TƏLİM MƏQALƏSİ 49
NƏĞMƏ 44 Məzlumun duası
«Əyyub» kitabından məsləhət verməyi öyrənək
«İndi isə, Əyyub, məni dinlə» (ƏYY. 33:1).
ƏSAS FİKİR
«Əyyub» kitabından düzgün məsləhət verməyin yolunu öyrənə bilərik.
1, 2. Əyyubun üç dostu və Əlihu hansı çətin vəziyyətlə üzləşdilər?
VAR-DÖVLƏTLİ insan kimi tanınan Əyyub müflisləşir. Bu xəbər bütün Şərqə işıq sürəti ilə yayılır. Onun üç dostu — Əlifəz, Bildad və Söfər də bundan xəbər tutur. Onlar Əyyuba təsəlli vermək məqsədilə Uz diyarına yollanırlar. Amma heç gözləmədikləri bir mənzərə ilə qarşılaşırlar.
2 Əyyubun vəziyyətini bir təsəvvür edin: o, nəyi var idisə, hər şeyini itirib. Sürü ilə qoyun-quzusu, öküzləri, dəvələri və ulaqları tələf olub və ya oğurlanıb. Uşaqları və qulluqçularının əksəriyyəti ölüb. Uşaqlarının öldüyü ev dağıntılar içindədir. Bütün bunlar azmış kimi, özü də xəstəliyə tutulur. Bədənində başdan ayağa ağrılı çibanlar çıxıb. Üç dostu uzaqdan onun məzlum halda kül içində oturduğunu görür. Bəs onlar nə edir? Düz yeddi gün susub otururlar, onun dərdini yüngülləşdirəcək bir kəlmə də demirlər (Əyy. 2:12, 13). Hansısa məqamda onlardan yaşca kiçik olan Əlihu adlı bir nəfər gəlib yanlarında əyləşir. Sonda Əyyub sükutu pozub doğulduğu günə lənət oxuyur və özünə ölüm diləyir (Əyy. 3:1—3, 11). Əyyubun dost təsəllisinə çox ehtiyacı var idi və bu onun dostlarının üzərinə çətin bir məsuliyyət qoyurdu. İndi onların deyəcəyi sözlərdən və bunu demək tərzlərindən əsl dost olub-olmadıqları və Əyyubun xeyrini nə dərəcədə düşündükləri görünəcəkdi.
3. Məqalədə nəyi araşdıracağıq?
3 Yehova Musa peyğəmbərə Əyyubun üç yoldaşının və Əlihunun dediklərini və etdiklərini qələmə aldırıb. Əlifəzin sözləri, görünür, şər ruhdan qaynaqlanırdı. Bunun əksinə olaraq, Əlihunun sözlərinin mənbəyi Yehova idi (Əyy. 4:12—16; 33:24, 25). Buna görə də «Əyyub» kitabında həm ən yaxşı, həm də ən pis məsləhətlər yer alır. Bu məqalədə araşdıracağıq ki, «Əyyub» kitabı kiməsə məsləhət verərkən bizə necə kömək edə bilər. İlk növbədə Əyyubun üç yoldaşının qoyduğu pis nümunəni araşdıracağıq. Daha sonra isə Əlihunun yaxşı nümunəsindən danışacağıq. Bu nümunələri araşdırarkən görün onların israillilərə necə faydası dəyə bilərdi və bizə hansı faydası var.
ƏYYUBUN ÜÇ YOLDAŞININ VERDİYİ MƏSLƏHƏTLƏR
4. Nəyə görə Əyyubun üç yoldaşı öz məqsədinə nail ola bilmədi? (Həmçinin şəklə baxın.)
4 Müqəddəs Kitabda deyilir ki, Əyyubun üç yoldaşı onun başına gəlmiş müsibətləri eşitdi və dərdinə şərik olmaq, təsəlli vermək üçün yanına gəldi (Əyy. 2:11). Amma bu məqsədlə gəlsələr də, yıxılana balta vurdular. Nəyə görə belə demək olar? Azı üç səbəbə görə. Birincisi, onlar tələsib yanlış qənaətə gəldilər. Misal üçün, onlar səhvən düşündülər ki, Əyyub günahlarının cəzasını çəkira (Əyy. 4:7; 11:14). İkincisi, bu üç nəfərin Əyyuba verdiyi məsləhətlərin çoxu faydasız, sərt və qəlb yaralayan idi. Məsələn, onların üçünün də dedikləri nə qədər yaxşı səslənsə də, boş sözlər idi (Əyy. 13:12). Bildad iki dəfə kobudcasına Əyyuba çox danışdığını deyir (Əyy. 8:2; 18:2). Söfər isə kəskin sözlərlə Əyyubun «ağılsız adam» olduğuna eyham vurur (Əyy. 11:12). Üçüncüsü, onlar səslərini qaldırmasalar da, onunla alçaldıcı, hörmətsiz və ittihamedici tonda danışırdılar (Əyy. 15:7—11). Bir sözlə, bu insanları Əyyuba təskinlik vermək və imanını möhkəmləndirmək yox, onun səhv olduğunu sübut etmək maraqlandırırdı.
Məsləhəti alçaldıcı tonda verməyin. Məqsədiniz kömək etmək olmalıdır (4-cü abzasa baxın)
5. Əyyubun yoldaşlarının məsləhətləri hansı nəticəni verdi?
5 Heç də təəccüblü deyil ki, Əyyubun yoldaşlarının verdiyi məsləhət işə yaramadı. Əyyub onların sözləri altında özünü əzilmiş hiss etdi (Əyy. 19:2). Onlar onu alçaltdıqca o da özünü müdafiə etməyə ehtiyac duyurdu. Nəticədə, Əyyub sağlam düşünə bilməyib ağlına gələni danışdı (Əyy. 6:3, 26). Onun yoldaşlarının dediyi sözlər Yehovanın düşüncəsini əks etdirmirdi, üstəlik, onlarda rəhm deyilən bir şey yox idi. Buna görə də istəsələr də, istəməsələr də Şeytanın əlində bir alət oldular (Əyy. 2:4, 6). Keçmişdə yaşayan israillilər bu hadisədən nə öyrənə bilərdilər və biz özümüzə hansı dərsi götürə bilərik?
6. İsraildəki ağsaqqallar Əyyubun üç yoldaşından hansı ibrəti götürə bilərdilər?
6 İsraillilərə faydası. İsrail xalqı formalaşandan sonra Yehova etibarlı insanlar, yəni ağsaqqallar təyin etdi. Onlar xalqın işinə baxıb hökm çıxarır və Allahın saleh normalarına uyğun yaşamalarına kömək edirdilər (Qan. 1:15—18; 27:1). Bu ağsaqqallar hökm çıxarmazdan və ya məsləhət verməzdən əvvəl diqqətlə dinləməli idilər (2 Saln. 19:6). Həmçinin hər şeyi bildiklərini düşünməməli idilər, məsələni araşdırarkən suallar verməli idilər (Qan. 19:18). Onlardan kömək istəməyə gələn kəslərlə sərt danışmamalı idilər. Çünki həmin kəslər onların əsəbiləşdiyini görüb hisslərini deməkdən vaz keçə bilərdi (Çıx. 22:22—24). Bəli, İsraildəki ağsaqqalların Əyyubun hadisəsindən bu cür dəyərli dərslər öyrənmək imkanı var idi.
7. İsraildə ağsaqqallardan başqa daha kimlər məsləhət verə bilərdi və onlar Əyyubun hadisəsindən hansı ibrəti götürə bilərdi? (Məsəllər 27:9).
7 Əlbəttə ki, İsraildə yalnız ağsaqqallar yox, digərləri də məsləhət verə bilərdi. Cavan və ya yaşlı, kişi və ya qadın olmasından asılı olmayaraq, hər kəs soydaşına məsləhət verib onun Yehovaya yaxınlaşmasına və ya səhvini düzəltməsinə kömək edə bilərdi (Zəb. 141:5). Bu cür səmimi məsləhət əsl dostluğun nişanəsidir. (Məsəllər 27:9 ayəsini oxuyun.) Əyyubun üç yoldaşından ibrət götürən israillilər məsləhət verərkən nə deməyin və nə etməyin səhv olduğunu öyrənə bilərdilər.
8. Məsləhət verərkən hansı səhvlərə yol verməməliyik? (Həmçinin şəkillərə baxın.)
8 Bizə faydası. İman bacı-qardaşlarımız sınaqlarla üzləşəndə biz bir məsihi kimi onlara kömək əli uzatmaq istəyirik. Amma bu zaman Əyyubun üç yoldaşının səhvini təkrarlamamalıyıq. Birincisi, nəticə çıxarmağa tələsməməliyik və dediklərimizin faktlara əsaslandığına əmin olmalıyıq. İkincisi, Əlifəzdən fərqli olaraq, məsləhəti sırf öz təcrübəmizə əsaslanaraq verməməliyik, dediklərimizin bütünlüklə Allahın Kəlamına əsaslandığına əmin olmalıyıq (Əyy. 4:8; 5:3, 27). Üçüncüsü, sərt və ya tənqidi danışıqdan uzaq olmalıyıq. Nəzərə alın ki, Əlifəzlə yoldaşlarının dediklərində həqiqət payı da var idi. Hətta Müqəddəs Kitabın bir yazarı onların dediyi bir fikri sitat gətirmişdi. (Əyyub 5:13 ayəsini 1 Korinflilərə 3:19 ayəsi ilə əlaqələndirin.) Bununla belə, Əlifəzin, Bildadın və Söfərin dediyi əksər sözlər Allahı səhv qələmə vermiş və Əyyubun qəlbini yaralamışdı. Buna görə də Yehova onların həqiqəti danışmadığını bildirmişdi (Əyy. 42:7, 8). Verdiyimiz məsləhət insanda elə bir təəssürat yaratmamalıdır ki, Yehovanı razı salmaq müşkül məsələdir və ya o, Yehovanın sevgisinə layiq deyil. İndi isə gəlin görək Əlihudan nə öyrənə bilərik.
Məsləhət verərkən 1) sözlərinizi faktlara əsaslandırın, 2) Allahın Kəlamından istifadə edin və 3) mülayim danışın (8-ci abzasa baxın)
ƏLİHUNUN VERDİYİ MƏSLƏHƏT
9. Nəyə görə Əyyub üç yoldaşının dediyi sözlərdən sonra hələ də köməyə ehtiyac duyurdu və Yehova ona necə kömək etdi?
9 Əyyub və yoldaşlarının mübahisəsindən sonra yəqin ki, ab-hava gərgin idi. Bu kişilər Müqəddəs Kitabın 28 fəslini tutacaq qədər söz danışmışdılar və bu sözlərin əksəriyyəti hirslə, acıqla deyilmişdi. Elə buna görə də Əyyubun qəlbi təskinlik tapmamışdı. Ona ürək-dirək verəcək və düşüncəsinə düzəliş edəcək biri lazım idi. Bəs Yehova Əyyuba necə kömək etdi? O, Əlihu vasitəsilə ona məsləhət verdi. Nəyə görə Əlihu bayaqdan susub oturmuşdu? O: «Mən cavanam, siz isə ahıl yaşdasınız. Buna görə hörmət edib səsimi çıxarmadım», — deyir (Əyy. 32:6, 7). Bu gün çoxları kimi gənc Əlihu da bir şeyi başa düşürdü: yaşlılar çox yaşayıb, çox görüblər, buna görə də onların hikməti və həyat təcrübəsi cavanlardan daha çoxdur. Amma Əyyubu və yoldaşlarını səbirlə dinləyən Əlihu artıq susa bilmir. O deyir: «Ağıl təkcə yaşda deyil, düzgünlüyü ancaq ahıllar anlamır» (Əyy. 32:9). Bəs o sonra nə deyir və bunu necə deyir?
10. Əlihu Əyyuba məsləhət verməzdən öncə nə etdi? (Əyyub 33:6, 7).
10 Əlihu Əyyuba məsləhət verməmişdən qabaq xoş ab-hava yaradır. Necə? Birincisi, öz hisslərini cilovlayır. Çünki bildiyimiz kimi, əvvəl-əvvəl o, bərk qəzəblənmişdi (Əyy. 32:2—5). Amma Əlihu bir dəfə də olsun Əyyubla acıqlı danışmır, onun üstünə getmir, əksinə, dostyana söhbət edir. Məsələn, ona belə deyir: «Bax, Allahın önündə mən də, sən də eyniyik». (Əyyub 33:6, 7 ayələrini oxuyun.) Sonra o, Əyyubu diqqətlə dinlədiyini bildirir. Onun söylədiyi altı nitqin içindən əsas fikirləri icmal edir (Əyy. 32:11; 33:8—11). Əlihu növbəti məsləhətlərini verərkən də eyni şeyi edir (Əyy. 34:5, 6, 9; 35:1—4).
11. Əlihu Əyyuba necə məsləhət verdi? (Əyyub 33:1).
11 Əlihu Əyyuba onun ləyaqətini alçaltmadan məsləhət verir. Məsələn, digər üç yoldaşı Əyyubun adını çəkməsə də, Əlihu ona adı ilə müraciət edir. (Əyyub 33:1 ayəsini oxuyun.) O, Əyyuba məsləhət verərkən onun da danışmağına imkan yaradır. Yəqin, xatırlayır ki, Əyyubgil mübahisə edəndə o da ürəyindəkiləri deməyi çox istəyirdi (Əyy. 32:4; 33:32). Həmçinin Əlihu Əyyubun harada yanıldığını ona açıq deyir və Yehovanın hikmətli, qüdrətli, ədalətli və məhəbbətli olduğunu xatırladır (Əyy. 36:18, 21—26; 37:23, 24). Əlihunun gözəl məsləhəti Əyyuba düşüncəsini dəyişməyə kömək etdi və beləcə, o, növbəti məsləhəti qəbul etməyə hazır oldu. Bu dəfə ona Yehova məsləhət verir (Əyy. 38:1—3). Qədimdə yaşayan israillilər Əlihunun nümunəsindən nə öyrənə bilərdilər və biz ondan nə öyrənə bilərik?
12. Yehova xalqına peyğəmbərlər vasitəsilə necə kömək edirdi və israillilər Əlihunun nümunəsindən nə öyrənə bilərdilər?
12 İsraillilərə faydası. Tarix boyu Yehova peyğəmbərlər təyin edirdi və onlar İsrail xalqına Onun niyyətini əyan edirdilər. Məsələn, hakimlərin dövründə qadın peyğəmbər Dəburə xalqa ana nəsihəti vermişdi. Həmçinin İşmuil ta gəncliyindən Yehovanın elçisi kimi xidmət edirdi (Hak. 4:4—7; 5:7; 1 İşm. 3:19, 20). Padşahların dövründə isə Yehova ard-arda peyğəmbərlər göndərib xalqını möhkəmləndirirdi, itaətsizlik edənləri isə düzgün yola yönəldirdi (2 İşm. 12:1—4; Həv. 3:24). Qədim dövrdə kiməsə məsləhət verən sadiq kişi və qadınlar Əlihunun nümunəsindən nəyi necə deməyi öyrənə bilərdilər.
13. Bu gün məsihilər dindaşlarını necə ruhlandırırlar?
13 Bizə faydası. Qədimdə yaşamış peyğəmbərlər kimi biz də Müqəddəs Kitabda yazılanları bəyan edərək insanlara Yehovanı tanımağa kömək edirik. Həmçinin biz də dindaşlarımızı öz sözlərimizlə möhkəmləndirir və təsəlli veririk (1 Kor. 14:3). Əsasən də ağsaqqallar bacı-qardaşlara təsəlli verməyin vacibliyini başa düşməlidirlər. Onlar hətta emosional cəhətdən tükənən və ya düşünmədən danışan kəslərlə də mülayim danışmalıdırlar (1 Salon. 5:14; Əyy. 6:3).
14, 15. Ağsaqqallar məsləhət verərkən Əlihunun nümunəsini necə izləyə bilərlər? Nümunə çəkin.
14 Belə bir vəziyyətə gəlin baxaq. Bir ağsaqqal yığıncaqdakı bir bacının ruhdan düşdüyünü öyrənir. O, bacını ruhlandırmaq üçün bir qardaşla ona baş çəkir. Söhbət əsnasında bacı mənfi hisslərini dilə gətirir. O bildirir ki, təbliğə çıxsa da və yığıncaqlarda iştirak etsə də, sevinc duymur. Qardaş onun bu sözlərinə necə cavab verəcək?
15 Yəqin, əvvəlcə qardaş bacının bu cür hisslər keçirməsinin səbəbini soruşacaq. Sonra isə onu diqqətlə dinləyəcək. Bəlkə, bacı özünü Yehovanın məhəbbətinə layiq bilmir? Bəlkə, «həyatın qayğıları» onu əldən salır? (Luka 21:34). İkincisi, ağsaqqal bacını tərifləməyə çalışacaq. Məsələn, bacını kədərli olsa da, yığıncaqlara getdiyinə və xidmətdə iştirak etdiyinə görə tərifləyəcək. Üçüncüsü, o, bacının vəziyyətini və bu cür hisslər keçirməsinin səbəbini başa düşəndən sonra Müqəddəs Kitab vasitəsilə onu Yehovanın məhəbbətinə inandıracaq (Qal. 2:20).
«ƏYYUB» KİTABINDAN HƏMİŞƏ FAYDALANIN
16. «Əyyub» kitabından həmişə faydalanmaq üçün nə edə bilərik?
16 «Əyyub» kitabında nə qədər dəyərli dərslər var imiş! Ötən məqalədə Əyyubun hadisəsindən həm Allahın əzablara nəyə görə izin verdiyini, həm də buna necə dözə biləcəyimizi öyrəndik. Bu məqalədə isə araşdırdıq ki, hər birimiz yaxşı məsləhət verməyi öyrənə bilərik. Bunun üçün Əyyubun üç yoldaşının səhvini təkrarlamamalı, Əlihudan isə örnək almalıyıq. Bəlkə gələcəkdə kiməsə məsləhət verməzdən əvvəl «Əyyub» kitabından öyrəndiklərinizə yenidən nəzər salasınız? Əgər bu gözəl kitabı çoxdan oxumusunuzsa, məsləhət görərdik ki, onu yenidən oxuyub ləzzətini duyasınız. Görəcəksiniz ki, yazıldığı dövrdən ta bu günədək o öz dəyərini itirməyib.
NƏĞMƏ 125 «Rəhmdillilər xoşbəxtdirlər!»
a Görünür, Əlifəz şər ruhun təsirilə belə bir qənaətə gəlmişdi ki, heç bir insan Allahın gözündə saleh deyil və buna görə də Onu razı salmaq mümkünsüzdür. Həqiqətdən uzaq olan bu fikir Əlifəzin düşüncəsinə hakim kəsildi. O, üç dəfə danışdı və hər dəfəsində də bu fikri təkrarladı (Əyy. 4:17; 15:15, 16; 22:2).