Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 mart s. 26—31
  • Yehovanın əli qısa deyil

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın əli qısa deyil
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • MUSA PEYĞƏMBƏRDƏN VƏ İSRAİLLİLƏRDƏN İBRƏT ALIN
  • MALİYYƏ PROBLEMLƏRİ
  • GƏLƏCƏK EHTİYACLARINIZ BARƏDƏ PLANLAR
  • Sadiq insanların son nəsihətinə əməl edin
    Gözətçi qülləsi 2024
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Unutmayın, Yehova «var olan Allahdır»
    Gözətçi qülləsi 2024
  • Həqiqəti yalandan ayıra bilirsiniz?
    Gözətçi qülləsi 2024
Əlavə
Gözətçi qülləsi 2025
w25 mart s. 26—31

TƏLİM MƏQALƏSİ 13

NƏĞMƏ 4 «Yehova qayğıkeş Çobanımdır»

Yehovanın əli qısa deyil

«Məgər Yehovanın əli qısadır?» (SAY. 11:23, haşiyə).

ƏSAS FİKİR

Bu məqalə Yehovanın bizim maddi ehtiyaclarımızı hər zaman təmin edəcəyinə etibarımızı artıracaq.

1. Musa peyğəmbər israilliləri Misirdən çıxaranda Yehovaya güvəndiyini necə göstərdi?

İBRANİLƏRƏ məktubda çoxlu imanlı insanların adı çəkilir (İbr. 3:2—5; 11:23—25). Onların içərisində Musa peyğəmbərin imanını xüsusilə qeyd etmək lazımdır. O, israilliləri Misirdən çıxaranda böyük iman təzahür etdirmişdi. Fironun və onun ordusu qarşısında qorxuya qapılmamışdı. Yehovaya güvənərək xalqı Qırmızı dənizdən keçirmişdi, sonra isə səhra ilə aparmışdı (İbr. 11:27—29). Əksər israillilər Yehovanın onların qeydinə qalacağına imanlarını itirsə də, Musa Yehovaya etibarını itirməmişdi. Onun etibarı boşa çıxmadı, çünki Yehova bu boş səhrada xalqını möcüzəvi şəkildə qida və su ilə təmin etdia (Çıx. 15:22—25; Zəb. 78:23—25).

2. Nəyə görə Yehova Musaya belə demişdi: «Məgər Yehovanın gücü tükənib?» (Saylar 11:21—23).

2 Bəli, Musa peyğəmbərin güclü imanı var idi. Amma Yehova israilliləri Misirdən çıxarandan təxminən bir il sonra o, Yehovanın xalqa ət yetirmək bacarığına şübhə ilə yanaşdı. İns-cinsin olmadığı səhrada Yehovanın milyonlarla insanı ətlə doyuzdurması onun ağlına heç cür sığışmırdı. Buna görə də Yehova Musaya belə bir sual verdi: «Məgər Yehovanın gücü tükənib?» (Saylar 11:21—23 ayələrini və haşiyəni oxuyun.) Bu ayə ibrani dilində hərfən belə səslənir: «Məgər Yehovanın əli qısadır?» «Yehovanın əli» deyiləndə Onun müqəddəs ruhu, yəni iradəsini yerinə yetirmək üçün istifadə etdiyi güc nəzərdə tutulur. Yehova bir növ Musaya belə sual vermişdi: «Elə düşünürsən, dediyimi edə bilmərəm?»

3. Nəyə görə Musa peyğəmbərlə israillilərin hadisəsi bizim üçün vacib məna daşıyır?

3 Yehovanın sizin və ailənizin maddi cəhətdən qayğısına qalacağına görə nə vaxtsa narahat olmusunuz? Bəlkə, olmusunuz, bəlkə də, yox. Hər necə olsa da, gəlin Musa peyğəmbərlə israillilərin hadisəsini araşdıraq. Görək bu insanlar Yehovanın onların qeydinə qalacağına nəyə görə etibar etməmişdilər. Araşdıracağımız prinsiplər Yehovanın əlinin qısa olmadığına əminliyimizi artıracaq.

MUSA PEYĞƏMBƏRDƏN VƏ İSRAİLLİLƏRDƏN İBRƏT ALIN

4. İsraillilər Yehovanın onların ehtiyaclarını ödəyəcəyinə nəyə görə şübhə etməyə başladılar?

4 Gəlin görək israillilərdə şübhələr necə yaranmışdı. İsrail xalqı və qeyri-israillilərdən ibarət izdiham artıq müəyyən vaxt idi ki, ucsuz-bucaqsız səhrada yol gedirdilər. Onlar Misirdən çıxıb Vəd edilmiş diyara üz tutmuşdular (Çıx. 12:38; Qan. 8:15). Əcnəbilərdən ibarət izdiham, o cümlədən israillilərin çoxu manna yeməkdən bezmişdilər və gileylənməyə başlamışdılar (Say. 11:4—6). Onlar Misirdə olan qidaların həsrətini çəkirdilər. Ola bilsin, Musa bu təzyiqlər qarşısında düşünürdü ki, xalqa o, ət tapmalıdır (Say. 11:13, 14).

5, 6. İsraillilərlə baş verənlər bizimlə də baş verə bilər? İzah edin.

5 Görünür, qeyri-israillilərin naşükür olması israillilərə də sirayət etmişdi. Bu bizimlə də baş verə bilər. Ola bilər ki, ətrafımızdakı insanların naşükürlük ruhuna yoluxub Yehovanın verdikləri ilə qane olmayaq. Bu necə baş verə bilər? Əvvəllər sahib olduğumuz şeylərin həsrətini çəkməyimiz və ya başqalarında olan şeylərə paxıllıq etməyimiz buna gətirib çıxarda bilər. Amma nəyimiz varsa ona qane olmağı öyrənsək, daha xoşbəxt olacağıq.

6 İsraillilər bir şeyi unutmamalı idilər: Yehova onlara demişdi ki, yeni evlərinə çatanda onlara bol ruzi-bərəkət verəcək. Bu vəd onlar səhrada səyahət edərkən yox, Vəd edilmiş diyarda yerinə yetirəcəkdi. Bu bizə də aiddir. Yaxşı olar ki, bu dünyada sahib olmadığımız şeylər haqda çox düşünməyək, Yehovanın yeni dünyada bizə verəcəyi nemətlərə fikrimizi cəmləyək. Həmçinin Yehovaya etibarımızı artıracaq ayələrin üzərində düşünmək də yaxşı olardı.

7. Yehovanın əlinin qısa olmadığına nəyə görə arxayın ola bilərik?

7 Yenə də, ola bilsin, sizə maraqlıdır ki, nəyə görə Allah Musaya belə sual vermişdi: «Məgər Yehovanın əli qısadır?» Bəlkə də, Yehova bununla peyğəmbərə iki məqamı başa salmaq istəyirdi. Birincisi, Onun gücü tükənməzdir, ikincisi, Onun əli hər yerə çatır. İsraillilər səhranın ortasında olsalar da, Yehova onlara bolluca ət verməyə qadir idi. Allah «qüdrətli əli, uzanan qolu ilə» Öz gücünü göstərdi (Zəb. 136:11, 12, «Müqəddəs Kitab Şirkəti», 2009). Biz də sınaqlarla üzləşəndə Yehovanın əlinin bizə çatacağına şübhə etməməliyik (Zəb. 138:6, 7).

