Səbir — xidmətimizin səciyyəvi xüsusiyyəti
1. Yehova bəşəriyyətə səbrini necə göstərir?
1 Allah bəşəriyyətə qarşı çox səbirlidir (Çıx. 34:6; Məz. 106:41—45; 2 Pet. 3:9). Onun sevgi dolu səbrinin ən bariz nümunəsi Padşahlığın bütün dünyada təbliğ olunmasıdır. Yehova, demək olar ki, artıq 2000 ildir, bəşəriyyətə səbir edir, ancaq bununla belə O, yenə də səmimi insanları Özünə cəlb etməyə davam edir (Yəh. 6:44). Xidmətimizdə Yehovanın səbrini necə əks etdirə bilərik?
2. Sahələrimizi işləyərkən necə səbir göstərə bilərik?
2 Evdən-evə xidmət. Sahəmizdə insanlar maraq göstərməyəndə belə «durmadan» təbliğ etməklə biz Yehovanın səbrini əks etdiririk (Həv. iş. 5:42). Biz xidmətdə insanların laqeydliyinə, istehzalara, müqavimətlərə səbirlə sinə gəririk (Mark 13:12, 13). Maraqlanan insanları evdə tapmayanda da həqiqət toxumunu suvarmağa davam edir və səbir təzahür etdiririk.
3. Təkrar baş çəkən və Müqəddəs Kitab öyrənməsi keçirən zaman nəyə görə səbir tələb olunur?
3 Müqəddəs Kitab öyrənməsində. Adətən, əkin-səpin işi səbir tələb edir. Əkinçi toxumu səpsə də, onun böyüməsini sürətləndirə bilmir (Yaq. 5:7). Eynilə, ruhani inkişaf da tədricən və mərhələ-mərhələ baş verir (Mark 4:28). Öyrətdiyimiz insanlara yalan dini etiqatlardan və adət-ənənələrdən əl çəkmək çətin ola bilər. Dəyişiklik etmələri üçün onlara təsir göstərməməli və inkişaf etməyə tələsdirməməliyik. Allahın müqəddəs ruhunun öyrənən adamın ürəyinə təsir göstərməsinə kifayət qədər vaxt vermək lazımdır; bunun üçün də səbir tələb olunur (1 Kor. 3:6, 7).
4. İmanımıza şərik olmayan qohumlarımıza şahidlik verərkən səbir xidmətimizin səmərəli olmasına necə kömək edə bilər?
4 Qohumlar. İmanımıza şərik olmayan qohumlarımızın həqiqəti öyrənməsini çox istəsək də, imanımızı onlarla bölüşmək üçün səbirlə münasib vaxtı gözləyir və onları həddən artıq məlumatla yükləməkdən ehtiyat edirik (Vaiz 3:1, 7). Eyni zamanda davranış tərzimiz həqiqət sayəsində necə insanlar olduğumuzu göstərəcək və biz hər zaman imanımızı həlimliklə və dərin hörmətlə bölüşməyə hazır olacağıq (1 Pet. 3:1, 15). Bəli, səbir göstərməklə xidmətimiz daha səmərəli olacaq və səmavi Atamızın ürəyini şad edəcək.