Qanunun təkrarı
19 Allahınız Yehovanın sizə verdiyi ölkədəki xalqları Allahınız Yehova məhv edəndə və siz onların torpaqlarını tutanda, onların şəhərlərində, evlərində məskunlaşanda+ 2 Allahınız Yehovanın sizə verdiyi o diyarda üç şəhər ayırmalısınız.+ 3 Allahınız Yehovanın sizə verdiyi ölkənin ərazisini üç hissəyə bölün və adam öldürənin bu şəhərlərin birinə qaça bilməsi üçün yol salın.
4 Adam öldürən və qaçıb sağ qalmaq istəyən üçün qayda belədir: əgər o, soydaşını ədavət bəslədiyinə görə deyil, təsadüfən vurubsa,+ 5 yaxud odun yarmaq üçün soydaşı ilə meşəyə gedib və qolaylanıb balta ilə ağacı kəsmək istəyəndə baltanın başı sapından çıxıb soydaşına dəyibsə və soydaşı ölübsə, onda qoy o sağ qalmaq üçün bu şəhərlərdən birinə qaçsın.+ 6 Amma yol uzaq olsa, ölənin intiqamçısı+ beyni qan ikən qatilin dalınca düşər və onu tutub öldürər. Əslində isə, adam öldürən ölümə layiq deyildi, çünki soydaşına ədavəti olmamışdı.+ 7 Buna görə sizə üç şəhər ayırmağı əmr edirəm.
8 Allahınız Yehova ata-babalarınıza and içdiyi kimi, ərazilərinizi genişləndirəndə+ və onlara söz verdiyi kimi, bütün ölkəni sizə verəndə+ 9 (bir şərtlə ki, Allahınız Yehovanı sevəsiniz, bu gün sizə verdiyim əmrlərə sədaqətlə əməl edib daim Onun yolu ilə gedəsiniz)+ bu üç şəhərdən başqa üç şəhər də ayırmalısınız.+ 10 Onda Allahınız Yehovanın sizə irs olaraq verdiyi ölkədə günahsız qan tökülməyəcək+ və siz qan tökməkdə təqsirkar olmayacaqsınız.+
11 Amma əgər kiminsə soydaşına ədavəti olar+, pusqu qurub ona hücum edərsə, onu ölümcül yaralayar və həmin adam ölərsə, sonra da qatil bu şəhərlərdən birinə qaçarsa, 12 şəhərin ağsaqqalları onu oradan çıxarıb ölənin intiqamçısının əlinə verməlidir. O adam ölməlidir.+ 13 Ona rəhminiz gəlməsin. İsraili nahaq tökülən qanın günahından təmizləyin+ ki, xeyir tapasınız.
14 Allahınız Yehovanın sizə irs olaraq verəcəyi diyarda torpaq payınızı alanda qonşunuzun sərhədini, dədə-babalarınızın çəkdiyi sərhədi dəyişməyin.+
15 Kiminsə hansısa xətanı və ya günahı işlədiyini sübut etmək üçün bir nəfərin şahidliyi kifayət deyil.+ Hər iddia iki, ya da üç şahidin sözü ilə təsdiq olunmalıdır.+ 16 Əgər kimsə bir nəfərin üzünə durub onu nədəsə təqsirləndirərsə,+ 17 aralarında mübahisə düşmüş həmin iki nəfər Yehovanın hüzuruna, kahinlərin və həmin günlərdə xidmət edən hakimlərin önünə gəlməlidir.+ 18 Hakimlər məsələni hərtərəfli araşdırmalıdır.+ Əgər məlum olsa ki, şahidin iddiaları yalandır, o, soydaşına qarşı yalan ittiham irəli sürüb, 19 onda soydaşının başına gətirmək istədiyini onun özünə edin.+ Aranızdan pisliyi yox edin.+ 20 Başqaları bunu eşidib qorxacaq və bir də aranızda heç kim belə yamanlıq etməyəcək.+ 21 Ona yazığınız gəlməsin:+ can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq verilməlidir.+