Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w23 may s. 26—31
  • Məqsədlərinizə çata bilərsiniz

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məqsədlərinizə çata bilərsiniz
  • Gözətçi qülləsi 2023
  • Başlıqlar
  • Oxşar material
  • MOTİVASİYANIZI ARTIRIN
  • MOTİVASİYAMIZ AZ OLANDA
  • NƏSƏ YOLUNDA GETMƏSƏ DƏ, TƏSLİM OLMAYIN
  • Məqsədlər qoyun və onlara nail olun
    Gözətçi qülləsi 2022
  • Müqəddəs Kitab öyrənməsi başlamağı qarşına məqsəd qoy
    Müqəddəs ibadətimiz 2007
  • Ruhani məqsədlərinə necə çata bilərsən?
    Müqəddəs ibadətimiz 2006
  • Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun
    Gözətçi qülləsi: Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun
Əlavə
Gözətçi qülləsi 2023
w23 may s. 26—31

TƏLİM MƏQALƏSİ 24

Məqsədlərinizə çata bilərsiniz

«Gəlin yaxşı iş görməkdən yorulmayaq, çünki taqətdən düşməsək, vaxtında biçəcəyik» (QAL. 6:9).

NƏĞMƏ 84 Təbliğ işinə can yandıraq

İCMALa

1. Çoxumuzun hansı çətinliyi olur?

NƏ VAXTSA olub ki, qarşınıza ruhani məqsəd qoyasınız, amma ona çatmaqda çətinlik çəkəsiniz?b Belə vəziyyətlə çoxları üzləşib. Məsələn, Filip adlı bir qardaş məqsəd qoymuşdu ki, duaya tez-tez vaxt ayırsın və dualarını yaxşılaşdırsın. Amma o, dua etmək üçün vaxt tapmağa çətinlik çəkirdi. Erika bacının məqsədi o idi ki, təbliğ görüşlərinə vaxtında getsin. Amma o, yenə də, demək olar ki, hər görüşə gecikirdi. Tomaş dəfələrlə qarşısına məqsəd qoymuşdu ki, Müqəddəs Kitabı başdan axıra oxusun. O deyir: «Müqəddəs Kitabı oxumaq xoşuma gəlmirdi. Üç dəfə cəhd etsəm də, hər dəfə “Lavililər” kitabından o tərəfə keçə bilmirdim».

2. Məqsədimizə hələ çatmamışıqsa, nəyə görə ruhdan düşməməliyik?

2 Ola bilsin, siz də qarşınıza hansısa məqsəd qoymusunuz, amma hələ bu məqsədinizə çatmamısınız. Düşünməyin ki, daha məqsədinizə çata bilməyəcəksiniz. Ən sadə məqsədə belə çatmaq bir günün içində mümkün deyil. Bunun üçün vaxt və zəhmət çəkmək lazımdır. Məqsədinizə hələ də can atmağınız göstərir ki, Yehova ilə münasibətləriniz sizin üçün əzizdir və Onun üçün əlinizdən gələnin ən yaxşısını etmək istəyirsiniz. Yehova sizin cəhdlərinizi qiymətləndirir. Əlbəttə, O sizdən bacarığınızdan artığını gözləmir (Zəb. 103:14; Mik. 6:8). Odur ki, qarşınıza çata biləcəyiniz məqsəd qoyun. Şəraitinizi nəzərə alın. Belə bir məqsəd qoymusunuzsa, ona çatmaq üçün nə edə bilərsiniz? Gəlin bəzi tövsiyələrə nəzər salaq.

MOTİVASİYANIZI ARTIRIN

Bir oğlan yelkəni açıq olan qayıqdadır.

Motivasiyanı artırmaq üçün Yehovadan kömək istəyin (3 və 4-cü abzaslara baxın)

3. Nəyə görə motivasiya vacibdir?

3 Ruhani məqsədlərimizə çatmaqda motivasiya mühüm rol oynayır. Motivasiya olanda insanın məqsədinə doğru irəliləmək üçün güclü istəyi olur. Motivasiyanı qayığı ünvanına doğru aparan küləyə bənzətmək olar. Külək davam etsə, dənizçi mənzilbaşına çatacaq. Külək güclü əsəndə isə, o, gedəcəyi yerə daha tez çata bilər. Eynilə motivasiyamız nə qədər güclü olsa, məqsədimizə çatmaq ehtimalımız bir o qədər çox olacaq. Salvadorda yaşayan Deyvid adlı qardaş deyir: «Adamın motivasiyası olanda daha çox çalışır. Qoymursan ki, nəsə sənə məqsədinə çatmağa mane olsun». Bəs görəsən, motivasiyanı necə artırmaq olar?

4. Nə barədə dua edə bilərik? (Filippililərə 2:13). (Həmçinin şəklə baxın.)

4 Motivasiyanı artırmaq üçün Yehovadan kömək istəyin. Yehova müqəddəs ruhu ilə sizi məqsədinizə çatmağa həvəsləndirə bilər. (Filippililərə 2:13 ayəsini oxuyun.) Bəzən bilirik ki, filan şeyi etməliyik, ona görə qarşımıza məqsəd qoyuruq. Bu, yaxşıdır. Amma, ola bilsin, həmin məqsədə çatmaq üçün istəyimiz elə də güclü deyil. Uqandada yaşayan Norina adlı bir bacı ilə belə bir şey baş vermişdi. O, qarşısına məqsəd qoymuşdu ki, Müqəddəs Kitab dərsinə başlasın. Bununla belə, özünü bacarıqlı müəllim hesab etmədiyi üçün bu məqsədinə çatmağa elə də həvəsli deyildi. Bəs ona nə kömək etdi? O deyir: «Hər gün Yehovaya dua edirdim ki, Müqəddəs Kitab dərsinə başlamaq istəyimi artırsın. Dualarıma uyğun olaraq, təlim vermək qabiliyyətimi püxtələşdirməyə çalışdım. Bir neçə aydan sonra gördüm ki, indi dərs keçməyə daha çox həvəsim var. Elə həmin il mən iki Müqəddəs Kitab dərsinə başladım».

5. Məqsədimizə çatmaq həvəsimizi necə artıra bilərik?

5 Yehovanın sizdən ötrü etdikləri barədə düşünün (Zəb. 143:5). Həvari Bulus Yehovanın ona nə qədər böyük lütf göstərdiyi barədə düşünmüşdü və bu onu təşviq etmişdi ki, Yehova üçün çox iş görsün (1 Kor. 15:9, 10; 1 Tim. 1:12—14). Eynilə siz də Yehovanın sizdən ötrü etdikləri barədə nə qədər çox düşünsəniz, məqsədinizə çatmaq üçün həvəsiniz bir o qədər çox olacaq (Zəb. 116:12). Görün Hondurasda yaşayan bir bacı öncül olmaq məqsədinə necə çatmışdı. O deyir: «Yehovanın məni nə qədər çox sevdiyi barədə düşündüm. O məni Öz xalqının arasına daxil edib, mənim qeydimə qalır, məni qoruyur. Bunlar barədə düşünəndə Yehovaya sevgim artdı, öncül olmağa daha da həvəsləndim».

6. Motivasiyamızı artırmağa daha nələr kömək edə bilər?

6 Məqsədinizə çatmağın gətirəcəyi nemətlər barədə düşünün. Görün bayaq adı çəkilən Erika bacıya məqsədinə çatmağa nə kömək etmişdi. O, məqsəd qoymuşdu ki, punktual olsun. Erika deyir: «Başa düşdüm ki, təbliğ görüşünə gecikməklə çox şey itirirəm. Tez getsəm, bacı-qardaşları salamlaya, onlarla söhbət edə bilərəm. Həmçinin görüşdə səslənən gözəl tövsiyələrə qulaq asıb xidmətimi püxtələşdirə bilərəm, ondan sevinc duyaram». Erika punktual olmağın xeyri barədə düşündü və məqsədinə çatdı. Bəs məqsədinizə çatmağın sizə hansı faydası olacaq? Əgər məqsədiniz Müqəddəs Kitabı oxumaq və ya dua etməklə bağlıdırsa, düşünün ki, buna nail olsanız, Yehova ilə dostluğunuz necə möhkəmlənəcək (Zəb. 145:18, 19). Əgər məqsədiniz özünüzdə hansısa məsihi xüsusiyyəti yetişdirməkdirsə, düşünün ki, bu sizin başqaları ilə münasibətinizi necə yaxşılaşdıracaq (Kol. 3:14). Bəlkə, məqsədinizə çatmaq üçün hansı səbəblərinizin olduğu ilə bağlı bir siyahı tutasınız? Tez-tez bu siyahıya göz gəzdirin. Əvvəldə danışdığımız Tomaş deyir: «Məqsədimə çatmaq üçün səbəbim nə qədər çox olursa, təslim olmaq ehtimalım bir o qədər az olur».

7. Xulio ilə arvadına məqsədlərinə çatmağa nə kömək etdi?

7 Sizi həvəsləndirəcək insanlarla oturub-durun (Məs. 13:20). Görün Xulio və onun arvadı xidmətlərini genişləndirməklə bağlı qoyduqları məqsədə necə çatdılar. Xulio deyir: «Özümüzə elə dostlar seçdik ki, bizi məqsədimizə çatmağa təşviq etsinlər. Onlarla tez-tez bu barədə danışırdıq. Dostlarımızın əksəriyyəti artıq oxşar məqsədlərə çatmışdılar, ona görə də bizə faydalı məsləhətlər verirdilər. Həmçinin onlar maraqlanırdılar ki, planlarımız nə yerdədir və lazım olanda bizi ruhlandırırdılar».

MOTİVASİYAMIZ AZ OLANDA

Bayaqkı şəkildə olan oğlan qayıqda avar çəkir.

Məqsədinizə çatmağa çalışın (8-ci abzasa baxın)

8. Əgər yalnız həvəsimiz olan vaxt məqsədimiz üzərində işləsək, nə baş verər? (Həmçinin şəklə baxın.)

8 Düzünü desək, hamımızda elə günlər olur ki, özümüzü həvəssiz hiss edirik. Bu o deməkdir ki, həmin günlər məqsədimizə çatmağa can atmamalıyıq? Xeyr. Belə bir nümunəyə baxaq. Külək qayığın mənzilbaşına çatmasına kömək edən çox güclü bir qüvvədir. Amma külək gah güclü olur, gah da xəfif. Bəzi günlər isə ümumiyyətlə külək olmur. Bu o deməkdir ki, dənizçi elə olduğu yerdə qalacaq? Yox. Bəzi qayıqlarda mühərrik olur, bəzilərində isə avar. Dənizçi mənzilbaşına çatmaq üçün bu vasitələrdən istifadə edə bilər. Bizim də həvəsimiz külək kimi gah güclü, gah da zəif olur. Bəzi günlər isə məqsədimizə çatmaq üçün ümumiyyətlə həvəsimiz olmur. Əgər yalnız həvəsimiz olduğu günlər məqsədimizin üstündə işləsək, ona heç vaxt çatmarıq. Dənizçi mənzilbaşına çatmaq üçün başqa yollar tapdığı kimi biz də həvəsimiz olmayanda belə, məqsədimizə çatmaq üçün nəsə edə bilərik. Düzdür, bu, bəzən asan olmur, amma məqsədinizə çatanda görəcəksiniz ki, buna dəyərdi. Nə edəcəyimizi müzakirə etməzdən əvvəl gəlin yarana biləcək bir sualı araşdıraq.

9. Ürəyimiz istəməyəndə belə, məqsədimizə çatmaq üçün çalışmalıyıq? İzah edin.

9 Yehova istəyir ki, Ona sevinclə, könül xoşluğu ilə xidmət edək (Zəb. 100:2; 2 Kor. 9:7). Bəs onda könlümüzdən keçməyəndə belə, məqsədimizə çatmağa çalışmalıyıq? Həvari Bulusun nümunəsinə baxaq. O demişdi: «Bədənimə cəfa verib onu kölə kimi özümə tabe etdirirəm» (1 Kor. 9:25—27). Bulusun ürəyindən bəzən başqa cür davranmaq keçirdi, amma o özünü məcbur edirdi ki, Yehovanın bəyəndiyi kimi davransın. Bəs Yehova Bulusun xidmətindən razı idi? Sözsüz. Yehova onun zəhmətinə bərəkət verdi (2 Tim. 4:7, 8).

10. Həvəsimiz olmayanda belə, məqsədimizə can atmağın hansı faydaları var?

10 Yehova görəndə ki, biz də, həvəsimiz olmasa belə, məqsədimizə çatmağa çalışırıq, çox sevinir. Çünki bəzən görəcəyimiz işi sevməsək də, Yehovanı sevdiyimiz üçün bunu edirik. Yehova həvari Bulusu zəhmətinə görə mükafatsız qoymadı, eynilə bizi də mükafatsız qoymayacaq (Zəb. 126:5). Hətta ola bilər ki, Yehovanın verdiyi mükafatları görüb motivasiyamız artsın. Polşadan olan Lütsina bacı deyir: «Bəzən təbliğə getmək istəmirəm, ən çox da yorğun olanda. Amma təbliğə gedəndən sonra duyduğum sevincin əvəzini heç nə vermir». Beləliklə, gəlin görək motivasiyamız olmayanda nə edə bilərik.

11. Yehova özümüzə hakim olmağa necə kömək edə bilər?

11 Dua edin ki, özünüzə hakim olasınız. Özünə hakim olmaq hissləri, hərəkətləri idarə etmək bacarığıdır. Çox vaxt bu ifadə özümüzü pis şeydən çəkindirmək mənasını verir. Amma yaxşı işləri görmək üçün də özümüzə hakim olmalıyıq, xüsusilə də çətin tapşırıqları icra edəndə və ya həvəsimiz olmayanda. Bildiyimiz kimi, özünə hakim olmaq ruhun bəhrəsidir. Ona görə də Yehovadan müqəddəs ruh istəyin ki, bu xüsusiyyəti yetişdirməyə sizə kömək etsin (Luka 11:13; Qal. 5:22, 23). Bayaq adı çəkilən Deyvid deyir ki, dua ona çox kömək edib. O istəyirdi ki, fərdi mütaliəsini müntəzəm etsin. Deyvid bölüşür: «Yehovaya dua etdim, xahiş etdim ki, özümə hakim olmağıma kömək etsin. Onun köməyi ilə mən yaxşı cədvəl qurdum və mütaliəni müntəzəm etməyi bacardım».

12. Vaiz 11:4 ayəsindəki prinsip bizə məqsədimizə çatmağa necə kömək edə bilər?

12 Mükəmməl şəraitin yaranacağı vaxtı gözləməyin. Bu dünyada çətin ki belə şərait yaransın. Əgər hər şeyin mükəmməl olmasını gözləsək, məqsədimizə heç vaxt çatmarıq. (Vaiz 11:4 ayəsini oxuyun.) Deyniel adlı bir qardaş deyir: «İdeal vəziyyət yoxdur, hərəkətə keçib, ideal vəziyyəti özün yaradırsan». Uqandada yaşayan Pol adlı qardaş bunu təxirə salmamağın digər səbəbini belə açıqlayır: «Biz çətin olsa da, hərəkətə keçib başlamalıyıq ki, Yehova da bərəkət versin» (Məl. 3:10).

13. Nəyə görə xırda məqsədlərdən başlamaq daha yaxşı olar?

13 Xırda şeylərdən başlayın. Ola bilsin, həvəsimizin az olmasına səbəb qoyduğumuz məqsədə çatmağın bizə çətin görünməsidir. Əgər sizdə də belədirsə, bəlkə, qarşınıza böyük məqsədlərə aparan xırda məqsədlər qoyasınız? Məsələn, məqsədiniz özünüzdə hansısa xüsusiyyəti inkişaf etdirməkdirsə, bəlkə, bu xüsusiyyəti əvvəlcə kiçik yollarla göstərəsiniz? Əgər məqsədiniz Müqəddəs Kitabı başdan axıra qədər oxumaqdırsa, bəlkə, buna əvvəlcə qısa vaxt ayırasınız? Əvvəldə adı çəkilən Tomaş məqsəd qoymuşdu ki, Müqəddəs Kitabı bir ilə oxusun. Amma bu məqsədə çatmaq onun üçün çətin idi. O deyir: «Başa düşdüm ki, seçdiyim sürət mənim üçün həddən artıq çoxdur. Ona görə də qərara gəldim ki, yenidən başlayım, amma bu dəfə günə bir fəslin müəyyən hissəsini oxuyum və üzərində düşünüm. Nəticədə, Müqəddəs Kitabı oxumaq çox xoşuma gəldi». Tomaş mütaliədən zövq aldığı üçün getdikcə buna daha çox vaxt ayırmağa başladı. Nəhayətdə, o, Müqəddəs Kitabı axıra kimi oxuyub qurtardıc.

NƏSƏ YOLUNDA GETMƏSƏ DƏ, TƏSLİM OLMAYIN

14. Hansı vəziyyətlər məqsədimizə çatmağı çətinləşdirə bilər?

14 Əfsuslar olsun ki, nə qədər həvəsli, nizamlı olsaq da, bəzən hər şey plan üzrə getməyə bilər. Ola bilsin, qəfil iş çıxsın və məqsədimizi icra etməyə vaxt qalmasın (Vaiz 9:12). Yaxud da elə problemlə üzləşə bilərik ki, bu bizi ruhdan salar, gücümüz tükənər (Məs. 24:10). Həmçinin günahlı olduğumuz üçün hansısa yanlış hərəkətimizlə məqsədimizə çatmağı daha da çətinləşdirə bilərik (Rom. 7:23). Ya da sadəcə yorğun ola bilərik (Mət. 26:43). Bu kimi maneələrə baxmayaraq, təslim olmamağa bizə nə kömək edə bilər?

15. Məqsədinizə çatmağa mane olan nəsə baş verəndə nəyə görə təslim olmamalısınız? (Zəbur 145:14).

15 Yadda saxlayın ki, məqsədinizə çatmağa nəyinsə mane olması o demək deyil ki, daha sizdə alınmayacaq. Müqəddəs Kitabda yazılıb ki, biz tez-tez problemlərlə üzləşə bilərik. Amma orada, həmçinin yazılıb ki, xüsusilə də Yehovanın köməyi ilə biz ayağa qalxa bilərik. (Zəbur 145:14 ayəsini oxuyun.) Bayaq adı çəkilən Filip qardaş belə bir fikir deyir: «Mən məqsədimə çatmadığım vaxtları uğursuzluq hesab etmirəm. Mənim üçün önəmli olan neçə dəfə relsə düşməyi bacarmağımdır». Əvvəldə adı çəkilən Deyvid isə belə deyir: «Hər şey plan üzrə getməyəndə çalışıram, buna maneə kimi yox, Yehovaya sevgimi sübut etmək imkanı kimi baxım». Bəli, nəsə mane olsa da, məqsədinizə çatmağa çalışanda göstərirsiniz ki, Yehovanı razı salmaq istəyirsiniz. Yehova da sizin təslim olmadığınızı görəndə təsəvvürəgəlməz dərəcədə sevinir.

16. Nəsə məqsədinizə çatmağa mane olanda bundan hansı nəticəni çıxara bilərsiniz?

16 Nəsə məqsədinizə çatmağa mane olanda bundan nəticə çıxarın. Düşünün, bu nəyə görə baş verdi? Nəsə edə bilərəm ki, gələn dəfə eyni şey təkrarlanmasın? (Məs. 27:12). Bəzən isə məqsədinizə çata bilməməyiniz göstərir ki, qoyduğunuz məqsəd real deyil. Bəlkə, sizin də məqsədiniz belə bir məqsəddir? Onda ona çatmağın sizin üçün hələ də real olub-olmadığını götür-qoy edind. Sizin üçün əlçatmaz olan məqsəddən vaz keçdiyiniz üçün düşünməyin ki, Yehovanın gözündən düşəcəksiniz (2 Kor. 8:12).

17. Nəyə görə nail olduğumuz məqsədləri unutmamalıyıq?

17 Nail olduğunuz məqsədlər barədə düşünün. Müqəddəs Kitabda yazılıb: «Allah ədalətsiz deyil ki,.. çəkdiyiniz zəhməti unutsun» (İbr. 6:10). Siz də unutmamalısınız. İndiyə kimi çatdığınız məqsədləri yadınıza salın. Məsələn, Yehova ilə dost olmusunuz, başqalarına Onun haqqında danışırsınız, vəftiz olunmusunuz və ya başqa hansısa məqsədinizə çatmısınız. İndiyə qədər addım-addım məqsədlərinizə çatdığınız kimi indən belə də hazırkı məqsədinizə çata bilərsiniz (Filip. 3:16).

Bayaq qayıqda olan oğlan günəşin qürubunda delfinlərin suya baş vurduğuna tamaşa edir.

Səyahətdən zövq alın (18-ci abzasa baxın)

18. Məqsədimizə doğru irəliləyərkən nəyi unutmamalıyıq? (Həmçinin şəklə baxın.)

18 Nəhayətdə, dənizçi mənzilbaşına çatdığı kimi siz də Yehovanın köməyi ilə məqsədinizə çata bilərsiniz. Amma unutmayın ki, dənizçilərin çoxu səyahətin özündən də zövq alır. Siz də məqsədinizə aparan səyahətdən sevinc duymaq üçün yol boyu Yehovanın sizə necə dayaq olduğunu görməyə çalışın (2 Kor. 4:7). Təslim olmasanız, daha da böyük nemətlər alacaqsınız (Qal. 6:9).

MƏQSƏDİMİZƏ DOĞRU İRƏLİLƏYƏRKƏN...

  • motivasiyamızı necə artıra bilərik?

  • motivasiyamız az olanda nə edə bilərik?

  • nəsə ona çatmağa mane olanda nə edə bilərik?

NƏĞMƏ 126 Oyaq qalın, mərd olun, möhkəmlənin

a Biz tez-tez qarşımıza ruhani məqsədlər qoymağa təşviq olunuruq. Bəs qarşımıza məqsəd qoysaq da, ona çata bilmiriksə, bu zaman nə etməliyik? Məqalədə məqsədimizə çatmağa kömək edəcək bəzi tövsiyələr var.

b BƏZİ İFADƏLƏRİN İZAHI. Ruhani məqsəd deyiləndə Yehovaya daha çox xidmət etmək və Onun qəlbini sevindirmək üçün can atdığımız hər bir şey nəzərdə tutulur. Məqsədimiz hansısa məsihi xüsusiyyətini yetişdirmək və ya ibadətimizlə bağlı hansısa sahəni, məsələn, Müqəddəs Kitabı oxumağı, fərdi mütaliəni, ya da sahə xidmətini yaxşılaşdırmaq ola bilər.

c «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabının 10-cu səhifəsində yerləşən 4-cü abzasa baxın.

d Ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2008-ci il 15 iyul sayında yerləşən «Əlçatan məqsədlərə can at və sevincini qoru» adlı məqaləyə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş