Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 iyun s. 26—31
  • Böyük Nəsihətçimizin öyüdləri ilə keçən ömür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Böyük Nəsihətçimizin öyüdləri ilə keçən ömür
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • VALİDEYNLƏRİMİN NÜMUNƏSİ
  • TAMVAXTLI XİDMƏTİ DADMAĞA BAŞLAYIRAM
  • XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİ HƏYATI
  • AVROPA, SONRA İSƏ AFRİKA
  • YAXIN ŞƏRQƏ GEDİRİK
  • AFRİKAYA QAYIDIRIQ
  • Ruhdan düşməməyə qəti qərarlı idim
    Gözətçi qülləsi 2018
  • Düşündüyümdən qat-qat artıq nemət aldım
    Gözətçi qülləsi 2019
  • Yehova yollarımı rəvan etdi
    Gözətçi qülləsi 2021
  • Xoş sürprizlər, öyrəndiyim dərslər
    Gözətçi qülləsi 2023
Əlavə
Gözətçi qülləsi 2025
w25 iyun s. 26—31
Franko Daqostini.

BİOQRAFİYA

Böyük Nəsihətçimizin öyüdləri ilə keçən ömür

NƏQL ETDİ FRANKO DAQOSTİNİ

SİLAHLI nəzarət məntəqələri, yanan barrikadalar, siklonlar, vətəndaş müharibələri və təxliyələr. Yoldaşımla öncül və xüsusi təyinatlı müjdəçi kimi xidmət etdiyimiz illər ərzində bütün bu təhlükələrlə üzləşmişik. Bununla belə, seçdiyimiz ömür yolunu heç nəyə dəyişmərik. Həyatımız boyu Yehovanın dəstəyini, qayğısını hiss etmişik. Bundan əlavə, Böyük Nəsihətçimiz bizə dəyərli öyüdlər də verib (Əyy. 36:22; Əşy. 30:20).

VALİDEYNLƏRİMİN NÜMUNƏSİ

1957-ci ildə valideynlərim İtaliyadan Kanadanın Saskaçevan əyalətinə, Kindersliyə köçüblər. Üstündən çox keçməmiş valideynlərim həqiqəti öyrəndilər və həqiqət həyatımızda ən vacib yeri tutmağa başladı. Yadımdadır, uşaq yaşlarımdan ailə üzvlərimlə birlikdə saatlarla xidmətdə olurdum. Ona görə bəzən zarafatla deyirəm: «Səkkiz yaşımda köməkçi öncül olmuşam».

Uşaq yaşlarında olan Franko valideynləri və bacı-qardaşları ilə birlikdədir.

Ailəmlə birlikdə, təx. 1966-cı il

Valideynlərim kasıb idi. Bununla belə, onlar Yehovanın yolunda qurbanlar verirdilər və bu sahədə bizə gözəl nümunə idilər. Misal üçün, 1963-cü ildə onlar əşyalarının çoxunu satmışdılar ki, Pasadenada (Kaliforniya, ABŞ) keçiriləcək beynəlxalq toplantıda iştirak edə bilsinlər. 1972-ci ildə italyandilli sahəyə kömək etmək üçün bizdən təxminən 1000 kilometr məsafədə yerləşən Treylə (Britaniya Kolumbiyası, Kanada) köçdük. Atam bir mağazada təmizlik işləri görürdü. O, daha çox pul qazanmaq, daha yaxşı işdə işləmək təklifləri alsa da, diqqətini ruhani işlərə cəmləmişdi.

Valideynlərimin mənə, qardaşıma və iki bacıma qoyduğu nümunəyə görə minnətdaram. Onlar Yehovanın yolunda aldığım təlimin təməlini qoydular. Aşıladıqları bir şey isə ömürlük yaddaşıma həkk olundu: Padşahlığı birinci yerə qoysam, Yehova qeydimə qalacaq (Mət. 6:33).

TAMVAXTLI XİDMƏTİ DADMAĞA BAŞLAYIRAM

Mən 1980-ci ildə ruhani məqsədləri olan Debi adlı gözəl bir məsihi ilə ailə qurdum. Biz tamvaxtlı xidmətə başlamaq istəyirdik. Debi toyumuzdan üç ay sonra öncül oldu. Ailə qurandan bir il sonra isə biz tələbat olan kiçik bir yığıncağa keçdik və mən də Debi ilə birlikdə öncüllük etməyə başladım.

