Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 mart s. 8—13
  • Yehova Allah və İsa Məsih kimi düşünün

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova Allah və İsa Məsih kimi düşünün
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • YEHOVA KİMİ DÜŞÜNMƏYİ ÖYRƏNİN
  • TƏVAZÖKAR OLUN
  • SAĞLAMDÜŞÜNCƏLİ OLUN
  • O, Ağasından bağışlamağı öyrəndi
    İman örnəkləri
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • O, sınaqlar zamanı sadiq qaldı
    İman örnəkləri
  • O, Ağasından bağışlamağı öyrəndi
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2025
w25 mart s. 8—13

TƏLİM MƏQALƏSİ 10

NƏĞMƏ 31 Rəbbin yoluyla daim get

Yehova Allah və İsa Məsih kimi düşünün

«Məsih cismən əzab çəkdiyi üçün siz də eyni düşüncə ilə silahlanın» (1 BUT. 4:1).

ƏSAS FİKİR

Bu məqalədən görəcəyik ki, Butrus İsanın düşüncə tərzindən nələr öyrəndi və biz nələr öyrənə bilərik.

1, 2. Yehovanı sevmək nə deməkdir və İsa Yehovanı sevdiyini necə göstərirdi?

«ALLAHIN Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev» (Mark 12:29, 30). İsa Məsih bu əmrin Musanın qanununda ən vacib əmr olduğunu demişdi. Deməli, biz Yehovanı bütün qəlbimizlə sevməliyik. Bura bizim arzularımız, hisslərimiz, əhvali-ruhiyyəmiz daxildir. Biz həm də Yehovanı bütün varlığımızla və var gücümüzlə, qüvvəmizlə sevməliyik. Bundan əlavə, Yehovanı bütün ağlımızla sevməliyik. Bura isə hər hansı məsələ ilə bağlı nə düşündüyümüz daxildir. Əlbəttə, biz heç vaxt Yehovanın əqlini axıra qədər dərk edə bilmərik. Amma Məsihin düşüncəsini araşdırsaq, Yehovanın əqlinə daha yaxşı bələd olarıq. Çünki İsa Məsih Yehovanın düşüncələrini mükəmməl şəkildə əks etdirirdi (1 Kor. 2:16).

2 İsa Məsih Yehovanı bütün ağlı ilə sevirdi. O, Yehovanın onunla bağlı iradəsini bilirdi və əzab çəkmək lazım gələndə belə, Onun istəyinə uyğun davranmağa qətiyyətli idi. Fikrini buna cəmlədiyi üçün İsa nəyinsə onu bu məqsəddən yayındırmasına imkan vermədi.

3. Həvari Butrus İsadan nə öyrənmişdi və o, məsihiləri nəyə təşviq etmişdi? (1 Butrus 4:1).

3 Butrus və digər həvarilərin İsa Məsihlə vaxt keçirmək, onun müxtəlif məsələlərə necə yanaşdığını, necə düşündüyünü görmək imkanı var idi. Butrus Yehovanın ilhamı ilə yazdığı ilk məktubunda məsihiləri təşviq etmişdi ki, onlar İsa Məsihin düşüncəsi ilə silahlansınlar. (1 Butrus 4:1 ayəsini oxuyun.) Butrusun istifadə etdiyi «silahlanın» sözü hərbidə istifadə edilən sözdür. Deməli, İsa kimi düşünməyi öyrənən məsihinin öz günahlı meyillərinə və Şeytanın idarə etdiyi dünyaya qarşı mübarizə aparmaq üçün güclü silahı olur (2 Kor. 10:3—5; Efes. 6:12).

4. Bu məqalədə nə haqda danışacağıq?

4 Gəlin görək İsa Məsihin düşüncə tərzi necə idi və ona bənzəmək üçün nə edə bilərik. Onun nümunəsi kömək edəcək ki, 1) Yehova kimi düşünək, 2) təvazökar olaq, 3) sağlamdüşüncəli olaq.

YEHOVA KİMİ DÜŞÜNMƏYİ ÖYRƏNİN

5. Hansı hadisə zamanı Butrus Yehova kimi düşünmədiyini göstərmişdi?

5 Bir hadisədə Butrus Yehova kimi düşünmədiyini göstərmişdi. İsa həvarilərinə demişdi ki, Yerusəlimə gedəcək, din xadimlərinə təslim ediləcək, dirəkdə əzab çəkəcək və axırda da öldürüləcək (Mət. 16:21). Butrus inana bilmirdi ki, Yehova İsanın öldürülməsinə izin versin. Axı o, İsrailin ümidi və vəd edilmiş Məsih idi! (Mət. 16:16). Buna görə də Butrus İsanı qırağa çəkib belə dedi: «Özünə yazığın gəlsin, Ağa! Belə şey heç vaxt ola bilməz!» (Mət. 16:22). Butrus bu məsələdə Yehovanın düşüncəsini əks etdirmədiyi üçün İsa ilə də fikirləri üst-üstə düşmürdü.

6. İsa Yehovanın düşüncə tərzinə sahib olduğunu necə göstərdi?

6 İsa Məsih tam şəkildə Yehova kimi düşünürdü. Elə buna görə də Butrusa belə cavab verdi: «Çəkil qabağımdan, Şeytan! Sən mənə mane olursan. Çünki sənin ağlındakı Allahın fikirləri deyil, insan fikirləridir» (Mət. 16:23). İsa bilirdi ki, Yehovanın iradəsinə əsasən əzab çəkib ölməlidir. Buna görə də Butrusun niyyətinin pis olmadığını bilsə də, onun məsləhətinə qulaq asmadı. Butrus bu hadisədən Yehova kimi düşünməyin vacibliyini öyrəndi. Bunu biz də öyrənməliyik.

7. Butrus Yehovanın düşüncəsini mənimsəmək istədiyini necə göstərdi? (Şəklə baxın.)

7 Sonralar Butrus Yehova kimi düşünmək istədiyini göstərdi. Sünnət olunmamış qeyri-yəhudilərin Yehovanın xalqının sıralarına daxil olmaq vaxtı gəlib çatmışdı. Yehova Butrusa tapşırmışdı ki, qeyri-yəhudi olan Korniliyə təbliğ etsin. Kornili məsihiliyi qəbul edən ilk qeyri-yəhudi olacaqdı. Nəzərə alsaq ki, o vaxtlar yəhudilər qeyri-yəhudilərdən uzaq dururdu, Butrus bu tapşırığı icra etməyə özünü hazırlamalı idi. O, Yehovanın qeyri-yəhudilər barədə nə düşündüyünü anlayandan sonra öz düşüncəsini dəyişdi. Beləcə, dalınca gələn adamlara «etiraz etməyib» Kornilinin evinə getdi (Həv. 10:28, 29). O, Korniliyə və onun ev əhlinə təbliğ etdi və nəticədə onlar vəftiz olundular (Həv. 10:21—23, 34, 35, 44—48).

Kornili həvari Butrusu və onun əməkdaşlarını evinin yuxarı mərtəbəsindəki otağa aparır.

Butrus Kornilinin evinə daxil olur (7-ci abzasa baxın)


8. Yehova kimi düşündüyümüzü necə göstərə bilərik? (1 Butrus 3:8).

8 İllər sonra Butrus məsihiləri həmfikir olmağa təşviq etmişdi. (1 Butrus 3:8 ayəsini oxuyun.) Biz bacı-qardaşlarla həmfikir olmaq üçün Yehovanın düşüncəsini əks etdirməliyik. Onun necə düşündüyünü isə Kəlamdan öyrənə bilərik. Məsələn, Mətta 6:33 ayəsində İsa davamçılarını Padşahlığı hər şeydən üstün tutmağa təşviq etmişdi. Yığıncağımızdakı təbliğçilərdən biri onun sözlərinə əməl edərək tamvaxtlı xidmətin hansısa növündə iştirak etmək qərarına gələ bilər. Ona «özünə yazığın gəlsin, özünü çox yorma» deməkdənsə, yaxşı olar ki, bu məqsədi barədə müsbət danışaq və bacardığımız köməyi göstərək.

TƏVAZÖKAR OLUN

9, 10. İsanın böyük təvazökarlıq göstərdiyi bir hadisə hansıdır?

9 Ölümündən öncəki gecə İsa Butrusa və digər həvarilərə təvazökarlığa dair mühüm bir dərs öyrətdi. Bundan bir az əvvəl o, Butrusla Yəhyanı axşam yeməyi üçün hazırlıq görməyə göndərmişdi. Bu, İsanın ölməzdən əvvəl onlarla birgə yeyəcəyi sonuncu yemək olacaqdı. Yəqin, şagirdlər hazırlıq görərkən qonaqların yeməkdən qabaq ayaqlarını yuması üçün dəsmalla ləyən də hazırlamışdılar. Bəs, görəsən, kim təvazökarlıq göstərib bu işi görəcəkdi?

10 İsa tərəddüd etmədən böyük bir təvazökarlıq göstərdi. O, şagirdlərin heyrətinə səbəb olan bir şeyi etdi. Bunu adətən qulluqçular edirdi. İsa üst paltarını çıxartdı, bir dəsmal götürüb belinə bağladı, ləyənə su töküb şagirdlərin ayağını yumağa başladı (Yəh. 13:4, 5). İsa, ona xəyanət edəcək Yəhuda da daxil olmaqla, on iki həvarinin hamısının ayağını yudu. Yəqin ki, bu, xeyli vaxt çəkdi. Amma o, təvazökarlıqla bu işi axıra kimi gördü. Sonra isə səbirlə onlara belə bir öyüd-nəsihət verdi: «Sizin üçün nə etdiyimi başa düşürsünüz? Siz mənə “Ustad”, “Ağa” deyirsiniz, düz də edirsiniz, bu, elədir ki var. Əgər mən, Ağa və Ustad ola-ola, sizin ayaqlarınızı yudumsa, siz də bir-birinizin ayaqlarını yumalısınız» (Yəh. 13:12—14).

Əsl təvazökarlıq... insanın özü və başqaları haqda daxilən hansı fikirdə olmasını ehtiva edir

11. Butrusun təvazökarlığı öyrəndiyi nədən görünürdü? (1 Butrus 5:5, haşiyə; həmçinin şəklə baxın.)

11 Butrus İsanın təvazökarlığından nümunə götürdü. İsa göyə qalxandan sonra Butrus bir möcüzə göstərdi. O, anadangəlmə topal bir adamı sağaltdı (Həv. 1:8, 9; 3:2, 6—8). Sözsüz ki, insanlar heyrətə gəlib Butrusun başına toplaşdı (Həv. 3:11). Butrus ona şöhrət gətirən bu anın dadını çıxartdı? Axı o, nüfuza, ad-sana önəm verilən bir mədəniyyətdə böyümüşdü. Xeyr, o, təvazökarcasına diqqəti özündən uzaqlaşdırıb Yehovaya və İsaya şərəf verərək dedi: «Gördüyünüz və tanıdığınız bu adam İsanın adı və onun adına göstərdiyimiz iman sayəsində qüvvətləndi» (Həv. 3:12—16). Sonralar Butrus məsihilərə yazdığı məktubunda təvazökar olmağın vacibliyini vurğulamışdı. Orijinal mətndə o, «təvazökarlığa bürünün» sözünü işlətmişdi. Yəqin, Butrus bu sözləri deyəndə İsanın dəsmalı belinə bağlayıb həvarilərin ayaqlarını yumasını xatırlamışdı. (1 Butrus 5:5 ayəsini və haşiyəni oxuyun.)

Butrusla Yəhya məbəddə durub. Butrus əli ilə göyü göstərir. Anadangəlmə topal adam sağalıb və onların yanında durub.

Butrus möcüzə göstərəndən sonra təvazökarlıq göstərərək şərəfi Yehovaya və İsaya verdi. Biz də yaxşılıq edəndə insanlardan tərif və ya əvəz gözləməsək, təvazökar olduğumuzu göstərərik (11 və 12-ci abzaslara baxın)


12. Butrus kimi özümüzdə təvazökarlığı necə yetişdirə bilərik?

12 Butrusdan nümunə götürərək özümüzdə təvazökarlıq yetişdirə bilərik. Unutmayaq, əsl təvazökarlıq sadəcə dediyimiz sözlərlə ölçülmür. Butrusun işlətdiyi «təvazökarlıq» sözü həmçinin insanın özü və başqaları haqda daxilən hansı fikirdə olmasını ehtiva edir. Biz yaxşı işlər görəndə bunu insanların bizə heyran qalması üçün yox, Yehovaya və insanlara sevgidən irəli gələrək edirik. Kimlərinsə etdiklərimizi görüb-görməməsindən asılı olmayaraq, Yehovaya və dindaşlarımıza ürəkdən qulluq ediriksə, həqiqətən də təvazökar olduğumuzu göstəririk (Mət. 6:1—4).

SAĞLAMDÜŞÜNCƏLİ OLUN

13. Sağlamdüşüncəli olmaq nə deməkdir? İzah edin.

13 Sağlamdüşüncəli olmaq nə deməkdir? (1 But. 4:7). Sağlamdüşüncəli məsihi qərar verərkən Yehovanın bu məsələ ilə bağlı nə düşündüyünü nəzərə alır. O, başa düşür ki, bu dünyada Yehova ilə münasibətlərindən daha dəyərli heç nə yoxdur. O özü haqqında yüksək fikirdə deyil. Hər şeyin cavabını bildiyini düşünmür. Bundan əlavə, belə məsihi Yehovaya güvənir. O, rəhbərlik almaq üçün həmişə duada Yehovadan kömək istəyira.

14. Hansı hadisə zamanı Butrus Yehovaya güvənməmişdi?

14 Ölümündən öncəki gecə İsa şagirdlərini xəbərdar etmişdi: «Bu gecə hamınız məndən üz döndərəcəksiniz». Butrus özünə əmin şəkildə belə demişdi: «Hamı səndən üz döndərsə də, mən ömrümdə səndən üz döndərmərəm!» Həmin gecə İsa şagirdlərindən bəzilərinə belə bir məsləhət vermişdi: «Sayıq olun və daima dua edin» (Mət. 26:31, 33, 41). Əgər Butrus bu məsləhətə qulaq assaydı, yəqin ki, İsanın şagirdi olduğunu deməyə cəsarəti çatardı. Amma o, Ağasını tanımadığını dedi. Sonra buna görə çox peşman oldu (Mət. 26:69—75).

15. Ölümündən öncəki gecə İsa Məsihə sağlamdüşüncəli olmağa nə kömək etdi?

15 İsa Məsih tamamilə Yehovaya arxalanırdı. O, kamil olsa da, ölümündən öncəki gecə Yehovaya dönə-dönə dua etmişdi. Bunun da sayəsində onun Yehovanın istədiyi kimi davranmağa cəsarəti oldu (Mət. 26:39, 42, 44; Yəh. 18:4, 5). İsanın duaya bu qədər önəm verdiyini görmək, sözsüz ki, Butrusun ömürlük yaddaşında qaldı.

16. Nəyə əsasən demək olar ki, Butrus sağlamdüşüncəli olmağı öyrənmişdi? (1 Butrus 4:7).

16 Zamanla Butrus Yehovaya daha çox dua edib Ondan kömək istəməyi öyrəndi. İsa Məsih diriləndən sonra Butrusu və digər həvariləri əmin etdi ki, onlar təbliğ edə bilmələri üçün müqəddəs ruh alacaqlar. Amma o vaxta kimi İsa onlara Yerusəlimdə gözləməyi tapşırdı (Luka 24:49; Həv. 1:4, 5). Butrus gözlədiyi müddətdə nə edirdi? O, digər məsihilərlə birlikdə «aramsız dua» edirdi (Həv. 1:13, 14). Sonralar Butrus ilk məktubunu yazanda məsihiləri sağlamdüşüncəli olmağa və dua edib Yehovadan kömək istəməyə təşviq etmişdi. (1 Butrus 4:7 ayəsini oxuyun.) Bəli, Butrus Yehovaya güvənməyi öyrənmişdi və yığıncağın sütunu olmuşdu (Qal. 2:9).

17. Müəyyən bacarıqlarımız olsa da, biz həmişə nə etməliyik? (Həmçinin şəklə baxın.)

17 Sağlamdüşüncəli olmaq üçün biz Yehovaya tez-tez dua etməliyik. Hətta müəyyən bacarıqlarımız olsa da, yenə də həmişə kömək üçün Yehovaya üz tutmalıyıq. Buna görə, xüsusilə də, mühüm qərarlar verməli olanda biz dua edib Yehovadan rəhbərlik istəyirik. Çünki inanırıq ki, O nəyin bizim üçün daha yaxşı olduğunu bilir.

Butrus dua etməyin və Yehovaya güvənməyin önəmini anladı. Biz də vacib qərarlar verməli olanda dua edib Yehovadan kömək istəsək, sağlamdüşüncəli ola bilərik (17-ci abzasa baxın)b


18. Nə etməyə qəti qərarlısınız?

18 Yehovaya şükürlər olsun ki, bizi Onun xüsusiyyətlərini əks etdirmək bacarığı ilə yaradıb (Yar. 1:26). Düzdür, biz Yehovaya mükəmməl şəkildə bənzəyə bilmərik (Əşy. 55:9). Amma Butrus kimi biz də çalışa bilərik ki, Yehovanın düşüncəsini daha çox əks etdirək. Odur ki, gəlin həmişə Yehova kimi düşünək, təvazökarlıq xüsusiyyətini yetişdirək və sağlamdüşüncəli olaq.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Yehova Allah kimi düşünməyi necə öyrənə bilərik?

  • Necə təvazökar ola bilərik?

  • Sağlamdüşüncəli olmaq üçün nə edə bilərik?

NƏĞMƏ 30 Allahım, Atam və Dostum

a Sağlamdüşüncəli olmaqla bağlı ətraflı məlumat almaq üçün jw.org saytında və ya «JW Library®» tətbiqində «Müqəddəs Kitab ayələrinin izahı» silsiləsindən «“Allah bizə qorxaqlıq ruhu... [verməyib]” (2 Timutiyə 1:7)» adlı məqalənin «Sağlam düşüncə» yazılan hissəsinə baxın.

b ŞƏKLİN İZAHI. Bacı iş müsahibəsi üçün gözləyərkən ürəyində Yehovaya dua edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş