Xatirə gecəsi — ilin ən mühüm hadisəsi!
1. Məsihin ölümünün Xatirə gecəsi nə vaxt qeyd olunacaq və nəyə görə bu hadisə bizim üçün xüsusi əhəmiyyət daşıyır?
1 Aprelin 5-i cümə axşamı gün batandan sonra biz Məsihin ölümünün Xatirə gecəsini qeyd edəcəyik (Luka 22:19). Bu hadisə, doğrudan da, böyük əhəmiyyət kəsb edən bir hadisədir! Yehovanın qarşısında son nəfəsinə qədər sadiqliyini qorumaqla İsa Məsih sübut etdi ki, insan hətta ən çətin sınaqlar altında belə Allaha sadiq qalmağı bacarar və bununla Yehovanın ədalətli hökmranlığını dəstəkləyə bilər (İbr. 5:8). Bundan əlavə, Məsih həyatını qurban verməklə bəşəriyyətin satın alınması üçün kamil qurbanı təqdim etdi, bunun sayəsində də imanlı insanların əbədi yaşamaq imkanı yarandı (Yəh. 3:16). Xatirə gecəsində iştirak etməklə bizə göstərdiyi məhəbbətə görə Yehovaya, uğrumuzda verdiyi qurbana görə isə İsa Məsihə minnətdarlığımızı bildirmiş oluruq.
2. Bu mühüm hadisəyə layiqli tərzdə necə hazırlaşa bilərik?
2 Hamını təşviq edirik ki, 2012-ci il üçün «Müqəddəs Yazıları hər gün araşdırın» broşürasında martın 31-dən aprelin 8-ə kimi olan tarixlərdə Xatirə gecəsi ilə əlaqədar verilən Müqəddəs Kitabın oxunması cədvəlinə riayət etsinlər. Diqqəti bəşər tarixinin ən vacib həftəsində baş vermiş hadisələrə cəmləmək üçün həmçinin yaxşı olardı ki, «Gözətçi qülləsi» jurnalının 2011–ci il aprel—iyun sayının 21—24-cü səhifələrindəki «İlin ən mühüm hadisəsinə hazırsınızmı?» adlı məqaləni ailəliklə müzakirə edəsiniz.
3. Xatirə gecəsində mümkün qədər daha çox insanın iştirak etməsi üçün nə edə bilərik?
3 Xatirə gecəsi ərəfəsində təbliğə daha çox vaxt sərf edə bilərsənmi? Bir çox təbliğçilər mart ayında beş şənbə və dörd bazar günü olduğu üçün fürsətdən istifadə edib köməkçi pioner kimi xidmət edəcəklər. Niyə sən də bu işdə onlara qoşulmayasan? Biz hamımız bir nəfər kimi var gücümüzlə xidmət etməklə insanlara Xatirə gecəsində iştirak etməyin nə qədər vacib olduğunu göstərə bilərik. Müqəddəs Kitabı öyrətdiyin insanların və digər maraqlananların hamısını dəvət etməyi unutma. İldə cəmi bir dəfə xüsusi tərzdə qeyd edilməli olan bu gün haqda «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 206—208-ci səhifələrində nə deyildiyini onlarla müzakirə et.
4. 2012-ci ilin ən mühüm hadisəsinə necə yanaşmalıyıq?
4 2012-ci ilin ən vacib hadisəsi olan Məsihin ölümünün Xatirə gecəsini və onun sizə gətirdiyi faydanı qiymətləndirin. Həqiqi məsihçilərin dünya miqyasında aprelin 5-də qeyd edəcəyi böyük bayramda iştirak edin.