sinceLF/E+ via Getty Images
OYAQ QALIN!
Dinc əhalini kim qoruyacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?
BMT-nin verdiyi məlumata görə:
2023-cü il oktyabrın 7-dən 23-ə qədər Qəzzə—İsrail qarşıdurması nəticəsində 6400 nəfər qətlə yetirilmiş, 15 200 nəfər isə yaralanmışdı. Onların çoxu mülki şəxslərdir. Üstəlik, yüz minlərlə insan evlərindən didərgin düşüb.
2023-cü il sentyabrın 24-ə qədər Rusiya—Ukrayna müharibəsi nəticəsində 9701 dinc sakin öldürülmüş, 17 748 nəfər isə yaralanmışdı.
Müharibələrdən əziyyət çəkənlərə Müqəddəs Kitab hansı ümidi verir?
Ümid üçün əsas
Müqəddəs Kitabda deyilir ki, Allah «yerin bir ucundan o biri ucunadək döyüşləri [kəsəcək]» (Zəbur 46:9). O, səmavi hökuməti və ya Padşahlığı vasitəsilə bütün insan hökumətlərini məhv edəcək (Dənyal 2:44). Allahın Padşahlığı bütün bəşəriyyəti xilasa yetişdirəcək.
Görün Allahın Padşahlığının Padşahı İsa Məsih hansı işləri görəcək:
«O, imdad deyib çağıran fağırı, məzlumu, biçarəni xilas edəcək. O, fağır-füqəranın halına acıyacaq, fəqirlərin canını xilas edəcək. Canlarını zülmdən, zorakılıqdan qurtaracaq, qanları onun gözündə dəyərli olacaq» (Zəbur 72:12—14).
Allah müharibələrin və zorakılığın gətirdiyi əzab-əziyyəti Padşahlığı vasitəsilə aradan qaldıracaq.
«Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).
Tezliklə Allahın Padşahlığı yer üzündəki vəziyyətə əncam qılacaq. «Müharibə səsləri, müharibə xəbərləri» eşidiləcəyi Müqəddəs Kitabda əvvəlcədən yazılmışdı (Mətta 24:6). Bu və digər hadisələr sübut edir ki, biz «axırzamanda», yəni insan hökumətlərinin son günlərində yaşayırıq (2 Timutiyə 3:1).