TƏLİM MƏQALƏSİ 32
Yehova kimi dərrakəli olun
«Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (FİLİP. 4:5).
NƏĞMƏ 89 Allahın sözünə əməl edənlər xoşbəxtdir
İCMALa
Hansı ağaca bənzəmək istəyərdiniz? (1-ci abzasa baxın)
1. Məsihilər hansı mənada ağaca bənzəməlidir? (Həmçinin şəklə baxın.)
«ƏYİLƏ bilən ağacı külək sındırmaz». Bu məsəl göstərir ki, güclü külək qarşısında möhkəm dayanması üçün ağac gərək əyilsin, elastik olsun. Eynilə məsihilər də ruhani cəhətdən möhkəm olmaq üçün bir növ «elastik» olmalıdırlar, «əyilməyi» bacarmalıdırlar. Hansı mənada? Biz həyatımızda baş verən dəyişikliklərə uyğunlaşmalıyıq. Həmçinin başqalarının fikrinə və qərarlarına hörmətlə yanaşmalıyıq. Bu bizim dərrakəli olduğumuzu göstərəcək.
2. Vəziyyətə uyğunlaşmaq üçün bizdə hansı xüsusiyyətlər olmalıdır və bu məqalədə nə haqda danışacağıq?
2 Biz lütfkar və rəhmli Allahın xidmətçiləri olduğumuz üçün Ondan örnək alaraq təvazökarlıq və şəfqət xüsusiyyətlərini yetişdirmək istəyirik. Təvazökarlıq və şəfqət dərrakəli olmağımıza kömək edəcək. Bu məqalədə öyrənəcəyik ki, bu xüsusiyyətlər bəzi məsihilərə həyatlarında baş verən dəyişikliklərə öyrəşməyə necə kömək edib. Görəcəyik ki, bu xüsusiyyətlər bizə də kömək edə bilər. Əvvəla, gəlin hər zaman dərrakəli davranan Yehovanın və İsanın mükəmməl nümunəsinə nəzər salaq.
YEHOVA VƏ İSA DƏRRAKƏLİDİR
3. Yehovanın dərrakəli olduğunu nə göstərir?
3 Yehova «Qaya» adlanır, çünki O, mətindir, sarsılmazdır (Qan. 32:4). Bununla yanaşı, O, dərrakəlidir, güzəştə gedəndir. Allah dünyada baş verən hadisələrə uyğunlaşaraq niyyətini həyata keçirir. Yehova bizi Öz bənzərində yaratdığı üçün biz də həyatımızda baş verən dəyişikliklərə uyğunlaşmağı bacararıq. Onun verdiyi aydın prinsiplər kömək edir ki, həyatda nə ilə üzləşiriksə üzləşək, hikmətli qərarlar verək. Yehovanın Öz nümunəsi və verdiyi prinsiplər göstərir ki, Yehova «Qaya» olmaqla yanaşı, həm də dərrakəlidir.
4. Yehovanın dərrakəli olduğunu göstərən nümunə çəkin (Lavililər 5:7, 11).
4 Yehovanın etdiyi hər bir iş mükəmməldir, Onun dərrakəsindən xəbər verir. O, insanlarla sərt rəftar etmir, əksinə, güzəştə gedir. Bunu Yehovanın israillilərlə rəftarından görmək olar. Bəzi vəziyyətlərdə Yehova icazə verirdi ki, hərə öz gücü çatan qurbanı təqdim etsin. (Lavililər 5:7, 11 ayələrini oxuyun.) O, tələb etmirdi ki, varlı da, kasıb da eyni qurbanı gətirsin.
5. Yehovanın lütfkar və rəhmli olduğunu göstərən nümunələr çəkin.
5 Yehova lütfkar və rəhmli olduğu üçün dərrakəlidir, güzəştə gedir. Gəlin Yehovanın lütfkar olduğunu göstərən bir hadisəni yadımıza salaq. O, Sədumda yaşayan şər insanları məhv etmək qərarına gələndə mələyi vasitəsilə Luta demişdi ki, dağlara qaçsın. Lut isə ora getməyə qorxurdu. Ona görə də Yehovaya yalvardı ki, ailəsi ilə birlikdə Sohara qaçmasına izin versin. Bu, balaca bir şəhər idi və Yehova oranı da məhv etmək niyyətində idi. Yehova tələb edə bilərdi ki, Lut nöqtəsinə kimi Onun verdiyi göstərişə uyğun davransın. Amma O belə etmədi, Lutun xahişini nəzərə aldı. Hətta ona görə Soharı məhv etmədi (Yar. 19:18—22). Əsrlər sonra baş vermiş başqa bir hadisədən Yehovanın rəhmli olduğunu görə bilərik. Yehova Yunus peyğəmbəri Neynəva şəhərinə göndərdi. Peyğəmbər bəyan etdi ki, bu şəhər və onun sakinləri tezliklə məhv olacaq. Amma Yehova neynəvalıların tövbə etdiyini gördü və onlara yazığı gəldi, buna görə də bu şəhərə qıymadı (Yun. 3:1, 10; 4:10, 11).
6. İsa Yehova kimi dərrakəli olduğunu necə göstərmişdi?
6 İsa Məsih Yehovadan örnək alaraq dərrakəli davranırdı. Bildiyimiz kimi Yehova onu yer üzünə «İsrail evinin itmiş qoyunları»na təbliğ etmək üçün göndərmişdi. Amma bu təyinatı yerinə yetirərkən o, dərrakəli davranırdı. Məsələn, bir dəfə israilli olmayan bir qadın İsaya yalvarmışdı ki, onun qızını sağaltsın, çünki cinlər qızına zülm edirdi. İsanın qadına rəhmi gəldi və onun xahişini yerinə yetirdi, qızını sağaltdı (Mət. 15:21—28). Başqa bir nümunəyə baxaq. Daha öncə İsa belə sözlər demişdi: «Kim… məni dansa, mən də… onu danacağam» (Mət. 10:33). Bəs Butrus İsanı üç dəfə dananda İsa onu dandı? Xeyr. O görürdü ki, Butrus imanlı insandır və etdiyi hərəkətə görə peşmandır. Diriləndən sonra İsa Butrusa göründü və çox yəqin ki, onu bağışladığına və hələ də sevdiyinə əmin etdi (Luka 24:33, 34).
7. Filippililərə 4:5 ayəsinə əsasən insanların bizi necə tanımasını istəyərdik?
7 Gördüyümüz kimi Yehova Allah və İsa Məsih dərrakəlidir. Bəs bizim barədə nə demək olar? Yehova bizim də dərrakəli olmağımızı istəyir. (Filippililərə 4:5 ayəsini oxuyun, həmçinin haşiyəyə baxın.) Növbəti suallar vasitəsilə özümüzü yoxlaya bilərik: «İnsanlar məni necə tanıyır? Dərrakəli, güzəştə gedən, başqasının fikrinə hörmətlə yanaşan insan kimi, yoxsa sərt, kobud və inadkar insan kimi? İsrar edirəmmi ki, insanlar nəyisə mənim düzgün bildiyim tərzdə etsinlər? Yoxsa onları dinləyirəm və mümkündürsə, onların dediyi kimi edirəm?» Bizim nə dərəcədə dərrakəli olduğumuz Yehovaya və İsaya nə dərəcədə bənzədiyimizi göstərəcək. Gəlin dərrakəli olmağın vacib olduğu iki sahəyə baxaq: vəziyyətimiz dəyişəndə və başqalarının fikri və qərarları bizimkindən fərqli olanda.
VƏZİYYƏT DƏYİŞƏNDƏ DƏRRAKƏLİ DAVRANIN
8. Vəziyyətimiz dəyişəndə dərrakəli olmağa bizə nə kömək edə bilər? (Həmçinin haşiyəyə baxın.)
8 Dərrakəli olmaq bizə kömək edir ki, vəziyyətimiz dəyişəndə ona uyğunlaşmağı bacaraq. Bu dəyişikliklər gözləmədiyimiz çətinliklər yarada bilər. Məsələn, ola bilər ki, sağlamlığımızda qəfil ciddi problem yaransın, yaxud yaşadığımız ölkədə baş verən siyasi və iqtisadi dəyişikliklər ucbatından həyatımız alt-üst ola bilər (Vaiz 9:11; 1 Kor. 7:31). Hətta təşkilatın təyinatımızı dəyişməsi bizim üçün böyük dərd ola bilər. Bəs bu kimi çətinliklərə necə tab gətirə bilərik? Dörd addım bizə yeni vəziyyətə uyğunlaşmağa kömək edə bilər: 1) reallığı qəbul etmək, 2) diqqətimizi gələcəyə cəmləmək, 3) fikrimizi müsbət şeylərə kökləmək və 4) başqaları üçün nəsə etməkb. Gəlin görək bu addımları atmaq bəzi bacı-qardaşlara necə kömək edib.
9. Xüsusi təyinatlı müjdəçi olan bir ər-arvad gözlənilməz çətinliklərin öhdəsindən necə gəldi?
9 Reallığı qəbul edin. Emanuele və Françeska xüsusi təyinatlı müjdəçi kimi başqa ölkəyə təyin olunmuşdular. Oranın dilini elə təzə-təzə öyrənməyə, yeni yığıncağa qaynayıb-qarışmağa başlamışdılar ki, COVID-19 pandemiyası başladı. Buna görə də onlar özlərini başqalarından fiziki cəhətdən təcrid etməli oldular. Sonra qəfildən Françeskanın anası vəfat etdi. Ailəsinin yanında olmaqdan ötrü onun ürəyi əsirdi, amma pandemiyaya görə səyahət etmək mümkün deyildi. Ürəklərinə dağ çəkən bu hadisələrə onlar necə tab gətirdilər? Əvvəla, Emanuele və Françeska birlikdə dua edib Yehovadan xahiş etdilər ki, onlara hikmət versin və onlar sabahkı günün fikrini çəkməsinlər. Yehova təqdim etdiyi ruhani qida vasitəsilə onların duasına düz vaxtında cavab verdi. Məsələn, bir qardaşın video-müsahibəsində dediyi sözlər onları ürəkləndirdi. Qardaş demişdi: «[İnsan] yeni vəziyyətlə nə qədər tez barışırsa, bir o qədər tez sevinc əldə edir, həmçinin yeni vəziyyətdən yararlana bilir»c. İkincisi, onlar qərar verdilər ki, telefon vasitəsilə daha məharətlə şahidlik versinlər, hətta onlar bir nəfərlə Müqəddəs Kitab dərsinə başladılar. Üçüncüsü, onlar bacı-qardaşların köməyini, dəstəyini qəbul etdilər və buna görə çox minnətdar idilər. Bir qayğıkeş bacı onlara qısa mesaj yazıb ayə göndərirdi. O bunu bir il ərzində hər gün etmişdi. Yaranan vəziyyətlə barışmaq bizə də kömək edəcək ki, bacardığımızı edək və bundan sevinc duyaq.
10. Bir bacı həyatında olan böyük dəyişikliyə necə uyğunlaşdı?
10 Fikrinizi gələcəyə və müsbət şeylərə cəmləyin. Kristina adlı rumın bacı Yaponiyada yaşayır. O, ingilisdilli yığıncağa gedirdi. Bu yığıncaq ləğv olunanda bacı çox məyus oldu. Amma bunu özünə dərd etmədi. O, yapondilli yığıncağa keçdi və bu dildə təbliğ etmək üçün əlindən gələni etməyə başladı. Bacı köhnə iş yoldaşından xahiş etdi ki, ona yapon dilini daha yaxşı öyrənməyə kömək etsin. Qadın Kristinaya yapon dilini Müqəddəs Kitab və «Əbədi xoşbəxt həyat!» broşürü vasitəsilə öyrətməyə razılaşdı. Bunun sayəsində Kristina yapon dilində daha yaxşı danışmağa başladı, üstəlik, qadın həqiqətə maraq göstərdi. İrəliyə və müsbət şeylərə baxanda gözlənilməz dəyişikliklər gözlənilməz nemətlərə gətirib çıxarır.
11. Bir ər-arvad maddi çətinliyin öhdəsindən necə gəldi?
11 Başqaları üçün nəsə edin. Bir ər-arvad bu sahədə gözəl nümunədir. Onlar fəaliyyətimizin qadağan olunduğu ölkədə yaşayırlar. Həmin ölkədə iqtisadi böhran olduğu üçün onlar daimi gəlir yerlərini itirdilər. Bəs bu vəziyyətə onlar necə uyğunlaşdılar? Birincisi, xərclərini azaltdılar. İkincisi isə onlar problemləri haqda çox düşünmədilər, əksinə, təbliğ edərək güclərini başqalarına kömək etməyə sərf etdilər (Həv. 20:35). Qardaş deyir: «Təbliğə çox vaxt ayırdığımız üçün mənfi şeylər barədə düşünməyə az, Yehovanın iradəsini yerinə yetirməyə isə çox vaxtımız olurdu». Həyatımızda nələrsə dəyişəndə başqalarına kömək etməyin vacibliyini unutmamalıyıq. Bunun ən yaxşı yolu isə təbliğ etməkdir.
12. Həvari Bulusun nümunəsi bizə təbliğ işində necə kömək edə bilər?
12 Təbliğdə qarşılaşdığımız insanların milliyyəti, etiqadı, fikirləri bir-birindən fərqlənir. Buna görə də biz hamıya uyğunlaşmalıyıq. Həvari Bulus bu sahədə bizim üçün gözəl nümunədir. O «digər xalqlara göndərilmiş bir həvari» idi (Rom. 11:13). Buna görə də o, yəhudilərə, yunanlara, savadlı insanlara, kəndlilərə, əsilzadələrə, padşahlara təbliğ edirdi. Bulus belə fərqli insanların ürəyinə necə yol tapırdı? O, «hər cür adam üçün hər şey» olurdu (1 Kor. 9:19—23). Bulus təbliğ etdiyi adamların haralı olduğuna, nəyə inandığına fikir verirdi və onlarla buna əsasən söhbət aparırdı. Əgər biz fərasətli olsaq və hər kəs haqda ayrı-ayrı düşünüb buna uyğun söhbət etsək, xidmətimiz daha məhsuldar olar.
BAŞQALARININ FİKRİNƏ HÖRMƏT EDİN
Dərrakəli olmağın sayəsində başqalarının fikrinə hörmət edəcəyik (13-cü abzasa baxın)
13. Başqalarının fikrinə hörmətlə yanaşmaq bizi 1 Korinflilərə 8:9 ayəsində təsvir olunan hansı bəladan qoruyacaq?
13 Dərrakəli olmaq başqalarının fikrini nəzərə almağa da kömək edir. Məsələn, bəziləri makiyaj etməyi xoşlayır, bəziləri isə xoşlamır. Bəziləri qədərində içki içməyi sevir, bəziləri isə ümumiyyətlə dilinə içki vurmur. Bütün məsihilər canlarının sağlam olmasını istəyir, amma hərə bir müalicə üsulunu seçir. Əgər məsihi ən yaxşı müalicə üsulunu seçdiyini düşünüb bunu bacı-qardaşlara da yeridirsə, kiminsə imanı sarsıla bilər və yığıncaqda parçalanma yaranar. Biz isə belə bir şeyin baş verməsini əsla istəmərik! (1 Korinflilərə 8:9 ayəsini oxuyun; 10:23, 24.) Gəlin iki vəziyyətə nəzər salaq və görək Müqəddəs Kitab prinsiplərinə əməl etmək tarazlı olmağa və sülhü qorumağa necə kömək edir.
Dərrakəli olmağın sayəsində başqalarının fikrinə hörmət edəcəyik (14-cü abzasa baxın)
14. Geyimimiz və xarici görünüşümüzlə bağlı qərar verərkən hansı Müqəddəs Kitab prinsiplərini nəzərə almalıyıq?
14 Geyim və xarici görünüş. Yehova geyim məsələsində bizi dar çərçivəyə salmayıb, sadəcə müəyyən prinsiplər verib. Biz Allahın xidmətçisinə yaraşan tərzdə geyinməliyik, görünüşümüzdən abır-həyalı, ağıllı-kamallı, dərrakəli olduğumuz görünməlidir (1 Tim. 2:9, 10; 1 But. 3:3). Biz elə geyinməməliyik ki, insanların fikri yalnız bizim geyimimizdə olsun. Müqəddəs Kitabdakı prinsiplər ağsaqqallara da kömək edəcək ki, geyim və saç düzümü ilə bağlı öz qayda-qanunlarını qoymasınlar. Məsələn, bir yığıncaqda ağsaqqallar bəzi gənc qardaşlara saç düzümü ilə bağlı kömək etmək istəyirdilər. Bu gənc qardaşlar həmyaşıdlarına baxıb qısa, amma dağınıq saç düzümü edirdilər. Ağsaqqallar qayda qoymadan onlara necə kömək edə bilərdilər? Rayon nəzarətçisi məsləhət gördü ki, ağsaqqallar həmin qardaşlara belə desinlər: «Əgər siz səhnədə olanda insanların fikri sizin dediklərinizdən çox görünüşünüzdə olursa, deməli, nəyisə dəyişmək lazımdır». Bu sadə fikir sayəsində ağsaqqallar qayda-qanun qoymadan məsələni yoluna qoydulard.
Dərrakəli olmağın sayəsində başqalarının fikrinə hörmət edəcəyik (15-ci abzasa baxın)
15. Sağlamlığımızla bağlı qərar verərkən hansı qanun və prinsiplər bizə istiqamət verə bilər? (Romalılara 14:5).
15 Sağlamlıqla bağlı qərarlar. Hər bir məsihi sağlamlığının qeydinə necə qalacağına özü qərar verməlidir (Qal. 6:5). Müqəddəs Kitabda qərarımıza təsir edəcək cəmi bir neçə qanun var. Məsələn, qandan və cindarlıqdan uzaq durmaqla bağlı qanunlar (Həv. 15:20; Qal. 5:19, 20). Qalan sahələr isə şəxsi seçim məsələsidir. Bəziləri müalicə almaq üçün yalnız və yalnız tibbi personala üz tutur. Digərləri isə başqa üsullardan istifadə edir. Hansısa müalicə üsulunun xeyirli və ya zərərli olduğuna əmin olsaq da, bacı-qardaşların seçim etmək hüququna hörmətlə yanaşmalıyıq. Bu məsələdə növbəti dörd amili yadda saxlamalıyıq: 1) Yalnız Allahın Padşahlığı bizi tam şəkildə və birdəfəlik sağaldacaq (Əşy. 33:24). 2) Hər məsihi onun üçün hansı müalicə üsulunun daha yaxşı olduğuna «tam əmin» olmalıdır. (Romalılara 14:5 ayəsini oxuyun.) 3) Biz başqalarının qərarını nə mühakimə etməliyik, nə də onların imanını sarsıdacaq bir şey etməliyik (Rom. 14:13). 4) Məsihilər bir-birilərinə məhəbbət göstərirlər və başa düşürlər ki, yığıncaqdakı birlik seçim etmək azadlığından daha üstündür (Rom. 14:15, 19, 20). Əgər bu amilləri yadda saxlasaq, bacı-qardaşlarla dostluğumuzu və yığıncaqdakı sülhü qoruyacağıq.
Dərrakəli olmağın sayəsində başqalarının fikrinə hörmət edəcəyik (16-cı abzasa baxın)
16. Ağsaqqal digər ağsaqqallarla əməkdaşlığında dərrakəli olduğunu necə göstərəcək? (Həmçinin şəkillərə baxın.)
16 Ağsaqqallar dərrakəli olmalıdırlar və bununla da başqalarına nümunə qoymalıdırlar (1 Tim. 3:2, 3). Məsələn, ağsaqqal düşünməməlidir ki, digər ağsaqqallardan böyük, yaxud təcrübəli olduğu üçün onun fikirləri həmişə qəbul olunacaq. O, bir şeyi başa düşür: müqəddəs ruh istənilən ağsaqqalın dili ilə elə bir fikir dedizdirə bilər ki, bunun sayəsində hikmətli qərar verilsin. Bundan əlavə, ola bilsin, şuranın əksəriyyətinin verdiyi qərar, hansısa ağsaqqalın ürəyincə deyil. Əgər heç bir prinsip pozulmursa, dərrakəli ağsaqqal bu qərarı dəstəkləyəcək.
DƏRRAKƏLİ OLMAĞIN GƏTİRDİYİ NEMƏTLƏR
17. Dərrakəli olmaq hansı nemətləri gətirir?
17 Dərrakəli olmağın gətirdiyi nemətlər saymaqla bitməz. Bunun sayəsində bizim bacı-qardaşlarla gözəl münasibətimiz olur, yığıncaqda sülhü qoruyuruq. Baxmayaraq ki, yığıncaqda fərqli milliyyətdən, fərqli xasiyyətdə bacı-qardaşlar var, biz bir ailə kimi Yehovaya ibadət edirik. Belə bir birliyi görmək adama ləzzət edir. Ən əsası isə sevinirik ki, dərrakəli Allahımız Yehovaya bənzəyirik.
NƏĞMƏ 90 Bir-birimizi ruhlandıraq
a Yehova və İsa Məsih dərrakəlidir, başqa sözlə, onlar güzəştə gedirlər. Onlar istəyir ki, biz də belə olaq. Əgər dərrakəliyiksə, həyatımızda baş verən dəyişikliklərə uyğunlaşmaq daha asan olacaq. İstər bu dəyişiklik səhhətimizdə olsun, istər maddi vəziyyətimizdə, istərsə də başqa sahədə. Bundan əlavə, dərrakə sayəsində yığıncaqda sülhü və birliyi qoruyacağıq.
b «Oyanın!» jurnalının 2016-cı il 4 nömrəli sayında yerləşən «Dəyişikliklərə uyğunlaş» adlı məqaləyə baxın.
c Videoya baxmaq üçün jw.org saytında axtarış xanasına «Dmitri Mixaylovla müsahibə» yazın.
d Geyim və xarici görünüşlə bağlı əlavə məlumat almaq üçün «Əbədi xoşbəxt həyat!» kitabının 52-ci dərsinə baxın.