Peyğəmbərlərdən nümunə götürün — Amos
1. Amos peyğəmbərin nümunəsi bizi nə üçün ruhlandıra bilər?
1 Heç nə vaxtsa azsavadlı və ya kasıb ailədən olduğun üçün özünü təbliğ işinə yararsız hiss etmisən? Onda Amos peyğəmbərin nümunəsi səni ruhlandıra bilər. O, çobanlıq edir və mövsümi işlə məşğul olurdu. Ancaq Yehova onu olduqca vacib xəbəri bəyan etmək üçün təyin etdi (Amos 1:1; 7:14, 15). Eynilə, bizim günlərdə də Yehova sadə və təvazökar adamlardan istifadə edir (1 Kor. 1:27—29). Amosdan xidmətimizlə bağlı daha nə öyrənə bilərik?
2. Xidmətdə üzləşdiyimiz təqiblər qarşısında nə üçün möhkəm dayana bilərik?
2 Təqiblər qarşısında möhkəm dayan. İsrailin onqəbiləli şimal padşahlığında danaya ibadət edən kahin Amasya Amosun peyğəmbərliyinə, sanki, belə cavab vermişdi: «Get evinə! Bizdən əl çək! Bizim öz dinimiz var!» (Amos 7:12, 13). Amasyanın şikayətinə əsasən, Yarovam padşah Amosun fəaliyyətinə qadağa qoydu, belə ki, o, peyğəmbərin sözlərini təhrif etmişdi (Amos 7:7—11). Lakin bu, Amosu qorxutmadı. Bu gün də bəzi din xadimləri Yehovanın xalqını təqib etməkdə özlərinə siyasi dəstək axtarırlar. Ancaq Yehova əmin edir ki, bizə qarşı işlənən heç bir silah işə yaramayacaq (Yeşaya 54:17).
3. Bu gün hansı iki xəbəri bəyan edirik?
3 Allahın hökmünü və gələcək xeyir-duaları bəyan et. İsrailin onqəbiləli padşahlığına qarşı hökm xəbərini çatdırmasına baxmayaraq, Amos adını daşıyan və Allahın Kəlamına daxil olan kitabını Yehovanın bol xeyir-dualarla və bərpa ilə bağlı verdiyi vədlə yekunlaşdırır (Amos 9:13—15). Biz də «Hökm gününün» gələcəyi haqda danışırıq, lakin bu, bəyan etməli olduğumuz «Padşahlıq haqqındakı... xoş xəbər»in bir hissəsidir (2 Pet. 3:7; Mat. 24:14). Yehova Har-Magedonda pisləri məhv etməklə yerüzü Cənnətə gedən yolu təmizləyəcək (Məz. 37:34).
4. Yehovanın iradəsini yerinə yetirə biləcəyimizə nə üçün əmin ola bilərik?
4 Bütün dünyada Padşahlıq xəbərini çatdırarkən üzləşdiyimiz təqiblər həsr olunmağımıza uyğun yaşamaq və Yehovanın iradəsini yerinə yetirmək əzmimizi sınaqdan keçirir (Yəh. 15:19). Buna baxmayaraq, biz əminik ki, Yehova, Amosa kömək etdiyi kimi, bizə də Onun iradəsini yerinə yetirə bilməyimiz üçün lazımi köməyi göstərəcək (2 Kor. 3:5).