Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w24 may s. 14—19
  • Sevgidən irəli gələrək təbliğ edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sevgidən irəli gələrək təbliğ edin
  • Gözətçi qülləsi 2024
  • Başlıqlar
  • Oxşar material
  • XOŞ XƏBƏRİ SEVDİYİMİZ ÜÇÜN TƏBLİĞ EDİRİK
  • İNSANLARI SEVDİYİMİZ ÜÇÜN TƏBLİĞ EDİRİK
  • YEHOVANI VƏ ONUN ADINI SEVDİYİMİZ ÜÇÜN TƏBLİĞ EDİRİK
  • SON GƏLƏNƏ QƏDƏR TƏBLİĞƏ DAVAM
  • Yehovanın gələcək hökmləri ilə bağlı nəyi bilirik?
    Gözətçi qülləsi 2024
  • Xidmətdən daha çox sevinc duyun
    Gözətçi qülləsi 2024
  • İsa kimi şövqlə təbliğ edin
    Gözətçi qülləsi 2025
  • Yehova mehriban Allahdır
    Gözətçi qülləsi 2024
Əlavə
Gözətçi qülləsi 2024
w24 may s. 14—19

TƏLİM MƏQALƏSİ 20

NƏĞMƏ 67 Allahın Sözünü müjdələ

Sevgidən irəli gələrək təbliğ edin

«Əvvəlcə bütün xalqların arasında müjdə təbliğ edilməlidir» (MARK 13:10).

ƏSAS FİKİR

Məhəbbət bizi təbliğ işində canla-başla iştirak etməyə təşviq edir.

1. 2023-cü ilin illik görüşündə hansı fikirləri eşitdik?

2023-cü ilin illik görüşüa çox əlamətdar oldu. Biz nəfəs dərmədən təlimlərimizə gətirilən yeni izahatlara qulaq asdıq, həmçinin xidmətimizlə bağlı möhtəşəm elanlar eşitdik. Məsələn, öyrəndik ki, hətta Böyük Babil məhv olandan sonra da, ola bilsin, bəzi insanların Yehovanın tərəfini tutmaq imkanı olsun. Digər xəbər isə o idi ki, artıq 2023-cü ilin noyabr ayından etibarən təbliğçilərin təbliğ xidmətləri ilə bağlı hesabat vermələrinə ehtiyac yoxdur. Bu dəyişikliklər təbliğ işimizin əvvəlki qədər əhəmiyyətli, təcili olmadığını göstərir? Qətiyyən yox!

2. Nəyə görə hər ötən gün təbliğ etməyin zərurəti daha da artır? (Mark 13:10).

2 Hər ötən gün təbliğ işimiz daha da vacib hal alır. Nəyə görə? Çünki vaxt bitmək üzrədir. İsanın axırzamanda olacaq təbliğ işi ilə bağlı hansı peyğəmbərliyi söylədiyi haqda düşünək. (Mark 13:10 ayəsini oxuyun.) Çarpaz ayədə — Mətta 24:14 ayəsində İsa demişdi ki, xoş xəbər bütün yer üzündə «son» gəlməzdən əvvəl təbliğ olunacaq. «Son» deyiləndə Şeytanın şər dünyasının birdəfəlik məhvi nəzərdə tutulur. Yehova yaxın zamanda baş verəcək hadisələrin gününü və saatını təyin edib (Mət. 24:36; 25:13; Həv. 1:7). Hər ötən gün bizi həmin günə daha da yaxınlaşdırır (Rom. 13:11). Sonun gələcəyi günə qədər isə biz təbliğ işini davam etdirməliyik.

3. Biz nəyə görə təbliğ edirik?

3 Hər birimiz böyük məna daşıyan bu sual üzərində düşünməliyik: «Xoş xəbəri nəyə görə təbliğ edirik?» Qısaca desək, sevgidən irəli gələrək. Təbliğ etməklə biz xoş xəbəri, insanları, ən əsası, Yehovanı və Onun adını sevdiyimizi göstəririk. Gəlin bunları növbə ilə araşdıraq.

