Hizqiyal
30 Mənə yenə Yehovanın sözü nazil oldu: 2 «Bəni-adəm, peyğəmbərlik edib de ki, Külli-İxtiyar Yehovanın sözü budur:
“Haray çəkib: “Ay aman, o gün gəlir!” — deyin.
3 Həmin gün yaxındır. Bəli, Yehovanın günü yaxındır.+
O gün göyün üzünü qara buludlar alacaq.+ O gün xalqların mühakimə günüdür.+
4 Misirin üstünə qılınc gələcək.
Misirdə camaat qırılanda, onun sərvəti talananda, təməlləri sarsılanda Həbəşi vahimə bürüyəcək.+
5 Həbəş+, Put+, Lud, digər xalqlardan olan bütün o adamlar,
Kub, əhd diyarının oğulları*
Qılıncdan keçiriləcək”.
6 Yehova belə deyir:
“Misirə arxa duranlar da məhv olacaqlar.
Onun qürrələndiyi güc-qüvvətdən əsər-əlamət qalmayacaq”.+
“Miqdoldan+ Asvanadək+ camaat ölkədə cövlan edən qılınca qurban gedəcək, — Külli-İxtiyar Yehova bəyan edir. — 7 Oralar xarabazar yerlərin ən dəhşətlisi olacaq, şəhərləri viran qalmış bütün şəhərlərdən ən betəri olacaq.+ 8 Mən Misirə od vuranda, onun müttəfiqləri məhv olanda biləcəklər ki, Mən Yehovayam. 9 Həmin gün özündənrazı Həbəşi lərzəyə salmaq üçün gəmi ilə qasidlər göndərəcəyəm. Misirin fəlakətli günündə onları vahimə bürüyəcək. Bəli, o gün mütləq gələcək”.
10 Külli-İxtiyar Yehova belə deyir: “Misir xalqını Babil hökmdarı Navuxodonosorun əli ilə yox edəcəyəm.+ 11 Onunla qoşunları, xalqların ən qəddarı+ gəlib ölkəni tar-mar edəcək. Onlar qılınclarını qınından siyirib Misiri meyitlərlə dolduracaqlar.+ 12 Mən Nilin+ arxlarını qupquru qurudacağam, ölkəni zalımlara satacağam. Yadellilərin əli ilə ölkəni və onun içində olan hər şeyi kor günə qoyacağam.+ Bunu Mən Yehova deyirəm”.
13 Külli-İxtiyar Yehovanın sözü budur: “İyrənc bütləri məhv edəcəyəm, Nofun*+ puç allahlarını yox edəcəyəm. Artıq Misirdən rəhbər çıxmayacaq. Mən Misiri qorxu içində yaşadacağam.+ 14 Patrosu+ xaraba qoyacağam, Suanın külünü göyə sovuracağam, Nonu*+ cəzalandıracağam. 15 Misirin istehkamı olan Tihin üzərinə qəzəbimi yağdıracağam, No əhalisini qırıb-çatacağam. 16 Misiri odlayıb yandıracağam, Tihi dəhşət bürüyəcək, No zəbt olunacaq, Nof günün günorta çağı həmlələrlə üzləşəcək. 17 Onla* Fibsətin cahılları qılınca qurban gedəcək, şəhərlərin əhalisi əsir aparılacaq. 18 Təfnisdə Misirin boyunduruğunu qıranda gündüz zülmətə dönəcək.+ Qürrələndiyi gücü tükənəcək,+ başının üstünü buludlar alacaq, şəhərlərinin əhalisi sürgünə aparılacaq.+ 19 Misirə çıxardığım hökmü icra edəcəyəm. Onda biləcəklər ki, Mən Yehovayam”».
20 On birinci ilin birinci ayının yeddinci günündə mənə Yehovanın sözü nazil oldu: 21 «Bəni-adəm, Mən Misir hökmdarı fironun qolunu sındırdım. Onun qolunu bağlayan olmayacaq ki, sağalsın, sarğı qoyulmayacaq ki, güclənib qılınc götürsün».
22 «Odur ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən Misir hökmdarı firona qarşıyam.+ Onun qollarını, sağlam qolunu da, sınıq qolunu da qıracağam.+ Qılıncını əlindən salacağam.+ 23 Sonra misirliləri xalqların arasına səpələyəcəyəm, pərən-pərən edib ölkələrə yayacağam.+ 24 Babil padşahının+ qolunu qüvvətləndirəcəyəm, qılıncımı onun əlinə verəcəyəm.+ Fironunsa qolunu sındıracağam. O, ölüm ayağında olan adam kimi onun* qabağında acı-acı inildəyəcək. 25 Babil padşahının qoluna qüvvət verəcəyəm, fironunsa əlləri şikəst olacaq. Qılıncımı Babil padşahının əlinə verəndə, o da bu qılıncı Misirə qarşı siyirəndə biləcəklər ki, Mən Yehovayam.+ 26 Misirliləri xalqların arasına səpələyəcəyəm, pərən-pərən edib ölkələrə yayacağam.+ Onda biləcəklər ki, Mən Yehovayam”».