Siz Allahı sevindirə bilərsiniz
BİZ Allahın hisslərinə necəsə tə’sir göstərə bilərikmi? Allahda sevinmək qabiliyyəti varmı? Bir lüğətdə Allah xüsusilə “dünyanı yaradan yüksək qeyri-maddi qüvvə” kimi müəyyən olunur. Əgər Allahın sadəcə şəxsiyyətə malik olmayan bir qüvvə olduğunu düşünsək, onda Onun sevinməyə qabil olduğunu güman etmək olarmı? Əsla. Lakin görün Müqəddəs Kitabda Allah haqqında nə deyilir.
İsa Məsih demişdir ki, “Allah ruhdur” (Yəhya 4:24). Ruh — insan həyatından fərqli olan həyat formasıdır. Ruh insanlar üçün görünməz olsa da, Onun ruhani bədəni var (1 Korinflilərə 15:44; Yəhya 1:18). Müqəddəs Kitaba əsasən, məcazi mə’nada desək, Allahın gözləri, qulaqları və əlləri vara. Allahın həmçinin adı da var. Onun adı Yehovadır (Çıxış 15:3). Buna görə də, Müqəddəs Kitabda haqqında danışılan Allah — ruhani şəxsiyyətdir (İbranilərə 9:24). “Hay olan [yaşayan] Allah və əbədi Padşah odur” (Yeremya 10:10).
Yehova real, diri şəxsiyyət olduğu üçün, düşünməyə və hərəkət etməyə qadirdir. O, müəyyən xüsusiyyətlərə və hisslərə malikdir, Onun xoşuna gələn və gəlməyən şeylər mövcuddur. Müqəddəs Kitabda çox vaxt Onu məmnun edən və ya kədərləndirən şeylərdən danışılır. İnsanların düzəltdiyi tanrılar və bütlər sadəcə olaraq onları yaradanlara xas olan xüsusiyyətləri əks etdirdikləri halda, hər şeyə qadir olan Yehova Allah insanlara qoyduğu emosiyaların Yaradıcısıdır (Təkvin 1:27; İşaya 44:7-11).
Yehova, şübhəsiz ki, “xoşbəxt Allah”dır (1 Timoteyə 1:11, YD). O, yalnız yaratdıqlarından deyil, Öz niyyətlərinin həyata keçirilməsindən də məmnunluq hissi duyur. İşaya peyğəmbərin vasitəsilə Yehova bəyan edir: “Bütün muradımı yerinə yetirəcəyəm. [...] Mən söylədim və yerinə yetirəcəyəm; mən qərarlaşdırdım və onu edəcəyəm” (İşaya 46:9-11). Məzmurçu oxuyurdu: “Rəbb işlərilə sevinsin” (Məzmur 104:31). Amma Allaha sevinc gətirən daha bir şey də var. O deyir: “Oğlum, hikmətli ol və ürəyimi sevindir” (Süleymanın məsəlləri 27:11). Bir anlığa bunun nə demək olduğunu düşünün — biz Allahı sevindirə bilərik!
Biz Allahın ürəyini necə sevindirə bilərik?
Tayfa başçısı Nuhun Yehovanın ürəyini necə sevindirdiyini nəzərdən keçirək. Bu insan “Rəbbin gözündə inayət tapdı”, çünki “öz dövründə nöqsansız idi”. Nuh öz dövrünün günaha batmış müasirlərinə qətiyyən oxşamırdı. Nuhun imanı və itaətkarlığı Allahı o qədər sevindirirdi ki, onun haqqında “Nuh Allah ilə yeriyirdi” demək olardı (Təkvin 6:6, 8, 9, 22). “Nuh iman vasitəsilə... öz ailəsini xilas etmək üçün ixlaskarlıqla gəmi hazırladı” (İbranilərə 11:7). Yehova Nuhdan razı idi və bəşər tarixinin həmin narahat dövründə onun və ailəsinin həyatını qorumaqla onlara xeyir-dua verdi.
Yehovanın hisslərini və düşüncə tərzini tayfa başçısı İbrahim də gözəl başa düşürdü. Bu, Yehovanın Sodom və Homorra şəhərlərini pozğunluğuna görə məhv edəcəyini İbrahimə deməsindən aydın görünür. İbrahim Yehovanı kifayət qədər yaxşı tanıyırdı, buna görə də başa düşürdü ki, Allah heç zaman salehi pislə bərabər məhv etməz (Təkvin 18:17-33). İllər keçdikdən sonra, İbrahim Allahın əmrinə itaət edərək, demək olar ki, “İshaqı qurban olaraq təqdim etdi”, çünki “O, Allahı İshaqı ölümdən diriltməyə qadir saydı” (İbranilərə 11:17-19; Təkvin 22:1-18). İbrahim Allahın hisslərini o qədər yaxşı başa düşür və elə güclü imana malik və itaətkar idi ki, “Allahın dostu” adlanmışdı (Yaqub 2:23).
Allahın ürəyini sevindirməyə çalışan daha bir insan — qədim İsrailin padşahı Davud idi. Yehova onun haqqında demişdir: “Ürəyimə görə bir adamı, İşay [Yesse] oğlu Davudu tapdım; bütün arzularımı o, yerinə yetirəcəkdir” (Həvarilərin işləri 13:22). Davud nəhəng Qolyatla qarşılaşmazdan əvvəl bütünlüklə Allaha bel bağlamış və İsrailin padşahı Şaula demişdir: “Aslan pəncəsindən və ayı pəncəsindən məni qurtaran Rəbb, bu Filistimlinin əlindən də məni qurtaracaqdır”. Yehova, Ona bel bağladığına görə Davuda xeyir-dua verdi və Qolyatı öldürməkdə ona kömək etdi (1 Samuel 17:37, 45-54). Davud nəinki əməllərinin, həm də ‘ağzının sözlərinin və ürəyinin düşüncəsinin’ də Yehovaya məqbul olmasını istəyirdi (Məzmur 19:14).
Bəs bizim haqqımızda nə demək olar? Yehovanı biz necə məmnun edə bilərik? Allahın hisslərini nə qədər yaxşı anlasaq, Onun ürəyini sevindirmək üçün nə edə biləcəyimizi müəyyən etmək də bir o qədər asan olacaqdır. Buna görə də, Müqəddəs Kitabı oxuyarkən Allahın hissləri haqqında daha çox öyrənməyə çalışmaq vacibdir ki, “tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavrayaq ki, Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salaq” (Koloslulara 1:9, 10). Bilik isə öz növbəsində imanı möhkəmləndirməyə kömək edir, bu isə olduqca vacibdir, axı “iman etmədən Allaha məqbul olmaq... qeyri-mümkündür” (İbranilərə 11:6). İmanımızı möhkəmləndirməyə və Yehovanın iradəsinə müvafiq yaşamağa çalışmaqla, Onun ürəyini sevindirə bilərik. Eyni zamanda ehtiyatlı olmalıyıq ki, Yehovanı kədərləndirməyək.
Allahı kədərləndirməyin
Nuhun günləri haqqındakı hekayə — Yehovanı kədərləndirməyin necə mümkün olduğunu göstərən nümunədir. O zaman “dünya zorakılıqla dolmuşdu. Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı”. İnsanların pozğunluğunu və zorakılığını görən Allah hansı hissləri keçirdi? “[Yehova] yer üzündə insanları yaratdığına peşman oldu və ürəyində kədərləndi” (Yaradılış 6:5, 6, 11, 12, MKŞ). Allah insanların həddindən artıq pis davrandıqlarını görüb peşmançılıq hissi keçirdi. Onun Tufandan əvvəl yaşayan nəslə olan münasibəti dəyişmişdi: əvvəllər insanlara Yaradan kimi yanaşan Allah, indi onları pislikləri ucbatından məhv etmək qərarına gəlmişdi.
Yehova üçün Öz xalqının, yə’ni qədim israillilərin daima Onun hisslərinə və məhəbbətli rəhbərliyinə e’tinasızlıq göstərməsi də ağır idi. Məzmurçu acı hisslərlə qeyd edir: “Neçə kərə çöldə ona üsyan etdilər və əhalisiz yerdə onu acıqlandırdılar! Allahı təkrar-təkrar sınadılar və İsrailin Müqəddəsini incitdilər”. Lakin “o, rəhmlidir, fəsadı bağışladı və həlak etmədi; və çox kərələr acığını onlardan çevirdi və bütün qəzəbini oyandırmadı” (Məzmur 78:38-41). Hətta itaətsiz israillilər öz səhv hərəkətlərinin acı bəhrələrini görəndə də, Müqəddəs Kitabda deyildiyi kimi, Allah “bütün onların sıxıntısında... sıxıldı” (İşaya 63:9).
Allahın onlara səmimi hisslər bəslədiyini göstərən çoxsaylı sübutların olmasına baxmayaraq, israillilər “Rəbbin qızğınlığı şəfa tapmaz dərəcədə xalqına qarşı yüksəlincəyə qədər, Allahın elçiləri ilə əyləndilər və sözlərini xor gördülər və peyğəmbərlərinə istehza etdilər” (2 Tarixlər 36:16). Axır nəticədə onlar öz inadkar itaətsizlikləri ilə “onun müqəddəs Ruhunu” o qədər incitdilər ki, Yehovanın iltifatını itirdilər (İşaya 63:10). Bu nəyə gətirib çıxardı? Allah tamamilə ədalətli olaraq onları Öz müdafiəsindən məhrum etdi və onların başına fəlakətlər gəldi: babillilər Yəhudeyanı zəbt edib, Yerusəlimi məhv etdilər (2 Tarixlər 36:17-21). İnsanların Yaradanı təhqir edən və Onu kədərləndirən günahlı bir yol tutması necə də acınacaqlıdır!
Müqəddəs Kitabda insanların səhv hərəkətlərinin Allahı dərindən kədərləndirdiyinə dair sübutlar var (Məzmur 78:41). Onu təhqir edən, yə’ni Onun üçün məkruh olan şeylərin arasında — təkəbbürlük, yalan, qatillik, cadugərlik, falçılıq, əcdadlara ibadət, pozğunluq, homoseksualizm, ər-arvad sədaqətsizliyi, yaxın qohumlar arasında cinsi əlaqə və kasıbların sıxışdırılması kimi əməlləri sadalamaq olar (Levililər 18:9-29; 19:29; Təsniyə 18:9-12; Süleymanın məsəlləri 6:16-19; Yeremya 7:5-7; Malaki 2:14-16).
Bəs Yehovada bütpərəstlik hansı hissləri oyadır? Çıxış 20:4, 5 ayələrində deyilir: “Özün üçün oyma büt, yuxarıda göylərdə olanın, yaxud aşağıda yerdə olanın, yaxud yerin altında sularda olanın heç surətini düzəltməyəcəksən; onlara əyilməyəcəksən; və onlara ibadət etməyəcəksən”. Nəyə görə? Ona görə ki, büt — “Rəbbə məkruhdur” (Təsniyə 7:25, 26). Həvari Yəhya belə bir nəsihət vermişdi: “Övladlarım, özünüzü bütlərdən qoruyun!” (1 Yəhya 5:21). Həmçinin həvari Pavel yazmışdı: “Ey sevimlilərim, bütpərəstlikdən qaçın” (1 Korinflilərə 10:14).
Allahın iltifatını əldə etməyə çalışın
Allah saleh olan kəslərlə ünsiyyətdə, yə’ni sıx münasibətdə olur. Öz yollarında nöqsansızlığı qoruyanlar Ona xoşdur (Süleymanın məsəlləri 3:32; 11:20). Allahın ədalətli hisslərinə inadkarlıqla e’tinasızlıq göstərərək Onu təhqir edənlər isə, çox tezliklə üzərlərində Onun qəzəbini hiss edəcəklər (2 Saloniklilərə 1:6-10). Bəli, tezliklə Allah bu gün çiçəklənən pisliklərə son qoyacaqdır (Məzmur 37:9-11; Tsefanya 2:2, 3).
Lakin Müqəddəs Kitabdan aydın göründüyü kimi, Yehova “istəyir ki... hamı tövbəyə gəlsin və kimsə həlak olmasın” (2 Peter 3:9). Allaha, Onu sevən saleh insanlara səmimi hisslər bəsləmək, dəyişilmək istəməyən kəslərin üzərinə Öz qəzəbini tökməkdən olduqca xoşdur. Yehova “pisin olümündən deyil, ancaq pis adamın yolundan dönüb yaşamasından zövq alır” (Hezekiel 33:11).
Buna görə də, heç kim Yehovanın qəzəbinə mə’ruz qalmaq istəməzdi. Yehova Öz hisslərində “çox şəfqətli və mərhəmətli” Allahdır (Yaqub 5:11). Yehovanın hisslərinə qətiyyən şübhə etmədən “bütün qayğınızı Onun üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur” (1 Peter 5:7). Əmin olun ki, Yehovanın ürəyini sevindirən kəslər Onun iltifatına və dostluğuna malik ola bilirlər. Bu səbəbdən, bu gün ‘Rəbbə nəyin məqbul olduğunu öyrənmək’ həmişə olduğundan daha vacibdir (Efeslilərə 5:10).
Allahın şəfqət göstərib Öz gözəl xüsusiyyət və hisslərini bizə açması necə də valehedicidir! Və siz Onun ürəyini sevindirə bilərsiniz. Allahı sevindirmək istəyirsinizsə, onda, zəhmət olmasa, yaxınlığınızda yaşayan Yehovanın Şahidlərindən birinə müraciət edin. Onlar sizə, Allahı razı salmaq üçün tapdıqları praktiki və mümkün ola bilən üsullar haqqında böyük məmnuniyyətlə danışacaqlar.
[Haşiyə]
a “Nəyə görə Müqəddəs Kitabda Allahı təsvir etmək üçün insanlara tətbiq edilən ifadələrdən istifadə olunur?” çərçivəsinə baxın.
[5-ci səhifədəki çərçivə]
Nəyə görə Müqəddəs Kitabda Allahı təsvir etmək üçün insanlara tətbiq edilən ifadələrdən istifadə olunur?
“Allah ruh” olduğu üçün, biz Onu görə bilmərik (Yəhya 4:24). Buna görə də, Müqəddəs Kitabda dilin məcazi vasitələri olan müqayisə, metafora və antropomorfizmdən istifadə edilir ki, bunlar da bizə Allahın qadirliyini, böyüklüyünü və işlərini başa düşməyə kömək edir. Antropomorfizm (yunanca “insan” və “görkəm”) — əşyalara və təbiət hadisələrinə insani xüsusiyyətlərin verilməsidir. Buna görə də, biz Allahın ruhani bədəninin necə olduğunu bilməsək də, Müqəddəs Kitabda deyilir ki, Allahın gözləri, qulaqları, əlləri, barmaqları, ayaqları və ürəyi var (Təkvin 8:21; Çıxış 3:20; 31:18; Eyub 40:9; Məzmur 18:9; 34:15).
Lakin belə bir məcazi dilin istifadəsi o demək deyil ki, Allahın ruhani bədənində də insan bədənində olan eyni üzvlər var. Antropomorfizmi hərfi mə’nada qəbul etmək olmaz. Dilin məcazi üsulları sadəcə Allahı daha yaxşı başa düşməkdə insanlara kömək edir. Onlarsız Allahı insanlara aydın şəkildə təsvir etmək çətinlik yaradar və ya ümumiyyətlə mümkün olmazdı. Eyni zamanda bu o demək deyil ki, Yehova Allahı insanlar uydurublar. Müqəddəs Kitabda aydın şəkildə izah edilir ki, Allah insanın deyil, insan Allahın surətində yaradılıb (Təkvin 1:27). Müqəddəs Kitab “Allahdan ilham” aldığına görə, deməli, orada Allah haqqında təqdim olunan təsvirlər — Onun, yaratdığı insanlara müxtəlif ölçüdə qoyduğu Öz xüsusiyyətlərinin şəxsi təsviridir (2 Timoteyə 3:16, 17). Buna görə də söhbət, insanların Allaha aid etdikləri xüsusiyyətlərdən deyil, Allahın insana qoyduğu xüsusiyyətlərdən gedir.
[3-cü səhifədəki şəkil]
Nuh Allahın gözündə lütf tapmışdı.
[4-cü səhifədəki şəkil]
İbrahim Allahın hisslərini başa düşürdü.
[5-ci səhifədəki şəkil]
Müqəddəs Kitabı oxumaqla Allahı necə sevindirməyi öyrənmək olar.
[6-cı səhifədəki şəkil]
Davud bütünlüklə Yehovaya bel bağlayırdı.
[İcazə ilə]
COVER: Courtesy of ROE/Anglo-Australian Observatory, photograph by David Malin
[İcazə ilə]
Courtesy of Anglo-Australian Observatory, photograph by David Malin