XOŞ XƏBƏRİ SEVDİYİMİZ ÜÇÜN TƏBLİĞ EDİRİK

4. Yaxşı xəbər eşidəndə adətən nə edirik?

4 Yaxşı xəbər eşidəndə keçirdiyiniz hisslər yadınızdadır? Bəlkə də ailənizdə körpə doğulacağını öyrənmişdiniz, ya da ehtiyac duyduğunuz anda iş təklifi almışdınız. Sözsüz, bu xəbəri ailənizlə, dostlarınızla bölüşməyə səbirsizlənirdiniz. Bəs bütün xəbərlərin içində ən yaxşı xəbəri — Allahın Padşahlığı haqqında xoş xəbəri eşidəndə də eyni şey baş vermişdi?

5. Allahın Kəlamındakı həqiqətləri ilk dəfə öyrənəndə hansı hissləri keçirmişdiniz? (Həmçinin şəkillərə baxın.)

5 Allahın Kəlamındakı həqiqəti ilk dəfə öyrənəndə keçirdiyiniz hissləri yadınıza salın. Öyrənmişdiniz ki, Allah sizi sevir, Ona ibadət edən insanların arasında olmağınızı istəyir. O, əzab-əziyyətlərinizə son qoyacaq, yeni dünyada ölən əzizlərinizi həyata qaytaracaq və sairə (Mark 10:29, 30; Yəh. 5:28, 29; Rom. 8:38, 39; Vəhy 21:3, 4). Bu həqiqətlər qəlbinizi oxşadı (Luka 24:32). Beləcə, siz öyrəndiklərinizi sevdiniz və bunu hamıya danışmaq istədiniz. (Ərəmya 20:9 ayəsi ilə əlaqələndirin.)

Qardaş «Əbədi xoşbəxt həyat!» kitabı vasitəsilə bir kişiyə dərs keçir. Şəkillər: Həmin kişi öyrəndiyini başqalarına danışır. 1) İş yoldaşına. 2) Ailəsinə. 3) Dostuna.

Xoş müjdəni ilk dəfə öyrənəndə çox sevindik və bu dəyərli həqiqətləri hər kəsə danışmaq istədik! (5-ci abzasa baxın)


6. Ernest və Rouzun hadisəsindən nə öyrənirsiniz?

6 Gəlin bir hadisəyə baxaq. Ernestb adlı bir qardaşın təxminən 10 yaşı olanda atası vəfat etmişdi. Ernest deyir: «Düşünürdüm, görəsən, o, göyə gedib, yoxsa sadəcə ölüb və daha heç vaxt yaşamayacaq? Ataları olan uşaqlara paxıllığım tuturdu». Ernest tez-tez qəbiristanlığa gedirdi. Atasının qəbrinin yanında diz çöküb dua edirdi: «Ay Allah, nə olar, de atam haradadır». Atasının ölümündən təxminən 17 il sonra ona Müqəddəs Kitabı öyrənmək təklif olundu, o da razılaşdı. Ernest öyrəndi ki, ölülər sanki dərin yuxudadır, heç nə bilmirlər və Allah onları gələcəkdə dirildəcəyinə söz verir (Vaiz 9:5, 10; Həv. 24:15). Nəhayət, Ernest uzun illərdir onu narahat edən suallara cavab tapdı. Müqəddəs Kitabdan öyrəndiyi həqiqətlər Ernesti valeh edirdi. Onun yoldaşı Rouz da Müqəddəs Kitabı öyrənməyə başladı və o da öyrəndiyi həqiqətləri sevdi. 1978-ci ildə onlar vəftiz olundular və böyük şövqlə öyrəndikləri dəyərli həqiqətləri ailələrinə, dostlarına və digər insanlara danışdılar. Bunun sayəsində Ernestlə Rouzun 70-dən çox insanın Yehovanı tanıyıb vəftiz olunmasında payı oldu.

7. Müqəddəs Kitab həqiqətlərinə olan sevgimiz dərinləşəndə nə baş verir? (Luka 6:45).

7 Müqəddəs Kitab həqiqətlərinə olan sevgimiz dərinləşdikcə onları hamıya danışmaq istəyirik. (Luka 6:45 ayəsini oxuyun.) Biz də İsanın birinci əsrdəki şagirdlərinin keçirdiyi hissləri keçiririk. Onlar demişdi: «Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik» (Həv. 4:20). Bizim öyrəndiyimiz həqiqətlərə sevgimiz o qədər böyükdür ki, bu həqiqətləri mümkün qədər çox insanın eşitməsini istəyirik.

İNSANLARI SEVDİYİMİZ ÜÇÜN TƏBLİĞ EDİRİK

8. Biz nəyə görə insanların xoş xəbəri eşitməsini istəyirik? («“İnsanları sev. Şagird hazırla”» adlı çərçivəyə baxın.) (Həmçinin şəklə baxın.)

8 Yehova və İsa insanları sevir, biz də insanları sevirik (Məs. 8:31; Yəh. 3:16). «Ümidsiz və Allahsız» yaşayan insanlara yazığımız gəlir (Efes. 2:12). Onlar bu həyatın problemlər dənizində boğulurlar. Bizdə isə onlara lazım olan xilasedici jilet var. Bu, Allahın Padşahlığı haqda xoş xəbərdir. Bu cür insanlara bəslədiyimiz sevgi və şəfqət bizi əlimizdən gələni edib onlara xoş müjdəni çatdırmağa sövq edir. Bu gözəl xəbəri eşidəndə onların ürəyi ümidlə dolur, həmçinin xoş xəbər onlara bu günün özündə də xoşbəxt olmağa kömək edir və «əsl həyat»a — yeni dünyada əbədi həyata qovuşmaq imkanı yaradır (1 Tim. 6:19).

Bacı buklet vasitəsilə kafedə bir qadına təbliğ edir.

İnsanlara bəslədiyimiz sevgi və şəfqət xoş xəbəri çatdırmaq üçün əlimizdən gələni etməyə təşviq edir (8-ci abzasa baxın)


«İnsanları sev. Şagird hazırla»

Bu yeni broşürdə 12 xüsusiyyətin vacibliyi vurğulanır. Onlar bizə xidmətdə insanlara məhəbbət göstərməyə və şagird hazırlamağa kömək edəcək. Oradakı hər dərsin sayəsində fikrimizi insanlara hansı sözləri deyəcəyimizə yox, onları narahat edən, maraqlandıran şeylərə cəmləyəcəyik. Növbəti suallar üzərində düşünün: «Onların ağlında hansı fikirlər var? Nəyə ehtiyac duyurlar?» Broşürün giriş sözlərində deyildiyi kimi «məhəbbət sizə şagird hazırlamaq işində istənilən üsuldan daha çox kömək edəcək».

9. İnsanları gələcəklə bağlı nədən xəbərdar edirik və nəyə görə? (Hizqiyal 33:7, 8).

9 Bundan əlavə, insanlara sevgimiz bizi onlara bu şər dünyanın yaxınlaşdığını xəbər verməyə təşviq edir. (Hizqiyal 33:7, 8 ayələrini oxuyun.) Bizim, ailə üzvlərimiz də daxil olmaqla, Yehovaya xidmət etməyən bütün insanlara ürəyimiz yanır. Çoxları gələcəklərindən xəbərsiz həyatlarını yaşayırlar. Bilmirlər ki, qarşıda onları «böyük müsibət» gözləyir. Elə bir müsibət ki, «beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq» (Mət. 24:21). Biz onların həmin hökm günündə nələrin baş verəcəyini bilməsini istəyirik. Əvvəlcə yalan din məhv olacaq, sonra isə Armageddonda Şeytan dünyasına tamamilə son qoyulacaq (Vəhy 16:14, 16; 17:16, 17; 19:11, 19, 20). Biz dua edirik ki, bu gün mümkün qədər çox insan bu xəbərdarlığa hay versin və bizimlə birlikdə Yehovaya ibadət etsin. Bəs ailə üzvlərimiz də daxil olmaqla, bizə qulaq asmayan insanların aqibəti necə olacaq?

10. Nəyə görə insanları gələcək hadisələrdən xəbərdar etmək olduqca vacibdir?

10 Əvvəlki məqalədə də izah olunduğu kimi, ola bilsin, bəzi insanlar Böyük Babilin məhv olduğunu görüb Yehovaya iman gətirsin və xilas olsun. Deməli, indi insanları gələcək hadisələrdən xəbərdar etmək həmişəkindən daha vacibdir. Nəyə görə? Çünki bu gün onlara nəsə deməliyik ki, sabah da yadlarına nəsə düşsün. (Hizqiyal 33:33 ayəsi ilə əlaqələndirin.) Ola bilsin, onlar bizim etdiyimiz xəbərdarlığı xatırlayacaqlar və nə qədər ki gec deyil, bizimlə birlikdə Yehovaya ibadət edəcəklər. Qədimdə Filippidəki gözətçi məhz «güclü zəlzələ»dən sonra Allaha iman gətirmişdi (Həv. 16:25—34). Eynilə, bu gün xoş xəbərə hay verməyən insanlar, bəlkə də elə Böyük Babilin gözlənilməz məhvindən sonra fikirlərini dəyişəcəklər.

YEHOVANI VƏ ONUN ADINI SEVDİYİMİZ ÜÇÜN TƏBLİĞ EDİRİK

11. Yehovanın şana, şərəfə və qüdrətə layiq olduğunu necə göstəririk? (Vəhy 4:11). (Həmçinin şəkillərə baxın.)

11 İnsanlara xoş müjdəni təbliğ etməyimizin başlıca səbəbi Yehovanı və Onun müqəddəs adını sevməyimizdir. Biz xidmətimizə sevdiyimiz Allahı mədh etməyin bir yolu kimi baxırıq. (Vəhy 4:11 ayəsini oxuyun.) Biz də bütün qəlbimizlə deyirik: «Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən!» Allahımızın şana və şərəfə layiq olduğunu necə göstəririk? Yehovanın «hər şeyin yaradanı» olduğunu, Onun sayəsində mövcud olduğumuzu insanlara danışmaqla və buna dair sübutlar gətirməklə. Bəs Onun qüdrətə layiq olduğunu necə göstəririk? İmkanımızın yol verdiyi qədər vaxtımızı, gücümüzü və vəsaitlərimizi təbliğ işinə sərf etməklə (Mət. 6:33; Luka 13:24; Kol. 3:23). Sadə sözlə desək, biz Allahımız barədə danışmağı sevirik, həmçinin insanlara Onun adını və xüsusiyyətlərini açıqlamağı özümüzə borc bilirik. Nəyə görə?

Şəkillər: İnsanlara təbliğ etməyin üsulları. 1) Afrikada bir ər-arvad qadına və uşaqlarına evinin qabağında təbliğ edir. 2) Bacı dayanacaqda avtobus gözləyərkən bir qadına təbliğ edir. 3) Tətildə çimərlikdə olarkən bir qardaş yanında əyləşmiş kişi ilə söhbət edir.

İmkanımızın yol verdiyi qədər vaxtımızı, gücümüzü və vəsaitimizi təbliğ işinə sərf etməklə Yehovanın qüdrətə layiq olduğunu göstəririk (11-ci abzasa baxın)


12. Təbliğdə Yehovanın adını necə müqəddəs tuturuq?

12 Yehovaya olan sevgimiz bizi Onun adını müqəddəs tutmağa təşviq edir (Mət. 6:9). Biz Onun adını Şeytanın mənfur yalanlarından təmizləmək istəyirik (Yar. 3:1—5; Əyy. 2:4; Yəh. 8:44). Təbliğdə insanlara Allahımız haqda və Onun gözəl xüsusiyyətləri barədə danışmaqdan ötrü ürəyimiz alışıb-yanır. İstəyirik ki, hər bir insan bu həqiqətləri bilsin: Yehovanın ən ali xüsusiyyəti məhəbbətdir, O ən yaxşı, ən ədalətli hakimdir, Onun Padşahlığı tezliklə bütün əzab-əziyyətə son qoyacaq, bəşəriyyətə əmin-amanlıq və xoşbəxtlik gətirəcək (Zəb. 37:10, 11, 29; 1 Yəh. 4:8). İnsanlara bu həqiqətləri açıqlayanda Yehovanın adını müqəddəs tutmuş oluruq. Həmçinin sevinirik ki, biz bununla daşıdığımız ada uyğun davranmış oluruq. Nəyə əsasən belə demək olar?

13. Nəyə görə Yehovanın Şahidi adlanmaq bizim üçün fəxrdir? (Əşiya 43:10—12).

13 Yehova bizi Öz «şahidləri» adlandırır. (Əşiya 43:10—12 ayələrini oxuyun.) İllər əvvəl Rəhbərlik Şurasının bir məktubunda belə sözlər yazılmışdı: «Yehovanın Şahidləri adını daşımaq hər birimiz üçün böyük şərəfdir»c. Nəyə görə? Belə bir nümunəyə baxaq. Tutaq ki, məhkəmədə kimsə sizin lehinizə şahidlik verməlidir. Şahid qismində kimi seçərdiniz? Təbii ki, tanıdığınız, etibar etdiyiniz və sözünün kəsərinin olması üçün yaxşı ad qazanmış birini. Yehova bizi Öz şahidi seçməklə göstərir ki, bizi çox yaxşı tanıyır və başqalarına Onun var olan tək Allah olduğunu danışacağımıza etibar edir. Yehovanın Şahidi olmaq bizim üçün elə böyük şərəfdir ki, biz hər fürsətdən istifadə edib insanlara Onun adını tanıdırıq və Onun haqqında yayılan yalanları təkzib edirik. Bununla da fəxrlə daşıdığımız adın — Yehovanın Şahidləri adının haqqını veririk (Zəb. 83:18; Rom. 10:13—15).

SON GƏLƏNƏ QƏDƏR TƏBLİĞƏ DAVAM

14. Bizi yaxın gələcəkdə hansı maraqlı hadisələr gözləyir?

14 Bizi yaxın gələcəkdə necə də maraqlı hadisələr gözləyir! Ümid edirik ki, Yehovanın köməyi ilə böyük müsibətdən əvvəl hələ çox insan həqiqəti qəbul edəcək. Həmçinin sevinirik ki, bəşər tarixinin ən qaranlıq dövründə — böyük müsibətdə də, ola bilsin, bəziləri Şeytanın dağılmaq üzrə olan dünyasından üz döndərib bizimlə birlikdə Yehovanı mədh etsin (Həv. 13:48).

15, 16. Biz bundan sonra da nə edəcəyik və nə vaxta qədər?

15 O vaxta qədər isə görəsi vacib işimiz var. Bu iş bir daha təkrarlanmayacaq. Bizə Allahın Padşahlığı haqda xoş müjdəni bütün dünyada təbliğ etmək nəsib olub. Eyni zamanda insanlara xəbərdarlıq da verməliyik. Onlar bilməlidir ki, bu şər dünya sürətlə sonuna yaxınlaşır. Sonra hökm vaxtı çatanda onlar təbliğ etdiyimiz xəbərin Yehova Allahdan olduğunu anlayacaqlar (Hizq. 38:23).

16 Deməli, biz nə etmək niyyətindəyik? Xoş xəbəri, insanları, ən əsası isə Yehovanı və Onun adını sevdiyimiz üçün təbliğ edəcəyik. Bunu canla-başla, şövqlə və təxirə salmadan edəcəyik. Ta Yehova «dayan» deyənə qədər!

NÖVBƏTİ AMİLLƏR BİZİ TƏBLİĞ ETMƏYƏ NECƏ TƏŞVİQ EDİR?

  • Xoş xəbəri sevmək

  • İnsanları sevmək

  • Yehovanı və Onun adını sevmək

NƏĞMƏ 54 «Yol budur»

a İllik görüş 2023-cü il 7 oktyabr tarixində Nyubörqdə (ABŞ, Nyu-York) yerləşən Yehovanın Şahidlərinin Toplantı zalında keçirilmişdi. Proqramın tam hissəsi sonradan JW televiziyasına yerləşdirildi. Birinci hissə 2023-cü ilin noyabr ayında, ikinci hissə isə 2024-cü ilin yanvar ayında yayımlandı.

b jw.org saytında «Müqəddəs Kitabdan aldığım aydın, məntiqli cavablar məni heyran qoydu» adlı məqaləyə baxın.

c «Müqəddəs ibadətimiz» vərəqəsinin 2007-ci il mart buraxılışının 3-cü səhifəsinə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş