TƏLİM MƏQALƏSİ 29
NƏĞMƏ 121 Özümüzə hakim olaq
Sayıqlığınızı qoruyub günah işləməyin
«Sayıq olun və daima dua edin ki, günaha yol verməyəsiniz» (MƏT. 26:41).
ƏSAS FİKİR
Məqalə kömək edəcək ki, günah işləməyək və ona aparan yola qədəm qoymayaq.
1, 2. a) İsa şagirdlərini nə barədə xəbərdar etmişdi? b) Nəyə görə şagirdlər İsanı qoyub qaçdılar? (Həmçinin şəkillərə baxın.)
«RUH şövqlü, cisim isə zəifdir»a (Mət. 26:41b). İsa Məsih bu sözlərlə günaha meyilli olduğumuzu başa düşdüyünü göstərmişdi. Onun sözlərində həm də vacib bir xəbərdarlıq var idi: özümüzə çox arxayın olmamalıyıq. İsa Məsih bu sözləri deməmişdən bir neçə saat əvvəl şagirdləri qətiyyətlə heç vaxt ondan ayrılmayacaqlarını bildirmişdilər (Mət. 26:35). Onlar düzgün davranmaq niyyətində idilər. Amma çətinliyə düşəndə qətiyyətlərinin asanlıqla sınacağını heç ağıllarının ucundan da keçirməzdilər. Elə buna görə də İsa demişdi: «Sayıq olun və daima dua edin ki, günaha yol verməyəsiniz» (Mət. 26:41a).
2 Təəssüf ki, şagirdlər sayıq qalmadılar. Bəs bunun nəticəsi necə oldu? İsa həbs olunanda şagirdləri onun yanında qaldılar, yoxsa qorxub qaçdılar? Ehtiyatı əldən verdikləri üçün şagirdlər «heç vaxt etmərəm» dedikləri şeyi etdilər — İsanı qoyub qaçdılar (Mət. 26:56).
İsa Məsih şagirdlərinə demişdi ki, sayıq olsunlar və günah işləməmək üçün ehtiyatı əldən verməsinlər, amma onlar İsanı qoyub qaçdılar (1 və 2-ci abzaslara baxın)
3. a) Yehovaya sadiq qalmaq üçün nəyə görə özümüzdən çox arxayın olmamalıyıq? b) Bu məqalədə nəyi araşdıracağıq?
3 Biz özümüzə həddən artıq arxayın olmamalıyıq. Düzdür, Yehovanı narazı salacaq hər bir şeydən uzaq durmaq niyyətindəyik. Amma onu da nəzərə almalıyıq ki, biz qeyri-kamilik və nəfs bizə asanlıqla üstün gələ bilər (Rom. 5:12; 7:21—23). Qəflətən elə bir vəziyyətə düşə bilərik ki, həmin an günah etmək istəyi güclü olar. Yehovaya və İsaya sədaqətimizi qorumaq üçün İsanın verdiyi məsləhətə uyğun davranmalıyıq — günaha yol verməmək üçün sayıq olmalıyıq. Məqalə bizə bu sahədə kömək edəcək. Növbəti suallara cavab tapacağıq: «Hansı sahələrdə gözdə-qulaqda olmaq xüsusilə vacibdir? Günahdan özümüzü necə qoruya bilərik? Necə sayıq qala bilərik?»
HANSI SAHƏLƏRDƏ AYIQ-SAYIQ OLMALIYIQ?
4, 5. Nəyə görə hətta kiçik günahlardan da özümüzü gözləməliyik?
4 Nisbətən kiçik sayılan günahlar belə, Yehova ilə münasibətimizi zəiflədə bilər. Hətta onlar daha ciddi günahlara gətirib çıxarar.
5 Hamımız günaha sövq edən sınaqlarla üzləşirik. Amma hərəmizin öz zəif cəhəti var və müəyyən vəziyyətlə üzləşəndə möhkəm qalmaq daha çətin olur. Məsələn, kimisi cinsi əxlaqsızlıq etmək istəyi ilə mübarizə aparır. Kimisində masturbasiya etmək və ya pornoqrafiyaya baxmaq kimi natəmiz əməllərə güclü meyil var. Kimisi isə insan qorxusu ilə, müstəqillik ruhu ilə mübarizə aparır, yaxud da tez özündən çıxır. Yaqub demişkən, «hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır» (Yaq. 1:14).
6. Hansı məsələdə dürüst olmalıyıq?
6 Bəs sizin ən çox hansı sahədə zəifliyiniz var? Zəifliklərinizi danmaq və ya güclü olduğunuzu, heç vaxt ciddi günah etməyəcəyinizi düşünmək çox təhlükəlidir (1 Yəh. 1:8). Həvari Bulus da demişdi ki, hətta «yetkin məsihilər» belə özlərindən muğayat olmasalar, yoldan çıxa bilərlər (Qal. 6:1). Biz özümüzə qarşı dürüst olmalıyıq və zəif cəhətlərimizi bilməliyik (2 Kor. 13:5).
7. Hansı sahədə xüsusilə ehtiyatlı olmalıyıq? Nümunə çəkin.
7 Tutaq ki, bizi ən çox nəyin yoldan çıxardığını artıq bilirik. Bəs bundan sonra nə etməliyik? Ona qarşı durmaq bacarığımızı möhkəmləndirməliyik. Bir nümunəyə baxaq. Müqəddəs Kitabın yazıldığı dövrdə şəhərin ən zəif hissəsi darvazalar idi. Ona görə də darvazalar daha ciddi mühafizə olunurdu. Eynilə, biz də zəif olduğumuz sahələrdə xüsusilə ehtiyatlı olmalıyıq (1 Kor. 9:27).
GÖZDƏ-QULAQDA OLUN
8, 9. Məsəllər 7-ci fəsildə bəhs olunan oğlan nələri etməsəydi, ciddi günah işləməzdi? (Məsəllər 7:8, 9, 13, 14, 21).
8 Günah etməkdən özümüzü necə qoruya bilərik? Gəlin Məsəllər 7-ci fəslə nəzər salaq. Görək orada bəhs olunan gənc oğlandan hansı ibrəti götürə bilərik. O, pozğun bir qadınla əxlaqsızlıq etdi. 22-ci ayədə yazılıb: «Cavan... onun ardınca getdi». Görünür o, qadının tələsinə qəfil düşür. Amma öncəki ayələrə əsasən, cavan oğlan bundan əvvəl bəzi addımlar atmışdı və bu, tədricən onun günah etməsinə gətirib çıxartdı.
9 Bu hansı addımlar idi? Əvvəla, o, həmin axşam «[pozğun] qadının evinin tinindən keçirdi». Sonra onun evinə tərəf getdi. (Məsəllər 7:8, 9 ayələrini oxuyun.) Daha sonra bu oğlan qadını görəndə yolunu dəyişmədi. Qadının onu öpməsinə icazə verdi. Həm də gətirdiyi yandırma qurbanları barədə danışanda ona qulaq asdı. Yəqin, qadın bunu deməklə göstərmək istəyirdi ki, pis yolun yolçusu deyil. (Məsəllər 7:13, 14, 21 ayələrini oxuyun.) Əgər oğlan vəziyyətin bu yerə gəlib çıxmasına yol verməsəydi, onda nə nəfs oyanardı, nə də günah edərdi.
10. Bu gün məsihilər gənc oğlanın səhvini necə təkrarlaya bilər?
10 Bu hadisə Yehovanın hər bir xidmətçisi ilə nə baş verə biləcəyini göstərir. İnsan ciddi günah işləyib, sonra da düşünə bilər ki, hər şey qəfil baş verdi. Ya da belə deyə bilər: «Heç özüm də bilmədim necə oldu». Amma o, baş verənlər haqda bir az düşünsə, görər ki, atdığı bəzi yanlış addımlar bu günahı etməsinə gətirib çıxarıb. Bəlkə də oturub-durduğu insanlar, əyləncə seçimi pis olub, ya da daxil olduğu saytlar, getdiyi yerlər məsihiyə yaraşmayan olub. Ola bilsin, o, daha dua etmirdi, Müqəddəs Kitabı oxumurdu, ibadət görüşlərində və təbliğ xidmətində iştirak etmirdi. Bəli, «Məsəllər» kitabındakı oğlan kimi belə insan da günahı heç də qəfil etmir.
11. Günah etməmək üçün özümüzü nələrdən gözləməliyik?
11 Özümüz üçün hansı nəticəni çıxarırıq? Biz təkcə günahdan yox, günaha aparan addımlardan da özümüzü gözləməliyik. Süleyman peyğəmbərin sözlərindən bunu aydın görmək olar. O, pozğun qadınla cavan oğlanın hadisəsini danışandan sonra belə deyir: «Məbada onun keçdiyi yola qədəm qoyasan» (Məs. 7:25). O, pozğun qadınla bağlı bu sözləri də işlədir: «Belə qadından uzaq gəz, evinin qapısına yaxın getmə» (Məs. 5:3, 8). Bəli, günah etməmək üçün biz günaha gətirib çıxaran vəziyyətlərdən uzaq olmalıyıqb. Hətta bu elə vəziyyətlər, elə məşğuliyyətlər ola bilər ki, ümumilikdə məsihilər üçün qəbahət sayılmasın. Amma bilirik ki, bunu biz etsək, tamahımıza üstün gəlmək bizə çətin olacaq (Mət. 5:29, 30).
12. Əyyub nəyə qəti qərarlı idi və bu ona günahdan uzaq durmağa necə kömək etmişdi? (Əyyub 31:1).
12 Günaha aparıb çıxaran vəziyyətlərdən qaçmaq üçün biz bəzi şeylərlə bağlı qəti mövqe tutmalıyıq. Əyyub peyğəmbər məhz belə etmişdi. O, başqa qadına pis gözlə baxmamaq üçün gözləri ilə əhd bağlamışdı. (Əyyub 31:1 ayəsini oxuyun.) Əyyubun bu sahədə qətiyyətli olması onu zina etməkdən çəkindirmişdi. Biz də günaha gətirib çıxara biləcək vəziyyətlərdən qaçmaq üçün qəti qərarlı olmalıyıq.
13. Nəyə görə düşüncəmizə hakim olmalıyıq? (Həmçinin şəkillərə baxın.)
13 Biz həm də düşüncələrimizə hakim olmalıyıq (Çıx. 20:17). Bəziləri belə hesab edir: «Yanlış şeylərin fantaziyasını qurmaqda pis bir şey yoxdur, özüm ki bunu etmirəm». Amma bu cür düşünmək səhvdir. Yanlış fikirlər günah etmək istəyini gücləndirir. Bir növ, insan özü üçün sınaq yaradır, sonra da bu sınaqla mübarizə aparmalı olur. Əlbəttə, hərdən ağlımıza Yehovaya məqbul olmayan fikirlər gələcək, amma əsas odur ki, biz belə fikirləri dərhal ağlımızdan qovub, yerini yaxşıları ilə dolduraq. Onda bu cür fikirlərin şiddətli istəyə çevrilməsinə yol verməyəcəyik və beləcə, günah işləməyəcəyik (Filip. 4:8; Kol. 3:2; Yaq. 1:13—15).
Bizi yoldan çıxaracaq hər bir şeydən uzaq durmalıyıq (13-cü abzasa baxın)
14. Günah etməməyimizə başqa nə kömək edə bilər?
14 Günah etməkdən özümüzü daha necə qoruya bilərik? Biz tam əmin olmalıyıq ki, Yehovanın qanunlarına itaət etmək bizim xeyrimizədir. Bəzən düşüncəmizin və arzularımızın Allaha məqbul olması üçün əməlli-başlı mübarizə aparmaq lazım gəlir. Amma duyacağımız qəlb rahatlığına görə bu mübarizəni aparmağa dəyər.
15. Düzgün davranmaq istəyi bizi günahdan necə qoruyacaq?
15 Biz özümüzdə düzgün davranmaq istəyini gücləndirməliyik. Əgər yaxşılığı sevib, pisliyə nifrət etsək, Yehovanın bəyəndiyi kimi davranmağa daha qətiyyətli olacağıq və günaha aparan vəziyyətlərdən uzaq duracağıq (Ams. 5:15). Bundan əlavə, ürəyimizdə düzgün davranmaq istəyi olduğu üçün gözlənilmədən bizi sınağa çəkən vəziyyətlə üzləşəndə ona qarşı dura biləcəyik.
16. Ruhani işlərlə məşğul olmaq bizi günah etməkdən necə qoruyur? (Həmçinin şəkillərə baxın.)
16 Bəs düzgün davranmaq istəyini necə gücləndirə bilərik? Bacardığımız qədər ruhani işlərlə çox məşğul olmalıyıq. Biz ibadət görüşlərində və təbliğ xidmətində iştirak edəndə Yehovanı razı salmaq istəyimiz güclənir və günah etmək ağlımızdan keçmir (Mət. 28:19, 20; İbr. 10:24, 25). Allahın Kəlamını mütaliə etmək, araşdırmaq və oxuduqlarımızın üzərində düşünmək yaxşını sevib, pisə nifrət etmək istəyimizi gücləndirəcək (Yuş. 1:8; Zəb. 1:2, 3; 119:97, 101). Yadınızdadırsa, İsa şagirdlərinə belə demişdi: «Daima dua edin ki, günaha yol verməyəsiniz» (Mət. 26:41). Dua edib səmavi Atamızla vaxt keçirəndə Onun köməyindən yararlanırıq və Onu razı salmaq qətiyyətimiz daha da artır (Yaq. 4:8).
Ruhaniliyimizi möhkəmləndirən işlərlə məşğul olmaq bizə günaha qarşı durmağa kömək edəcək (16-cı abzasa baxın)c
EHTİYATI HEÇ VAXT ƏLDƏN VERMƏYİN
17. Butrus hansı zəifliyindən yaxa qurtara bilmirdi?
17 Bəzi zəif cəhətlərimizdən tamamilə qurtulmaq mümkündür. Amma, ola bilər, bəzi zəifliklərimizlə uzun müddət mübarizə aparmaq lazım gəlsin. Bunu həvari Butrusun hadisəsindən görmək olar. O, insan qorxusuna qapılıb, İsa Məsihi üç dəfə danmışdı (Mət. 26:69—75). Amma sonralar Butrus Sinedrion qarşısında cəsarətlə şahidlik verəndə adama elə gələ bilərdi ki, o, insan qorxusuna qalib gəlib (Həv. 5:27—29). Halbuki bir neçə il sonra Butrus «sünnət tərəfdarlarından qorxaraq» bir müddət qeyri-yəhudilərlə bir süfrə arxasında əyləşmədi (Qal. 2:11, 12). Butrusun insan qorxusu özünü yenidən göstərdi. Görünür o bu zəifliyindən heç vaxt tam qurtula bilməmişdi.
18. Bəzi yanlış meyillərimizlə bağlı nəyi unutmamalıyıq?
18 Eyni vəziyyətə biz də düşə bilərik. Ola bilsin, hansısa zəifliyimizin öhdəsindən gəldiyimizi düşünürük. Amma o, yenidən baş qaldıra bilər. Bu, bir qardaşın başına gəlmişdi. O deyir: «Düz on il idi ki, pornoqrafiyaya baxmırdım və artıq bu problemimdən yaxa qurtardığıma tam əmin idim. Amma, sən demə, bu asılılığım şikarına hücum etməyi gözləyən vəhşi heyvan kimi pusquda durubmuş». Tərifə layiqdir ki, o bu mübarizəsini dayandırmadı. Başa düşürdü ki, bu zəifliyi ilə hər gün, bəlkə də bu şər dünyanın sonu gələnə qədər çarpışmalı olacaq. Qardaş həyat yoldaşının və ağsaqqalların köməyi ilə pornoqrafiyaya baxmamaq üçün daha ciddi tədbirlər gördü.
19. Yaxa qurtara bilmədiyimiz zəifliyimizlə necə mübarizə apara bilərik?
19 Yaxa qurtara bilmədiyimiz zəifliyimizlə necə mübarizə apara bilərik? Bunun üçün İsanın «sayıq olun» məsləhətinə əməl etməliyik. Hətta özümüzü güclü hiss etdiyimiz vaxtlarda da bizi yoldan çıxaran vəziyyətlərdən uzaq durmalıyıq (1 Kor. 10:12). Zəifliyinizə yenilməmək üçün bundan sonra da lazımi tədbirlər görün. Məsəllər 28:14 ayəsində yazılıb: «Həmişə gözdə-qulaqda olan kəs bəxtiyardır» (2 But. 3:14).
SAYIQ QALMAĞIN MÜKAFATI
20, 21. a) Günahdan uzaq durmağa çalışsaq, bizi hansı mükafat gözləyir? b) Öhdəmizə düşəni etsək, Yehova Öz tərəfindən nə edəcək? (2 Korinflilərə 4:7).
20 Əmin olun, günaha meylinizlə mübarizə aparmağınıza dəyər. Günah insana «müvəqqəti həzz» versə də, Yehovanın qanunlarına uyğun yaşamaq insana daha böyük xoşbəxtlik gətirəcək (İbr. 11:25; Zəb. 19:8). Çünki Allah bizi Onun qanunlarına uyğun yaşamaq üçün yaradıb (Yar. 1:27). Bunun sayəsində həm vicdanımız təmiz olacaq, həm də gələcəkdə əbədi həyat mükafatını ala biləcəyik (1 Tim. 6:12; 2 Tim. 1:3; Yhd. 20, 21).
21 Düzdür, cisim zəifdir. Amma bu onun qarşısında aciz olduğumuzu göstərmir. Yehova bizə güc verməyə həmişə hazırdır. (2 Korinflilərə 4:7 ayəsini oxuyun.) Fikir verdinizsə, Yehovanın verdiyi güc insan gücündən üstündür. Amma əvvəlcə, biz özümüz günahla mübarizə aparmaq üçün güc sərf etməliyik. Bununla öz öhdəmizə düşəni edirik. Onda Yehova duamıza cavab olaraq bizə əlavə güc verəcək (1 Kor. 10:13). Bəli, Yehovanın köməyi ilə biz sayıqlığımızı qoruyub günahdan uzaq ola bilərik.
NƏĞMƏ 47 Hər gün Yehovaya dua et
a BƏZİ İFADƏLƏRİN İZAHI. İsa Məsih Mətta 26:41 ayəsində «ruh» deyəndə bizi düzgün davranmağa təşviq edən qüvvəni nəzərdə tuturdu. «Cisim» isə bizim qeyri-kamil, günahlı vəziyyətdə olmağımızı bildirir. Bəli, insan düzgün davranmaq istəyə bilər, amma ehtiyatlı olmasa, nəfsinə təslim olub yanlış hərəkətə yol verər.
b Ciddi günah işləyən insan kömək üçün növbəti mənbələrdən lazımi məlumatı tapa bilər: «Əbədi xoşbəxt həyat!» kitabı, dərs 57, bəndlər 1—3; «Gözətçi qülləsi»nin 2020-ci il noyabr sayı, «Gözləriniz düz gələcəyə baxsın» adlı məqalə, abzaslar 12—17.
c ŞƏKLİN İZAHI. Bir qardaş səhər günün ayəsini oxuyur, nahar fasiləsində Müqəddəs Kitabı mütaliə edir, həmin axşam isə həftəiçi görüşə qatılır.