehova barədə nə öyrənirik?
2 Əlbəttə, bu gün Yehova artıq Şənbə gününə riayət etməyi tələb etmir. Lakin biz bu qanundan Allah haqqında vacib bir şey öyrənə bilərik. O, həmişə Öz xalqının ruhani rifahı ilə dərindən maraqlanır (Yeşaya 48:17, 18). Bu gün Yehova Öz məhəbbət dolu qayğısını ailəvi ibadət axşamları vasitəsilə təzahür etdirir.
3. Ailəvi ibadət axşamının məqsədi nədən ibarətdir?
3 Ailəvi ibadət axşamının məqsədi nədir? 2009-cu ilin yanvar ayından yığıncağın kitaböyrənməsi Teokratik Xidmət Məktəbi və Xidməti görüşlə birgə keçirilir. Bu dəyişikliyin səbəblərindən biri ailəvi ibadətə hər həftə konkret vaxt ayıraraq ailələrə öz ruhaniliklərini möhkəmləndirmək imkanı vermək idi. Ailələr ailəvi öyrənməni imkan daxilində əvvəllər kitaböyrənmənin keçirildiyi axşama salmağa və Müqəddəs Kitab mövzularını ailənin tələbatına uyğun olaraq tələsmədən müzakirə etməyə təşviq olunurdular.
4. Ailəvi ibadətin cəmi bir saat keçməsi şərtdirmi? İzah edin.
4 Əvvəllər kitaböyrənməyə getmək üçün geyinməyə, yola və sairə kimi şeylərə də vaxtımız gedirdi. Bu bir saatlıq görüşdə iştirak etməyə çoxlarımız, az qala, yarım gün sərf edirdi. Görüşlərimizin qrafikində bu cür dəyişiklik edildikdən sonra ailələrin bu axşamı Yehovaya ibadətə həsr etmək imkanı yarandı. Buna görə də, ailəvi ibadət axşamına cəmi bir saat ayırmaq şərt deyil. Əksinə, biz ailəmizin tələbatlarını və imkanlarını nəzərə almalı və vaxtı ona əsasən müəyyən etməliyik.
5. Vaxtın hamısını müzakirəyə sərf etmək lazımdırmı? İzah edin.
5 Vaxtın hamısı müzakirəyə sərf etmək lazımdırmı? Ərlə arvad, eləcə də ailə üzvləri Müqəddəs Yazılara əsaslanan mövzuları birlikdə müzakirə etməklə qarşılıqlı ruhlanırlar (Rom. 1:12). Bu, ailə tellərini daha da möhkəmləndirir. Buna görə də, belə müzakirələr ailəvi ibadət axşamının əsas hissəsini təşkil etməlidir. Bununla yanaşı, ailənin hər bir üzvü özü üçün oxuyub araşdırmağa vaxt ayıra bilər. Məsələn, birgə müzakirədən sonra hərə özü üçün jurnal oxuyarkən və ya yığıncaq görüşünə hazırlamağa davam edərkən, ailə üzvlərinin hərəsi bir tərəfə dağılmır. Bəzi ailələr həmin axşamı ümumiyyətlə televizora baxmamaq qərarına gəliblər.
6. Müzakirəni necə keçirmək olar?
6 Müzakirəni necə keçirməli? Müzakirəni həmişə sual-cavab şəklində keçirmək mütləq deyil. Ailəvi ibadət axşamını maraqlı və canlı etmək üçün bir çox ailələr həftəlik görüşlərin proqramına bənzər proqram tərtib edirlər. Onlar müzakirəni bir neçə hissəyə ayırır və müxtəlif üsullardan istifadə edirlər. Məsələn, bir yerdə Müqəddəs Kitabı oxuyur, yığıncaq görüşlərinin müəyyən hissələrinə hazırlaşır və xidmətdə istifadə edəcəkləri təqdimələri məşq edirlər. 6-cı səhifədə bəzi təkliflər verilir.
7. Ailəvi ibadət axşamında necə ab-hava hökm sürməlidir?
7 Ailəvi ibadət axşamında necə ab-hava hökm sürməlidir? Ailəniz məhəbbətin və rahatlığın hökm sürdüyü ab-havada daha yaxşı öyrənməyə meyilli olacaq. Çöldə hava yaxşıdırsa, öyrənməni açıq havada da keçirə bilərsiniz. Lazım gələrsə, fasilə etmək olar. Bəzi ailələr proqramdan sonra yüngülvarı yemək yeyirlər. Valideynlər ailəvi ibadət axşamı keçirilən zaman tənbeh və məzəmmət etməkdən qaçınsalar da, gördükləri hansısa konkret vəziyyəti və ya problemi müzakirə etmək üçün müəyyən vaxt ayıra bilərlər. Uşağı digər bacı-qardaşlarının yanında pərt etməmək üçün yaxşı olardı ki, həssas və şəxsi məsələlər barədə onun özü ilə başqa vaxt ayrıca danışasınız. Ailəvi ibadət axşamı quru və cansıxıcı olmamalıdır, əksinə, xoşbəxt Allaha ibadət etdiyimiz bəlli olmalıdır (1 Tim. 1:11).
8, 9. Ailə başçıları necə hazırlaşa bilərlər?
8 Ailə başçıları necə hazırlaşa bilərlər? Ailə başçısı ailəvi ibadət axşamında nə müzakirə edəcəklərini və onu necə müzakirə edəcəklərini müəyyən etmək üçün qabaqcadan hazırlaşsa, bu, ailəyə böyük fayda gətirəcək (Sül. məs. 21:5). Ər bu barədə arvadı ilə məsləhətləşsə, yaxşı olar (Sül. məs. 15:22). Hərdən uşaqların fikrini öyrənmək də pis olmazdı. Belə etməklə, ailə başçısının onları maraqlandıran və narahat edən şeylər barədə aydın təsəvvürü olacaq.
9 Ailə başçısına hər həftə hazırlaşmağa bir o qədər də çox vaxt sərf etmək lazım gəlməyə bilər. Ola bilsin, ailənin hansısa həftəlik qrafiki var, buna görə də ailə başçısının hər dəfə yeni proqram tərtib etməsinə ehtiyac olmayacaq. Ailənin ruhani tələbatları yadından çıxmasın deyə o, hər ailəvi ibadətdən sonra hazırlaşmaq qərarına gələ bilər. Bəzi ailə başçıları ibadət axşamı müzakirə edəcəkləri mövzuları qısaca qeyd edib, ailənin asanlıqla görə biləcəyi yerə, məsələn, soyuducunun üstünə yapışdırırlar. Bu, ailə üzvlərinin marağına səbəb olur və qabaqcadan hazırlaşmağa imkan verir.
10. Tək yaşayanlar ailəvi ibadət axşamı üçün ayrılmış vaxtı nəyə sərf edə bilərlər?
10 Tək olanlar. Tək yaşayanlar ailəvi ibadət axşamını şəxsi öyrənməyə həsr edə bilər. Yaşı şəxsi öyrənməyə əsas etibarilə Müqəddəs Kitabı oxumaq, yığıncaq görüşlərinə hazırlaşmaq, «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarını oxumaq daxildir. Bundan başqa, bəzi təbliğçilər əlavə nəşrləri və mövzuları da araşdırırlar. İstəsələr, onlar başqa təbliğçiləri və ya hansısa ailəni ruhani mövzuları birlikdə müzakirə etməyə dəvət edə bilərlər.
11, 12. Müntəzəm olaraq ailəvi ibadət axşamı keçirmək hansı faydanı gətirir?
11 Müntəzəm ailəvi ibadətin hansı faydası var? Sidqi-ürəkdən həqiqi ibadətdə iştirak edənlərin Yehova ilə sıx münasibətləri yaranır. Eləcə də, birgə ibadət edənlərin ailə telləri möhkəmlənir. Pioner kimi xidmət edən və uşaqları olmayan bir ər-arvad nail olduqları xeyir-dualar haqqında deyir: «Ailəvi ibadət axşamını səbirsizliklə gözləyirik. Bunun sayəsində bir-birimizlə və səmavi Atamızla münasibətlərimiz daha da sıx olur. Birlikdə öyrənmə keçirəcəyimiz gün səhər oyananda bir-birimizə deyirik: “Bu axşam bizdə nə olacaq? Ailəvi ibadət axşamı!”»
12 Bu yeniliyin vaxtı az olan ailələrə də köməyi dəymişdir. İki oğlunu tək böyüdən və tammüddətli pioner kimi xidmət edən bir ana yazır: «Əvvəllər bizim ailəvi öyrənməmiz müntəzəm keçmirdi. Mən yorğun olduğumdan bu, təsadüfi hallarda alınırdı. Bunun üçün heç cür vaxt tapa bilmirdim. Buna görə də bu məktubu yazaraq sizə ailəvi ibadət axşamına görə dərin minnətdarlığımı bildirirəm. İndi bizim gözəl müntəzəm ailəvi öyrənməmiz keçir və biz bunun faydasını görürük».
13. Ailənizin ibadət axşamından faydalanması nədən asılıdır?
13 Şənbə günü kimi, ailəvi ibadət axşamı da səmavi Atamızın ailələrə kömək üçün bəxş etdiyi hədiyyədir (Yaq. 1:17). İsrailli ailələr Şənbə gününə dair qanuna nə qədər yaxşı riayət etsəydilər, bir o qədər də çox ruhani fayda əldə edəcəkdilər. Eynilə, biz də ailəvi ibadət üçün ayrılmış axşamdan nə qədər səmərəli istifadə etsək, bu, ailəmizə bir o qədər çox fayda gətirəcək (2 Kor. 9:6; Qalat. 6:7, 8; Kolos. 3:23, 24). Bu tədbirdən yararlansanız, onda sizin ailə də məzmurçunun keçirdiyi hisslərə şərik olacaq: «Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm, ona görə bütün işlərini hamıya çatdıracağam!» (Məz. 73:28).
[5-ci səhifədəki yazı]
Ailəvi ibadət axşamı quru və cansıxıcı olmamalıdır, əksinə, xoşbəxt Allaha ibadət etdiyimiz bəlli olmalıdır
[6-cı səhifədəki çərçivə]
SAXLAYIN
Ailəvi ibaət axşamı keçirmək üçün bəzi təkliflər
Müqəddəs Kitab
• Müqəddəs Kitabı həftəlik qrafik üzrə birlikdə oxuyun. Əgər material yol verirsə, bir nəfər nəql edənin, başqaları isə digər rolların sözlərini oxuya bilər
• Müqəddəs Kitabdan oxuduğunuz parçanı səhnələşdirin
• Ailənin hər bir üzvünə Müqəddəs Kitabdan oxuyacağınız fəsilləri əvvəlcədən oxumağı və başa düşmədikləri bir-iki sualı qeyd etməyi tapşır. Sonra həmin sualları birlikdə araşdırın
• Hər həftə üzərində Müqəddəs Kitab ayələri yazılmış kartoçkalar hazırla və ailənizlə birgə onları yadda saxlamağa və izah etməyə çalışın. Həmin kartoçkaları topla və yadınızda nə qədər ayə saxladığınızı bilmək üçün hər həftə onları yenidən nəzərdən keçirin
• Müqəddəs Kitabın audioyazılarına qulaq asarkən həmin fəsilləri öz Müqəddəs Kitabınızda izləyin
Yığıncaq görüşləri
• Birlikdə yığıncaq görüşlərinin bir hissəsinə hazırlaşın
• Gələn həftə üçün nəzərdə tutulan Padşahlıq mahnılarını məşq edin
• Əgər kiminsə Teokratik Xidmət Məktəbində tapşırığı varsa və ya Xidməti görüşdə səhnəcikdə iştirak edirsə, buna dair təklifləri müzakirə edin, yaxud ailə qarşısında məşq edin
Ailənin tələbatları
• «Gənclərin sualları» (rus.) və «Böyük Müəllimdən öyrən» adlı kitablardan mövzuları nəzərdən keçirin
• Məktəbdə yarana biləcək vəziyyətlərin öhdəsindən gəlmək üçün onları səhnələşdirərək məşq edin
• Bəzən valideynlərlə uşaqlar rollarını dəyişə bilər. Uşaqlar hansısa bir mövzunu araşdırır və sonra valideynləri ilə birlikdə mülahizə yürüdür
Xidmət
• Həftə sonunda istifadə edəcəyiniz təqdimələri məşq edərək onlara hazırlaşın
• Xatirə Gecəsi ərəfəsində, tətil və ya məzuniyyət zamanı ailə üzvlərinin xidmətlərini genişləndirmək üçün qarşılarına hansı real məqsədləri qoya biləcəklərini müzakirə edin
• Qoy ailənin hər bir üzvü bir neçə dəqiqə ərzində xidmətdə yaranan suallara necə cavab verəcəyini araşdırsın, sonra da onları məşq edin
Əlavə təkliflər
• Cari jurnallardakı məqalələri bir yerdə oxuyun
• Qoy ailənin hər bir üzvü jurnallardan onun üçün xüsusilə maraqlı olan məqaləni oxusun və ailəvi ibadət axşamı zamanı oxuduqlarını danışsın
• Hərdən hansısa təbliğçini və ya cütlüyü ailəvi ibadət axşamına dəvət edin və onlardan xahiş edin ki, xidmətdən maraqlı hadisələri və ya həqiqətə necə gəldikləri barədə danışsınlar
• Videofilmlərimizdən birinə baxın və onu müzakirə edin
• «Oyanın!» jurnalından «Gənclərin sualları» və ya «Ailəvi viktorina» adlı rubrikaları birgə müzakirə edin
• «Gözətçi Qülləsi» jurnalından «Uşaqlarınızı öyrədin» və «Gənc oxucularımız üçün» adlı rubrikaları birgə müzakirə edin
• Cari «İllik məcmuə»nin və ya axırıncı vilayət konqresində aldığımız nəşri oxuyub müzakirə edin
• Konqresdən sonra əsas fikirləri müzakirə edin
• Yehovanın yaratdıqlarını müşahidə edin və onların bizə Yehova haqqında nə öyrətdiyini müzakirə edin
• Birlikdə nə iləsə məşğul olun, məsələn, maket düzəldin, xəritə və ya sxem çəkin