Franko və Debinin toy günü.

Toy günümüz, 1980-ci il

Bir müddət sonra sevincimizi itirdik və yığıncağı dəyişmək qərarına gəldik. Amma əvvəlcə bu haqda rayon nəzarətçisi ilə danışdıq. O, mehriban, amma açıq şəkildə bizə dedi: «Əslində, siz özünüz vəziyyətinizi çətinləşdirirsiniz. Mənfi şeylərə çox köklənmisiniz, amma axtarsanız, müsbət çox şey taparsınız». Bu, elə bizə lazım olan məsləhət idi (Zəb. 141:5). Dərhal məsləhətə əməl elədik və gördük ki, doğrudan da, müsbət şeylər çox imiş. Yığıncaqda Yehovanın yolunda daha çox iş görmək istəyənlər var idi. Hətta onlardan bəziləri uşaqlar və əri həqiqətdə olmayan bacılar idi. Bu çox vacib nəsihət idi. Biz müsbət şeylər axtarmağı və çıxılmaz görünən vəziyyəti Yehovanın öhdəsinə buraxmağı öyrəndik (Mik. 7:7). Beləcə, yenidən sevinc duymağa başladıq və hər şey öz yoluna düşdü.

İlk öncül məktəbimizdəki müəllimlər fərqli-fərqli ölkələrdə xidmət etmişdilər. Onlar bizə şəkillər göstərirdilər, orada qarşılaşdıqları çətinliklərdən və Yehovanın verdiyi nemətlərdən danışırdılar. Beləcə, ürəyimizdə xüsusi təyinatlı müjdəçi olmaq istəyi yarandı və bu xidmət növünü qarşımıza məqsəd qoyduq.

Güclü qardan sonra ibadət evinin maşın dayanacağı qardan təmizlənib.

Britaniya Kolumbiyasındakı ibadət evində, 1983-cü il

Məqsədimizə doğru irəliləmək üçün biz 1984-cü ildə fransızdilli ərazi olan Kvebekə köçdük. Ora Britaniya Kolumbiyasından təxminən 4000 kilometr uzaqlıqda yerləşirdi. Bu o demək idi ki, biz yeni dil öyrənməli və yeni mədəniyyətə uyğunlaşmalı idik. Başqa bir çətinliyimiz də var idi. Adətən pulumuz çox az olurdu. Hətta bir ara yediyimiz tək kartof idi. Biz fermerlərdən icazə alıb sahədə tək-tük qalan kartofları yığmaqla dolanırdıq. Debi fantaziyasını işə salıb kartofu hər formada bişirmişdi. Bu çətinliklərə sevinclə dözmək üçün əlimizdən gələni edirdik. Yehovanın da qayğısını öz üzərimizdə hiss edirdik (Zəb. 64:10).

Bir gün gözlənilməz telefon zəngi gəldi. Biz Kanada Beytelində xidmət etməyə dəvət olunduq. Artıq Gilad məktəbinə ərizə doldurduğumuz üçün bu xidmətlə bağlı qarışıq hisslər keçirirdik. Buna baxmayaraq dəvəti qəbul elədik. Ora çatanda filial komitəsinin üzvü Kenet Litl qardaşdan soruşduq: «Bəs Gilad ərizəmizin axırı necə olacaq?» O dedi ki, «çarığımızı çaya çatanda çıxararıq».

Bir həftə sonra gəlib «çaya» çatdıq. Debi ilə məni Gilada dəvət elədilər. Biz qərar verməli idik. Kenet qardaş bizə dedi: «Hansı qərarı versəniz də, bir gün deyəcəksiniz ki, kaş o birini seçərdim. Demək olmaz ki, biri o birindən daha yaxşıdır. Yehova hər iki seçiminizi avand edə bilər». Biz Gilada dəvəti qəbul elədik və illər ərzində onun sözlərinin həqiqət olduğunu gördük. Bu sözləri təyinatlar arasında seçim etməli olan bacı-qardaşlara da tez-tez sitat gətirirdik.

XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİ HƏYATI

(Sol) Ulis Qlas

(Sağ) Cek Redford

Gilad məktəbinin 83-cü sinfində oxuyan 24 şagirdin arasında olduğumuza görə çox sevinirdik. Məktəb 1987-ci ilin aprel ayında Bruklində (Nyu-York) başladı. Əsas müəllimlərimiz Ulis Qlas və Cek Redford idi. Beş ay bir göz qırpımında uçub getdi və 1987-ci il sentyabrın 6-da məzun olduq. Bizi Con və Mari Qudla birlikdə Haitiyə təyin elədilər.

Franko və Debi Haitidə sahildə xidmət edirlər.

Haitidə, 1988-ci il

1962-ci ildə Haitidəki sonuncu xüsusi təyinatlı müjdəçilər deportasiya olunandan bəri ora Giladdan heç kimi təyin etmirdilər. Buraxılışımızdan üç həftə sonra biz Haitidə ucqar dağlıq ərazidə xidmət etməyə başladıq. Yığıncağımız 35 təbliğçidən ibarət idi. Biz gənc, təcrübəsiz idik və xüsusi təyinatlı müjdəçilər üçün evdə tək yaşayırdıq. Buranın əhalisi yoxsul idi, əksəriyyəti oxuma-yazma bilmirdi. Həmin dövrdə vətəndaş iğtişaşlarının, dövlətdə çevriliş cəhdlərinin, yanan barrikadaların və siklonların şahidi olduq.

Haitidəki dözümlü, sevinc dolu bacı-qardaşlardan öyrəniləsi çox şey var idi. Əksəriyyətinin həyatı ağır olsa da, Yehovanı və xidməti çox sevirdilər. Yığıncağımızdakı yaşlı bir bacı oxumağı bacarmasa da, 150-yə yaxın ayəni əzbər bilirdi. Ərazidəki vəziyyəti gördükcə bir daha əmin olurduq ki, insanlara müjdə çatdırmalıyıq, Allahın Padşahlığının bəşəriyyətin problemlərinin yeganə həll yolu olduğunu deməliyik. Müqəddəs Kitab dərsi keçdiyimiz insanlardan bəzilərinin sonralar öncül, xüsusi öncül, ağsaqqal olduğunu görəndə ürəyimiz fərəhlə dolurdu.

Haitidə olanda Trevor adlı gənc bir mormon missioneri ilə tanış olmuşdum. Onunla bir neçə dəfə Müqəddəs Kitab haqda söhbət etmək imkanımız olmuşdu. İllər sonra ondan gözləmədiyim bir məktub aldım. O yazmışdı: «Mən növbəti toplantıda vəftiz olunmağa hazırlaşıram. İstəyirəm, Haitidə mormon missioneri kimi xidmət elədiyim əraziyə xüsusi öncül kimi qayıdım». O belə də etdi. Uzun illər yoldaşı ilə birlikdə həmin ərazidə xidmət etdi.

AVROPA, SONRA İSƏ AFRİKA

Franko iş masası arxasındadır.

Sloveniyada iş başında, 1994-cü il

Biz Avropanın bir ərazisinə təyin olunduq. Burada təbliğ işinə qoyulmuş qadağalar aradan qaldırılırdı. 1992-ci ildə biz Lüblyanaya (Sloveniya) gəlib çatdıq. Bura valideynlərimin İtaliyaya köçməzdən əvvəl yaşadıqları əraziyə yaxın idi. Keçmiş Yuqoslaviya ərazilərində hələ də müharibə gedirdi. Vyanadakı filial (Avstriya), həmçinin Zaqreb (Xorvatiya) və Belqraddakı (Serbiya) ofislər həmin bölgədəki təbliğ işinə nəzarət edirdi. Artıq hər müstəqil ölkənin öz Beytel binası olacaqdı.

Bu isə o demək idi ki, biz yeni dilə və yeni mədəniyyətə öyrəşməli idik. Buranın sakinləri adətən belə deyirdi: «Jezik je težek» (yezik ye tezik), yəni «dilimiz çətin dildir». Doğrudan da, belə idi! Biz təşkilatdakı dəyişiklikləri canla-başla qəbul edən bacı-qardaşların sədaqətinə heyran idik. Yehovanın onlara necə dəstək olduğunu görürdük. Bir daha şahidi olduq ki, Yehova hər şeyi məhəbbətlə yoluna qoyur və bunu vaxtında edir. Sloveniyada xidmət elədiyimiz illər ərzində özümüz üçün çox şey öyrəndik. Həmçinin bundan əvvəl öyrəndiyimiz dərslər sayəsində buradakı çətinliklərə tab gətirə bildik.

Təyinatımızdakı dəyişikliklər bununla bitmədi. 2000-ci ildə biz qərbi Afrikaya, Kot-d’İvuara təyin olunduq. Sonra 2002-ci ilin noyabrında vətəndaş müharibəsinə görə Syerra-Leoneyə təxliyə edildik. Orada 11 il davam edən vətəndaş müharibəsi yenicə bitmişdi. Kot-d’İvuarı belə qəfil tərk etmək çox çətin idi. Amma əvvəl öyrəndiyimiz dərslər sayəsində sevincimizi qoruya bildik.

Burada həqiqətə maraq göstərən insanların sayı çox idi. Fikrimizi buna və illərlə müharibə şəraitində yaşamış bacı-qardaşlarımızın göstərdiyi məhəbbətə və imana cəmlədik. Onlar nə qədər kasıb olsalar da, bir o qədər əliaçıq idilər. Bir bacı Debiyə paltar vermək istəyirdi. Əvvəl-əvvəl Debi götürmək istəmədi. Amma bacı təkid edib dedi: «Müharibə vaxtı başqa ölkədəki bacı-qardaşlar bizə əl tuturdular. İndi isə bizim növbəmizdir». Onlardan nümunə götürməyi qarşımıza məqsəd qoyduq.

Bir müddət sonra Kot-d’İvuara geri qayıtdıq. Amma ölkədəki siyasi gərginlik yenidən çaxnaşmalara səbəb oldu. Buna görə də 2004-cü ilin noyabrında helikopterlə ölkədən təxliyə edildik. Hərəmiz özümüzlə cəmi 10 kiloluq çanta götürə bildik. Gecəni fransız hərbi bazasının döşəməsində yatdıq. Səhərisi gün isə bizi İsveçrəyə göndərdilər. Filiala gecəyarısı çatdıq. Filial komitəsi və Xidməti Təkmilləşdirmə Məktəbinin müəllimləri yoldaşları ilə birgə bizi çox mehriban qarşıladılar, qucaqladılar, isti yemək gətirdilər və çoxlu İsveçrə şokoladı verdilər. Bu cür məhəbbəti görmək çox xoş oldu.

Franko Kot-d’İvuarda ibadət evində səhnədən nitq söyləyir.

Kot-d’İvuarda qaçqın düşənlərə nitq söyləyərkən, 2005-ci il

Biz müvəqqəti olaraq Qanaya təyin olunduq. Daha sonra vətəndaş iğtişaşları səngiyəndə Kot-d’İvuara geri qayıtdıq. Təşvişlə təxliyə olunduğumuz vaxtlarda və müvəqqəti təyinatlarımız boyu bacı-qardaşların xeyirxahlığını çox gördük. Bu cür qardaşlıq məhəbbəti Yehovanın təşkilatına xas olsa da, Debi ilə danışdıq ki, buna heç vaxt adi bir şey kimi yanaşmayaq. İndi başa düşürük ki, əslində həyatımızın ən keşməkeşli dönəmlərində olduqca vacib dərslər öyrənmişik.

YAXIN ŞƏRQƏ GEDİRİK

Franko ilə Debi Yaxın Şərqdə qədim dağıntıları ziyarət edirlər.

Yaxın Şərqdə, 2007-ci il

2006-cı ildə Baş idarədən aldığımız məktubda deyilirdi ki, biz Yaxın Şərqə təyin olunuruq. Bu o demək idi ki, bizi yeni macəralar, çətinliklər, müxtəlif dillər və mədəniyyətlər gözləyirdi. Bura siyasi və dini cəhətdən çoxlu problemlərin olduğu ərazi idi. Amma yenə də öyrəndiyimiz çox şey oldu. Yığıncaqlarda bacı-qardaşlar fərqli-fərqli dillərdə danışsalar da, teokratik göstərişlərə əməl etməyin sayəsində aralarında birlik var idi. Bunu görmək çox xoş idi. Biz bacı-qardaşlarla fəxr edirdik, çünki onlar ailə üzvlərinin, sinif yoldaşlarının, iş yoldaşlarının və qonşularının təqiblərinə cəsarətlə sinə gərirdilər.

Biz 2012-ci ildə Təl-Əvivdə (İsrail) keçirilən xüsusi toplantıda iştirak etdik. Eramızın 33-cü ilinin Əllinci gün bayramından bəri ilk dəfə idi ki, Yehovanın xalqından olan bu qədər sayda insan bu ərazidə bir yerə toplaşmışdı. Bu, həqiqətən də unudulmaz hadisə idi!

Həmin illər ərzində biz təbliğ işimizin qadağan olunduğu ölkələrə gedirdik. Ora bəzi nəşrlər aparırdıq, sahə xidmətinə çıxırdıq və kiçik miqyasda keçirilən rayon toplantılarında iştirak edirdik. Hər tərəfdə silahlı əsgərlər və yoxlanış məntəqələri var idi. Amma biz ehtiyatlı şəkildə bir neçə təbliğçi ilə getdiyimiz üçün özümüzü təhlükəsizlikdə hiss edirdik.

AFRİKAYA QAYIDIRIQ

Franko notbukda çap edir.

Konqoda nitq hazırlayıram, 2014-cü il

2013-cü ildə biz fərqli təyinat aldıq — Kinşasadakı (Konqo) filiala təyin olunduq. Bu ölkə gözəl təbiəti ilə zəngin olsa da, burada kəskin yoxsulluq var idi və tez-tez silahlı münaqişələr baş qaldırırdı. Ora təyinat alanda belə düşündük: «Biz Afrikanı yaxşı tanıyırıq, bizə çətin olmayacaq». Sən demə, hələ öyrənməli olduğumuz çox şey var imiş. Məsələn, bu ölkədə infrastruktur çox zəif olduğu üçün səyahət etmək çətin idi. Amma fikrimizi cəmləyə biləcək müsbət şeylər də tapdıq. Bacı-qardaşlar iqtisadi çətinliklərə baxmayaraq, sevinclərini qoruyurdular, dözüm göstərirdilər. Onlar xidməti çox sevirdilər, yığıncaqlarda, toplantılarda iştirak etmək üçün səy göstərirdilər. Padşahlıq işinin irəli getdiyi göz qabağında idi. Bu isə yalnız Yehovanın köməyi sayəsində mümkün oldu. Konqoda tamvaxtlı xidmətdə keçən illər bizə çox şey öyrətdi və yeni dostlar qazandırdı.

Franko sahə xidmətindədir, o bir neçə bacı-qardaşla birlikdə kəndə tərəf gedir.

Cənubi Afrikada təbliğ, 2023-cü il

2017-ci ilin sonlarında biz yeni bir təyinat aldıq. Bu dəfə Cənubi Afrikaya təyin olunduq. Bu, xidmət etdiyimiz ən böyük filialdır. Beyteldə gördüyümüz iş də bizim üçün yeni idi. Həmişə olduğu kimi öyrəniləsi çox şey var idi. Amma əvvəl öyrəndiyimiz dərslərin bizə böyük köməyi dəydi. Burada onilliklər ərzində dözüm göstərən çoxlu bacı-qardaşımız xidmət edir, onları ürəkdən sevirik. Beyteldə irqi və milli müxtəlifliyə baxmayaraq, birlik hökm sürür. Bunu görmək möhtəşəm hissdir. Yehovanın xalqı yeni şəxsiyyətə büründüyü və Müqəddəs Kitab prinsiplərinə əməl etdiyi üçün onlara sülh bəxş etdiyi göz qabağındadır.

İllər ərzində Debi ilə mən bir-birindən maraqlı təyinatlar almışıq, fərqli mədəniyyətlərə uyğunlaşmışıq və yeni dillər öyrənmişik. Bu, həmişə asan olmayıb, amma Yehovanın bizə Öz təşkilatı və bacı-qardaşlar vasitəsilə məhəbbət göstərdiyini daima hiss etmişik (Zəb. 144:2). Tamvaxtlı xidmət boyu öyrəndiklərimiz bizə Yehovanın daha yaxşı xidmətçiləri olmağa kömək edib.

Valideynlərimin verdiyi tərbiyəni, əziz həyat yoldaşım Debinin dəstəyini və bütün dünyadakı bacı-qardaşların qoyduğu gözəl nümunəni çox qiymətləndirirəm. Biz ömrümüzün qalanını da Böyük Nəsihətçimiz Yehovanın öyüdləri ilə keçirmək niyyətindəyik.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş