Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w23 fevral s. 26—30
  • Yehovanın xalqının böyük imanını gördüm

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın xalqının böyük imanını gördüm
  • Gözətçi qülləsi 2023
  • Başlıqlar
  • Oxşar material
  • ŞİMALİ İRLANDİYA — «BOMBALAR VƏ GÜLLƏLƏR DİYARI»
  • SYERRA-LEONE — KASIBÇILIĞA BAXMAYARAQ, GÜCLÜ İMAN
  • NİGERİYA — YENİ MƏDƏNİYYƏTLƏ ÜZ-ÜZƏ
  • KENİYA — BACI-QARDAŞLARIN MƏNƏ SƏBRİ
  • ABŞ — MADDİ RİFAHA BAXMAYARAQ, GÜCLÜ İMAN
  • Süründüyüm yerdən təsəvvürümə belə gətirmədiyim yüksəkliklərə qaldırıldım
    Yehovanın Şahidlərinin Bioqrafiyaları
  • «Sənə qulaq asanlar» xilas olacaq
    Gözətçi qülləsi 2019
  • Allaha itaət edənin neməti bol olar
    Gözətçi qülləsi 2017
Gözətçi qülləsi 2023
w23 fevral s. 26—30
Robert Landis.

BİOQRAFİYA

Yehovanın xalqının böyük imanını gördüm

NƏQL ETDİ ROBERT LANDİS

YƏQİN həyatınıza təsir edən hansısa xüsusi söhbətləri xatırlayırsınız. Mənim üçün belə söhbətlərdən biri təxminən 50 il əvvəl baş vermişdi. Həmin vaxt dostumla mən aylardır səyahət edirdik. Gün bizi qaraltmışdı. Bir gün Keniyada tonqalın qırağında oturub söhbət edirdik. Biz dini mövzuda baxdığımız bir film haqqında danışırdıq. Dostum mənə dedi ki, bu film Müqəddəs Kitabla uzlaşmır.

Mən güldüm. Çünki düşünmürdüm ki, dostum dindar adamdır. Ona dedim: «Sən Müqəddəs Kitab haqqında nə bilirsən ki?» O mənim sualıma dərhal cavab vermədi. Sonra dedi ki, anası Yehovanın Şahididir. Müqəddəs Kitab barədə bəzi şeyləri ondan öyrənib. Bu mənə maraqlı gəldi. Ona görə də təkid etdim ki, bu barədə bir az mənə danışsın.

Demək olar ki, bütün gecəni bu haqda danışdıq. Dostum dedi ki, Müqəddəs Kitaba əsasən, bu dünyanın hökmdarı Şeytandır (Yəh. 14:30). Bəlkə də, siz bunu həmişə bilmisiniz. Amma mənim üçün bu həm yeni, həm də maraqlı fikir idi. Həmişə eşitmişdim ki, dünyanı xeyirxah bir Allah idarə edir. Amma bu fikirlə dünyada gördüklərim üst-üstə düşmürdü. Həmin vaxt cəmi 26 yaşım olsa da, artıq həyatda çox şey görmüşdüm.

Atam Amerika Birləşmiş Ştatlarının hava qüvvələrində pilot olub. Gənc olsam da, nüvə müharibəsi təhlükəsinin real olduğunu yaxşı bilirdim. Əsgərlər hər an nüvə silahlarını işə salmağa hazır idilər. Vyetnamda müharibə gedəndə Kaliforniyada kollecdə oxuyurdum. Mən tələbələrin keçirdiyi etiraz aksiyalarına qoşuldum. Polis bizi dəyənəklə qovurdu. Biz isə gözyaşardıcı qazların təsirindən yarıkor, boğula-boğula qaçırdıq. Çox keşməkeşli, təlatümlü dövr idi. Siyasi qətllər, etiraz aksiyaları, iğtişaşlar olurdu. Hər ağızdan bir avaz çıxırdı. Vəziyyət çox qarmaqarışıq idi.

Robert motosikletinin yanında dayanıb və səyahətinin xəritəsini göstərir.

Londondan Mərkəzi Afrikaya

1970-ci ildə Alyaskanın şimal sahilində işə düzəldim və çoxlu pul qazandım. Sonra Londona uçdum və orada özümə motosiklet aldım. Hara gedəcəyimə dair konkret bir plan qurmadan üzü cənuba yola çıxdım. Aylar sonra gəlib Afrikaya çatdım. Yolda mənimlə həmfikir olan insanlarla tanış oldum. Onlar da mənim kimi problemlərindən qaçmaq istəyirdi.

Çox şey görmüşdüm, eşitmişdim. Ona görə də bu dünyanı pis ruhani varlığın idarə etdiyinə dair Müqəddəs Kitab təlimi mənə ağlabatan gəlirdi. Lakin düşünürdüm: «Bəs Allah hara baxır?» Bu sualın cavabını bilmək istəyirdim.

Növbəti aylarda sualımın cavabını tapdım. Vaxt keçdikcə isə mən istənilən vəziyyətdə Yehovaya sadiqliyini sübut edən çoxlu sayda insanla tanış oldum.

ŞİMALİ İRLANDİYA — «BOMBALAR VƏ GÜLLƏLƏR DİYARI»

Londona qayıdanda dostumun anasını tapdım. O mənə Müqəddəs Kitab verdi. Sonra Amsterdama (Niderland) getdim. Küçədə işığın altında Müqəddəs Kitabı oxuyanda bir Yehovanın Şahidi məni gördü. O mənə çox şey öyrətdi. Sonra mən Dublinə (İrlandiya) getdim və orada Yehovanın Şahidlərinin filialını axtarıb tapdım. Orada Artur Metyus adlı bir qardaşla tanış oldum. O, çox ağıllı və təcrübəli qardaş idi. Ondan xahiş etdim ki, mənimlə Müqəddəs Kitabı öyrənsin. O da razılaşdı.

Mən böyük həvəslə Yehovanın Şahidlərinin dərc etdiyi jurnalları, kitabları oxuyurdum. Təbii ki, Müqəddəs Kitabı da oxuyurdum. Bu mənə böyük zövq verirdi. Yığıncaqlarda görürdüm ki, əsrlərdir müdrikləri narahat edən sualların cavabını hətta uşaqlar da bilirlər. Məsələn: «Pisliyin kökü haradan gəlib? Allahı necə yaxından tanımaq olar? Ölümdən sonra həyat varmı?» Mən demək olar ki, yalnız Yehovanın Şahidləri ilə ünsiyyət edirdim. Çünki ölkədə onlardan başqa heç kimi tanımırdım. Onlar mənə Yehovanı sevməyi öyrətdilər, ürəyimdə Onun iradəsini yerinə yetirmək istəyi oyatdılar.

Naygel, Denis və mən

1972-ci ildə vəftiz olundum. Bir il sonra öncüllüyə başladım və Şimali İrlandiyanın Nyuri şəhərindəki balaca yığıncağa keçdim. Dağın yamacında yerləşən bir daş evdə kirayə qalırdım. Ətrafda ondan başqa ev yox idi. Yaxınlıqdakı çəmənlikdə inəklər otlayırdı və mən nitqlərimi onların qarşısında məşq edirdim. Onlar çeynəyə-çeynəyə sanki mənə diqqətlə qulaq asırdılar. Düzdür, inəklər mənə məsləhət verə bilmirdi, amma dinləyicilərlə göz təması qurmağı öyrənməyə kömək etdilər. 1974-cü ildə mən xüsusi öncül təyin olundum və Naygel Pitlə bərabər xidmət etməyə başladım. O mənim ömürlük dostum oldu.

O vaxt Şimali İrlandiyada zorakılıq baş alıb gedirdi. Ona görə də bəziləri oranı «bombalar və güllələr diyarı» adlandırırdı. Küçə savaşları, snayper hücumları, güllələnmə, maşınların bomba ilə partladılması adi bir hala çevrilmişdi. Problemin kökündə əsasən siyasi və dini məsələlər dururdu. Bununla belə, həm protestantlar, həm də katoliklər Yehovanın Şahidlərinin siyasi məsələlərdə bitərəf mövqe tutduğunu bilirdilər. Buna görə də biz sərbəst və təhlükəsiz şəkildə təbliğ edirdik. Adətən ev sahibləri zorakılığın harada, nə vaxt olacağını bilirdilər və bizi xəbərdar edirdilər ki, ora getməyək.

Amma yenə də bəzən təhlükəli vəziyyətlərdən qaçmaq olmurdu. Bir dəfə Denis Karriqan adlı bir öncül qardaşla yaxınlıqdakı şəhərdə təbliğ edirdik. İkinci dəfə idi ki, bu şəhərə gəlirdik. Həmin şəhərdə bir nəfər də olsun Yehovanın Şahidi yox idi. Bir qadın bizi gizli Britaniya əsgəri olmaqda ittiham etdi, görünür, İrlandiya aksenti ilə danışmadığımıza görə o, belə düşünmüşdü. Bu, qorxulu ittiham idi. Əsgərlərlə sadəcə xoş danışdığına görə insan öldürülə və ya dizindən güllələnə bilərdi. Biz soyuqda çöldə durub avtobus gözləyirdik. Ətrafda bizdən başqa heç kəs yox idi. Həmin vaxt bir maşın qadınla danışdığımız kafenin qarşısında dayandı. Qadın çölə çıxıb maşında oturan iki kişi ilə danışdı. O, əli ilə bizi göstərib nə isə deyirdi. Sonra onlar yavaş-yavaş sürüb bizə tərəf gəldilər və avtobusun cədvəli barədə soruşdular. Avtobus gələndə onlar sürücü ilə danışmağa başladılar, amma nə danışdıqlarını eşitmədik. Avtobusda bizdən başqa sərnişin yox idi. Ona görə də əmin idik ki, bizi şəhərdən kənara aparıb başımıza oyun açacaqlar. Amma düşündüyümüz kimi olmadı. Avtobusdan düşəndə sürücüdən soruşdum: «O kişilər sizdən bizim barəmizdə soruşurdular?» Sürücü cavab verdi: «Sizin kim olduğunuzu bilirəm, onlara da izah etdim. Narahat olmayın, siz təhlükəsizlikdəsiniz».

Robert və Polin toy günlərində.

Toy günümüz, mart 1977-ci il

1976-cı ildə Dublində keçirilən vilayət toplantısındaa İngiltərədən gələn Polin Lomaks adlı xüsusi öncül bacı ilə tanış oldum. O, ruhən yetkin, təvazökar, xoşxasiyyət bacı idi. O və qardaşı Rey həqiqətdə böyümüşdülər. Bir ildən sonra Polin və mən evləndik. Biz Şimali İrlandiyanın Ballimina şəhərində xüsusi öncül kimi xidmətimizi davam etdirdik.

Biz bir müddət rayon xidmətində olduq. Belfastda, Londonderridə və digər təhlükəli ərazilərdə olan bacı-qardaşları ziyarət edir, onlarla birgə xidmət edirdik. Onlar dərin kök salmış dini əqidələrindən, qərəzdən, nifrətdən azad olub Yehovaya sədaqətlə xidmət edirdilər. Bu bacı-qardaşların imanı bizə güclü təsir bağışladı. Yehova onlara bol-bol nemətlər verirdi, onları qoruyurdu.

Mən İrlandiyada on il yaşadım. 1981-ci ildə bizi Gilad məktəbinin 72-ci sinfinə dəvət etdilər. Məzun olandan sonra Syerra-Leoneyə (Qərbi Afrika) təyin olunduq.

SYERRA-LEONE — KASIBÇILIĞA BAXMAYARAQ, GÜCLÜ İMAN

Biz 11 gözəl xüsusi təyinatlı müjdəçi ilə bir evdə yaşayırdıq. Bizim bir mətbəximiz, üç ayaqyolumuz, iki hamamımız, bir telefonumuz, bir paltaryuyan və bir paltarqurudan maşınımız var idi. İşıqlar tez-tez, gözlənilmədən sönürdü. Evin damında siçovullar, zirzəmisində isə kobralar var idi.

Robert və başqaları salın üzərində motosikletləri ilə çayı keçirlər.

Çayı keçib qonşu Qvineyada keçirilən toplantıya gedirik

Həyat şəraitimiz yaxşı olmasa da, biz xidmətdən sevinc duyurduq. İnsanlar Müqəddəs Kitaba hörmətlə yanaşırdılar, bizə diqqətlə qulaq asırdılar. Çoxları Müqəddəs Kitabı öyrənir və Yehovanın Şahidi olurdu. Yerli camaat mənə «cənab Robert», Polinə isə «xanım Robert» deyə müraciət edirdi. Amma sonra mən daha çox filialda xidmət etməyə başladım, sahə xidmətinə az çıxırdım. Ona görə də yerli camaat Polini daha çox gördüyü üçün ona «xanım Polin», mənə isə «cənab Polin» deyə müraciət etməyə başladı. Bu, Polinin xoşuna gəlirdi.

Robert və Polin yük maşınları ilə.

Syerra-Leonedə təbliğə gedərkən

Bacı-qardaşların çoxu kasıb idi, amma Yehova onların qayğısına qalırdı, hətta bəzən qeyri-adi şəkildə (Mət. 6:33). Bir dəfə bir bacının çox az pulu var idi. Bu pula yalnız özünə və uşaqlarına birgünlük yemək ala bilərdi. Amma o, bütün pulunu xəstə olan bir qardaşa verdi. Ona malyariya dərmanı almaq lazım idi. Elə həmin gün bir qadın bacımızın yanına gəldi. O, saçını düzəltdirib bacıya pul verdi. Belə maraqlı hadisələr tez-tez olurdu.

NİGERİYA — YENİ MƏDƏNİYYƏTLƏ ÜZ-ÜZƏ

Doqquz il Syerra-Leonedə xidmət etdik. Sonra bizi Nigeriya Beytelinə təyin etdilər. İndi biz böyük bir filialda xidmət edirdik. Mən burada Syerra-Leonedəki kimi ofisdə işləyirdim. Amma Polin üçün bu, böyük dəyişiklik idi və ona bir az çətin gəlirdi. O, hər ay 130 saat təbliğ edirdi və yaxşı şagirdləri var idi. İndi isə o, filialda dərzi kimi işləməli, sökülmüş, zədələnmiş paltarları tikməli, təmir etməli idi. Düzdür, vəziyyətə öyrəşmək üçün ona bir az vaxt lazım oldu. Amma o başa düşürdü ki, gördüyü iş başqaları üçün çox dəyərlidir. Buna görə də Polin diqqətini digər beytelliləri ruhlandırmaq üçün fürsətlər axtarmağa cəmləyirdi.

Nigeriya mədəniyyəti bizim üçün yeni idi, hələ çox şey öyrənməli idik. Bir dəfə bir qardaş bir bacı ilə mənim ofisimə gəldi. Bacı Beytelə yeni dəvət olunmuşdu və qardaş məni onunla tanış etmək istəyirdi. Salamlaşmaq üçün bacıya əlimi uzadanda o, yerə qədər əyilib mənə təzim etdi. Çaşıb qaldım. Dərhal ağlıma iki Müqəddəs Kitab ayəsi gəldi: Həvarilərin işləri 10:25, 26 və Vəhy 19:10 ayələri. Öz-özümə düşündüm: «Görəsən ona deyim belə etməsin?» Amma sonra fikirləşdim ki, onu Beyteldə xidmət etmək üçün dəvət ediblər. Deməli, o, Müqəddəs Kitab təlimlərini yaxşı bilir.

Bacı ilə söhbətimi güc-bəla ilə davam etdirdim. O gedəndən sonra isə bir az araşdırma apardım. Sən demə, həmin vaxt hələ də ölkənin bəzi ərazilərində təzim etmək adəti var idi. Həm kişilər, həm qadınlar salamlaşarkən təzim edirdi. Bu, hörmət əlaməti idi, ibadət yox. Müqəddəs Kitabda da buna dair nümunələr var (1 İşm. 24:8). Sevinirdim ki, həmin vaxt bilmədən bacını utandıracaq nə isə deməmişəm.

Biz Nigeriyada uzun illər Yehovaya sədaqətlə xidmət edən çoxlu bacı-qardaşla tanış olduq. Bunlardan biri Ayzaya Adaqbonab qardaş idi. O, həqiqəti gənc yaşlarından bilirdi. Sonralar ona cüzam diaqnozu qoyuldu. Buna görə də onu cüzam xəstəxanasına göndərdilər. Orada yeganə Yehovanın Şahidi o idi. Təqiblərə baxmayaraq, o, 30-dan çox cüzamlıya Müqəddəs Kitab həqiqətlərini öyrənməyə kömək etmişdi və onun sayəsində xəstəxanada yığıncaq yaranmışdı.

KENİYA — BACI-QARDAŞLARIN MƏNƏ SƏBRİ

Keniyada tək qalmış bala kərgədanla

1996-cı ildə biz Keniya filialına təyin olunduq. Əvvəldə danışdığım hadisədən sonra ilk dəfə idi ki, Keniyaya gəlirdim. Biz Beyteldə qalırdıq. Beyteli ziyarət edənlərin arasında meymunlar da var idi. Bacılar meyvə aparanda meymunlar meyvələri oğurlayırdılar. Bir dəfə bir bacı Beyteldə otağının pəncərəsini açıq qoyub gedib. Geri qayıdanda görüb ki, meymunlar otaqda əllərinə keçəni yeyirlər. Bacı qışqırıb qaçıb. Bu zaman meymunlar da qışqırışıb pəncərədən tullanıblar.

Polin və mən suahili dilində keçirilən yığıncağa gedirdik. Bir müddət sonra məni yığıncağın kitaböyrənməsini (indiki adı Müqəddəs Kitab dərsi) aparmağa təyin etdilər. Amma mən həmin dili çox pis bilirdim. Sualları oxuya bilmək üçün əvvəlcədən hazırlaşırdım. Amma əgər yığıncaqdakılar suala yazıldığı kimi deyil, öz sözləri ilə cavab verirdilərsə, onları başa düşmürdüm. Çox qəribə vəziyyət idi. Bacı-qardaşlara görə pis olurdum. Kitaböyrənməni keçirməyimə səbirlə yanaşmaları məni heyran etdi.

ABŞ — MADDİ RİFAHA BAXMAYARAQ, GÜCLÜ İMAN

Keniyada bir ildən az xidmət etdik. 1997-ci ildə bizi Nyu-Yorka, Bruklindəki Beytelə təyin etdilər. Biz indi insanların maddi rifahının yüksək olduğu bir ərazidə xidmət edirdik. Bu da özü ilə bir sıra çətinliklər gətirirdi (Məs. 30:8, 9). Bununla belə, hətta bu cür ərazidə bacı-qardaşlar böyük iman təzahür etdirirdilər. Onlar öz vaxtlarından və maddi vəsaitlərindən varlanmaq üçün yox, Yehovanın təşkilatına dəstək olmaq üçün istifadə edirdilər.

Bu illər ərzində müxtəlif vəziyyətlərdə olan bacı-qardaşlarımızın gözəl iman nümunələrini görmüşük. Məsələn, İrlandiyada zorakılıq və iğtişaşlara baxmayaraq, Afrikada kasıbçılığa və sivilizasiyadan uzaq olmalarına baxmayaraq, ABŞ-da isə maddi rifahın yaxşı olmasına baxmayaraq, bacı-qardaşların böyük iman göstərdiklərini gördük. Hər vəziyyətdə Ona sadiq qalan bəndələrinə baxanda Yehovanın qəlbi fərəhlə dolur.

Polinlə Vorvik Beytelində

İllər «toxucu məkikindən də sürətli» keçdi (Əyy. 7:6). İndi biz Yehovanın bir-birini sevən digər sadiq xidmətçiləri ilə birlikdə Nyu-Yorkda, Vorvikdəki baş idarədə xidmət edirik. Çox şadıq ki, tezliklə Atasının mübarək bəndələrini mükafatlandıracaq Padşahımız İsa Məsihi dəstəkləmək üçün əlimizdən gələni edirik (Mət. 25:34).

a Vilayət toplantısı indi regional toplantı adlanır.

b Ayzaya Adaqbonanın bioqrafiyasını «Gözətçi qülləsi»nin 1998-ci il 1 aprel sayının 22—27 səhifələrindən (türk.) oxuya bilərsiniz. O, 2010-cu ildə vəfat etdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş