Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/11 s. 8—12
  • Allahın və insanların gözündə ləyaqətli toy

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın və insanların gözündə ləyaqətli toy
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Ləyaqətli nikah qanuni nikahdır
  • Adət üzrə bağlanan nikah və qeydiyyat
  • Nikaha hörmət edin
  • Yehovanın Şahidlərinin toyu necə keçir?
    Tez-tez verilən suallar
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2008
  • İmanınızı əməldə göstərin
    Gözətçi qülləsi 2006
  • Xoşbəxt nikaha hazırlıq
    Ailə xoşbəxtliyinin sirri
Gözətçi qülləsi 2006
w06 1/11 s. 8—12

Allahın və insanların gözündə ləyaqətli toy

«Qalileyanın Qana kəndində toy var idi... İsa ilə şagirdləri də toya çağırılmışdılar» (YƏHYA 2:1, 2).

1. İsanın iştirak etdiyi Qanadakı toyda diqqətə layiq olan nə idi?

İSA, ONUN anası və bə’zi şagirdləri ləyaqətli toyun Allahın xalqı üçün necə sevincli bir hadisə olduğunu bilirdilər. İsa Məsih hətta belə toylardan birində, Müjdələrdə yazılmış birinci mö’cüzəsini göstərmiş və toydakıların sevincini artırmışdı (Yəhya 2:1-11). Yəqin sizlərdən kimsə, Yehovaya xoşbəxt bir ailə kimi xidmət etmək istəyən məsihçilərin toyunda iştirak etmişdir. Ola bilsin, kimsə özü toy etməyə hazırlaşır. Digəri isə dostunun, yaxud rəfiqəsinin toy hazırlığına kömək edir. Bəs bu vacib mərasimin uğurlu keçməsi üçün nə etmək olar?

2. Müqəddəs Kitabda toy haqqında nə deyilir?

2 Məsihçilər Allahın Kəlamındakı məsləhətlərin ailə qurmağa hazırlaşanlar üçün xüsusilə faydalı olduğunu bilirlər (2 Timoteyə 3:16, 17). Düzdür, Müqəddəs Kitabda məsihçi toyunun necə keçməli olduğu təfsilatı ilə göstərilməyib. Bu təəccüblü deyil, çünki ən’ənə və qanunlar əraziyə və zamana görə bir-birindən fərqlənir. Məsələn, hal-hazırda bir çox toyların mühüm hissəsi olan rəsmi nikah mərasimi qədim İsraildə yox idi. Toy günü bəy gəlini elin gözü qarşısında öz evinə və ya ata ocağına gətirirdi (Yaradılış 24:67; Yeşaya 61:10; Matta 1:24). Bu addım nikah bağlamağa bərabər hesab edilirdi.

3. İsa Qanada hansı mərasimdə iştirak etmişdi?

3 İsraillilər nikaha məhz bu cür daxil olurdular. Sonra onlar, Yəhya 2:1 ayəsində yazıldığı kimi, toy şənliyi keçirə bilərdilər. Bir çox Müqəddəs Kitab tərcümələrinin bu ayəsində Qana kəndində nikah olduğu göstərilir. Ancaq orijinal mətndə istifadə edilən yunan sözü «toy ziyafəti» və ya «toy məclisi» mə’nasını daşıyıra (Matta 22:2-10; 25:10; Luka 14:8). Aydın görünür ki, İsa toy ziyafətində iştirak etmişdi. Ancaq qeyd etmək lazımdır ki, bu gün nikahlar başqa cür bağlanılır.

4. Bə’zi məsihçilər toylarını necə keçirirlər və nə üçün?

4 Bu gün bir çox ölkələrdə evlənmək istəyən məsihçilər dövlətin qoyduğu müəyyən qaydalara əməl etməlidirlər. Bundan sonra onlar qanuni nikah bağlaya bilərlər. Bu, hakim, mer və ya dövlətin səlahiyyət verdiyi Yehovanın Şahidi tərəfindən rəsmiləşdirilən sadə nikah mərasimi ola bilər. Bə’ziləri bir neçə qohumunu və ya məsihçi dostunu bu mərasimində şahid olmağa, yaxud onların sevincini bölüşməyə də’vət edirlər (Yeremya 33:11; Yəhya 3:29). Çoxlu vaxt və vəsait tələb etdiyindən bir sıra məsihçilər böyük toy məclisləri keçirməmək qərarına gəlirlər. Onlar yaxın adamları ilə birlikdə balaca məclis təşkil edirlər. Bizim şəxsi qərarımız necə olursa-olsun, unutmamalıyıq ki, digər yetkin məsihçilərin bu məsələyə dair baxışları bizimkindən fərqlənə bilər (Romalılara 14:3, 4).

5. Nə üçün bir çox məsihçilər toylarında Müqəddəs Kitaba əsaslanan mə’ruzənin söylənilməsini istəyirlər və onun məğzi nədir?

5 Əksər məsihçilər öz toylarında Müqəddəs Kitaba əsaslanan mə’ruzənin söylənilməsini istəyirlərb. Onlar əmindirlər ki, nikahın təməlini Yehova qoymuşdur və Onun Kəlamı ailə xoşbəxtliyi üçün müdrik məsləhətlər təqdim edir (Yaradılış 2:22-24; Mark 10:6-9; Efeslilərə 5:22-33). Adətən onlar qohumlarını və məsihçi dostlarını bu sevincli hadisəyə çağırırlar. Bəs məsihçilər nikahla bağlı müxtəlif qanunlara və hətta adət-ən’ənələrə necə yanaşmalıdırlar? Bu məqalədə müxtəlif ölkələrdə mövcud olan vəziyyətlər nəzərdən keçiriləcək. Onların bə’ziləri yaşadığımız ərazidə qəbul edilmiş və ya bildiyimiz qanun və ən’ənələrdən olduqca fərqlənə bilər. Lakin Allahın bütün xidmətçiləri üçün vacib olan ümumi prinsiplər əsasında özümüzə nəticə çıxara bilərik.

Ləyaqətli nikah qanuni nikahdır

6, 7. Məsihçilər nə üçün nikaha girməyin qanuni yönlərini nəzərə almalıdırlar və onlar bunu necə edirlər?

6 Düzdür, nikahın təməlini Yehova Allah qoymuşdur. Lakin insan hakimiyyətlərinin nikahın necə bağlanacağını müəyyən dərəcədə tə’yin etmək səlahiyyətləri var. İsa demişdir: «Qeysərinkini qeysərə, Allahınkını Allaha verin» (Mark 12:17). Həvari Pavel də yazmışdır: «Hər adam öz üzərində olan hakimlərə tabe olsun; çünki Allah tərəfindən olmayan hakim yoxdur, mövcud olan hakimlər də Allah tərəfindən tə’yin olunmuşdur» (Romalılara 13:1; Titusa 3:1).

7 Əksər ölkələrdə «qeysər», yə’ni dövlət kimin nikaha girməyə hüququ çatdığını müəyyən edir. Buna görə də, ailə qurmaq istəyən iki məsihçinin evlənmələrinə Müqəddəs Kitaba əsasən heç bir maneə yoxdursa, onlar nikaha dair yerli qanunlara əməl etməlidirlər. Məsələn, onlar yazılı icazə almalı və ya dövlətin səlahiyyət verdiyi nümayəndəsinə müraciət etməli, yaxud da bağlanmış nikahı qeydiyyata salmalıdırlar. Qeysər Avqust əhalinin siyahıya alınmasını əmr edəndə Yusiflə Məryəm buna tabe olaraq «qeyd olunmaq üçün» Bet-Lexemə yola düşdülər (Luka 2:1-5).

8. Yehovanın Şahidləri nə etmirlər və nə üçün?

8 Məsihçilər yaşadıqları ölkənin qanununa əsasən nikah bağlayanda onların nikahı Allahın gözündə qüvvəyə minir. Buna görə də Yehovanın Şahidləri təkrar rəsmi nikah mərasimləri keçirmirlər. Onlar, həmçinin toylarının 25-ci və ya 50-ci ildönümündə yenidən evlilik andı vermirlər (Matta 5:37). (Bə’zi ölkələrdə dinlər dövlət tərəfindən qeydiyyata salınan rəsmi nikahı qəbul etmirlər. Onlar iddia edirlər ki, nikah yalnız din xadimi tərəfindən bağlanılaraq evlənənlərin ər-arvad e’lan edildikləri təqdirdə qanuni sayılır.) Bir sıra ölkələrdə Yehovanın Şahidlərindən bə’zilərinə nikah bağlamaq səlahiyyəti verilir. Bu halda, nikah mərasimi, toy mə’ruzəsi də daxil olmaqla, adətən Padşahlıq Zalında keçirilir. Bura həqiqi ibadət yeri olduğundan, Yehova Allahın təməlini qoyduğu nikahla bağlı mə’ruzənin söylənilməsi üçün ən münasib yerdir.

9. a) Nikah mərasimindən sonra məsihçi bəylə gəlin nə etmək qərarına gələ bilər? b) Ağsaqqalların toy hazırlığında hansı rolu ola bilər?

9 Digər ölkələrdə qanun, nikah mərasimini dövlət idarəsində, məsələn, icra hakimiyyətinin binasında keçirilməsini və yaxud dövlətin səlahiyyət verdiyi adam tərəfindən aparılmasını tələb edir. Çox vaxt məsihçilər bu rəsmi mərasimdən dərhal sonra və ya növbəti gün Padşahlıq Zalında toy mə’ruzəsinin söylənilməsi qərarına gəlirlər. (Onlar yol verməzlər ki, bu mə’ruzə qeydiyyat günündən xeyli sonra söylənilsin. Çünki Allahın və məsihçi yığıncağı da daxil olmaqla insanların gözündə onlar artıq ər-arvaddırlar). Əgər bəylə gəlin toy mə’ruzəsinin Padşahlıq Zalında söylənilməsini istəyirlərsə, yığıncağın xidməti komitəsindən qabaqcadan icazə almalıdırlar. Bu ağsaqqallar, evlənənlərin nümunəvi məsihçi olduqlarına və toy mə’ruzəsinin yığıncaq görüşlərinə və digər tədbirlərə maneə yaratmayacağına əmin olmalıdırlar (1 Korinflilərə 14:33, 40.) Həmçinin bu qardaşlar zalda hansısa hazırlıq görülüb-görülməyəcəyini öyrənməli və onun istifadəsi ilə bağlı e’lan olub-olmayacağını müəyyən etməlidirlər.

10. Əgər rəsmi nikah olmalıdırsa, bu toy mə’ruzəsinə necə tə’sir edəcəkdir?

10 Toy mə’ruzəsi ilə çıxış edəcək ağsaqqal mə’ruzənin dostyana, ruhən təravətləndirici və belə hadisəyə layiq olmasına çalışacaq. Əgər nikah mə’ruzədən qabaq bağlanıbsa, natiq evlənənlərin «qeysərin» qanuna görə artıq ər-arvad olduğunu vurğulayacaq. Nikah bağlananda evlilik andı verilməyibsə, bəylə gəlin bunu mə’ruzə zamanı edə bilərlərc. Yox, əgər mərasimdə yeni evlilər evlilik andı veriblərsə, lakin onu Yehovanın və yığıncağın qarşısında da təkrar etmək istəyirlərsə, andın sözlərini keçmiş zamanda deməlidirlər. Bununla onlar artıq ‘birləşdirildiklərini’ göstərəcəklər (Matta 19:6; 22:21).

11. Bə’zi ölkələrdə nikahlar necə bağlanır və toy mə’ruzəsinə bu necə tə’sir edir?

11 Bə’zi yerlərdə qanun rəsmi nikah mərasiminin keçirilməsini və hətta dövlət tərəfindən səlahiyyət verilən adamın iştirakını tələb etmir. Nikaha daxil olmaq istəyənlər qeydiyyat blankını imzalayıb dövlət idarəsinə təqdim edirlər. Sonra bu blank qeydiyyata salınır. Məhz bu cür onlar ər-arvad olur və ərizədə göstərdikləri gün onların nikah günü hesab edilir. Yuxarıda qeyd olunduğu kimi, bəylə gəlin qərara gələ bilərlər ki, həmin gün Padşahlıq Zalında Müqəddəs Kitaba əsaslanmış mə’ruzə söylənilsin. Çıxış etmək üçün onların də’vət etdikləri yetkin qardaş iştirak edənlərə bildirəcək ki, bəylə gəlin artıq nikah bağlayıblar. Evlilik andı 10-cu abzasda və haşiyədə yazılanlara uyğun tərzdə deyiləcək. Padşahlıq Zalında iştirak edənlər bəylə gəlinin sevincinə şərik olacaq və həmçinin Allahın Kəlamındakı məsləhətlərdən faydalanacaqlar (Nəğmələr nəğməsi 3:11).

Adət üzrə bağlanan nikah və qeydiyyat

12. Adət üzrə bağlanılan nikah nədir və belə nikah bağlayanlara nə məsləhət görülür?

12 Bə’zi ölkələrdə insanlar adət üzrə (el adəti ilə) nikah bağlayırlar. Burada söhbət iki nəfərin birgə yaşamalarından və ya bə’zi yerlərdə müəyyən mə’nada qəbul olunmuş, lakin tam qanuni sayılmayan nikahsız evlilikdən getmird. Biz yerli və ya el adəti ilə bağlanılan nikahdan danışırıq. Belə nikah başlığın tam ödənilməsini və qəbulunu özünə daxil edə bilər ki, bunun sayəsində kişi ilə qadın qanuna və Müqəddəs Kitaba görə ər-arvad olurlar. Dövlət belə nikahları tam qanuni hesab edir. Sonradan bu cür nikahı qeydiyyatdan keçirib rəsmi sənəd almaq olar. Qeydiyyat kağızı ər-arvada, onların gələcək uşaqlarına və ya dul qaldığı təqdirdə qadına hüquqi müdafiə ola bilər. Yığıncaq adət üzrə nikah bağlayanları mümkün qədər tez qeydiyyata düşməyə təşviq edəcək. Məsələn, görünür Musanın qanununa görə nikahlar və doğulan uşaqlar qeydiyyata alınırdı (Matta 1:1-16).

13. Adət üzrə bağlanılan nikahdan sonra söylənilən toy mə’ruzəsi haqqında nə demək olar?

13 Qanuni sayılan adət üzrə nikaha girən kişi və qadın ər-arvad sayılır. Bu yolla evlənən məsihçilər Padşahlıq Zalında toy mə’ruzəsinin söylənilməsini və evlilik andının verilməsini istəyə bilərlər. Onda natiq mə’ruzəsində qeyd edəcək ki, onlar artıq «qeysərin» qanununa görə nikah bağlayıblar və indi yalnız mə’ruzə olacaq. Beləliklə, qanuni sayılan bir nikah (adət üzrə) olduğu üçün mə’ruzə də bir dəfə söyləniləcək. Vacibdir ki, bu iki tədbir bir-birinin ardınca tez bir zamanda, mümkündürsə, bir gündə keçirilsin. Onda məsihçi toyu ətrafdakılar üçün yaxşı şahidlik olacaqdır.

14. Həm adət üzrə, həm də dövlət nikahı mümkündürsə, məsihçilər nə edə bilərlər?

14 Adət üzrə bağlanılan nikahların qanuni sayıldığı ölkələrin bə’zilərində eyni zamanda dövlət nikahı da var. Belə nikahlar adətən dövlətin səlahiyyət verdiyi şəxs tərəfindən bağlanır və özünə evlilik andını və qeydiyyat kitabında imza qoyulmasını da daxil edə bilər. Bə’zi məsihçilər dövlət nikahını adət üzrə nikahdan üstün tuturlar. Bu mərasimlər dövlət tərəfindən qanuni sayıldığı üçün, onların hər ikisini keçirməyə ehtiyac yoxdur. 9-cu və 10-cu abzaslarda toy mə’ruzəsinə və evlilik andına aid deyilənlər bu hallarda da tətbiq ediləndir. Ən vacibi odur ki, iki məsihçinin nikahı Allahın və insanların gözündə ləyaqətli sayılsın (Luka 20:25; 1 Peter 2:13, 14).

Nikaha hörmət edin

15, 16. Nikaha hörmət necə göstərilməlidir?

15 Fars padşahının nikahında problem yarananda, baş məsləhətçi Memukan ona məsləhət gördü ki, ‘bütün qadınların öz ərlərinə hörmətlə yanaşmalarına’ səbəb olacaq bir əmr versin (Ester 1:20). Lakin məsihçi nikahında hansısa insan padşahının əmrinə ehtiyac yoxdur, çünki məsihçi qadın öz ərinə hörmət bəsləyir. Məsihçi ər də, öz növbəsində, həyat yoldaşını tə’rifləyir və ona hörmət göstərir (Süleymanın məsəlləri 31:11, 30; 1 Peter 3:7). Nikaha hörmət illər ötdükdən sonra deyil, toy günündən e’tibarən edilməlidir.

16 Mərasimdə iştirak edənlər də nikaha hörmətlə yanaşdıqlarını göstərməlidirlər. Toy mə’ruzəsi ilə çıxış edəcək məsihçi ağsaqqal nitqini ləyaqətli tərzdə söyləməlidir. Nitq bəylə gəlinə ünvanlanmalıdır. Onlara hörmətdən irəli gələrək natiq mə’ruzəyə zarafat və ya zərbi-məsəllər qatmayacaq. Bəylə gəlin və dinləyicilər sıxılmasın deyə o, evlənənlərin şəxsi həyatından yersiz təfsilatlar danışmayacaq. Əksinə, o çalışacaq ki, nitqini dostyana, ruhən təravətləndirici şəkildə söyləsin və diqqəti nikahın Banisinə və Onun gözəl məsləhətlərinə yönəltsin. Həqiqətən də, ağsaqqalın ləyaqətli mə’ruzəsi bu tədbirin Allaha şərəf gətirməsində böyük rolu olacaq.

17. Məsihçilər nə üçün dövlət qanununa müvafiq evlənməlidirlər?

17 Bu məqalədə qanuni nikahın bir çox cəhətləri araşdırıldı. Ola bilsin ki, onlardan bə’ziləri ölkənizdə qəbul olunan qanunlardan fərqlənir. Lakin yadda saxlamalıyıq ki, Yehovanın Şahidləri nikahlarını «qeysərin», yə’ni dövlətin qanununa uyğun şəkildə bağlamalıdırlar (Luka 20:25). Həvari Pavel məsihçiləri təşviq edirdi: «Hər adama haqqını verin: vergi isə vergini; gömrük isə gömrüyü... hörmət isə hörməti» (Romalılara 13:7). Bəli, məsihçilər toy keçirmək məsələsində də Allahın indiyədək mövcud olmalarına yol verdiyi insan hakimiyyətlərinə hörmət etməlidirlər.

18. Nikah mərasimindən sonra nə keçirilə bilər və bu haqda mə’lumatı haradan tapa bilərik?

18 Bir çox məsihçilər nikah mərasimindən sonra qonaqları toy ziyafətinə də’vət edirlər. Yadınızdadırsa, İsa Məsih də belə bir ziyafətdə iştirak etmişdi. Əgər toy şənliyi planlaşdırılırsa, onun da bəylə gəlinə və məsihçi yığıncağına sevinc, Allaha isə şərəf gətirməsi üçün Müqəddəs Kitab məsləhətləri necə kömək edə bilər? Bu sualı növbəti məqalədə müzakirə edəcəyik.

[Haşiyələr]

a Həmin söz altında toyla bağlı olmayan başqa ziyafət də nəzərdə tutula bilər (Ester 9:22, Septuaqinta).

b Yehovanın Şahidləri «Allahın gözündə ləyaqətli nikah» adlanan 30 dəqiqəlik toy mə’ruzəsi planından istifadə edirlər. Onda «Ailə xoşbəxtliyinin sirri» kitabından və Yehovanın Şahidlərinin digər nəşrlərindən götürülmüş Müqəddəs Kitab məsləhətləri var. Mə’ruzə həm evlənənlər, həm də toyda iştirak edənlər üçün faydalıdır.

c Əgər qanuna görə nikah andı tələb edilmirsə, məsihçi Allaha şərəf gətirən bu andı aşağıdakına bənzər deyə bilər. Bəy: «Mən [bəyin adı] səninlə [gəlinin adı] evlənirəm; və nə qədər ki hər ikimiz Allahın qurduğu nikah tellərilə bağlı olub yer üzündə yaşayırıq, Müqəddəs Yazılarda Allahın məsihçi ərlər üçün olan qanununa əsasən, səni sevəcəyimə və sənə qayğı göstərəcəyimə söz verirəm». Gəlin: «Mən [gəlinin adı] sənə [bəyin adı] ərə gedirəm; və nə qədər ki hər ikimiz Allahın qurduğu nikah tellərilə bağlı olub yer üzündə yaşayırıq, Müqəddəs Yazılarda Allahın məsihçi arvadlar üçün olan qanununa əsasən, səni sevəcəyimə, sənə qayğı göstərəcəyimə və dərin hörmət bəsləyəcəyimə söz verirəm».

d Belə nikahlar haqqında «Gözətçi Qülləsi»nin 1962- ci ilinin 1 may sayının 287-ci səhifəsində (ing.) danışılır.

Yadınızdadırmı?

• Nikahın həm qanuni, həm də ruhani cəhətlərinə biz nə üçün ciddi yanaşmalıyıq?

• Nikah qeydiyyatından dərhal sonra məsihçilər nə etmək qərarına gələ bilərlər?

• Toy mə’ruzəsi nə üçün Padşahlıq Zalında söylənilir?

[8-ci səhifədəki şəkil]

Qədim İsraildə toy günündə bəy gəlini öz evinə və ya ata ocağına gətirirdi.

[11-ci səhifədəki şəkil]

Adət üzrə bağlanan nikahdan sonra məsihçilər, ola bilsin, Padşahlıq Zalında mə’ruzə söylənilməsini istəsinlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş