VƏFTİZ OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN SUALLAR
II Hissə. Məsihi həyatı
Müqəddəs Kitabdan Yehovanın səndən nə tələb etdiyini və bu tələblərə cavab vermək üçün nə etməli olduğunu öyrəndin. Aldığın biliklərə uyğun olaraq, ola bilsin, davranışında və həyata baxışında dəyişikliklər etməli olmusan. İndi sən Yehovanın salehlik normalarına uyğun yaşamaq qətiyyətindəsən, buna görə də xoş xəbərin müjdəçisi olmağa hazırsan.
Aşağıdakı sualları nəzərdən keçirməyin sayəsində Yehovanın salehlik normaları yaddaşına həkk olunacaq və Onun bəyəndiyi xidmətçi olmaq üçün etməli olduğun bəzi şeylər yadına düşəcək. Bu material sənə hər şeyi təmiz vicdanla və Yehovanı şərəfləndirmək üçün etməyin vacibliyini aydın şəkildə göstərəcək (2 Kor. 1:12; 1 Tim. 1:19; 1 But. 3:16, 21).
Bunu biləndən sonra, şübhəsiz, səndə Yehovanın hakimiyyətinə tabe olmaq və Onun təşkilatının sırasına qoşulmaq istəyi yaranıb. Növbəti sualların və Müqəddəs Kitab ayələrinin köməyilə sən Yehovanın yığıncaqla, ailə ilə və bu dünyanın siyasi sistemləri ilə bağlı quruluşuna tabeçilik məsələsini nə dərəcədə başa düşdüyünü yoxlaya biləcəksən. Yehovanın Öz xalqını ruhani cəhətdən maarifləndirdiyinə və möhkəmləndirdiyinə görə minnətdarlığın artacaq. İmkan daxilində yığıncaqlara gedib oradakı müzakirələrdə iştirak etdikcə minnətdarlığın birə-beş artacaq.
Bundan əlavə, bu hissədə diqqət Padşahlıq haqda müjdəni müntəzəm olaraq təbliğ etməyin, başqalarına Yehovanı tanımağa və Onun bəşəriyyət üçün gördüyü işlər barədə öyrənməyə kömək etməyin vacibliyinə yönəldilib (Mət. 24:14; 28:19, 20). Nəhayət, sən həyatını Yehovaya həsr etməyin və vəftiz olmağın nə dərəcədə ciddi bir addım olduğunu dərk edəcəksən. Əmin ola bilərsən ki, Yehova Onun sənə göstərdiyi lütfə səmimi-qəlbdən hay verməyini çox qiymətləndirir.
1. Allahın nikahla bağlı tələbi nədir? Müqəddəs Kitaba əsasən, boşanmaq üçün yeganə səbəb nədir?
• «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb və belə deyib: “Buna görə də insan öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq”? Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın ...Kim arvadını əxlaqsızlıq etdiyinə görə deyil, başqa səbəbə görə boşayıb özgəsi ilə evlənirsə, zina edir» (Mət. 19:4—6, 9).
2. Nəyə görə ər-arvad kimi yaşayan iki nəfər dövlətin qanunlarına əsasən nikahda olmalıdır? Əgər evlisənsə, nikahın rəsmi qeydiyyata alınıb və dövlət tərəfindən tanınır?
• «Daima onlara xatırlat ki, hakimiyyətə və hökumətə tabe olsunlar, itaət etsinlər» (Tit. 3:1).
• «Qoy hər kəs nikaha hörmət etsin və nikah yatağı ləkəsiz olsun, çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək» (İbr. 13:4).
3. Ailədə hansı vəzifəni daşıyırsan?
• «Oğlum, atanın tərbiyəsinə qulaq as, ananın öyüd-nəsihətini rədd etmə» (Məs. 1:8).
• «Məsih yığıncağın başı... olduğu kimi, ər də arvadının başıdır. Ərlər, arvadlarınızı həmişə sevin, necə ki Məsih də yığıncağı sevdi» (Efes. 5:23, 25).
• «Atalar, uşaqlarınızı qəzəbləndirməyin, onları Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə böyüdün» (Efes. 6:4).
• «Ey uşaqlar, hər şeydə valideynlərinizin sözünə qulaq asın, çünki bu, Ağaya xoş gedir» (Kol. 3:20).
• «Ey qadınlar, ərlərinizə tabe olun» (1 But. 3:1).
4. Nəyə görə həyat ənamına hörmət etmək lazımdır?
• «[Allah] hamıya həyat, nəfəs — hər şey verir. Biz Onun sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq» (Həv. 17:25, 28).
5. Nəyə görə ana bətnindəki körpə də daxil olmaqla, heç kimi öldürməməliyik?
• «Kişilər dalaşanda hamilə qadına zərbə dəyərsə və... ölüm olarsa, onda can əvəzinə can verilməlidir» (Çıx. 21:22, 23).
• «Gözlərin rüşeymimi görmüşdü. Hələ heç biri yox ikən bədənimin bütün hissələri, onların əmələ gələcəyi günlər Sənin kitabında yazılmışdı» (Zəb. 139:16).
• «[Yehova]... ikrah edir: ...günahsız qan tökən əllər» (Məs. 6:16, 17).
6. Allah qanla bağlı nə əmr edib?
• «Qandan, boğulmuş heyvan ətindən... uzaq durun» (Həv. 15:29).
7. İman bacı-qardaşlarımızı niyə sevməliyik?
• «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Bir-birinizi mən sizi sevdiyim kimi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:34, 35).
8. Nəyə görə yoluxucu və ya ölümcül xəstəliyə tutulmuş insan başqalarını yoluxdurmamaq üçün a) görüşərkən qucaqlaşıb-öpüşməyəcək, b) kimsə onu qonaq dəvət etməyəndə inciməyəcək? c) Nəyə görə əvvəllər yoluxucu xəstəliyə tutulmaq riski olan şəxsin ailə qurmaq məqsədilə görüşməyə başlamazdan qabaq qan analizi verməsi yaxşı olardı? ç) Nə üçün yoluxucu xəstəliyi olan adam vəftiz olunmamışdan öncə, bu barədə ağsaqqallar şurasının koordinatoruna xəbər verməlidir?
• «Bir-birinizə məhəbbətdən başqa borcunuz olmasın... “Başqasını özünü sevdiyin kimi sev”. Sevən adam başqasına pislik etməz» (Rom. 13:8—10).
• «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filip. 2:4).
9. Nəyə görə Yehova başqalarını bağışlamağımızı istəyir?
• «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız» (Kol. 3:13).
10. Dindaşın sənə böhtan atanda və fırıldaq gələndə nə etməlisən?
• «Əgər kimsə sənə qarşı bir günah iş tutsa, get onunla təklikdə danış, günahını üzünə de. Əgər sənə qulaq assa, onu qazandın. İşdir, qulaq asmasa, özünlə bir və ya iki nəfər götür ki, məsələ iki və ya üç şahidin dili ilə təsdiq olunsun. Əgər onlara qulaq asmasa, məsələni yığıncağa danış. Əgər yığıncağa da qulaq asmasa, qoy o adam sənin üçün bir bütpərəst və ya vergiyığan kimi olsun» (Mət. 18:15—17).
11. Aşağıdakı günahlara Yehova necə baxır?
▪ Əxlaqsızlıq
▪ İbadətdə surət və rəmzlərdən istifadə
▪ Homoseksualizm
▪ Oğurluq
▪ Qumar
▪ İçki düşkünlüyü
• «Aldanmayın. Nə əxlaqsızlar, nə bütpərəstlər, nə zinakarlar, nə kişi fahişələr, nə kişibazlar, nə oğrular, nə tamahkarlar, nə içki düşkünləri, nə təhqiramiz danışanlar, nə də soyğunçular Allahın Padşahlığına girməyəcəklər» (1 Kor. 6:9, 10).
12. Nikahdankənar cinsi əlaqə də daxil olmaqla, əxlaqsızlığın müxtəlif növlərinə qarşı nə etmək əzmindəsən?
• «Əxlaqsızlıqdan qaçın» (1 Kor. 6:18).
13. Nə üçün məsihilər asılılıq yaradan və ya beyinə təsir edən preparatlardan qeyri-tibbi məqsədlərlə istifadə etməməlidirlər?
• «Buna görə də qardaşlar, Allahın mərhəməti naminə sizə yalvarıram: bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin. Bu yolla siz ağılla ibadət etmiş olacaqsınız. Bundan sonra bu zəmanəyə uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin ki, Allahın yaxşı, xoş və kamil iradəsini dərk edəsiniz» (Rom. 12:1, 2).
14. Allah hansı cin-şeytan əməllərini qadağan edir?
• «Aranızda... rəmmal, sehrbaz, fala baxan, cadugər, ovsunçu, cindar yanına gedən, gələcəyi deyən, ölüləri çağıran olmamalıdır» (Qan. 18:10, 11).
15. Ciddi günah etmiş insan yenidən Yehovanın lütfünü qazanmaq istəyirsə, yubanmadan nə etməlidir?
• «Günahımı Sənə etiraf etdim, təqsirimi gizlətmədim. Dedim: “Yehovaya günahlarımı açım”» (Zəb. 32:5).
• «Aranızda naxoş olan varmı? Qoy yığıncağın ağsaqqallarını çağırsın. Onlar Yehovanın adı ilə onun başına yağ sürtüb onun üçün dua edərlər. İmanla edilən dua naxoş olanı sağaldacaq və Yehova onu ayağa qaldıracaq. Əgər günah işləyibsə, təqsiri bağışlanacaq» (Yaq. 5:14, 15).
16. Dindaşının ciddi günaha yol verdiyini bilirsənsə, nə etməlisən?
• «Əgər kimsə hansısa günahın şahidi olar, bununla bağlı nə isə bilər və ya görərsə, amma şəhadət vermək üçün çağırış olanda bildiyini açıb deməzsə, günahına görə cavab verməli olacaq» (Lav. 5:1).
17. Bir nəfərin artıq Yehovanın Şahidi olmadığı elan olunarsa, onunla necə rəftar etməlisən?
• «İndi isə sizə yazıram ki, özünü qardaş adlandırıb əxlaqsızlıq edən, acgöz, bütpərəst, içki düşkünü olan, təhqiramiz danışan və ya soyğunçuluq edənlə daha oturub-durmayasınız, beləsi ilə hətta bir süfrəyə də əyləşməyəsiniz» (1 Kor. 5:11).
• «Əgər kimsə sizə bu təlimlə gəlmirsə, onu evinizə buraxmayın və salamlamayın» (2 Yəh. 10).
18. Nəyə görə Yehovanı sevənlərlə yaxın dost olmalısan?
• «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Məs. 13:20).
• «Aldanmayın! Pis dostlar yaxşı əxlaqı pozur» (1 Kor. 15:33).
19. Nəyə görə Yehovanın Şahidləri siyasətə qarışmır?
• «Onlar da mənim [İsa] kimi dünyaya məxsus deyillər» (Yəh. 17:16).
20. Nəyə görə hökumətə tabe olmalısan?
• «Qoy hər kəs hökumətə tabe olsun, çünki Allahın izni olmadan heç bir hökumət mövcud ola bilməz. Bu hökumətlər Allahın onlara ayırdığı yeri tuturlar» (Rom. 13:1).
21. Dövlətin qanunu Allahın qanununa zidd gedəndə nə etməlisən?
• «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həv. 5:29).
22. İş axtararkən hansı ayələr sənə dünyadan ayrı durmağa kömək edə bilər?
• «Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər» (Mik. 4:3).
• «Ey xalqım, ondan [Böyük Babildən] çıxın ki, onun günahlarına şərik olmayasınız və onun başına gələcək bəlalar sizin başınıza gəlməsin» (Vəhy 18:4).
23. Hansı istirahət və əyləncə növlərini seçirsən, hansıları rədd edirsən?
• «Yehova... zorakılığı sevənlərə nifrət edir» (Zəb. 11:5).
• «Pislikdən ikrah edin, yaxşılığa sarılın» (Rom. 12:9).
• «Doğru, vacib, saleh, pak, sevilməli, şərəfli, nəcib, tərifəlayiq nə varsa, bunlar haqda düşünün» (Filip. 4:8).
24. Nəyə görə Yehovanın Şahidləri başqa dini qrupların ibadətinə qoşulmur?
• «Siz həm “Yehovanın süfrəsindən”, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz» (1 Kor. 10:21).
• «Yehova belə deyir: “...Onların arasından çıxın, ayrılın və bir də murdar şeylərə toxunmayın”, “və Mən sizi qəbul edəcəyəm”» (2 Kor. 6:17).
25. Hansı prinsiplər əsasında bayram və mərasimlərdə iştirak edib-etməməyə qərar verə bilərsən?
• «Başqa xalqlarla qaynayıb-qarışdılar, onların adətlərini götürdülər. Onların bütlərinə sitayiş etdilər, bu, onlara tələ oldu» (Zəb. 106:35, 36).
• «Ölülər heç nə bilmir» (Vaiz 9:5).
• «Onlar da mənim kimi dünyaya məxsus deyillər» (Yəh. 17:16).
• «Siz keçmişdə xalqların istəyi ilə oturub-durur, azğın hərəkətlərə, əyyaşlığa, kef məclislərinə, sərxoşluğa və mənfur bütpərəstliyə qurşanırdınız» (1 But. 4:3).
26. Müqəddəs Kitabdakı nümunələr ad gününü qeyd edib-etməməyə qərar verməkdə sənə necə kömək edir?
• «Bu hadisənin üçüncü günü fironun ad günü idi. O, bütün əyan-əşrəfi üçün ziyafət qurmuşdu. Firon baş saqi ilə baş çörəkçini zindandan çıxartdırıb hamının önünə gətizdirdi. Baş saqini əvvəlki vəzifəsinə qaytardı... Çörəkçini isə asdırdı» (Yar. 40:20—22).
• «Hirodun ad günü qeyd ediləndə Hirodiadanın qızı məclisdə rəqs etdi. Hirod qızın rəqsini elə bəyəndi ki, ona istədiyi hər şeyi verəcəyinə and içdi. Onda qız anasının öyrətdiyi kimi belə dedi: “Vəftizçi Yəhyanın başını sinidə mənə ver”. O, zindana adam göndərib Yəhyanın boynunu vurdurdu» (Mət. 14:6—8, 10).
27. Ağsaqqalların göstərişinə nə üçün riayət etmək istəyirsən?
• «Sizə rəhbərlik edənlərə itaət edin, onlara tabe olun, axı onlar hesabat verəcək adamlar kimi gecə-gündüz sizin qeydinizə qalırlar. Qoyun onlar bunu ah-zarla yox, sevinclə etsinlər ki, sizə zərər dəyməsin» (İbr. 13:17).
28. Nəyə görə Müqəddəs Kitabı oxuyub araşdırmağa müntəzəm vaxt ayırmaq həm sənin, həm də ailən üçün vacibdir?
• «O, Yehovanın qanunundan həzz alır, gecə-gündüz Onun qanununun dərinliyinə varır. O, axar sular kənarında əkilmiş, barını mövsümündə verən ağactək olar, yarpaqları solmaz, hər işində uğur qazanar» (Zəb. 1:2, 3).
29. Nəyə görə ibadət görüşlərinə gəlmək və iştirak etmək sənə xoşdur?
• «Sənin adını qardaşlarıma bildirəcəyəm, toplantı içində Səni mədh edəcəyəm» (Zəb. 22:22).
• «Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, bir-birimizi ruhlandıraq və o günün yaxınlaşdığını gördükcə bunları daha çox edək» (İbr. 10:24, 25).
30. İsa Məsihin bizə tapşırdığı ən vacib iş hansıdır?
• «Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın, onları... vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mət. 28:19, 20).
31. Hansı əvhali-ruhiyyə ilə Padşahlıq işinə ianə edəndə və ya bacı-qardaşlarımıza kömək edəndə Yehova bizdən razı qalır?
• «Sərvətinlə... Yehovanı şərəfləndir» (Məs. 3:9).
• «Qoy hər kəs ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin, axı Allah gülərüzlə verəni sevir» (2 Kor. 9:7).
32. Məsihilər hansı çətinliklərlə üzləşəcəklərini bilirlər?
• «Salehlik yolunda təqib olunanlar xoşbəxtdir, çünki səmavi Padşahlıq onlarındır. Mənə görə insanlar sizi təhqir və təqib edəndə, sizin haqqınızda hər cür yalan və pis söz danışanda siz necə də xoşbəxtsiniz! Sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı sizdən əvvəl peyğəmbərləri də belə təqib etmişlər» (Mət. 5:10—12).
33. Nə üçün Yehovanın Şahidi kimi vəftiz olunmaq böyük şərəfdir?
• «Sözlərini tapıb yedim. Sözün mənə sevinc verdi, ürəyimə şadlıq gətirdi. Çünki mən Sənin adını daşıyıram, ey ordular Allahı Yehova» (Ərm. 15:16).