8. Səhradakı israillilərin səhvini təkrarlamamaq üçün nə etməliyik? (Həmçinin şəklə baxın.)

8 Çox keçməmiş Yehova israilliləri ətlə təmin etdi, onlara bol bildirçin yetirdi. Amma xalq bu möcüzəyə görə Allaha şükür etmədi. Acgözlüklə bildirçinlərin üstünə cumdu. Onlar saatlarla çoxlu sayda bildirçin topladılar. Yehovanın «acgözlük» edənlərə qarşı qəzəbi alovlandı və onları cəzalandırdı (Say. 11:31—34). Bu hadisə bizim üçün ibrətdir. Ehtiyatlı olmalıyıq ki, acgöz olmayaq. Kasıb da olsaq, varlı da olsaq, ilk növbədə göydə xəzinə toplamağa çalışmalıyıq. Bunun üçün Yehova və İsa Məsihlə dostluğumuzu möhkəmləndirməliyik (Mət. 6:19, 20; Luka 16:9). Onda tam əmin ola bilərik ki, Yehova ehtiyaclarımızı təmin edəcək.

İsraillilər gecə vaxtı səhrada çoxlu bildirçin yığırlar.

Səhrada çoxlarında hansı düşüncə var idi və biz bundan hansı ibrət dərsi alırıq? (8-ci abzasa baxın)


9. Nəyə tam arxayın ola bilərik?

9 Yehova bu gün də qüdrətli qolu ilə xalqına kömək edir. Bəs bu o deməkdir ki, biz pul və qida sarıdan heç vaxt korluq çəkməyəcəyik? Xeyr, belə anlar olacaqb. Amma Yehovanın bizi heç vaxt atmayacağına əmin ola bilərik. O, hər sınağımızda bizə dayaq olacaq. Bu sahədə Yehovaya etibar etdiyimizi necə göstərə bilərik? Gəlin iki vəziyyətə nəzər salaq: 1) maliyyə problemləri ilə üzləşəndə, 2) gələcəkdəki maddi ehtiyaclarımızla bağlı planlar quranda Yehovaya necə güvənə bilərik?

MALİYYƏ PROBLEMLƏRİ

10. Hansı maliyyə problemləri ilə üzləşə bilərik?

10 Bu dünya öz sonuna yaxınlaşdıqca iqtisadi vəziyyətin pisləşəcəyi gözləniləndir. Siyasi çaxnaşmalar, müharibələr, təbii fəlakətlər, yaxud da yeni pandemiyalar ucbatından gözlənilmədən işimizi, mülkümüzü və ya evimizi itirə bilərik. Ola bilsin, yaşadığımız yerdə yeni iş tapmaq məcburiyyətində qalaq. Yaxud da dolanmaq üçün ailəmizlə başqa əraziyə köçməyi fikirləşək. Bəs bu zaman Yehovaya etibar etdiyimizi göstərən qərarları necə verə bilərik?

11. Maliyyə problemlərimizi necə həll edə bilərik? (Luka 12:29—31).

11 Əvvəla, dərdinizi Yehova ilə bölüşün. Bunun böyük xeyrini görəcəksiniz (Məs. 16:3). Düzgün qərar vermək üçün Ondan hikmət diləyin. Vəziyyətinizə görə həddindən artıq narahat olmamaq üçün qəlb rahatlığı istəyin. (Luka 12:29—31 ayələrini oxuyun.) Yehovaya yalvarın ki, yaşamaq üçün lazım olan şeylərə qane olmağa sizə kömək etsin (1 Tim. 6:7, 8). Nəşrlərimizdən maliyyə problemlərinin həll yollarını axtarın. Çoxları bu mövzu ilə bağlı jw.org saytındakı videoların və məqalələrin böyük xeyrini görüb.

12. Hansı suallar məsihiyə ailəsi üçün düzgün qərarlar verməyə kömək edə bilər?

12 Bəziləri işləmək üçün ailəsini qoyub başqa əraziyə köçüb. Amma bir müddət sonra çoxları bunun yanlış qərar olduğunu başa düşür. Ona görə də yeni iş təklifini qəbul etməzdən əvvəl ilk növbədə təkcə nə qədər pul qazanacağınızı yox, bunun ailənizin ruhani vəziyyətinə necə təsir edəcəyini də götür-qoy edin (Luka 14:28). Növbəti suallar üzərində düşünün: «Həyat yoldaşımdan uzaqda qalsam, bu, münasibətlərimizə necə təsir edəcək? İbadət görüşlərinin hamısına getmək, xidmətə çıxmaq və bacı-qardaşlarla vaxt keçirmək alınacaq?» Övladınız varsa, bu vacib sual üzərində düşünün: «Uşaqlarımın yanında olmaya-olmaya, onları “Yehovanın tərbiyəsi və öyüd nəsihəti” ilə necə böyüdəcəyəm?» (Efes. 6:4). Qərar verərkən Yehovanın prinsiplərinə məhəl qoymayan ailə üzvlərinizin və ya dostlarınızın yox, Yehovanın fikrini üstün tutunc. Qərbi Asiyada yaşayan Toni xaricdə işləmək üçün bir neçə yaxşı təklif almışdı. O bu barədə dua etdi və yoldaşı ilə danışdı. Bundan sonra o qərar verdi ki, bu iş təkliflərini qəbul etməsin. Əksinə, az pulla yaşamağı öyrənsin. Geriyə boylananda Toni deyir: «Bu qərarı verməyimin sayəsində bir neçə nəfərə Yehovanı tanımağa kömək etmişəm. Övladlarım da həqiqəti çox sevir. Ailəlikcə bir şey öyrənmişik: Mətta 6:33 ayəsinə uyğun davransaq, Yehova qeydimizə qalacaq».

GƏLƏCƏK EHTİYACLARINIZ BARƏDƏ PLANLAR

13. Yaşa dolanda ehtiyaclarımızı ödəmək üçün indidən nə etməliyik?

13 Yaşlılıq dövrümüzlə bağlı planlar quranda da Yehovaya nə dərəcədə etibar etdiyimizi göstərə bilərik. Müqəddəs Kitabda deyilir ki, özümüzü gələcəkdə təmin etmək üçün işləməliyik (Məs. 6:6—11). İmkanımız yol verirsə, qırağa pul qoymağımız yaxşı olar. Pul dar gündə insanın köməyinə çata bilər (Vaiz 7:12). Amma ehtiyatlı olmalıyıq ki, maddi şeylərin dalınca düşmək həyatımızda əsas yeri tutmasın.

14. Gələcəklə bağlı planlar qurarkən nəyə görə İbranilərə 13:5 ayəsini nəzərə almalıyıq?

14 İsa Məsih bir məsəl çəkərək var-dövlət toplayan, amma Allahın gözündə varlanmağa çalışmayan insanın ağılsız davrandığını göstərmişdi (Luka 12:16—21). Heç kim bilmir, sabah başına nə gələcək (Məs. 23:4, 5; Yaq. 4:13—15). Üstəlik, Məsihin davamçısı olduğumuz üçün bizim başqa çətinliklərimiz də olur. İsa Məsih demişdi ki, onun davamçısı olmaq istəyənlər, lazım gələrsə, əmlaklarından əl çəkməyə hazır olmalıdırlar (Luka 14:33). Birinci əsrdə Yəhudiyyədə yaşayan məsihilər belə bir itki ilə üzləşsələr də, sevinclərini itirməmişdilər (İbr. 10:34). Bizim dövrümüzdə də bir çox bacı-qardaşımız siyasi partiyalara qoşulmadığı üçün işlərini itirib (Vəhy 13:16, 17). Bəs onlar bu cür qurbanları nəyin sayəsində verə bilmişdilər? Çünki onlar Yehovanın bu vədinə şəkk-şübhəsiz inanırlar: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm». (İbranilərə 13:5 ayəsini oxuyun.) Deməli, yaşlananda kifayət qədər pulunuzun olması üçün bacardığımız qədər tədbir görməyə çalışırıq. Eyni zamanda əminik ki, işdir, həyatımızda gözlənilmədən nə isə baş verərsə, Yehova köməyimizə çatacaq.

15. Məsihi valideynlər uşaqlarına hansı gözlə baxmalıdırlar? (Həmçinin şəklə baxın.)

15 Bəzi mədəniyyətlərdə ər-arvadların övlad sahibi olmalarının başlıca səbəbi odur ki, qocalanda övladları onları maddi cəhətdən təmin etsin. Bu valideynlər bir növ övladlarına «gələcəyə sərmayə» kimi baxırlar. Müqəddəs Kitabda deyilir ki, valideynlər övladlarının ehtiyaclarını ödəməlidirlər (2 Kor. 12:14). Əlbəttə, valideynlərin yaşlananda pul və digər sarıdan köməyə ehtiyacı yarana bilər və əksər övladlar böyük məmnuniyyətlə bunun üçün əllərindən gələni edirlər (1 Tim. 5:4). Bununla belə, məsihi valideynlər bir şeyi başa düşürlər, xoşbəxt olmaq istəyirlərsə, uşaqlarını gələcəkdə onlardan maddi dəstək almaq fikri ilə böyütməməlidirlər. Əksinə, onlara Yehovanın xidmətçisi olmağa kömək etməlidirlər (3 Yəh. 4).

Bir ər-arvad öz qızı və onun həyat yoldaşı ilə videokonfrans vasitəsilə sevinclə söhbət edir. Qız və yoldaşı fosforlu tikinti paltarı geyiniblər.

Allaha etibar edən ər-arvadlar gələcəklə bağlı qərarlar verərkən Müqəddəs Kitab prinsiplərini nəzərə alırlar (15-ci abzasa baxın)d


16. Uşağın gələcəkdə özünü təmin edə bilməsi üçün valideyn nə edə bilər? (Efeslilərə 4:28).

16 Övladınızı gələcəkdə özünü təmin etməyə hazırlayarkən öz nümunənizlə Yehovaya etibar etməyi də öyrədin. Uşaq yaşlarından əməksevər olmağı onlara aşılayın (Məs. 29:21; Efeslilərə 4:28 ayəsini oxuyun). Böyüyüb məktəbə gedəndə dərslərini yaxşı oxumalarına kömək edin. Yaxşı olar ki, valideynlər araşdırma aparıb Müqəddəs Kitab prinsipləri tapsınlar və bu prinsiplər vasitəsilə övladlarının təhsil məsələsində düzgün qərar verməsinə kömək etsinlər. Bunun sayəsində uşaqlarının gələcəkdə əli çörəyə çatacaq və eyni zamanda təbliğdə tam iştirak edə biləcəklər.

17. Nəyə arxayın ola bilərik?

17 Yehovanın sadiq xidmətçiləri əmin ola bilərlər ki, Yehova onların maddi ehtiyaclarını ödəyə bilər və O bunu ürəkdən istəyir. Bu dünyanın sonuna yaxınlaşdıqca Yehovaya daha çox etibar etmək lazım gələcək. Amma nə baş verirsə versin, gəlin unutmayaq ki, Yehova Öz gücü vasitəsilə maddi ehtiyaclarımızı təmin edəcək. Yehovanın qüdrətli əli və uzanan qolu qısa deyil. Harada olsaq da, O bizə kömək edəcək. Buna arxayın ola bilərik!

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Musa peyğəmbər və israillilərlə baş verənlərdən nə öyrənirik?

  • Maliyyə problemləri ilə üzləşəndə Yehovaya etibar etdiyimizi necə göstərə bilərik?

  • Yaşlılıq dövrümüzlə bağlı planlar quranda nəyi nəzərə almalıyıq?

NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın

a «Gözətçi qülləsi»nin 2023-cü il oktyabr sayında yerləşən «Oxucuların sualları» rubrikasına baxın.

b «Gözətçi qülləsi»nin 2014-cü il 15 sentyabr sayında yerləşən «Oxucuların sualları» rubrikasına baxın.

c «Gözətçi qülləsi»nin 2014-cü il 15 aprel sayında yerləşən «Heç kim iki ağaya qulluq edə bilməz» adlı məqaləyə baxın.

d ŞƏKLİN İZAHI. Məsihi ər-arvad öz övladı ilə danışır. Bu övlad həyat yoldaşı ilə birlikdə ibadət evinin tikinti layihəsində iştirak edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş