Çərşənbə axşamı, 28 oktyabr
[Yehova] sənin dövrünün səbatıdır (Əşy. 33:6).
Biz Yehovanın sadiq xidmətçiləri olsaq da, hamı kimi həyatda çətinliklərlə üzləşirik, xəstələnirik. Bundan savayı, Allahın xalqına nifrət edən insanlar bizi təqib edirlər. Düzdür, Yehova bu gün bizi bu kimi bəlalardan qorumur, amma O bizə kömək edəcəyinə söz verir (Əşy. 41:10). Onun köməyi ilə sevincimizi qoruyacağıq, düzgün qərarlar verəcəyik və hətta həyatımızın ən çətin anlarında belə sadiq qalacağıq. Yehova bizə Öz sülhünü verəcəyini vəd edir (Filip. 4:6, 7). Allahın sülhü Onunla möhkəm dostluqdan qaynaqlanan sakitlik və hüzur hissidir. Bu sülh «hər bir ağıldan üstün»dür, ağlımıza gəlməyəcək qədər heyrətamizdir. Heç olub ki, Yehovaya durmadan dua etmisiniz, sonra da daxilinizdə qeyri-adi bir sakitlik duymusunuz? Bax bu, Allahın sülhüdür. w24.01 s. 20, abz. 2; s. 21, abz. 4
Çərşənbə, 29 oktyabr
Yehovaya alqış et, ey varlığım, ey vücudum, Onun müqəddəs adına alqış et! (Zəb. 103:1).
Allaha məhəbbət mömin insanları Onun adına ürəkdən alqış oxumağa sövq edir. Davud padşah bilirdi ki, Yehovanın adına alqış edəndə elə Onun özünə alqış edir. Yehovanın adı gələndə təsəvvürümüzdə Onun necə varlıq olduğu, Onun xüsusiyyətləri, gördüyü möhtəşəm işlər canlanır. Davud Yehovanın adını müqəddəs tutmaq və Onu ucaltmaq istəyirdi. O bunu bütün vücudu ilə, bütün varlığı ilə etməyə çalışırdı. Eynilə lavililər də Yehovanın adını ucaldırdılar, bu sahədə öndə gedirdilər. Onlar təvazökarlıqla qəbul edirdilər ki, deyəcəkləri heç bir söz Allahın müqəddəs adını mədh etməyə yetməz (Nəh. 9:5). Şübhəsiz, bu cür təvazökar, ürəkdən gələn tərif sözlərini eşidəndə Yehovanın qəlbi sevinclə dolurdu. w24.02 s. 9—10, abz. 6
Cümə axşamı, 30 oktyabr
Hansı səviyyəyə çatmışıqsa çataq, gəlin bundan sonra da eyni cür irəliləyək (Filip. 3:16).
Ola bilsin, sizin üçün əlçatmaz olan məqsəddən vaz keçmisiniz. Bu zaman düşünməyin ki, Yehovanın gözündən düşəcəksiniz (2 Kor. 8:12). Nəsə məqsədinizə çatmağa mane olanda bundan nəticə çıxarın. Nail olduğunuz məqsədlər barədə düşünün. Müqəddəs Kitabda yazılıb: «Allah ədalətsiz deyil ki,.. çəkdiyiniz zəhməti unutsun» (İbr. 6:10). Siz də unutmamalısınız. İndiyə kimi çatdığınız məqsədləri yadınıza salın. Məsələn, Yehova ilə dost olmusunuz, başqalarına Onun haqqında danışırsınız, vəftiz olunmusunuz və ya başqa hansısa məqsədinizə çatmısınız. İndiyə qədər addım-addım məqsədlərinizə çatdığınız kimi indən belə də hazırkı məqsədinizə çata bilərsiniz. Bu, Yehovanın köməyi ilə mümkündür. Məqsədinizə aparan səyahətdən sevinc duymaq üçün yol boyu Yehovanın sizə necə dayaq olduğunu görməyə çalışın (2 Kor. 4:7). Təslim olmasanız, daha da böyük nemətlər alacaqsınız (Qal. 6:9). w23.05 s. 31, abz. 16—18