ƏLAVƏLƏR
Allahın adının mə’nası və istifadə edilməsi
SİZİN Müqəddəs Kitabınızda Yeşaya 42:8 ayəsi necə tərcümə edilib? «Kitabı Mukaddes»də bu ayə belə tərcümə olunub: «Mən Yehovayam, ismim odur; və izzətimi bir başqasına və həmdimi oyma bütlərə verməyəcəyəm». Bu ayə bə’zi başqa tərcümələrdə, məsələn, «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ndə buna bənzər şəkildə tərcümə edilib. Lakin Müqəddəs Kitabın bir çox tərcümələrindən Yehova adı götürülmüş, «Rəbb», «Allah» və ya «Xudavənd» titulları ilə əvəz edilmişdir. Hansı tərcümə doğrudur? Bu ayədə hansı istifadə edilməlidir: titul, yoxsa Yehova adı?
Allahın adının ibrani hərfləri ilə yazılışı.
Bu ayədə addan bəhs edilir. Orijinal mətninin çox hissəsi qədim ibrani dilində olan Müqəddəs Kitabın bu yerində, bənzəri olmayan xüsusi ad durur. O, dörd ibrani hərfindən יהוה (YHVH) ibarətdir. Bu ad Azərbaycan dilinə adətən «Yehova» kimi tərcümə edilir. Bəs bu ad Müqəddəs Kitabın başqa ayələrində də istifadə edilirmi? Bəli, İbranicə Müqəddəs Yazıların orijinal mətnində bu ada təxminən 7 000 dəfə rast gəlinir!
Allahın adı nə dərəcədə vacibdir? İsa Məsihin nümunəvi duasını nəzərdən keçirək. Dua bu sözlərlə başlayır: «Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun» (Matta 6:9). İsa, həmçinin dua etmişdi: «Ey Ata, adını izzətləndir!» Cavab olaraq, göydən Allahın səsi eşidildi: «Həm izzətləndirdim, həm də izzətləndirəcəyəm» (Yəhya 12:28). Göründüyü kimi, Allahın adı böyük mə’na daşıyır. Bəs nə üçün bir çox Müqəddəs Kitab tərcüməçiləri bu adı titullarla əvəz etmişlər?
Bunun iki əsas səbəbi var. Birincisi, bir çoxları düşünürlər ki, bu gün Allahın adının düzgün tələffüzü mə’lum olmadığı üçün onu istifadə etmək lazım deyil. Qədim ibrani əlifbasında sait hərflər yox idi. Buna görə də, Müqəddəs Kitabın yazıldığı dövrdə «YHVH»nın necə tələffüz edildiyini bu gün heç kim dəqiq bilmir. Bəs bu o deməkdirmi ki, Allahın adını istifadə etməməliyik? İsanın da adının necə tələffüz edildiyi dəqiq mə’lum deyil. Müqəddəs Kitabın yazıldığı dövrdə, ola bilsin, bu ad «Yeşua» və ya «Yehoşua» kimi tələffüz edilirdi. Bizim günlərdə isə, bütün dünyada insanlar İsanın adını müxtəlif cür — öz dillərində qəbul olunan formada tələffüz edirlər. Onlar İsanın adının I əsrdə necə tələffüz edildiyini bilmədiklərinə baxmayaraq, bu adı istifadə edirlər. Əgər xarici bir ölkəyə getsəniz, adınızın oradakı insanların dilində başqa cür tələffüz edildiyini görəcəksiniz. Buna görə də, Allahın adının qədimdə necə tələffüz olunduğunu bilməmək, bu adı istifadə etməməyə səbəb deyil.
İkincisi, Müqəddəs Kitabın bə’zi tərcümələrində Allahın adının istifadə edilməməsi qədim ibrani ən’ənəsi ilə əlaqəlidir. Yəhudilərin əksəriyyəti inanır ki, Allahın adını tələffüz etmək olmaz. Görünür, bu cür təsəvvür Müqəddəs Kitabın növbəti əmrinin yanlış başa düşülməsindən irəli gəlir: «Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz» (Çıxış 20:7).
Bu əmr Allahın adının nalayiq şəkildə istifadə edilməsini qadağan edir. Bəs bu, Onun adının hörmətcil formada istifadə edilməsini qadağan edirmi? Qətiyyən yox! İbranicə Müqəddəs Yazıları (Əhdi-Ətiq) yazanlar Allahın İsrail xalqına verdiyi Qanuna əməl edən imanlı insanlar olmuşlar. Onların hamısı Allahın adını tez-tez istifadə edirdilər. Məsələn, bu ada Yehovanın xidmətçilərinin xor şəklində oxuduqları məzmurların bir çoxunda rast gəlinir. Bundan əlavə, Yehova Öz xidmətçilərinə Onun adını çağırmağı əmr etmişdi və Onun sadiq xidmətçiləri bu əmrə riayət edirdilər (Yoel 2:32; Həvarilərin işləri 2:21). Bu gün də həqiqi məsihçilər Allahın adına ehtiram göstərir və İsa kimi, onu istifadə etməkdən çəkinmirlər (Yəhya 17:26).
Müqəddəs Kitab tərcüməçiləri Allahın adını titullarla əvəz etməklə böyük səhvə yol verirlər. Çünki insanlar Allahın adı olmayan Müqəddəs Kitabı oxuyanda, Allah onlar üçün yad və mücərrəd olur. Müqəddəs Kitab isə, bizi Yehova ilə dostluğa səsləyir (Süleymanın məsəlləri 3:32). Yaxın dostunuz haqqında düşünün: əgər siz onun adını bilməsəydiniz, onunla yaxın münasibətlər qura bilərdinizmi? Bunun kimi, əgər Allahın Yehova adı insanlar üçün gizli qalarsa, onlar Onunla necə yaxın dostluq münasibətləri qura bilərlər? Üstəlik, insanlar Allahın adını istifadə etmədikdə, bu adın nə qədər böyük mə’na daşıdığını anlamırlar. Bəs Allahın adının mə’nası nədir?
Allah Öz adının mə’nasını sadiq peyğəmbəri Musaya izah etdi. Musa Allahın adını soruşanda, Yehova dedi: «Var Olan Mənəm» (Çıxış 3:14). «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ndə bu hissə belə səslənir: «Mən olmaq istədiyim kəs olacağam». Bəli, Yehova Öz niyyətlərini həyata keçirmək üçün lazım olan şəxs ola bilər.
Təsəvvür edin ki, siz kim istəsəniz ola bilərsiniz. O zaman dostlarınız üçün nə edərdiniz? Onlardan biri ağır xəstələnsəydi, siz bacarıqlı həkim olub onu sağaldardınız. Digər dostunuz bütün varını itirsəydi, imkanlı xeyriyyəçi olub onun itirdiklərinin əvəzini ödəyərdiniz. Ancaq hamımızda olduğu kimi, sizin də imkanlarınız məhduddur. Müqəddəs Kitabı öyrəndikcə, Yehovanın Öz niyyətlərini həyata keçirmək üçün lazım olan Şəxs olduğunu görəcəksiniz. O Öz gücünü Onu sevənlərin rifahı üçün istifadə etməyə hazırdır (2 Salnamələr 16:9). Yehovanın şəxsiyyətinin belə gözəl yönləri Onun adını bilməyənlərə qaranlıq qalır.
Yehova adının Müqəddəs Kitabda istifadə edilməsinin vacibliyi tamamilə aydındır. Bu adın mə’nasını bilmək və onu ibadətimizdə çəkinmədən istifadə etmək səmavi Atamız Yehovaya yaxınlaşmağımıza kömək edəcəka.
a Allahın adına, mə’nasına və həmçinin onu istifadə etməyin nə üçün vacib olduğuna dair daha ətraflı mə’lumatı Yehovanın Şahidləri tərəfindən dərc olunan «Allahın adı əbədiyyən mövcud olacaq» broşürasından və «Ən böyük ad» traktatından əldə etmək olar.