Ərəmya
14 Quraqlıq barədə+ Ərəmyaya nazil olan Yehovanın sözü budur:
2 Yəhuda yas tutur,+ darvazaları çürüyüb,
Qəmgin-qəmgin yerə çöküb.
Yerusəlimin fəryadı ərşə qalxır.
3 Ağalar nökərləri su dalınca göndərir.
Onlar quyu başına gedir, amma su tapmırlar.
Boş küplərlə qayıdırlar,
Utanırlar, pərişandırlar,
Başlarını örtürlər.
4 Torpaq cadar-cadardır,
Çünki ölkədə yağış kəsilib,+
Əkinçilər çaşqınlıq içindədir, başlarını örtüblər.
5 Çöldəki maral da balasını doğub atır,
Çünki ot yoxdur.
6 Çöl eşşəyi çılpaq təpələrdə durub.
Çaqqal kimi tövşüyür,
Gözləri tutqunlaşıb, çünki ot yoxdur.+
7 Hərçənd öz təqsirlərimiz əleyhimizə şəhadət edir,
Ey Yehova, adın naminə hərəkətə keç.+
Dəfələrlə xəyanət etmişik,+
Sənə qarşı günah eləmişik.
8 Ey İsrailin ümidgahı, dar günündə nicatı!+
Niyə bu ölkədə yad kimisən?
Niyə ancaq gecələmək üçün ayaq saxlayan yolçu kimisən?
9 Nə üçün karıxmış adam kimisən?
Sanki, xalqını qurtara bilməyən igidsən.
Tərk etmə bizi.
10 Yehova bu xalq barədə belə deyir: «Onlar dərbədər gəzməyi sevirlər,+ ayaqları bir yerə yığılmır.+ Yehova onlardan narazıdır.+ İndi təqsirlərini yada salıb, günahlarına görə onlardan haqq-hesab istəyəcək».+
11 Yehova mənə dedi: «Bu xalqın rifahı üçün dua etmə.+ 12 Onlar oruc tutsalar da, yalvarışlarını eşitmirəm,+ gətirdikləri yandırma qurbanlarını, taxıl təqdimələrini qəbul etmirəm.+ Mən onları qılıncla, aclıqla, azarla qıracağam».+
13 Onda mən dedim: «Ah, Külli-İxtiyar Yehova! Gör peyğəmbərlər xalqa nə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Mən, Allah sizə bu yerdə əmin-amanlıq verəcəyəm”».+
14 Yehova mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalandan peyğəmbərlik edir.+ Onları Mən göndərməmişəm, onlara heç nə buyurmamışam, onlarla danışmamışam.+ Sizə söylədikləri şeylər yalan vəhylərdir, falçılıqdır, cəfəngiyatdır, öz uydurmalarıdır.+ 15 Ona görə də Yehova deyir: “Göndərmədiyim halda, Mənim adımdan danışan, ölkədə qılınc, aclıq olmayacaq deyən peyğəmbərlər qılınc və aclıqdan məhv olacaqlar.+ 16 Onların peyğəmbərlik etdiyi insanların da cəsədi aclıq və qılınc üzündən Yerusəlim küçələrinə atılacaq, nə onların özlərini, nə arvadlarını, nə oğullarını, nə də qızlarını basdıran olmayacaq.+ Layiq olduqları bəlanı başlarına gətirəcəyəm”.+
17 Onlara belə de:
“Gecə-gündüz göz yaşım sel olub axsın, dayanmasın,+
Xalqım, o bakirə qız ağır zərbə aldı,+
Yaralandı, darmadağın oldu.
18 Çölə gedirəm,
Qılınc qurbanlarını görürəm!+
Şəhərə girirəm,
Aclıqdan üzülənləri görürəm!+
Peyğəmbər də, kahin də yad ölkədə dolaşır”».+
19 Sən Yəhudanı birdəfəlik rədd etmisən? Siona nifrət edirsən?+
Niyə bizi cəzalandırdın?
Dərdimizə çarə yoxdur.+
Sülh gözləyirdik, qabağımıza xeyir çıxmadı,
Şəfa gözləyirdik, dəhşət gördük.+
20 Ey Yehova, şər əməllərimizi,
Ata-babalarımızın təqsirlərini etiraf edirik,
Sənə qarşı günah etmişik.+
21 Öz adın naminə bizi rədd etmə,+
Əzəmətli taxtından üz çevirmə.
Bizimlə kəsdiyin əhdi yada sal, onu pozma.+
22 Xalqların puç bütlərindən hansı biri yağış yağdıra bilər?
Göylər özbaşına leysan tökə bilərmi?
Buna təkcə Sən qadirsən, ey Allahımız Yehova!+
Ümidimiz Sənədir,
Çünki bunları edən Sənsən.