Qoy Allahın adı müqəddəs tutulsun
1. 2012-ci ilin rayon konqresinin mövzusu nə olacaq və nəyə əsaslanacaq?
1 Kainatın Hökmdarı Yehova Allahın adını daşımaq necə də böyük şərəfdir! Bu adı daşımaq şərəfinə bizi Allahın Özü layiq görüb və 1931-ci ildən etibarən qəbul etdiyimiz Yehovanın Şahidləri adı bizi başqalarından fərqləndirir (Yeşaya 43:10). Allahın yeganə Oğlu İsa Məsih nümunəvi duasına Allahın adı ilə başlamaqla ona böyük hörmət etdiyini göstərmişdi (Matta 6:9). 2012–ci xidmət ilində keçiriləcək «Qoy Allahın adı müqəddəs tutulsun» adlı rayon konqresi İsanın sözlərinə əsaslanır.
2. Konqresdə hansı mövzuları eşidəcəyik?
2 Dinləyəcəyimiz mövzular. Şənbə günü «Tammüddətli xidmətçi kimi Allahın adını bəyan et» adlı məruzədə nəyə görə tammüddətli xidmətin ən gözəl həyat yolu olduğu müzakirə olunacaq. Biz həmçinin «Yehovanın adını rüsvay etmə» adlı məruzələr silsiləsini dinləyəcəyik. Bu silsilədə səslənəcək məruzələr bizim üçün tələ ola biləcək dörd şeydən qaçınmağa kömək edəcək. İnsanlar az maraq göstərəndə xidmətdə səyimizi qorumaqda bizə nə kömək edə bilər? Necə edə bilərik ki, xidmətimiz daha səmərəli və effektiv olsun? Bu suallara «Nəyə görə Allahın adı müqəddəs tutulmalıdır?» adlı məruzədə cavab veriləcək. Şənbə günü dördhissəli məruzələr silsiləsindən Allahın adını düşüncələrimizlə, danışığımızla, qərarlarımızla və hərəkətlərimizlə necə müqəddəs tuta biləcəyimiz haqda öyrənəcəyik. Yeni gələnlər «Yehova Özünün böyük adını Har-Magedonda təqdis edəcək» adlı açıq məruzədən xüsusilə bəhrələnəcəklər.
3. Biz hansı şərəfə layiq görülmüşük və bu proqram bizə necə kömək edəcək?
3 Çox tezliklə Yehova Öz adını təqdis etmək üçün hərəkətə keçəcək (Yezekel 36:23). O vaxtacan biz Yehovanın müqəddəs adı ilə bağlı olan bütün tədbirləri dəstəkləməliyik, çünki Allah Özü bizi belə bir şərəfə layiq görüb. Əminik ki, bu rayon konqresi hər birimizə Allahın adını daşımaq kimi ciddi məsuliyyətin öhdəsindən gəlməyə kömək edəcək.